Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

Reza Zarrab ABŞ-da saxlandı


Türkiyəli müğənni Ebru Gundes əri Reza Zarrab ilə, 2013-cü il

Türkiyəli müğənni Ebru Gundes əri Reza Zarrab ilə, 2013-cü il

-

3 iranlı ABŞ-ın Tehrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur və biri artıq həbs edilib. Məlumatı ABŞ rəsmiləri martın 21-də yayıb.

33 yaşlı iranlı biznesmen Reza Zarrab martın 19-da Mayami aeroportunda saxlanıb. Zarrabın işçisi Kamelia Jamshidy və İrandakı Bank Mellat-ın rəsmisi Hossein Najafzadeh-ə ittihamlar irəli sürülüb, ancaq onları ələ keçirmək hələlik mümkün olmayıb.

İttihamnaməyə görə, Türkiyə və İran vətəndaşı olan Zarrab Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində şirkətlər şəbəkəsi işlədib. Bu şirkətlərdən biri də Royal Holding A.S.-dir. Jamshidy də orada çalışıb.

İttihama görə şübhəlilər ABŞ-ın Tehrana sanksiyalarına baxmayaraq, İran hökuməti və biznesləri adından milyonlarla dollar məbləğində əməliyyatlar aparıblar.

Reza Zarrab türkiyəli müğənni Ebru Gundes-in həyat yoldaşıdır.

Hələlik Reza Zarrabın vəkilləri, yaxud yaxınlarının bu ittihamlarla bağlı hər hansı reaksiyası səslənməyib.

Reza Zarrab 2013-cü ilin dekabrında Türkiyədə aparılan böyük səs-küylü korrupsiya qalmaqalında da saxlanmışdı. Həmin il dekabrın 17-də Türkiyədə iş adamları Reza Zarrab və Ali Ağaoğlu da daxil olmaqla 37 nəfər, o cümlədən İqtisadiyyat naziri Zafer Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Muammer Gülerin oğlu Barış Güler, şəhərsalma və ətraf mühit naziri Erdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, İstanbulun Fateh bələdiyyəsinin sədri Mustafa Demir (AKP), Halkbank-ın baş direktoru Süleyman Aslan saxlanmışdı.

Anadolu Ajansı hüquq-mühafizə orqanlarına istinadən əməliyyatın iki ilə yaxın davam edən texniki və fiziki izləmə nəticəsində həyata keçirildiyini yazırdı. Türkiyə mediası ölkədə böyük korrupsiya qalmaqalında zamankı Baş nazir Receb Tayyib Erdoğan və oğlunun adını da hallandırırdı.

Amma bir neçə aydan sonra Reza Zarrab da daxil olmaqla saxlananların əksəriyyəti azad edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG