Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Gömrük möcüzəsi: 1.5 dollara fransız ətri


Foto illüstrasiya
Foto illüstrasiya

-

Özünə düzən verməyi xoşlayan xanımlar bayram günlərində kosmetika və parfümeriya mağazalarında xüsusi endirimlərdən faydalanmağa çalışırlar. Di gəl, məşhur kosmetik istehsalçılarının brendləri endirimlərdən sonra da ucuz sayılmaz. Misal üçün, «Lancome»ın «La vie est Belle» ətirləri 30 millilitrlik qabda 99; 50 ml-də - 142; 75ml-də 169 manata təklif olunur.

Söhbət adlı-sanlı brendləri Azərbaycan xanımlarının ayağına gətirən şirkətlərin dükan qiymətlərindən gedir. Amma gömrük rəqəmlərinə baxanda, ətir və makiyaj vasitələrinin ölkəyə «su qiymətinə» gətirildiyini görürsən.

KİM YALAN DEYİR?

Ötən il Azərbaycana dünyanın 37 ölkəsindən 3 tondan çox ətir, dəriyə, üzə və dırnağa qulluq vasitələri, dodaq boyası, göz kölgələrivə başqa makiyaj gərəkləri gətirilib. İdxalın əsas hissəsi Fransa, İspaniya, İtaliya, Polşa, İsveç, İsveçrə, Böyük Britaniya kimi Avropa ölkələrinin payına düşür.

Rəsmi məlumatlara inananlar 2015-ci ildə xaricdən Azərbaycana gətirilən kosmetika və ətriyyatın həm həcm, həm də dəyər baxımından azaldığını görəcəklər. Məsələn, 2014-cü ildə bu çeşiddən olan 3448 ton mal gətirilmişdisə, ötən il gömrükdə bundan 400 ton (11,6 faiz) az mal bəyan edilib. İdxal olunmuş ətir və kosmetikaya gömrükdə 10.2 milyon dollar qiymət qoyulub. Yəni, dəyər ifadəsində idxal daha çox (37.9 faiz) azalıb.

Bu, Azərbaycan gömrüyünün təqdim etdiyi məlumatlardır. Xarici ölkələrin gömrük statistikası isə başqa şey deyir. Təhlil göstərir ki, gömrükdə vergidən yayındırılan parfümeriya və kosmetika vasitələrinin qiyməti rəsmi idxalı təxminən 70 mln. ABŞ dolları və ya 5 dəfə üstələyir. Dövlət büdcəsindən yayındırılan gömrük vergi və rüsumlarının məbləği təkcə gizli keçirilən mallara görə 26 milyon dolları aşır.

HƏMİN QİYMƏTƏ HEÇ DUBAY, YA DA ÇİN ƏTİRLƏRİ ALA BİLMƏZSƏN...

BMT-nin beynəlxalq ticarət statistikası üzrə informasiya bazası olan və özəyində ixracatçı ölkələrin hesabatları duran «UN Comtrade»in məlumatına görə, 2014-cü ildə Azərbaycana kommersiya məqsədi ilə təxminən 30 ölkədən 85 milyon dollar dəyərində ətriyyat və kosmetika vasitələri gətirilib. Həmin məbləğin 21 milyon 385.9 min dolları Fransanın payına düşür. Fransanın rəsmi statistika qurumu belə bəyan edir. Həmin dövrdə Azərbaycan gömrüyü fransız ətir və kosmetikasına bundan 3.9 dəfə ucuz, yəni 5 milyon 460.5 min dollar qiymət qoyub. Azərbaycan gömrüyündə fransız ətriyyatı və kosmetikası ortalama 100ml/q üçün 5.58 dollara rəsmiləşdirilib.

Hələ bu harasıdır? 2015-ci ildə Fransadan gətirilən 86.72 ton parfümeriya və kosmetikaya gömrükdə 1 milyon 340 min dollar, yəni 100ml/q-a 1.54 dollar qiymət kəsilib. Halbuki həmin qiymətə heç Dubay, Çin ətirlərini də ala bilməzsən.

TƏZƏ-TƏZƏ «QİYMƏTƏ MİNƏN» FRANSIZ ƏTRİ

Fransız ətriyyat və kosmetika sənayesi Azərbaycanda çoxdan populyar olsa da, gömrükdə təzə-təzə «qiymətə minir». Uzağa getmək lazım deyil, 2013-cü ildə Fransa istehsalı olan bu çeşid mallar yerli gömrükdə 543.7 min dollara rəsmiləşdirilmişdi. Hərçənd, «UN Comtrade» bildirir ki, Fransanın gömrük orqanlarında Azərbaycana göndərilən malın dəyəri 16 milyon 443 min dollar olaraq keçib.

Gürcüstan Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Əhalisi Azərbaycandan, azı, 2 dəfə az olan bu ölkənin gömrük sərhədində idxala dair məlumatlar həqiqətə yaxındır. Məsələn, 2014-cü ildə bu ölkə 46 milyon dollar dəyərində, yəniAzərbaycandan 30 milyon dollarlıq çox ətriyyat və kosmetika idxal etdiyini bildirir. Ötən il isə bu ölkə idxalı 10 milyon dollar azaldıb.

NƏ ŞİRKƏTLƏR, NƏ DƏ DGK MƏLUMAT VERİR

Azərbaycanda parfümeriya və kosmetika malları sahəsi iki şirkətin nəzarətindədir. «Gazelli International» şirkətinə daxil olan «İdeal Kompani» MMC-nin, biri Sumqayıtda olmaqla, - 11; «Sabina P&C» MMC-nin isə, biri Gəncədə olmaqla, - 13 mağazası var. AzadlıqRadiosu hər iki şirkətə üz tutaraq, Azərbaycana ətir və kosmetik vasitələrin idxalına dair göstəricilərə aydınlıq gətirməyə çalışıb. Ancaq şirkətlərin heç biri idxal həcmlərini açıqlamayıb.

Dövlət Gömrük Komitəsi (DGK) də yerli və xarici gömrük statistikası arasındakı kəskin təzada aydınlıq gətirməyə dair radionun rəsmi informasiya sorğusunu cavablandırmayıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, 2010-cu ildən bəri Azərbaycanda ətir və kosmetika satışları 5 dəfə artıb. 2010-cu ildə pərakəndə ticarət şəbəkəsində bu çeşid malların ümumi satış dövriyyəsi 63.4 milyon manat dəyərində hesablanmışdısa, 2014-cü ildə bu göstərici 333 milyon manatı aşmışdı.

«Gazelli» şirkəti bir çox xarici brend malların rəsmi idxalçısı olmaqla yanaşı, Azərbaycanda həm də kosmetik vasitə istehsalçısı kimi tanınır. DSK 2015-ci ildə ölkədə 531.7 min manat dəyərində kosmetik preparatların buraxıldığını açıqlayıb. Əvvəlki illə müqayisədə rəsmi istehsal təxminən 4 dəfə azalıb. İstehsalçının anbarında da 1.5 milyon manatlıq mal satılmamış qalır.

İSTEHSALÇI MƏNFƏƏT VERGİSİNDƏN YAYINIR?

Azərbaycanın «Gazelli» markalı kosmetik vasitələri özünə xaricdə də bazar tapıb. DGK 2015-ci ildə dəyəri 118.9 min dollar olan 5.7 ton kosmetikanın xaricə satıldığını bildirir. Əvvəlki ildə isə tonu 21 min dollar məbləğində sənədləşdirilən 4.56 ton krem və başqa bədənə qulluq vasitələri ixrac edilmişdi.

Maraqlıdır ki, xarici ölkələrin rəsmi dövlət qurumları Azərbaycanın kosmetika ixracına dair məlumatlarını da şübhə altına alırlar. Misal üçün, Danimarka, Gürcüstan, Türkiyə və Böyük Britaniya Azərbaycandan təxminən 2 milyon dollar dəyərində kosmetika vasitələri qəbul etdiyini bildirir. Belə çıxır ki, istehsalçı malın dəyərini azaltmaqla mənfəət vergisindən də yayınır.

«GAZELLI» BÖYÜK BRİTANİYADA...

«Gazelli» şirkəti Böyük Britaniyada da təmsil olunur. Zərifə Həmzəyeva və qızlarına (Məlahət və Cəmilə Əsgərovalar) məxsus olan bu beynəlxalq qrup ticarət və xidmət sektorunda təmsil edilir. 2014-cü il oktyabrın 31-ə olan məlumata görə, «Gazelli International Limited» şirkətinin aktivlərinin həcmi 13 milyon funt sterlinq olub. «Gazelli Art House Limited» şirkəti isə 31 iyul 2013-cü illə 31 iyul 2014-cü il tarixləri arasında aktivlərinin məbləğini 554 min funtdan 31 milyon 460 min funt sterlinqə çatdıra bilib.

Xanımların «Set Intelligence Limited» və «C3-CIII Limited» şirkətləri Londonun biznes aləminə təzə-təzə ayaq açmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG