Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:51

"İsmayıl Şıxlı səviyyəsində bədii istedada ehtiyac var"


-

"Yeni estetikada xarakterə nə hacət? Əsas məsələ detektivə, zada ironiya elə. Hə, bir də ancaq özündən yaz."

Ülvi Babasoy

İsmayıl Şıxlının ədəbiyyata vurduğu zərər

Ülvi Babasoy
Ülvi Babasoy

Tələskənlik müasir ədəbiyyatın qanına hopub. Heç bir “sənət əsəri”, kitabı olmayanlar: nə olur olsun, yazmalıyam, deyir. Mənim də bir kitabım, mənim də bir romanım olmalıdır. Kimdən əskikəm ki. Kitabın üz qabığında da bir şəklim olmalı. Ciddi, dalğın bir sima. Şairanə, filosofanə bir baxış.

Bir-iki kitabı olanlar da digərlərindən geri qalmır. Axı gündəmdən uzaq qalmaq dözülməz əzabdır. Üstəlik, urvatlı tənqidçilərdən biri də ön söz yazsa... Kitabda olan-qalan dadın-duzun içinə... Ön söz olmur, qoy olsun tərifli, tüpürcəkli söz şərbəti. Ardı-arası kəsilməyən ucuz qonaqlıqların bahalı resenziyaları... Hər nə isə. Bunları rahat buraxıb gedək 1962-ci ilə.

İsmayıl Şıxlı
İsmayıl Şıxlı

İsmayıl Şıxlı “Dəli Kür” romanının birinci hissəsini beş ilə yazır. 1962-ci ildə birinci hissə, 1968-də romanın tam halı kitab şəklində çap olunur.

“Dəli Kür”ün yazılma və nəşr olunma müddəti 11 ildir. On bir ilə ortaya ciddi sənət əsəri qoyulur.

Mikhail Sholokhov - 1971
Mikhail Sholokhov - 1971

Hərçənd ki, rus ədəbiyyatında bu tip romanlar kifayət qədər idi. Şoloxovun “Sakit Don” romanından sonra bəlkə də “Dəli Kür”ə ehtiyac yoxuydu. Ancaq Şıxlı Azərbaycan ədəbiyyatının “Sakit Don”un yazır.

“Dəli Kür” bədii təfəkkürün epopeyasıdır. Bütün zamanlar üçün nümunədir. Xırda-para ideoloji qatlar var. Onu da böyük sənətə bağışlamaq olar.

“Dəli Kür”dəki bütövlük müəllifin romana sərf etdiyi fiziki və mənəvi enerjidən xəbər verir. Azərbaycan ədəbiyyatının bir-birindən fərqlənən xarakterlərini görürük. Necə ki, indi ədəbiyyatımız bu sarıdan korluq çəkir. Xarakter məfhumu yoxa çıxıb.

Yeni estetikada xarakterə nə hacət? Postmodern erada yaşayırıq. Əsas məsələ detektivə, zada ironiya elə. Bir-iki dənə də təəssürat yarat, bəsdir. Hə, bir də ancaq özündən yaz. Ordan kənara çıxma. Çünki ordan kənara çıxanda nə qədər dayaz olduğun görünəcək. Sənə min rəhmət mimesis estetika.

İsmayıl Şıxlı dərin təsəvvür dünyası və təsirli təəssürat üçün təsvirlərə geniş yer verir. Təsvirlər də xarakterlərin həyatını izləyir. Bu epik özəllik əsərdəki dinamikanı, temperamenti artırır. Kür qırağının işlək insanlarının xarakteri mətnin üslubuna təsir edir. Bitkin üslub formalaşır. Romanda xarakterlər genetikası tədqiq edilir.

“Dəli Kür” bədii psixoanalizdir. Romanın qəhrəmanları millətin genetik kodunda, psixologiyasında nəsildən-nəsilə ötürülür. İndiki dövrdə belə, Cahandar ağa varisləri yaşayır. (Doğrudan?!) Psixi genetika daşıyıcıları. Sadəcə formatda bir balaca dəyişikliklər var.

Həmişə düşünmüşəm ki, “Dəli Kür” romanı barədə nəysə yazmaq artıqdır. Romanın özü lazım olan hər şeyi deyir. Nümunə üçün Cahandar ağanın Şahnigarı öldürməsindən əvvəlki və öldürdüyü ana baxaq:

“Cahandar ağa bacısının məzəmmət və yalvarışla dolu gözlərindəki imdad istəyən bir adamın iztirabını duyanda kövrəldi. Bir- iki dəfə udqunub, gözünün həlqələrini dolduran yaşı geri qaytardı. Hönkürtü ilə ağlayacağından qorxub üzünü yana çevirdi. Şahnigarın dodağını çeynəyib səssizcə ağlaması, hıçqırığını boğub titrəməsi onun xəyalını uzaqlara apardı. Şahnigar uşaq vaxtı da beləcə, səssizcə ağlayırdı.

Arvadın görkəmi onu sarsıtdı. Bir anlığa hər şeyi unutdu. Uşaqlıqda olduğu kimi qanadlanıb boynunu qucaqlamağa çalışan və balaca bir işarə gözləyən bacısını bağrına basmaq istədi. Hər şey tükdən asılı idi.

Bunu hiss edən Şahnigar bir-iki addım irəli gəldi. Amma Cahandar ağa cəld geri döndü ... Cahandar ağanın gözləri əl-üzünü yuyan bacısından başqa heç nə görmürdü. Hər şey dumana bürünmüş kimi bir-birinə qarışmışdı. “Bəlkə elə indi... heç özünün də xəbəri olmadan...” – deyə düşünən Cahandar ağa tüfəngi hərlədi.

Lap yaxından bir quş qalxdı. Günəşin zərrələri altında sinəsi və kiçik qanadları parıldayan quşcuğaz havalanmış kimi süzüb bir-iki dəfə mayallaq vurdu.

Şahnigar ixtiyarsız olaraq əlini gözünün üstünə qoyub ayağa qalxdı: mavi ənginliklərə doğru baş alıb gedən quşu gözdən itirməməyə çalışdı. Birdən hardasa peyda olan ley onun üstünə cumdu. Yazıq quş tərpənə bilmədi. Havada lələklər oynadı. Şahnigar ağzını açıb qışqırmaq istədi.

Ancaq nəfəsini çəkə bilmədi. Meşə uğuldayıb şaqqıldadı. Kürəyinin arası od tutub yandı. Nə üçün gözündən tüstü çıxdığını, başı gicəllənib səldirlədiyini bilmədi. Yıxılmamaq üçün suyun kənarındakı balaca yulğun kolundan yapışdı. Qanrılıb geri, qardaşına baxdı. Bir an, yalnız bircə an onların gözləri bir-birinə sancıldı. Şahnigarın sifətində gülüşdən çox məzəmməti andıran bir təbəssüm oynadı. Gözləri süzüldü.

“Qurban olum, ay qağa, məni niyə...”. Cahndar ağa bu sözləri güclə eşitdi. Şahnigarın təngildəyib fırlandığını və kökündən kəsilmiş ağac kimi göy otların üzərinə sərildiyini görmədi. Onun gözləri torlanmışdı. Yaş bəbəklərini qapamışdı...”

Cahandar ağa ziddiyyətli insandır. O, lazımsız adət-ənənəyə görə bacısını göz qırpmadan öldürür. Onun qəlbində dərin bir ağrıya çevrilən insanlıq hissi ehkamlaşan adət-ənənəni üstələyir. Bəs indi? İndi isə mentalitetşüvənlər var. Çox nadir xarakterik insanlara rast gələrsən. Əksinə, inseslər baş alıb gedir.

Salatın Allahyar tərəfindən qaçırılandan sonra vəziyyət dəyişir.

“ Salatın ayaqyalın idi. Günəş şüası onun ayağını daha da şəffaflandırmışdı... Kişi... Salatını izləmək, onun bütün əzalarını işıqdan keçirmək və nəhayət, gözlərinin içinə baxmaq istədi. Lakin qorxdu. Kişiyə elə gəldi ki, həmin işıqda qızına vurulmuş ləkəni dərhal görəcək, onun tapdalanmış isməti aşkara çıxacaqdır.

- Sənə əl dəyibmi?

- Ata!!!

- Cavab ver!

Salatın ağzı üstə döşəndi. Əlləri ilə üzünü qapayıb hıçqırdı:

- Mən ləkəsizəm.

- Yalan deyirsən...

Cahandar ağa qızının sinəsinə baxdı. Yavaş-yavaş xəncəri siyirdi. Elə bu vaxt qulağına səs gəldi: “Qurbanın olum, ay qardaş, nə yaman insafsızsanmış. Sənə demədimmi Salatın gül parçası kimi tər-təmizdir... Şahnigar onun gözü önündə dayandı. Şüşə kimi soyuq gözlərini qardaşının üzünə zilləyib narazılıqla başını buladı.

Alaçığı heybətli səs götürdü. “ – Rədd olun, ikiniz də itilin gözümdən!!!”

Cahandar ağa bacısı ilə çəkildiyi həyat sınağına qızı ilə də çəkilir. İnsanlıq, atalıq hissi xalqın tənəsindən qorxan bu insana qalib gəlir. Cahandar ağa tükənmiş hiss və əqidələrin sonuncu daşıyıcısıdır. İsmayıl Şıxlı özü ilə xarakter apardı. Həm ədəbiyyatdan, həm də həyatdan… Bu, ədəbiyyatımızın böyük zərəri idi.

“Dəli Kür” romanına bu balaca səyahət necə də uyğun bir nümunə oldu: Görəsən, bədii mətnə xas ən sadə, primitiv özəllikləri olmayan müasir şedevir müəllifləri utanarmı?! Nə isə. Çox uzatmayaq.

Son olaraq İsmayıl Şıxlının yaratdığı qadın xarakterləri xatırlayaq. Axı xaraktersiz bədii mətn bünövrəsiz evə bənzəyir. Qayğılı Azərbaycan qadını bu evi tikməyə daha çox material verir.

Kür qırağının qadınları çoxdur. Hansından danışacağını bilmirsən. Onları xatırlasaq belə kifayətdir. Qoca dənizçinin ölən qardaşının arvadı Mina xalada çətinliklərə sinə gərən sadiq qadın enerjisi var. Qadınlar incə və zərifdir. Ancaq bir o qədər güclüdür. Sadəcə o gücü hiss etmələri lazımdır. Görünür, Mina xala o gücü hiss edib.

Zərnigar xanımın xarakterində əri tərəfindən üstünə günü gətirilən bir qadının daxili çılğınlığı heyrət doğurur. O, həyat yoldaşı və övladlarının qayğısını ürəyində ağrı kimi gəzdirir. Zərnigarın ürəyi yansa da bütün dərdlərə dözür. Azərbaycan qadınıdır axı. Şahnigar taleyi gətirməyən qadındır. Onun davranışlarında istehzalı sevinc gizlənib. Əslində dərin kədər içindədir.

Salatın şıltaq və gözəldir. Sadəcə gözəl. Əlavə sözə gərək yoxdur. Pakizə ərköyündür, nazlıdır. Güləsər ərinə çox bağlıdır. Sadəlövh və iatətkardır.

Bütün bunlar təbii olsa da, artıq o dövr sona çatıb. Necə ki, mimesis estetika yerini yeni ədəbi kəşflərə verdi. Necə ki, Madam Bovarinin özünü zəhərləməsi köhnə romanın ölümünə metafordur.

Anna Kareninanın üstündən keçən qatar köhnə roman ənənələrini də o dünyalıq etdi. Və Prust itmiş zamanı axtardı. Həm də ədəbiyyatın itmiş dəfinələrini tapdı. Kafkalar, broxlar, kalvinolar kəşf edildi. Amma...

Anna Kareninanın üstündən keçən qatar köhnə roman ənənələrini də o dünyalıq etdi. Və Prust itmiş zamanı axtardı. Həm də ədəbiyyatın itmiş dəfinələrini tapdı.

Kafkalar, broxlar, kalvinolar kəşf edildi. Ancaq klassik ədəbiyyatın təməlini dağıtmadan. Necə deyərlər, özündən Amerika kəşf etmədən.

Müasir ədəbiyyatımızın da İsmayıl Şıxlı səviyyəsində bədii istedada ehtiyacı var. Texniki məsələlər və intellekt də vacibdir, amma sonrakı mərhələdir. Yazıçı elitası belə formalaşa bilər...

Hə, yenə ədəbiyyatdan danışdıq, qadınlar yaddan çıxdı. Qadınlarımız bəzi köhnə dəyərləri qoruyub saxlasa yaxşı olar. Bir şərtlə ki, “bir almanın iki yarısı olmağı” unutsunlar. Qırsaqqız olub ərlərinə yapışmasınlar. Özlərini onlardan asılı hiss etməsinlər. Bir yazarın dediyi kimi, “dövr bir budaqda iki ayrı alma olmağı bacaranların dövrüdür”.

Azad qadınlar həyatdan zövq ala bilir. Axı özləri ən böyük gözəllik duyumlarıdır. Əks halda... O zaman yaşamaq daha da sadələşər. Boşananların sayı evlənənləri keçməz. Sənətdə də, həyatda da özü olanlar çoxalar. Süni bəzək-düzəklər azalar. Şəksiz ki, öz olmaq həyata və sənətə qazandırar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG