Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

Korrupsiyanı qidalandıran səbəblər nədir?


İlham Əliyev/Recep Tayyip Erdoğan

İlham Əliyev/Recep Tayyip Erdoğan

-

Prezident İlham Əliyevin qəbulları, sərəncamları, korrupsiya və sosial məsələlər medianın aparıcı mövzusudur.

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin Türkiyə səfərinə dair deputatların fikir və mülahizələrinə yer verib.

Deputat Aydın Mirzəzadə deyib ki, Ankaradakı terror təkcə Türkiyəyə yox, elə Azərbaycana da yönəlib.

Tarixçi və deputat Musa Quliyev isə səfəri belə dəyərləndirib: «Dövlət başçısının Türkiyəyə səfəri dünya tarixinə mərdlik, qardaşlıq və humanizm nümunəsi kimi düşdü».

Deputatın deməsinə görə, bu səfər ilə İlham Əliyev Azərbaycanın terrora, zorakılığa qarşı olduğunu bütün dünyaya nümayiş etdirdi.

RƏSMİ BAKI TÜRKİYƏ İLƏ SƏMİMİDİRMİ?

Bu sual isə «Azadlıq» qəzetinin səhifəsində yer alıb. Məqalədə prezidentin Türkiyə səfəri başqa yöndən dəyərləndirilir. İ.Əliyevin «Türkiyənin güclü olması elə Azərbaycanın güclü olması deməkdir» fikri yada salınır: «Amma Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə ölkə başçısının Türkiyədə söylədikləri arasında ziddiyyətlər var».

Yazıda iki ölkə arasında viza probleminin həll edilməməsinə diqqət çəkilir. Müəllifin fikrincə, Bakı müxtəlif bəhanələrlə problemin həllindən yayınır: «Türkiyə ilə Azərbaycan arasında belə elementar məsələlərin düyünə düşməsi absurddur».

Məqalədə qeyd edilir ki, Türkiyədən Azərbaycana gələn mallara Rusiya ilə müqayisədə 2 dəfə çox rüsum qoyulur. Bu doğma qardaşa «ögey münasibət» kimi dəyərləndirilir.

Yazıda Türkiyəni qana boyayan PKK təşkilatına rəsmi Bakının münasibəti də tənqid edilir.

Korrupsiya

Korrupsiya

KORRUPSİYANI QİDALANDIRAN SƏBƏBLƏR QALIR

«Korrupsioner məmurlar öz vəzifələrində qaldıqları üçün korrupsiya da əvvəlki kimi öz mövqeyini qoruyur. Bu hala qarşı mübarizə səmərə vermir. Çünki təşkilatlanmış strukturları və onu qidalandıran səbəblər qorunub saxlanılır».

Bu fikirlər «Novoye Vremya» qəzetində dərc edilən «Korrupsiya qanunlar ilə ləğv edilməz, yeni yanaşma lazımdır2 sərlövhəli məqalədən götürülüb. Yazıda oxuyuruq:

«Bu gün ölkədə elə bir sahə yoxdur ki, korrupsiya ora caynağını uzatmamış olsun. O, bizim həyatımızda o qədər dərinə işləyib ki, bəzən bu qüsurun ləğv edilməsinin mümkünsüzlüyü təəssüratı yaranır».

Müəllifin düşüncəsinə görə, bu «cəmiyyət xorası»na qarşı tətbiq edilən mübarizə metodları sırf görüntü yaratmaq xarakteri daşıyır. Bir qayda olaraq bütün inzibati resursların gücü «balaca adamlar»ın cəzalandırılmasına yönəlir.

Məqalədə köklü islahatların vacibliyindən də bəhs edilir: «Korrupsiya mexanizmlərinin kökünü kəsmək üçün konkret addımlar atılmalıdır. Yaltaqlığa, üzüyolalığa, yarınmağa son qoyulmalıdır. Köklü və təcili islahatlar lazımdır».

PREZİDENTİN FƏALİYYƏTİ SABOTAJ EDİLİR?

«Yeni Müsavat» qəzetində isə Vergilər Nazirliyinin rəhbərliyində təmsil olunan bəzi məmurların fəaliyyəti ilə bağlı məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, bu yaxınlarda market sahibləri ilə görüşdə onların qarşısında dövriyyənin 6 faizi qədər haqq ödəmək tələbi qoyub: «Bu addım ölkə başçısının start verdiyi fəaliyyəti sabotaj etməklə yanaşı, sahibkarları ölkədən küsdürür».

Müəllifə görə, belə hallar Azərbaycan cəmiyyətinə heç də yad deyil. Məqalənin sonunda da bildirilir ki, bu məsələ ilə bağlı sahibkarlar yaxın zamanda prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG