Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:27

-

"İrland yazıçısının atası bərk kasıblayır. Evinin bir hissəsini kirayəyə vermək məcburiyyətində qalır. Oranı isə bir aktyor kirayəyə götürür..."

Seymur Baycan

Qarışqadan fil, fildən qarışqa düzəltmək

İllüstrasiya

İllüstrasiya

Hisslərini, düşüncələrini, başına gələn, gördüyü, eşitdiyi hadisələri, mənzərələri müxtəlif vasitələrlə, müxtəlif formalarda ifadə edib, zaman adlı qəddar, zaman adlı zalım imtahandan keçirib minlərlə, onminlərlə, yüzminlərlə, milyonlarla adama ötürmək əlbəttə ki, hər kəsə müəssər olan iş deyil.

Bir əsr, iki əsr, beş əsr, on əsr bundan əvvəl yaşamış adamın hələ də öz hisslərini başqalarına ötürə bilməsinin sirri nədədir?

Zaman adlı qəddar imtahandan keçmiş bir əsəri oxuduğunuz, hansısa klassik bir əsəri dinlədiyiniz zaman bir məsələni əsla və əsla unutmayın; siz həm də çoxdan cismən ölmüş, bədəni çürüyüb torpağa qarışmış bir insanın hissləri ilə tanış olmaqdasınız. O, öz hisslərini sizə ötürməkdədir.

O, yoxdur, cismən çoxdan ölüb, amma o özünü hər gün dünyanın ən müxtəlif məkanlarında həm tək-tək, həm də incəsənət məbədlərində dəstə-dəstə müxtəlif millətlərə mənsub, fərqli dinlərə inanan insanlara xatırladır.

Özü də xoş hisslərlə xatırladır. O, cismən çoxdan ölüb, amma onun əsərləri insanları düşündürür, duyğulandırır, sevdiklərini, itirdiklərini, qazandıqlarını xatırladır, insanın öz həyatını onun özünə başa salır. Bunun adı əbədiyyət deyilsə, bəs nədir?

Nə qədər insan əbədiyyətə can atıb. Əllərindəki hakimiyyət, güc, var-dövlət heç nəyə yaramayıb. Asan deyil əbədiyyata qovuşmaq.

Bəs o, bunu necə bacardı? Məhrumiyyətlər içində yaşayan, bəzən yeməyə çörək, geyinməyə paltar tapmayan bu adamlar necə ədəbiyyətə qovuşdular?

O, anadan həssas, sənətkar doğulmuşdu, yoxsa həyatında baş verən hadisələr, faciələr, fəlakətlər onu həssaslaşdırdı? Təkcə həssaslıq bəs edirmi, öz hisslərini zaman adlı imtahandan keçirib minlərlə, onminlərlə, yüzminlərlə, milyonlarla insanlara ötürmək? Bəs eləmir? Bəs zəhmətlə qazanılan peşəkarlıq?

Əlbəttə, bir sənətkarın, bir rəssamın, bir yazıçının, bir bəstəkarın bioqrafiyasını götürüb, yuxarıdakı suallara birmənalı cavab axtarmaq böyük yanlışlıq olar. Hər kəsin özünə görə bu suallara cavabı var. Birində səthi, birində daha dərin, daha əhatəli.

Mənim də bu suallara özümə görə cavabım var. Düzdür, ovqatdan asılı olaraq, bu cavablar dəyişir. Lakin bu suallara səthi cavab verə biləcəyimi dəqiq bildiyim üçün, onları tirajlamağın heç bir mənası yoxdur. Baqajım bu suallara əhatəli cavab vermək iqtidarında deyil.

Bir dəfə biz dostlarla uzun sürən üzücü bir mübahisəyə girişdik. İki yerə bölünmüşdük. Birinci dəstə deyirdi ki, insan dünyaya sənətkar kimi gəlir.

Sonradan baş verən hadisələr onun hisslərini, müşahidə qabiliyyətini itiləşdirir, qazandığı biliklə, çəkdiyi zəhmətlə peşəkarlaşır. Ağlın ürəklə, ürəyin ağılla qovuşması nəticəsində gözəl əsərlər doğulur. Ürəksiz ağıl, ağılsız ürək heç nəyə yaramır.

Onlar deyirdilər ki, biz zəhməti, bilgini inkar etmirik, lakin insanda lap əvvəldə nəsə olmalıdır. Bunsuz insanın sənətkar olması mümkün deyil. Bu dəstə zəhmətlə, biliklə qazanılan peşəkarlığı inkar etməməklə bərabər, insanın dünyaya sənətkar kimi gəlməsini iddia edirdi.

Öz iddialarını sübut etmək üçün müxtəlif dövrlərdə yaşamış sənətkarların bioqrafiyalarına istinad edirdilər. Dahilərdən sitatlar gətirirdilər. Onlar sənətkarın həyatının, ümumiyyətlə, sənət dünyasının sakrallaşdırılmasının, ilahiləşdirilməsinin tərəfdarları idilər.

İkinci dəstə isə deyirdi ki, insan dünyaya sənətkar kimi gəlmir. Hansısa bir təsadüfi hadisə onu sənət dünyasına ürcah edir. O, oxuyur, çalışır, bilik qazanır, müşahidə qabiliyyəti artır, həyatında baş vermiş hadisələr onu həssaslaşdırır, başqalarının arzularını, kədərini hiss etməyə başlayır. Müxtəlif vasitələrlə özünün və başqalarının həyatını ifadə etməyi öyrənir, axtarır, tapır, püxtələşir. Beləliklə, adam sənətkar olur.

Onlar deyirdilər ki, sənətkar olmaq hər kəsə müyəssər olan bir işdir. Burada heç bir ilahilik, sakrallıq axtarmaq lazım deyil. Biri aşbaz, biri pilot, biri vəkil olur, başqası da tutaq ki, yazıçı, rəssam, bəstəkar.

Bu dəstə də öz iddialarını sübut etmək üçün müxtəlif dövrlərdə yaşamış müxtəlif sənət adamlarının bioqrafiyalarına istinadlar edib, filosflardan, sənətşünaslardan sitatlar gətirirdilər.

Yadımdadır, ikinci dəstəyə mənsub olanlardan kimsə bir irland yazıçısının bioqrafiyasına istinad etdi. Yazıçının adı yadımdan çıxıb, amma adamın danışdığı əhvalat yadımdadır.

İrland yazıçısının atası bərk kasıblayır. Evinin bir hissəsini kirayəyə vermək məcburiyyətində qalır. Oranı isə bir aktyor kirayəyə götürür. Gələcəyin yazıçısı onda uşaq imiş. O, başa düşmürmüş ki, evlərinin bir hissəsi müvəqqəti olaraq onlara aid deyil. Tez-tez kirayənişingilə, yəni aktyorun ailəsinə qonaq gedirmiş. Orada isə onu çox sevinclə qarşılayırmışlar.

Bu, həm də uşağın sənət dünyasıyla qarşılaşması deməkdir. Onda sənətə maraq yaranır. Aktyorun evində uşaq özünü daha rahat hiss edirmiş. Beləliklə, tale öz işini görür. Uşaq atasının etirazına baxmayaraq, günü-gündən sənət dünyasına daha böyük maraq göstərir. Maraq böyüyür, böyüyür, böyüyür, axırda adamı yazıçıya çevirir.

İkinci dəstəyə mənsub adam bu əhvalatı danışıb, birinci dəstəyə aid adamlara sual verdi:

“İndi özünüz deyin, bu adamın atası evini kirayəyə verməsəydi və həmin evə məhz aktyor köçməsəydi, bu uşaq necə yazıçı ola bilərdi?”

Birinci dəstədə də xeyli sırtıq adamlar vardı. Onlar da dirəşdilər ki, bu uşaqda əvvəldən nəsə olub. Yoxsa aktyora, sənətə maraq göstərməzdi. Əvvəldən nəsə olub ki, aktyorun evi, həyatı ona maraqlı gəlib. Maraqlı gəlməsəydi, ora bir daha ayaq basmazdı.

Gördük, başqalarının həyatını danışmaqla mübahisəmiz daha da qızışır. Heç kim heç kimə heç nə başa sala bilmir. Qərara gəldik ki, hərə öz bioqrafiyasını danışsın. Görək, hər kəs sənət dünyasıyla necə tanış olub. Onu da qeyd edim ki, mübahisədə iştirak edənlərin hamısı sənətlə məşğul olan adamlar idi.

Beləliklə, biz öz cılız və sısqa bioqrafiyalarımızla böyük suallara cavab axtarmağa başladıq. Bəzən kiçik söhbətlər böyük mətləbləri anlamaqda açar rolunu oynayır, amma bu dəfə bu priyom heç nəyə yaramadı. Əvəzində maraqlı nüanslar ortaya çıxdı.

Biri dedi ki, dayısı günlərin bir günü onun əlindən tutub musiqi məktəbinə apardı. Atası həbsxanada yatırmış. Anası da xəstəxanada işləyirmiş. Həm anası, həm də atası sənətdən min ağac uzaq adamlar imişlər. O, məhz dayısının sayəsində sənət dünyasına qədəm basıb. Adamın bütün bioqrafiyasını yazan deyiləm. Qısa yazacam. Sonra bu adam konservatoriyaya, bəstəkarlıq fakültəsinə daxil olub.

Konservatoriyada oxuyanda həm də öz başını dolandırmaq üçün toylara gedirmiş. Toylarda sintezator çalırmış. Dedik axı, ailə kasıb imiş. Toylarda özünə görə pul qazanırmış. Həm də, yaxşıca yeyib-içirmiş. Günü-gündən kökəlirmiş. Dediyinə görə, hələ toylardan yemək gətirib, başqa kasıb tələbələrə də verirmiş.

Bir gün toy sahibi musiqiçiləri toy bitəndən sonra qonaqların qabağından qalma yeməyi yeməyə dəvət edir. Deyib ki, yemək qalmayıb, olan budu. Gələcəyin bəstəkarı başqasının qabağından qalma yeməyi yeməkdən imtina edir. Toy sahibinin hərəkəti onun qüruruna toxunur.

Beləliklə, o, bir daha toylara sintezator çalmağa getmir. Maddi çətinliklərə sinə gərib, ancaq klassik musiqi ilə məşğul olur.

Bəstəkar öz əhvalatını danışıb, qurtardı. Onun əhvalatı bizi həm kədərləndirdi, həm də güldürdü.

Sonra bir yazıçı öz əhvalatını danışmağa başladı. Dedi ki, o, orta məktəbdə oxuyanda heç inşa yaza bilmirmiş. Ondan-bundan köçürürmüş. Bir qoca, qədimdən qalma ədəbiyyat müəlliməsi varmış. Bu ədəbiyyat müəlliməsi gələcəyin yazıçısından əl çəkmirmiş. Gələcəyin yazıçısı dərsi yola vermək üçün gedib arxa sırada otururmuş, müəllimə imkan vermirmiş, onu qaldırıb ön sıraya gətirdirmiş.

Elə hey ona deyirmiş ki, sən başqalarının tayı deyilsən, sən fərqlisən. Yazıçı dedi ki, bilmirdim, ədəbiyyat müəlliməsi məndən nə istəyir. Nə bilim, bəlkə o vaxt nəsə hiss edirmiş, qocaman müəllimə kimi bu inşa yaza bilməyən uşaqda nəsə görürmüş. Bu adamın da bioqrafiyasını tam yazan deyiləm.

Sonra bir rəssam öz əhvalatını danışmağa başladı. Dedi ki, onda əvvəldən rəsm çəkməyə həvəs varmış. Kimya, fizika, riyaziyyat dərsində də rəsm çəkirmiş. Buna görə onu neçə dəfə danlayıblar, sinifdən çıxarıblar, hətta zoğal çubuğu ilə əllərinə döyüblər. Balaca rəssamın evdə də əli dinc durmurmuş. Tualetin divarına, darvazanın, su çəninin üstünə rəsmlər çəkirmiş.

Beləcə, mübahisədə iştirak edənlərin hər biri növbə ilə öz əhvalatlarını danışdılar. Kim yalan danışdı, kim doğru danışdı, bu, başqa məsələ.

Ən maraqlısı bu oldu ki, bu cılız və sısqa bioqrafiyalar danışılandan sonra bir neçə adam dəstələr arasında yerdəyişmə etdi. Birinci dəstədən ikinci dəstəyə, ikinci dəstədən birinciyə keçənlər oldu.

Məlum oldu ki, bizim “insan sənətkar kimi doğulur, yoxsa sonradan sənətkar olur” mövzusunda apardığımız mübahisədə tutduğumuz mövqe qəti mövqe deyil. Bu mübahisədə hər zaman yerimizi dəyişə bilərik. Araya pərtlik çökdü.

Beləliklə, biz insanın anadan sənətkar kimi doğulduğunu, yoxsa sonradan sənətkar olduğunu heç cürə müəyyən edə bilmədik. Möhkəm yorulmuşduq. Əldən düşmüşdük. Daha mübahisəni davam etdirməyə bizdə bir qram da güc qalmamışdı.

Yuxarıda bir neçə dəfə bioqrafiya sözünü işlətdik.

Milan Kundera

Milan Kundera

Milan Kundera əsərlərindən birində yazır: “Bioqrafiya həyatımızda mühüm hesab etdiyimiz hadisələrin zənciridir.

Lakin nə mühümdür, nə mühüm deyil?

Biz özümüz bunu bilə bilmədiyimizdən başqalarının, deyək ki, bizi işə götürənin mühüm hesab etdiklərini mühüm hesab edirik, onun tərtib etdiyi anketdə onun mühüm hesab etdiklərinə cavab yazırıq.

Anadan olduğumuz tarix, valideynlərimizin məşğuliyyəti, təhsilimiz, əvvəlki işimiz və yaşadığımız ünvan, toyumuz, boşanmağımız, uşaqların anadan olması...

Dəhşətlidir, lakin bu, belədir. Biz öz şəxsi həyatımızı rəsmi və polis anketlərindən görməyə öyrəşmişik.”

Sənətkarlar başqalarının mühüm hesab etdikləri, anketdən gələn suallara deyil, özlərinin mühüm hesab etdikləri suallara cavab axtarırlar. Onlar başqalarının tələb etdiyi bioqrafiyanı deyil, özlərinin bioqrafiyalarını yazırlar.

Məsələn, götürək yazıçıları. Ədəbiyyatın qiyməti yalnız mövzuların dəbdəbəli və yüksək olması ilə seçilmir. Yazıçı öz zövqünə görə həyatında baş vermiş hadisələrdən bəzilərini kənara tullayır, başqalarını saxlayır. Kiçik hadisələri o, böyüdə bilər, böyüyü isə kiçildə bilər. Yazıçı ön cərgədə olan hadisələri azacıq da olsun, tərəddüd etmədən geriyə, arxa cərgədə olanları isə irəliyə çəkə bilər.

Əsl yazıçı qarışqadan fil, həmçinin çox asanlıqla fildən qarışqa düzəltməyi bacarmalıdır. Başqalarının mühüm hesab etdikləri suallara deyil, özünün mühüm hesab etdiyi suallara cavab vermək azadlığın bir növüdür və öz həyatını anketlərdən görməyə öyrəşmiş adamların qıcığına, həsədinə, hətta deyərdim ki, paxıllığına səbəb olur.

Ernest Hemingway

Ernest Hemingway

Elə həmin yuxarıda adını çəkmədiyimiz əsərdə bu barədə gözəl bir söhbət var. Pol adlı bir vəkil Heminqueyin əsərini oxuyur və müəllif haqqında qəzəblə bu sözləri deyir:

“Ah, necə yalançıdır. Necə aldadır. Necə də meqalomandır. Necə impotentdir. Necə sadistdir. Necə erotmandır. Necə qadınlara nifrət edir”.

Müəllif, Milan Kundera isə Pol adlı vəkilin Heminquey haqqında belə qəzəblə danışmasına çox tutarlı cavab verir:

Əgər siz vəkil olaraq, qatili müdafiə etməyə hazırsınızsa, onda nəyə görə öz kitablarından savayı heç bir günahı olmayan müəllifin üzərinə düşürsünüz?

Etiraf edək ki, əla söhbətdir. Əlbəttə, bu söhbətdə bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG