Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27

-

Murad Köhnəqala

DÖRD SƏRBƏST QƏZƏL

1.
Aşiq oldur ki,
heyran olduğun bilməz,
özünə heyran olan
içində şeytan olduğun bilməz.
Bir gün qəzəblənib də
asdırar padşah öz şairini,
əyanlar təzim edib
saqqal əyər bu əmrinə.
Yazıq padşah,
qəzəbində nöqsan olduğun bilməz.

Zahid, nə dersən,
məscidə getdim,
başmaq oğurlamaq keçdi könlümdən.
Onda bildim,
kim ki, namaz qılar,
şəraba qurşanmaz –
müsəlman olduğun bilməz.

Doğulmamış neçə oğul var
ana bətnində –
Yusif kimi zülmətdə.
Dərviş, neçün, heç kimsənə
haçansa qul kimi
bazara çəkiləcəyini,
ya haçansa
Misirdə sultan olduğun bilməz?!.

2.
Şaftalı çiçəyi düzülər
təzəcə eşqə düşmüş qızın
ahının üstündə.

Qırmızı…
Bişmiş…
Kərpic türmələr…
Cəftələrin get-gəlində
qapıların cırıq dabanlarında
çalınan
dəmir simfonyalar altında,
çürüyür oğullar
özgə günahının üstündə…
Zahid,
versəydin mey içərdim
(fəza müstəvisinin N kəsiyində)
o namazgahının üstündə.

Mən bir danışan kəlləyəm, Dərviş,
Zamanı dost bilib
inamın üstünə qoydum başımı.
Çox ucuz –
bir çörəkpuluna vuruldu boynum,
Bir abbasıdan ötəri, dostum,
dörd şahının üstündə!

3.
Ey göydəki quş səsi,
mənim halımı
yerdəki bu insanlara izhar et!
O incə fırçanı
batırıb da öz səsinin
yeddi rənginə,
çək mənim pozulmuş portretimi.
Var et,
yenidən məni var et!

Ey quş dimdiyi,
dimdiklə mənim bu qandalımı
dimdiklə, dimdiklə, dimdiklə
təkrar et, təkrar et, təkrar et!

Ya Dərviş, haqq budur ki,
insanlar içində haqq axtardıqca
yüngül olarsan,
gündə bir geymə atarsan əynindən.
Lüt qalanda bilərsən ki,
haqqa çatmısan
Haqqın da ibtidai bir hesabı var:
iki sallanandı, bir tullanandı.
Bəsdi,
bunca özünü az xar et,
xar et, xar et!..

4.
Çıxarıb da başmağını
gircəyin bu saraya,
çox boylanma qapısında,
könlüm sən kimi mehmanə açılmış.

Xatirə zalında
yasəmən rəngində bir kinoya bax:
Səkkizinci sinif,
parta arxası,
bir qız əyilir sənə,
dağılır saçları sənin həndəsə dəftərinə,
(düzbucaqlı ücbucağın katetlərinin dibinə.)
Bəlkə bir qəsddi bu,
bəlkə də saçından şanə açılmış…

Çoxdandı qeybə getmişdi
məmləkətdən bir şair.
Dərviş,
yenə hardan peyda oldu bu,
olmaya, zəncirdən divanə açılmış?!.

1999

Günün bütün mövzuları

XS
SM
MD
LG