Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

SSRİ-nin qalmasına səs verirlər


Mikhail Gorbachev referendumda səs verir - 17 mart 1991

Mikhail Gorbachev referendumda səs verir - 17 mart 1991

-

Sovet İttifaqının (SSRİ) saxlanmasına dair referendum keçirilsəydi, rusiyalıların yarıdan çoxu – 64 faizi «hə» deyərdi. Ümumrusiya İctimai Fikir Mərkəzi (VTsIOM) öz rəy sorğusunun nəticələrini çərşənbə günü veb-saytında açıqlayıb.

Mərkəzin son qənaəti belədir: «1991-ci il martın 17-dən - SSRİ-nin saxlanıb-saxlanmamasına dair referendumdan 25 il ötsə də, vətəndaşların çoxu bu sualı yenə müsbət cavablandırır».

1991-ci ildə sovet seçicilərinin 76%-i (Rusiya Federasiyasından 71%) «hə» demişdi. Bu gün də əksəriyyət – 64% «hə» deyir.

Rusiya Kommunist Partiyası (KPRF) tərəfdarlarının 81%-i sualı müsbət cavablandırıb. 18-24 yaşlıların 47%-i, yaşı 60 və yuxarı respondentlərin 76%-i SSRİ-nin saxlanmasını istəyir.

Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının yalnız 20 faizi SSRİ-nin yeni formatda bərpasına mənfi yanaşır.

Respondentlərin 27 faizi keçmiş sovet lideri Mikhail Gorbachev və komandasını insanların referendumdakı azad iradə nümayişinə əməl edə bilməməkdə günahlandırır.Rəyi soruşulanların 17 faizi ümumilikdə hakimiyyəti, 13 faizi Rusiyanın 1-ci prezident Boris Yeltsin-lə müttəfiqlərini təqsirli bilir.

Respondentlərin yalnız 2 faizi SSRİ-nin dağılmasında Qərbin rol oynadığını düşünür, 1 faizi isə bu parçalanmaya görə heç kimi suçlamır.Rəyi soruşulanların 40 faizi «SSRİ-nin dağılmasında kim günahkardır» sualını cavablaya bilməyib.

«Referendumdan 25 il sonra keçirilən rəy sorğusu göstərir ki, SSRİ barədə ümumi nostalji barədə deyilənlər şişirtmədir. Bu nostalji duyğusunu yaşayanlar SSRİ-nin saxlanmasına səs verənlərdir və hələ də parçalanmaya görə Gorbachev-i ittiham edirlər», - VTsIOM-dakı tədqiqatın rəhbəri Yulia Baskakova belə deyib. Onun sözlərinə görə, bu insanlar yaşlı nəslin nümayəndələridir və onlardan ötrü «sovet» sözü hüquq və asayiş, gələcəyə və sabitliyə inamlı baxış deməkdir.

VTsIOM-un 5-6 mart tarixlərində keçirdiyi sorğuda Rusiyanın 46 regionundan 1600 nəfərin rəyi soruşulub.

Angela Merkel

Angela Merkel

ALMANİYANIN DOMİNANTLIĞI BİTDİ?

Karneqi Fondundan Judy Dempsey həmin sualla bir neçə ekspertə üz tutub

Avropa Araşdırmaları üzrə Wilfried Martens Mərkəzinin əməkdaşı Roland Freudenstein sözügedən sualınbir az «Arvadını və ya ərini daha döymürsən?» deyiminə bənzədiyini deyir:

«Axı Almaniya Avropada heç vaxt dominant olmayıb. Sadəcə, son 5 ildə avrozonadakı böhranda güclü iqtisadi mövqeyindən ruhlanaraq bir-iki dəfə liderliyə cəhd göstərib. Bəzən də uğur qazanıb.Məsələn, Rusiyanın Ukraynaya təcavüzünə reaksiya məsələsində. Ancaq qaçqın məsələsində Almaniya özünü küncə sıxışdırıb, tərəfdar toplaya bilməyib. Ardıcıl olmayan liderlik də liderlik deyil. Düzdür, Almaniya hələ də AB-nin ən güclü iqtisadiyyatıdır. Sağlam maliyyə siyasətindən tutmuş, Britaniyanın AB-də saxlanmasınadək bir sıra məsələlərdə Merkel-in tədbirliliyi hələ də ciddi amil sayılır. Ancaq təhlükəsizlik məsələsində Almaniya geriləyir».

Ekspertin fikrincə, Almaniya bir neçə adi qaydaya əməl edərsə, liderliyin öhdəsindən gələr. Əks halda, Avropa əziyyət çəkəcək.

Macarıstan Avropa Cəmiyyətinin sədri István Hegedűs-un fikrincə, Almaniyanın siyasi elitası heç vaxt Avropanın şerifi olmağa meyl göstərməyib. Sadəcə, AB tərəfdaşları kansler Angela Merkel-i liderliyə itələyiblər: «Merkel Avropa böhranlarını yönəltməkdən ötrü liderliklə razılaşanda, onun rəqibləri Almaniya tarixinin eybəcər irsindən, AB-nin ən böyük üzv dövlətinin mənəvi imperiyaçılığından danışmağa başladılar».

Ekspertin sözlərinə görə, Almaniya bəlkə də dominant görünə bilər, ancaq hegemon deyil. AB-nin institusional quruluşu və idarəçilik sistemi demokratik qərarvermə prosesinə təminat verir – müttəfiqlərinin yetərli dəstəyi olmadan heç bir üzv lider mövqeyə çıxa bilməz.

Yunanıstanda qaçqınlar.

Yunanıstanda qaçqınlar.

MİQRANT BÖHRANI BALTİK ÖLKƏLƏRİNƏ YAYILIR

Avropa Birliyi miqrant böhranıyla çarpışdığı bir vaxtda Baltik regionu da onun təsirini hiss etməyə başlayıb. Martın 14-də Litva Dövlət Sərhəd Xidmətinin rəhbəri Renatas Pozela deyib ki, Balkan dəhlizindən keçən yol get-gedə qapandığından, ölkə Qərbi və Şimali Avropaya yol alan miqrantların tranzit nöqtəsinə çevrilə bilər.

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Ukrayna böhranı Baltik ölkələri ilə Polşa arasında hərbi və təhlükəsizlik əməkdaşlığını gücləndirib. İndiki miqrant böhranı isə təhlükəsizliklə bağlı daha sıx əməkdaşlığı qaçılmaz edir:

«Marşrutun dolanbaclığını və Aralıq dənizindən uzaqlığını gözə alsaq, Baltik dəhlizindən elə çox qaçqın yararlanmayacaq. Ancaq Şengen sazişinə qoşulan Baltik ölkələri miqrantlardan ötrü cəlbedici giriş nöqtəsinə çevrilə bilər. Yaxın Şərqdən kənar yerlərdən, Şərqi Avropa və Qafqazdakı keçmiş sovet respublikalarından gələnlər də Baltik ölkələrindən keçə bilərlər».

Baltik ölkələrinə miqrasiyanın, sadəcə,artma ehtimalının özü artıq regiona təsirini göstərib. Litva qonşu ölkələrlə təlimləri gücləndirib, sərhəd təftişləri aparır, hərbi könüllülər, polis və təhlükəsizlik qüvvələri təlim keçir. Litvadan Latviyaya keçənlər də yoxlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG