Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

-

Prezidentin əfv fərmanı, ölkənin iqtisadi vəziyyəti və regional münasibətlər bu gün medianın aparıcı mövzusudur.

BAKI QƏRB VƏ ŞƏRQ MƏDƏNİYYƏTLƏRİNİ BİRLƏŞDİRİR

«Azərbaycan» qəzeti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkədəki səfirlərin həyat yoldaşları ilə görüşündən bəhs edib.

Yazıda bildirilir ki, bu görüş diplomat xanımlarına Azərbaycanı tanıtmaq məqsədi ilə keçirilib. Məqalədə M.Əliyevanın görüşdəki çıxışı da təqdim edilib.

«Əlbəttə, Azərbaycan, xüsusilə Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var. Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanış olacaqsınız. Bakı özündə Qərb və Şərq mədəniyyətini, həm qədimliyi, həm də müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz», -deyə M.Əliyeva bildirib

ƏFV FƏRMANI SİYASI MƏHBUS PROBLEMİNİ HƏLL ETMƏYİB

«Azadlıq» qəzeti prezident İlham Əliyevin əfv fərmanını şərh edib. Qəzet fərmanı «növbəti yarımçıq əfv» kimi dəyərləndirir. Məqalədə qeyd edilir ki, bu sərəncam da siyasi məhbus problemini həll etməyib.

Qəzet öz oxucularının diqqətinə çatdırır ki, həbsdə olan 10-dan çox Xalq Cəbhəsi Partiyası üzvlərindən əfv fərmanı ilə yalnız bir nəfər azadlığa çıxıb. O, da jurnalist Pərviz Həşimlidir.

Üstəlik, hazırda partiyanın həbsdə olan elə üzviləri var ki, onlar Qarabağ döyüşlərində əlil olublar. İndi onların keçmiş xidmətləri də nəzərə alınmır.
Məqalə müəllifini düşüncəsinə görə, 14 siyasi məhbus sayılan şəxsin azadlığa qovuşması belə hakimiyyətin iradəsi deyil:

«Qərbin siyasi məhbusları qeyd-şərtsiz azadlığa buraxmağı tələb etməsi hakimiyyətin demokratik dünyaya savaş açmasına səbəb oldu. Münasibətlər o qədər gərginləşib ki, Azərbaycan hakimiyyətinə sanksiyalar gündəmə gəlib. Əslində, 14 siyasi məhbusun buraxılması münasibətləri bir qədər yumşaltmaq, sanksiya qərarını bir qədər təxirə salmaq məqsədi daşıyır. Lakin qeyd etdiyimiz kimi, Qərb siyasi məhbusların hamısının azad olunmasını tələb edir».

İlham Əliyev

İlham Əliyev

Qəzetdə yazılana görə, Beynəlxalq Sülh Naminə Karneqi Fondunun əməkdaşı Thomas de Waal da bu fərmanı rəsmi Bakının Nüvə Sammiti ərəfəsində Vaşinqtonu sakitləşdirmək səyi kimi dəyərləndirib.

ABŞ ƏFVİ ALQIŞLAYIR

APA İnformasiya Agentliyi isə əfv fərmanı ilə bağlı ABŞ Dövlət Departamentinin mövqeyini təqdim edib.

Agentliyin xəbərinə görə, departamentin bəyanatında ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı bildirilib.

«Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik», - deyə bəyanatda qeyd olunur.

Başqa media orqanları da prezidentin əfv fərmanına xüsusi yer veriblər. Bir çox xəbər və yazılarda isə Avropa Şurası, Avropa Birliyi rəsmilərinin əfvi alqışlayan mövqeləri əks olunub.

BAKI ÜZÜNÜ QƏRBƏ DÖNDƏRİR

«Novoye Vremya» qəzetində isə «Bakı üzünü Qərbə döndərir» adlı məqalə dərc edilib. Yazıda Azərbaycanın mövcud beynəlxalq geosiyasi mövqeyi təhlil edilir:

«Azərbaycan «qızıl orta» mövqeyində durmağa üstünlük verir. Bir tərəfdən rəsmi Bakı Rusiyadan asılı olmadan öz enerji layihələrini icra edir, digər tərəfdən isə Kreml administrasiyasının narazılığına səbəb ola biləcək addımlar atmır».

Məqalə müəllifinin təxminlərinə görə, bu situasiya Azərbaycanda maraqlarını tam təmin etmək istəyən Qərbdə məyusluq yaradıb. Ancaq müəllif düşünür ki, bununla belə Azərbaycan Qərbin xeyrinə geosiyasi seçim etmək niyyətindədir. Azərbaycanla Avropa Birliyi arasında münasibətlər inkişaf edir:

Nazirlər Kabineti

Nazirlər Kabineti

«Azərbaycan hakimiyyəti qarşısına Avropa ilə sıx əməkdaşlıq prinsipi əsasında dövlətçiliyi inkişaf etdirmək məqsədi qoyub. Bu istiqamətdə uğurla hərəkət edir. Amma bu münasibətlərdə rəsmi Bakının əsas mövqeyi bərabər, qarşılıqlı hörmət və anlaşmaya nail olmaqdan ibarətdir».

HÖKUMƏTİN HAZIR İSLAHAT PROQRAMI YOXDUR

«Yeni Müsavat» qəzeti də «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri» ilə bağlı prezidentin sərəncamını iqtisadçılar ilə dəyərləndirib:

«Bu ilin proqramı indi qəbul edilməlidir ki, biz iqtisadiyyatı indiki ağır durumdan çıxara bilək . Bu mənada, mən də hesab edirəm ki, 2016-cı il üçün ayrıca proqram qəbul edilməlidir»,-deyə deputat Vahid Əhmədov qəzetə bildirib.

İqtisadçı Azər Mehtiyev isə hökumətin yalnız indi başlıca istiqamətlər üzrə yol xəritəsi təklif etməsini gecikmiş addım sayır: «Bizim gözləntimiz bundan ibarət idi ki, indiki halda ölkə başçısı bir islahatlar proqramı qəbul edəcək. Ancaq reallıq onu göstərir ki, hazırda hökumətdə belə bir işlənmiş sənəd yoxdur, Hələ bundan sonra bu istiqamətdə işlərə başlanacaq».

Azər Mehdiyev diqqəti sənəddə qeyd edilən işçi qrupun 6 ay ərzində diaqnostika aparması, müəyyən strategiya işləməsi və 2020-ci ilə qədərki dövr üçün proqram hazırlamalı olmasına çəkir: «Bu isə onu göstərir ki, bütün hazırlıq işləri hələ bundan sonra görüləcək. Təbii ki, bu da ölkə iqtisadiyyatının indiki böhranlı vəziyyətində itirilmiş bir zamandır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG