Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

M.S.Ordubadi. Deputat seçkisində çox vuruşmalar olurdu


Məmmad Səid Ordubadi
Məmmad Səid Ordubadi

-

"Rəsul bəy bu məsələni açdı. Qubernatora yazdı. Ordubada komisyon gəlib işi yerində təhqiq etmək istədikdə Rəsul bəyi gecə öz bağını suvardığı yerdə öldürdülər."

"Deputat seçkisində çox vuruşmalar olurdu. Buna baxmayaraq, Hacı İsgəndər ağa həmişə deputat seçilirdi."

Məmməd Səid Ordubadi

"Həyatım və mühitim" kitabından

Naxçıvanda İlanlı dağ
Naxçıvanda İlanlı dağ


​Ordubadda məktəb səhv etmirəmsə, 1839-cu ildə açılmışdı.

Deyilənə görə, bu məktəbə əvvəlcə heç kəs getməmişdi. Yalnız ermənilər oxuyurmuş.

Birinci ildən sonra ermənilərin hökumət vəzifələrinə təyin edildiklərini görüb, müsəlmanlarda da rus məktəbinə maraq oyanmışdı.

Müsəlmanlardan birinci oxuyan Ağarəzi oğlu Mirzə Mehdi, Soltan bəy Abbasqulu bəy oğlu, Nəcəf bəy Balabəy oğlu, Mirzə Sadıq Mənsur ağa, Balasoltan Kəngərli, Rzaqulu Hacı Məmmədhüseyn oğlu idi.

Müsəmanlar rus məktəbini bitirdikdən sonra yenə də birinci dərəcəli işlərə qəbul edilmirdilər. Məsələn, 1880-ci ildə şəhərdə poçt-teleqraf idarəsi düzəldikdə müdiri, müdir müavini Rusiyadan gəldi.

Şəhərin əyanlarından Abbasqulu bəyin oğlu Soltan bəy isə dəftərxana qulluqçusu götürüldü. Mirzə Mehdi pristav dilmancı, Mirzə Sadıq qlava mirzəsi təyin olundu. Məktəbin qulluqçularına qədər Rusiyadan gəldilər.

İlahiyyat müəllimi Miryəhya Mirməhəmməd oğlu idi. Rus qulluğuna girmək üçün şəhərin bəyləri və əyanları can atırdılar. Desyatnik deyilən polis qulluqçuları ləğv olunub yerlərinə qaradavoy qoyulanda Ordubad əyan və bəylərindən bir çoxu ərizə vermişdi.

Desyatnik deyilən yerli müsəlmanlar polis işlərini yerbəyer edirdi. Bunlardan əlavə, ayda atı ilə özü 14 manata qulluq edən polis atlıları da var idi. Bunların vəzifəsi poçt aparmaq, qaçaq dalınca getmək, kəndlərdən cəbri vergiləri toplamaq, cəza qanunlarını həyata keçirməkdən ibarət idi.

Bəylərin hamısı bu vəzifədə idi. Maşın az olduğuna baxmayaraq, gəlirləri çox idi. Çünki daima kəndlərdə olurdular. Məsələn, Fərəc bəy, Şükür bəy, Baxşəli bəy, Rəsul bəy, Canbaxış bəy, Əlağa bəy kimilər polis atlısı idi.

Hökumət qulluğunda olmayan əyanın şəhərdə etibarı yox idi. Hacı Məhəmmədsadıq kimi böyük mülkədar və varlı adamın oğlu Əliqulu ağa həbsxana müdirinin müavini olmuşdu. Müdir ola biməzdi, çünki müdir Rusiyadan təyin olunurdu.

Lakin son vaxtlar şəhərin məşhur bəylərindən Məhəmməd bəy Ağalarov qaradavoy olmağa müvəffəq olmuşdu. Bununla bərabər, imtiyaz tamamən bəylərin və əyanların əlində idi. Bunlardan əsgərlik vergisi və sairə vergilər alınmırdı. Məktəbdə oxuyanlar tamamilə bəy uşaqları idi.

Əmimgil məni neçə dəfə rus məktəbinə sala bildilərsə də, axıra qədər davam eləmədim. Çünki bütün skamyaları bəylərin və tacir ermənilərin uşaqları doldurmuşdu.

1885-ci ildə bəylərin arasında təmizlik aparmaq üçün bir əmrnamə gəldi. Çünki əsgərlik vergisindən qurtarmaq və imtiyazları mənimsəmək üçün yerindən qalxan bəy olmuşdu. Bəylərdən bir çoxları təmizliyə düşdü.

Nəsrabad bəylərindən bəylik vəsiqəsi istəndikdə Kufə hakimi Abdulla ibn Ziyadın möhrü və imzası ilə verilmiş bəylik vəsiqəsini göstərdilər. Bu kimi vəsiqələr aralığa çıxdıqdan sonra yava-yavaş bəylərdən pristav və müavinləri də aralığa çxdı.

Yerli camaata lazımi işlər verilmirdi. Sud pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da Rusiyadan gəlirdi. Məktəb müəllimləri də.

Buna bamayaraq, böyük qulluqçular yenə də Rusiyadan gəlirdilər. Yerli camaata lazımi işlər verilmirdi. Sud pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da (buna “atlı vəkili” deyirlərdi) Rusiyadan gəlirdi.

Məktəb müəllimləri də ruslar idi. Müsəlmanların dillərini təhqir etdiklərindən camaatın nifrətini qazanırdılar.

Gözüaçıq bəylərə, əyanlara gəlikdə, bunlar dini işə əhəmiyyət vermirdilər. Onlar üçün elm və mənsəb hamıdan əhəmiyyətli idi.

Ordubad bəylərindən bir çoxu mülkədar olduqlarına baxmayaraq, özləri işlərdi. Rəncbər saxlasalar da, özləri onlarla bərabər çalışardılar. Bunlar Ağalarov familiyalı Rəsul bəy, İsgəndər bəy və Rəzi bəy idi.

Ordubada çox çəyirtkə gəlirdi. Evlərə dolub əhalinin yorğan-döşəyinə qədər tələf edirdi. Hökumət çəyirtə ilə mübarizə üçün Ordubada 10 min manat pul, bir çox bez və s. şeylər göndərmişdi.

Göndərilən pulları Mehdi xan ilə pristav Sneqirov öz aralarında bölüşüb çəyirtkəni camaata yığdırırdılar.

Məmməd Səid Ordubadi. "Həyatım və xatirələrim" kitabı
Məmməd Səid Ordubadi. "Həyatım və xatirələrim" kitabı

Rəsul bəy bu məsələni açdı. Qubernatora yazdı. Ordubada komisyon gəlib işi yerində təhqiq etmək istədikdə Rəsul bəyi gecə öz bağını suvardığı yerdə öldürdülər.

Öldürənlər Məşədi Kərim Həsən oğlu, onun oğlu Kəblə Zeynal Yusifov və başqaları idi. Fəqət pristav bir nəfəri də olsa həbsə atmadı.

Rus hökuməti hər yerdə olduğu kimi Ordubad şəhərində də deputat təyin edirdi. Deputat, xalqın nümayəndəsi olaraq, hökumət yanında təşəbbüsdə bulunurdu. Bundan əlavə, xalqdan bir də mirab (suyun əmrini verən) seçirdilər.

Ordubadda bütün mənim yaşadığım zamanda iki nəfər deputat olmuşdu. Birisi Hacı Rahim, o birisi Hacı İsgəndər ağa. Bunun üstündə çox böyük mübahisə gedirdi.

Deputat seçkisində çox vuruşmalar olurdu. Buna baxmayaraq, Hacı İsgəndər ağa həmişə deputat seçilirdi. Çünki onun qardaşı Mirzə Mehdi pristav müavini idi. Camaat onun qorxusundan başqa adama səs verə bimirdi.

Mirablığı da əlinə almışdı. Çünki Ordubadın suyu yayda az olduğundan bu işdən yaxşı qazanc götürmək olurdu...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG