Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:35

Azərbaycanda işsizlik artacaqmı?


İlham Əliyev ABŞ dövlət katibi John Kerry ilə görüşür - 30 mart 2016
İlham Əliyev ABŞ dövlət katibi John Kerry ilə görüşür - 30 mart 2016

-

Prezident İlham Əliyevin ABŞ-a səfəri, struktur islahatları və işsizliyin artması bu gün medianın işıqlandırdığı əsas mövzulardır.

AZƏRBAYCAN GÜCLƏNİR...

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri fonunda iki ölkənin münasibətlərinə dair məqaləni ilk səhifəsində verib.

Məqalədə qeyd edilir ki, ABŞ Azərbaycanı regionda sülhün və təhlükəsizliyin təmin olunmasında əsas tərəfdaşı sayır.

Yazıda prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir: «Azərbaycanın geosiyasi çəkisi artır. Ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlər, regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir. Sülhün, əmin- amanlığın və ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları genişlənir».

BU, YENİ MƏRHƏLƏDİR...

«Novoye Vremya» qəzeti də prezident İlham Əliyevin ABŞ səfərini şərh edir. Məqalədə yazılır ki, istənilən halda bu səfər iki ölkə arasında münasibətlərin istiləşməsi deməkdir: «Əfv haqqında dövlət başçısının fərmanı, son məhkəmə qərarları ilə Qərbin də azad olunmaları üzərində çalışdığı insanların sərbəst buraxılması Vaşinqtonla münasibətlərin düzəlməsinə xidmət edir».

«Bakı-Vaşinqton: yaxınlaşma kursu» başlıqlı bu yazıda ekspert fikirlərinə də yer verilib. Həmin fikirlərdə qeyd edilir ki, son vaxtlar iki ölkə arasında hərbi və enerji məsələlərində də yaxınlaşma meylləri hiss olunur.

Yazıda ABŞ-ın bəzi ştatlarında «DQR»in tanınması da gündəliyə gətirilir. Ancaq müəllifə görə, rəsmi Bakını bundan da artıq narahat edən məqamlar var: «Hakimiyyəti daha çox Vaşinqtonun ona münasibəti maraqlandırır. ABŞ-ın xarici siyasətini bilən hakimiyyət əmindir ki, onlara hər hansı təhlükə yoxdur».

Yazıda həmçinin, ABŞ-ın Azərbaycanda demokratiya məsələsinə münasibəti kəskin tənqid edilir . Müəllif yazır ki, ABŞ-ın Azərbaycanda əsas prioritetləri enerji və geosiyasi məsələlərdir.

Əbülfəs Qarayev
Əbülfəs Qarayev

MİNLƏRLƏ İNSAN İŞ YERİNİ İTİRƏCƏK

«Struktur dəyişiklikləri minlərlə insanın işini itirməsinə səbəb olacaq». Bu fikir isə «Azadlıq» qəzetində dərc edilən «Dövlət aparatında kütləvi ixtisarlar» başlıqlı məqalədən götürülüb.

Məqalədə Mədəniyyət və Turizm Nazirliyini ardınca Təhsil Nazirliyi və Baş Prokurorluğun rayon bölmələrinin də ləğv olunacağı və regional şöbələrin yaradılacağı təxmin edilir.

Yazıda nazir Əbülfəs Qarayevin yeni dəyişikliklərin ixtisarlara səbəb olmayacağı ilə bağlı fikirləri isə ciddi qarşılanmır: «Təkcə Masallı rayon mədəniyyət şöbəsində 300-ə qədər işçi var idi. İri rayonlarda bu rəqəm daha çoxdur. Ən yaxşı halda bu şəxslərin ancaq yarısına iş tapıla bilər. Bu prosesdə minlərlə insan işini itirəcək».

UCUZ KREDİT VERİLMƏSİ EHTİMALI AZDIR

«İndiki şəraitdə Azərbaycana ucuz kredit verilməsi ehtimalı çox aşağıdır. Çünki beynəlxalq kataklizmlər əksər ölkələr kimi, Azərbaycana da ciddi zərbə vurur». Deputat Əli Məsimli bunu ölkənin maliyyə durumu ilə bağlı «Bizim Yol» qəzetinə verdiyi müsahibəsində bildirib.

Əli Məsimli
Əli Məsimli

Deputatın fikrincə, dünya maliyyə bazarına dövlət zəmanəti ilə istiqrazlar yerləşdirilməklə «Cənub Qaz Dəhlizi» layihəsinin maliyyələşdirilməsi düzgün qərardır. Ə.Məsimli düşünür ki, indiki halda ölkəyə ucuz kredit verilməsi inandırıcı deyil: «Üstəlik, neftin qiymətinin kəskin aşağı düşməsi göstəricilərə mənfi təsir edir. Milli valyutanın dayanıqlığı sual altındadır. Belə bir şəraitdə kimlərinsə aşağı faizlə kredit verməsinə ümid etmək olmaz».

Ə.Məsimli deyir ki, bu çoxşaxəli borclanmada müəyyən risklər də, uğurlar da var.

Deputat ölkənin maliyyə bazarındakı durumu da dəyərləndirir: «Baxmayaraq ki, biz «üzən məzənnə»yə keçmişik, azı bir gün, bayram və qeyri-iş günlərində isə bir neçə gün əvvəl növbəti günün məzənnəsi elan edilir. Deməli, bir tərəfdən «üzən məzənnə» deyirik, o biri tərəfdən isə məzənnə müəyyənləşdiririk. Ona görə də, hələlik, Azərbaycan manatının beynəlxalq təcrübədən bildiyimiz «üzən məzənnə rejimi»nə tam keçdiyi barədə düşünə bilmərik».

Deputatın fikrincə, hökumətin addımlarının arxasında həm neftdənkənar məhsul, həm də həmin məhsulları xaricə satan zaman əldə edilən 10 milyard dollarla ölçülən valyuta durmalıdır. O deyir ki, bu olmadıqca ABŞ Federal Ehtiyat Sisteminin stavkalarındakı dəyişikliklər birbaşa olmasa da, dolayı yollarla manata təsir edəcək: «Tutaq ki, bir həftə dollara nisbətdə manatda 1-2 qəpik möhkəmlənmə olacaq, o biri həftə əksinə, dollar bahalaşacaq. Ümumi proses isə manatın ucuzlaşması istiqamətində gedəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG