Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:20

Erdoğan-dan diplomata selfi xəbərdarlığı


R.T.Erdoğan
R.T.Erdoğan

-

Rusiyanın hasilatı dondurma təklifi nəyə hesablanıb? Trump-ın xarici siyasət boşboğazlığı təhlükəlidir – 29 mart Qərb mediasının icmalı.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bazar ertəsi bir xarici diplomata xəbərdarlıq edib. Buna həmin diplomatın casusluqda ittiham olunan iki jurnalistin məhkəməsində çəkdirdiyi selfi səbəb olub. «Reuters» agentliyi yazır ki, Britaniyanın baş konsulu məhkəmədən jurnalistlərdən biri ilə birgə fotosunu Twitter-də paylaşıb.

Cümə günü «Cumhuriyet» qəzetinin baş redaktoru Can Dündar və həmkarı Erdem Gül-un İstanbulda məhkəməsi başlanıb. Erdoğan həmin məhkəməyə getmiş Qərb diplomatlarını kəskin tənqid etmişdi. «İstanbuldakı baş konsullar məhkəməyə gediblər. Siz kimsiniz axı? Sizin orada nə işiniz vardı? Bura sizin ölkəniz deyil, bura Türkiyədir», – prezident demişdi.

Selfi məsələsi isə odun üstünə yağ töküb. «Bir ölkənin baş konsulu casusluqda ittiham olunan jurnalisti dəstəkləməkdən ötrü onun məhkəməsinə gedir. Üstəlik, onunla baş-başa şəkil də çəkdirir və yayır», - «Anadolu» dövlət agentliyi Erdoğan-ın dediklərini yayıb. «Bu azmış kimi, o, sosial mediada yazır ki, «Türkiyə necə bir ölkə olmağa qərar verməlidir». Bu sözlər öz ilkin mənasını aşır», - deyən Erdoğan ad çəkməyib. Ancaq cümə günü Dündar-la fotosunu paylaşan Britaniyanın baş konsulu Leigh Turner olub.

Britaniya Xarici İşlər İdarəsinin Londondakı sözçüsü Erdoğan-ın dediklərini belə şərh edib ki, diplomatlar, adətən, dünyada məhkəmələri beynəlxalq konvensiyalar çərçivəsində izləyirlər. «Bu, Türkiyədə ifadə azadlığına dair vacib işdir və AB-dəki tərəfdaşlarımızla birlikdə onun gedişini monitorinq edəcəyik», - sözçü deyib.

Ancaq Erdoğan deyir ki, diplomat Türkiyə hökumətinin qonaqpərvərliyi sayəsində bu ölkədədir: «Bu şəxs ancaq ürəkaçıqlığımız və qonaqpərvərliyimizə görə burada işini davam etdirə bilər. Başqa bir ölkədə olsaydı, bu cür davranış sərgiləyən bir diplomata bir gün belə artıq qalmağa icazə verməzdilər».

Jurnalistlər Türkiyə kəşfiyyatının Suriyaya silah göndərməsinə dair video yaymaqla dövləti devirmək cəhdində ittiham olunurlar. Onlara ömürlük həbs kəsilə bilər.

Neft
Neft

RUSİYANIN HASİLATI DONDURMA TƏKLİFİ

«The Moscow Times»da Peter Kaznacheev yazır ki, son bir ayda neft bazarında ziddiyyətli bəyanatlar verilməkdədir. Qətər hökuməti deyir ki, aprelin 17-də Dohada OPEC üzvü olan və olmayan neft istehsalçılarının görüşünü keçirəcək, hasilatın dondurulması müzakirə olunacaq. Daha öncə Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər hasilatı yanvar səviyyəsində dondurmağa hazır olduqlarını bildiriblər, ancaq Dohada rəsmi razılaşma imzalanmayıb. Digər istehsalçılar da qoşulacağı halda qərar veriləcəyi söylənib. Üstəlik, hasilatın azaldılmasından söhbət getmədiyi, bunun baş verməyəcəyi vurğulanır.

«Səudiyyəlilər hasilatı azaldan deyildilərsə, Doha şousuna nə ehtiyac vardı? Aprel görüşünə niyə əlavə ölkələri cəlb etmək istəyirlər? Bu suallara ən ağlabatan cavab odur ki, «dondurmaq» təklifi qlobal enerji bazarına deyil, hər bir ölkənin daxilinə hesablanmış bir təşəbbüsdür», - müəllif yazır.

«Gözləntilərə görə, 2015-ci il Rusiya neft sənayesində hasilat artımının sonuncu ili olacaq. Hökumət də bu il hasilatın azalacağını etiraf edib. 2035-ci ilədək böyük yataqlarda hasilat 34.5 faiz düşə bilər. Bu durum Venesuela üçün də keçərlidir, bu ölkə defoltun bir addımlığındadır. Görünür, ən çox ziyana düşmüş neft ölkələri aprel görüşündən yararlana bilər. Onlar hasilatın azalmasını hiyləgər geosiyasi planın bir hissəsi kimi göstərmiş olar, bunu daxili iqtisadi böhran kimi etiraf etməzlər».

Müəllif optik illüziyanın müəyyən qədər işlədiyini də yazır. Belə ki, neftin qiymətləri 30 faizdən çox qalxıb və Rusiya rəsmiləri bunu fəxrlə hasilatın dondurulmasının nəticəsi kimi təqdim edirlər. Ən vacibi, ABŞ-da neft istehsalçıları ziyandadır. Başqa sözlə, «dondurulma»dan asılı olmayaraq, hasilat neftin ucuzlaşması səbəbindən azalmaqdadır.

Donald Trump
Donald Trump

TRUMP-IN XARİCİ SİYASƏT BOŞBOĞAZLIĞI

«Donald Trump «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı nüvə silahından istifadə edə bilər. Etməyə də bilər. O, son müsahibələrində vacib milli təhlükəsizlik məsələləri üzrə narahatlıq doğuran baxışlarını aça bilməyib, yaxud da bunu istəməyib». «The New York Times» qəzeti baş məqaləsində respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın xarici siyasətlə bağlı bəyanatlarına diqqət çəkir. Trump bir müsahibəsində İŞİD-ə qarşı nüvə silahından istifadəni çıxdaş etmir. Digər müsahibəsində isə deyir ki, nüvə silahları dünyanın ən böyük problemidir, bu silahlara yalnız «son addım kimi» əl atar.

«Nüvə silahından istifadə itirilən həyatlar, fiziki dağıntı və Amerika mənəviyyatına vuracağı ziyan baxımından fəlakətlidir. ABŞ və Rusiya nüvə arsenallarını ciddi şəkildə azaldıblar. Onların bu silahdan istifadə təhlükəsi də əməlli kiçilib. Axı adi silahlar da istənilən hədəfi dağıda bilir», - yazıda deyilir.

Cənab Trump Amerikanın on illərdir davam edən siyasətinə də meydan oxuyur, NATO-nu «köhnəlmiş» sayır. «Soyuq müharibədən bəri alyansda islahatlar aparılıb, hərbi təhlükələrə qarşı mübarizə aparacaq əsas təşkilatdır. Terror hücumları qarşısında zəif mövqedə duran Avropanın sabitliyi, zəif iqtisadiyyatlar, Suriya müharibəsindən qaçqın axını problemlərinin həllində vacib rol oynayır,... Trump Amerikanı NATO-dan çıxarmaq istəmir, ancaq alyansda elə bir dəyişiklik istəyir ki, ABŞ az xərcə düşsün».

«The New York Times» yazır ki, Trump-ın bir çox fikirləri ziddiyyətli, sarsıdıcı dərəcədə cahildir. Məsələn, «The Times»a müsahibəsində deyir ki, İranla nüvə sazişinin bir problemi Amerika biznesinin Avropaya uduzmasıdır, yəni Avropa İranla cəlbedici sazişlər imzalayır. Respublikaçı namizəd bilmir ki, Amerikanın sanksiyalarını elə Konqres qüvvədə saxlayıb.

«Cənab Trump müsahibələrdə söyləyir ki, düşüncələrinin mərkəzində «gözlənilməzlik» durur. Deyəsən, heç ağlına da gəlmir ki, təhlükəli bir dünyada, ABŞ-ın bir sıra münaqişə zonalarında iştirak etdiyi bir dünyada işləməkdən ötrü müttəfiqlər və düşmənlərlə ağıllı kommunikasiya yaratmaq bacarığı olmalıdır».

XS
SM
MD
LG