Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

-

Türkiyəli biznesmen Reza Zarrab-ı tutduran Nyu Yorklu prokuror Türkiyədə xeyli populyarlaşıb. Məlumatı «The Associated Press» agentliyi yayıb.

Manhetten prokuroru Preet Bharara-nın «Twitter» social şəbəkəsindəki izləyicilərinin sayı əvvəl bir neçə min idi, indi 250 mini keçib. Belə ki, o, ötən çərşənbə günü yazıb ki, Reza Zarrab «tezliklə Amerikada ədalət mühakiməsi ilə qarşılaşacaq». Zarrab ABŞ-ın İrana iqtisadi sanksiyalarını pozmaqda ittiham olunaraq Mayamidə saxlanıb.

Bharara bu işlə bağlı türkcə və ingiliscə xeyli ismarıclar alıb. Biri prokurorla fəxr etdiyini yazır, digəri ona şiş kababa, türk xalçası təklif edir.

«Şiş kababı xoşlayıram, ancaq işimi gördüyümə görə hədiyyə qəbul edə bilmərəm». Bharara-nın bu cavabı 38 min dəfədən çox təkrar tvit olunub.

«Şiş kababı xoşlayıram, ancaq işimi gördüyümə görə hədiyyə qəbul edə bilmərəm»

33 yaşlı Zarrab müğənni Ebru Gündeş-lə evlidir. Biznesmen 2013-cü ildə Türkiyə hökumətinin adı hallandırılan korrupsiya işilə əlaqədar saxlanıb, ancaq sonradan ittihamlar ləğv olunub. Zarrab, ABŞ-da ittiham olunan daha 2 nəfərlə İran biznesi və hökuməti üçün milyonlarla dollar dəyərində maliyyə transaksiyaları həyata keçirməkdə ittiham olunur. O, martın 19-da saxlanıb, digər təqsirləndirilənlər azadlıqdadır.

Bharara isə 2009-cu ildən bəri ABŞ-da bir sıra səs-küylü işlər aparıb. Onun karyerası doğulduğu Hindistanda da maraqla izlənir.

Obama Erdoğan-la görüşməyəcək

«Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın 2013-cü ildə Vaşinqtona rəsmi səfəri zamanı Prezident Barack Obama onu kürd separatçıları ilə sülh danışıqlarına başlaması, ölkəsini iqtisadi çiçəklənmə dövrünə aparmasına görə alqışlamışdı. Ancaq cənab Erdogan bu həftə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində xeyli fərqli qarşılanacaq. Cənab Obama Erdogan-ın Merilenddə Türkiyənin maliyyəsi ilə tikilən məscidin açılış mərasiminə onunla birlikdə qatılma dəvətini rədd edib, üstəlik türkiyəli həmkarıyla təkbətək görüş də planlaşdırılmır». Bunu «The Wall Street Journal» qəzeti ABŞ rəsmilərindən əldə etdiyi məlumata əsasən yazır.

Recep Tayyip Erdoğan-la vitse-prezident Joe Biden-in görüşəcəyi gözlənir. Ancaq ABŞ administrasiyası rəsmilərinin sözlərinə görə, Erdogan-la görüşməmək qərarı hörmətsizlik sayılmamalıdır. Belə ki, prezidentlər noyabrda Türkiyədə Böyük 20-liyin sammitində görüşüblər, fevralda telefonla danışıblar.

Barack Obama və Recep Tayyip Erdoğan Parisdə, 2015

Barack Obama və Recep Tayyip Erdoğan Parisdə, 2015

«Prezident çox az dövlət liderilə belə davamlı əlaqə saxlayır», bir rəsmi söyləyib. «Ancaq sammitdə ikitərəfli görüşlər olmayacaq. Ona görə də, bu, ancaq Erdogan-ın çıxdaş olunması anlamına gəlməməlidir».

Martın 31-də başlanacaq Nüvə Təhlükəsizliyə Sammitinə 51 ölkədən nümayəndə heyəti qatılacaq. Barack Obama bircə Çin prezidenti Xi Jinping-lə təkbətək görüşəcək.

«The Wall Street Journal» yazır ki, Türkiyə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizənin, Suriyada vətəndaş müharibəsini bitirmək səylərinin, qlobal qaçqın böhranının mərkəzində durur ki, Erdogan da Qərb liderlərinin vacib tərəfdaşına çevrilmiş olur. Ölkədə tənqidçilərə hücumlar, kürd üsyançılara qarşı müharibənin qızışması bəzi müttəfiqləri çəkindirsə də, onların Türkiyə prezidenti ilə işləmək məcburiyyəti açıq tənqidlərini əngəlləyib.

«Bu, Erdogan-ın xarici siyasət gündəmində tutqun nöqtələrdən biri oldu», Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutundan Soner Cagaptay deyir. «ABŞ Prezidenti ilə necə parlaq şəxsi münasibəti vardı, gör nə hala gəldi».

Yazıda o da vurğulanır ki, Türkiyə rəsmiləri aylardır Vaşinqtonda cənab Obama ilə görüşün baş tutmasına çalışırlar. Məlumatlara görə, daha öncə ABŞ rəsmiləri kürd separatçılarına qarşı kampaniyadan narahatlıqlarını Türkiyə liderlərinə çatdırıblar. Obama administrasiya Türkiyənin PKK ilə mübarizəsini dəstəkləsə də, kürd yaraqlılara qarşı hərbi gücdən istifadədən əndişələnib.

«Ağ Ev Prezident Erdogan-ın isti qarşılanmadığını göstərmək istəyir», Vaşinqtonda yerləşən American Progress Mərkəzindən Max Hoffman belə düşünür. «2013-cü ilin mayında Gezi Parkı etirazları və ondan sonra başlanan hücumlar Erdogan-ın avtoritarlığı sarıdan narahatlığı artırdı. Qəzetlər, televiziya kanalları bağlanır. Vaşinqtonda ümumi mövqe belədir ki, Erdogan şəxsi ambisiyası naminə Türkiyə demokratiyasını korlayır».

Türkiyədən Yunanıstana qaçqın axını azalıb

Türkiyə sahil qoruyucu gəmisi, Mart, 2016

Türkiyə sahil qoruyucu gəmisi, Mart, 2016

«The Washginton Post» qəzeti yazır ki, vaxtilə Türkiyədən Yunanıstan adalarına ucuz rezin sallarda üz tutan qaçqın axını səngiyib.

Nə vaxtsa Yunanıstan sahillərinə bir gündə minlərlə qaçqın çıxırdı, indi bir neçə yüz, bəzən hətta ondan da azı gəlir. «Ya 21-ci əsrin ən kütləvi miqrasiyası zəifləyir, ya da ki, qaçqınlar yeni baryerləri nəzərə alaraq Avropaya səmti dəyişirlər», yazıda vurğulanır.

Miqrasiya rəsmiləri son günlər dənizin küləkli olmasını da bir səbəb sayır və düşünürlər ki, birazdan sahilə yüzlərlə qayıq yan alacaq. Ancaq hər halda, İzmir şəhərinin Suriya hissəsindəki ucuz otellər indi bomboşdur. Məscidlərin həyətlərində yatan yoxdur, parkların skamyalarında indi daha çox təqaüdçülərə mürgüləyir.

Miqrantlar Avropa Birliyinin qaydaları sərtləşməsindən narahatdır. «Avropanı əldən verdiyimizdən qorxuram», dörd ay öncə Dəməşqdən qaçmış suriyalı riyaziyyatçı Jassem al-Saleh deyir.

32 yaşlı Saleh İzmirdə nişanlısının Suriyadan gəlişini gözlədiyindən bunca yubanıb. Nişanlısı, nəhayət ki, bir həftə öncə ona qovuşub. Ancaq onlar artıq şanslarını tamam itirdiklərini düşünürlər. Saleh deyir ki, cütlük 600 dollarından keçib Yunanıstana getmək istəməyib, bu boyda təhlükəli yolu get, sonra da səni ertəsi gün geri qaytarsınlar. «Oturub gözləyirik», o deyib.

Amma onun fikrincə, suriyalılardan bəziləri yenə də dəniz yolunu seçəcək, Yunanıstanın onları qaytarmayacağını düşünəcəklər. «Məncə, qaytaracaq. Bu iş bitdi. Bu marşrut daha işləməyəcək».

Son 15 ayda Türkiyədən Yunanıstan adalarına 1 milyonadək qaçqın keçib. Rəsmilər dəniz qaçaqçılığı mafiyalarının ötən il 4 milyard dollardan artıq qazanc əldə etdiyini bildirir.

AB ilə Türkiyənin bu ayın əvvəlində əldə etdiyi razılaşmaya görə, Türkiyədən yunan adalarına keçən qaçqınlar və iqtisadi miqrantlar saxlanacaq və qaytarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG