Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

-

Novruz tətili ilə bağlı qəzetlər nəşr olunmasa da, saytlar ölkədə və dünyada baş verənlərə güzgü tutmağa çalışırlar…

BEYNƏLAXALQ VƏRƏMLƏ MÜBARİZƏ GÜNÜ...

AZƏRTAC Beynəlxalq Vərəmlə Mübarizə Günündə Azərbaycanda bu xəstəliyə qarşı görülən işlərdən bəhs edən bir yazı dərc edib.
Yazıda qeyd edilir ki, vərəm dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir:

«İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hava-damcı yolu ilə baş verir. Vərəm xəstəliyi erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə, müalicə çətinləşir, fəsadlar yaranır. Artıq bu, tək xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir».

Yazıda Dünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, hazırda dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir. Onlardan da 7 milyonu açıq formadadır: «Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir».

Yazıda Azərbaycanla bağlı statistik rəqəmlər açıqlanmasa da, qeyd edilir ki, 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalıb.

Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

ƏDALƏTSİZLİYİ ƏDALƏTSİZCƏSİNƏ EDƏN…

«Əyrilik, haqsızlıq, ayrı-seçkilik bu hakimiyyətin qanına, canına elə hopub ki, ədalətsizlik kriteriyaları da eyni və bərabər deyil. Adamları haqsız həbs edib onları buraxanda da, bu, özünü göstərir».

Bu fikir Şahvələd Çobanoğlunun azadliq.info saytında dərc edilən «Ədalətsizliyi də ədalətsiz edən hakimiyyət» məqaləsindən götürülüb.

Yazıda həbslərdən və əfv fərmanlarından bəhs edilir. Nümunə kimi də NİDA Gənclər Təşkilatının üzviləri seçilir.

Müəllifin düşüncəsinə görə, eyni səbəblərlə həbs olunan gənclərin əfv edilməsi prosesində belə, ədalət hissi gözlənilmir:

«O qədər ədalətsiz bir hakimiyyətdir ki, eyni saxta işlə həbs olunan gənclərin çoxu azad edilibsə də, İlkin Rüstəmzadə hələ də həbsdədir. Torpaq uğrunda döyüşmüş Tofiq Yaqublunu həyatının ən ağır günündə həbsdən azad etmədilər. Ailəsinin və özünün sağalmaz yara aldığı o günlərdən sonra da onu buraxmadılar. İndi necə buraxıblar! Eyni saxta işlə həbs olunan İlqar Məmmədov həbsdədir. Tofiq bəy isə azadlığa çıxandan bu yarımçıqlığın ağrılarından danışır. Vicdanlı adam kimi onların həbsdə olmasının əziyyətini çəkməkdədir».

Müəllif hüquqşünas İntiqam Əliyevin səhhətində ciddi problemlərin olduğunu yazır: «Amma onu yenə də həbsdə saxladılar. Xədicə İsmayıl isə indi həbsdə olan vicdan məhbusları arasında yeganə qadındır. Həbsdə saxlamaqda davam edirlər. Müsavatçı Fərəc və Sirac Kərimlinin təmsilində, bir qardaşı buraxdılar, digərini yox. Halbuki ikisi də eyni haqsızlıqla həbs edilib».

Brüssel metrosunda terror.

Brüssel metrosunda terror.

TERROR BUMERANQ KİMİDİR…

musavat.com saytı yenə beynəlxalq terror mövzusunu gündəmdə tutur. Müəlliflərdən Xalid Kazımlı son vaxtlar Avropada baş verənlər kontekstində dünya dövlətlərinin terrora münasibətini təhlil edir.

Xalid Kazımlı hesab edir ki, ayrı-ayrı zamanlarda ASALA, PKK və «əl-Qaidə» kimi terror qruplarının aktlarına dünya dövlətləri birmənalı münasibət göstərməyiblər: «20 il öncə Rusiya milli-azadlıq mübarizəsi aparan və bir neçə il yarımmüstəqil yaşayan çeçenlərin siyasi mübarizədə terrora üstünlük vermələri qarşısında rəzil günə düşmüşdü. Səhra komandirləri Rusiyanın dərinliklərinə keçir, girovlar götürür, öz şərtlərini diktə edirdilər».

Müəllifin fikrincə, o vaxt baş verənlərə hamının münasibəti birmənalı deyildi: «Bəzi dövlətlər açıq-aşkar maddiyyatla, silah-sursatla çeçenləri dəstəkləyirdi. Almaniya qarışmırdı, Fransa «mənə nə» deyirdi, Belçika «bu, Rusiyanın problemidir» düşüncəsindəydi, ABŞ uzaqdaydı. Amma çoxları Rusiyanın bu terror qarşısında rəzil duruma düşməsindən məmnun idi».

Məqalədə qeyd edilir ki, 2000-ci ildən sonra vəziyyət bir qədər dəyişib. Onun fikrincə, ABŞ terror aktlarından zərbə alanda, heç bir dövləti bitərəf qalmağa qoymadı: «İsraildən Rusiyaya qədər hamı dəstək verdi, antiterror koalisiyası yarandı»

Müəllif son bir neçə ildə yenə də terrora münasibətdə fərqliliyin olduğuna diqqət çəkir: Xalid Kazımlı qeyd edir ki, istənilən terrorçu qurum xaricdən güclü himayə görməsə, bir neçə ilin içində dağılıb gedər, sıradan çıxar. «Nəhayət, böyük dövlətlər anlamalıdırlar ki, terror bumeranq kimidir, əvvəl-axır sahibinin, himayədarının üstünə qayıdır».

Müəllifin düşüncəsinə görə, indi də Avropanın terrordan vahiməyə düşməsindən sevinənlər böyük yanlışlar içindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG