Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

-

Hökumətin məqsədi Azərbaycanı regionun əsas ticarət qovşağına çevirməkdir.

Bunu nəqliyyat naziri Ziya Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılmasının 1 illiyi ilə bağlı tədbirdə deyib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, son illərdəki qlobal iqtisadi böhran, neftin qiymətinin düşməsi Azərbaycan üçün çətinliklər yaratsa da, qeyri-neft sektorunun inkişafını daha vacib edib:

“Nəqliyyat sahəsində fəaliyyətin daha yüksək səviyyəyə keçid almasına şərait yaradıb. Hazırda beynəlxalq yük daşıyıcıları üçün münbit şəraitin yaradılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirakçı kimi çıxış edir. Məqsəd qeyri-neft sektorunun ən perspektivli sahələrindən olan nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək, ölkənin tranzit imkanlarını artırmaqdır. Onu regionda əsas ticarət qovşağına çevirməkdir”

Ziya Məmmədov Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə konteyner qatarlarının hərəkətinin təşkil olunduğunu deyib:

“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Azərbaycan və İran dəmir yolu xətlərinin birləşdirilməsi üçün çatışmayan seqmentlərin tikintisi barədə sazişlər imzalanıb. Bu işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropaya, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Avropaya və Mərkəzi Asiyaya hərəkəti mümkün olacaq" - deyə nazir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG