Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35

-

Gənclərin OxuZalına göndərikləri hekayələrdən

Ziya Alar

AKTRISA

Məşqlərin başlanmasına az qalmış, rejissor gözlənilmədən qərarını dəyişdi. O, ulduz aktrisa Çinarənin tərəf müqabili kimi əvvəlcə tələbə aktyor Nicatı seçsə də, sonra bu fikirdən daşındı.

- Nicat, incimə. Hələ Çinarəylə oynayacaq təcrübən yoxdur, özün görəcəksən. Məşqləri izlə, inanıram ki, bu məşqlərin içində yetişib aktyorluq sənətinə tam yiyələnəcəksən.

Gözlənilməz qərardan pərt olan Nicat əvvəlcə etiraz eləmək fikrinə düşdü. Lakin rejissorun onun həyatını dəyişdirən yaxşılığını xatırladı. Həmin vaxt Nicat İncəsənət Universitetinin tələbə truppasında aktyor kimi kiçik rol almışdı. Bu kiçik rol ona böyük qapı açdı. Tamaşaya fəxri qonaq kimi çağrılan tanınmış rejissor, Nicatı burada tanıdı. Yeni istedadı baş rejissoru olduğu teatra dəvət elədi.

“Bu uşaq aktyor doğulub, ona təkan lazımdı” – Nicatı sənətçilərə təqdim eləyəndə deyirdi.

O gündən bu günə kimi, rejissoru olduğu teatrın truppasına cəlb eləmiş, beləcə, professional səhnəyə yolunu açmışdı Nicatın.

Rejissorun son qərarı Nicatı məyus elədi, amma bir söz demədən geri çəkildi. Hər halda rejissor pis insan deyildi, - buna əmin idi. Qərarına isə hamı kimi baş əymək məcburiyyətindəydi. Gözləməyi seçdi.

Səhnələşdiriləcək pyesin məşqlərinin birinci günü sevgililərin ilk görüşündən bəhs eləyirdi. Onlar görüşün sonunda əl-ələ tutub ayrılmaq istəmədiklərini deyəcək və qız oğlanın dodaqlarına ilk və xam öpüşünü verəcəkdi.

Birinci günün məşqləri sona çatdıqda Çinarə tamaşaçı zalında ön cərgədə əyləşib onu izləyən Nicatı kənara çəkdi:

- Mənimlə biraz Milli Parkda gəzərsən? Ordan da şam yeməyinə gedərik?-Nicatın əlinə toxundu. - Bunları mənimçün edərsən, Nicat?

- Əlbəttə, edərəm. Amma... ancaq... - Nicat inana bilmirdi. Çinarənin yaxınına gəldi, onunla üz-üzə dayanıb gözlərinə baxdı. Zərrə qədər yalan sezmədi o gözlərdə.- Çinarə, sən ulduz sənətçi sayılırsan. Parkda, həm də mənimlə... Niyə axı?!

- Səndən bu günə kimi gizlətmişəm. Ulduzam deyə-deyə bu sevgidən həmişə vaz keçməyə çalışmışam. Səni sevdiyimi deyə bilməmişəm, - Çinarə dedi.

Nicatın deməyə sözü qalmadı.O bütün suallarının cavabını almış, bayaqdan təklif qarşısında yaranan çaşqınlığına son qoyulmuşdu. Məmnuniyyətlə gəzinti və şam yeməyi təklifilə razılaşdı. Təklikdən, sevgisizlikdən həmişə şikayət edən tələbə aktyor gənc, həm də ulduz aktrisa ilə görüşəcək, sevgili olacaqdı.

Nicata narahtlıq verən ətrafdakı insanların həsədli baxışları olmasa gəzintiləri çox maraqlı keçirdi. Nicat isə bütün həsədli baxış və utancaqlığından qurtulmaq üçün sevgilisinin ona zillənən xoş təbəssümünə bircə dəfə baxardı. Şam yeməklərini də Milli Parka yaxın dəbdəbəli restoranlardan birində etdikdən sonra Nicat sevgilisinə gəmi ilə gəzinti təklif elədi. Çinarə istəmədi.

- Yox,canım, yarım ay, yarımca ay mənim planladığım kimi keçsin görüşlərimiz. Sonra sən necə desən elə də olar. - Nicatın qolunu özünə sıxdı.

Nicat razılaşdı və onlar evə yollandılar. İlk qısa ayrılıqları Çinarənin evi qarşısında oldu. Ayrılmaq istəmədiklərini dönə-dönə təkrarlayırdılar. Nəhayət, məqam yetişdi: qız getmək istəyir, amma oğlan incə əlləri özündən ixtiyarsız möhkəmcə sıxıb saxlayır, buraxmaq istəmirdi. Qız əlini ondan birtəhər qoparıb evə tərəf üz tutdu və biraz uzaqlaşdıqdan sonra qəfil ayaq saxlayıb geri çevrildi. Nicat hələ də onu heyranlıqla süzürdü. Çinarə geri dönüb təkrar onun yanına yürüdü. Sevgilisinin hər iki əlindən tutaraq dodaqlarından öpdü və yenə evə sarı qaçdı.

Sevgilisinin xam öpüşündən həyəcanlanan Nicat gecəni yatağında çevrilə-çevrilə, yuxusuz keçirdi. Səhər açılanda əlini cibinə apardı ki, səhər yeməyi üçün bir şey alsın. Amma atasının onun üçün göndərdiyi bir aylıq kirayə, yemək və yol xərcliyindən bir qəpik də qalmamışdı.

Borc tapmalıydı. Təkcə öz xərclərinə görə yox, eyni zamanda ulduz aktrisanın da xərclərini qarşılamalıydı. Axı bu gün məşqlərdən sonra yenidən görüşəcəkdilər.

Səhnələşdiriləcək pyesin məşqlərinin ikinci həftəsi daha qızğın keçirdi. Sonuncu pərdənin məzmununa görə, sevgililərin alovlu eşqi onların məhrəm, ehtiraslı yaxınlaşmaları və erotik səhnəylə bitməliydi.

Məşqlərdə ehtirasın ağuşuna düşən Çinarənnin ehtirasını məşqlərdən sonra Nicat qarşılayardı. Aktrisa dar çərçivədən çıxan kimi birbaşa Nicatın sonuncu şansı olan tələbə kreditindən istifadə etməklə onun vəhşi ehtirasini qarşılamaqdan ötrü kirayələdiyi otel nömrəsinə qaçardı və təsirinə düşdüyü obrazın həyatının tamamını Nicatla yaşayardı.

Tamaşanın nümayiş olunduğu gün Nicat birinci pərdə salınana qədər bütün tamaşaçılar kimi sevgilisini ayaq üstə alqışlayaraq izləyirdi. İkinci pərdədə sevgili obrazların ehtiraslı yaxınlaşmasını görən Nicat qısqanmağa başladı. Son - erotik səhnədə sevgilisinin tərəf müqabili ilə çəkinmədən sevişməsinə dözməyib oranı hirslə tərk elədi.

Yol boyu və bütün gecəni səhnədəki xəyanətinə görə sevgilisini qınayan Nicat elə bilirdi ki, o, heç olmasa bağışla deyəcək. Amma ayrılıqlarının iki günü tamam olsa da, Çinarədən xəbər-ətər yox idi. Nicat dişini dişinə qıcayıb bir gün də gözlədi. Heç bircə zəng belə, gəlmədi sevgilisindən.

Nəhayət, dözməyib özü axtardı.Çinarənin telefon nömrəsinə zəng çatmırdı.

Teatr binasına gəlib rejissordan soruşdu onu. Rejissor:

- Nicatdır... Gör nə deyir, Çinarə?

- Rejissorum, mən ki sizə demişəm, tamaşadan sonra bir neçə gün məni axtarmayasız. - Onu şirin yuxudan oyadan rejissora acığı tutmuşdu.

Rejissor Çinarəyə Nicatın yaxşı vəziyyətdə olmadığını dedi, anlayış göstərərək onunla danışmasını xahiş etdi. Bu an Nicat telefonu onun əlindən qapıb iki əlilə qulağına dirədi.

- Alo, Çinarə, həyatım, sənə bir şey olmayıb?

- Nicat, nə danışırsan, nə həytım...? Heç nə başa düşmürəm.-Çinarə təəcübləndi.

Nicat telefonu o biri qulağına aparıb, bir əliylə alnını sıxdı:

- Necə yəni, Çinarə, ələ salırsan məni? Unutdun sevgili olduğumuzu!?

- Anlamadım! - Çinarə əsəbindən qışqırırdı. Elə bil kimsə ona böhtan atmışdı.

- Mənə sevgini etiraf eləmyin, ilk öpüşümüz, oteldə keçirdiyimiz gecələr, daha qalanını demirəm. Özün yaxşı bilirsən! - Nicat dəli kimi var-gəl eləyirdi.

- Xatırlamıram, Nicat, canım, yəqin obrazda olmuşam da, caan!-Çinarə səsinin tonunu alçaltdı.

Onu cin atına mindirən bu oyunun acığını rejissordan çıxmaq qərarına gəldi.

- Bu nə oyundur, siz necə müəllimsiz axı! - Nicat rejissora sarı addımladı.

- Oyunu oynayan mənəm, düz deyirsən, Nicat. Çinarənin heç bir günahı yoxdur. Çünki o, doğrudan da oynadığı obrazı yaşayaraq oynayır, yaşananları isə çox gec xatırlayır - iki həftəlik depressiyadan sonra.

Ən istedadlı tələbəmiz olduğun üçün özüm Çinarənin qurbanına çevirdim səni. Əsl aktyor kimi yetişməyin üçün mən Çinarənin cənginə verdim səni. Artıq sən ən təcrübəli aktrisalarla belə, tərəf müqabili ola biləcəksən, demək olar ki, bir aktyor kimi tam yetişdin daha, bu dərslə! - rejissor gülümsədi.

- Bəs mənim ondan ötrü aldığım borclarım, kreditim? - Nicat rejissorun qolundan yapışıb silkələyirdi. - Bunları ki, bilirsiz, müəllim! Niyə bilə-bilə məni oda atdız? Necə çıxacam borcların altından!?

Rejissor qəhqəhəylə çəkdi.

- Sən bilmirsən ki, hər bir iş sərmayə istəyir?! Sən hələ bimirsən ki, hər bir iş pul tələb eləyir?! - Rejissor əllərini tələbəsinin hər iki çiyninə vurub onu silkələdi. - Səncə mən əclfam? Eh... Nicat, təbrik edirəm, filmə çəkiləcəksən. Alacağın avans borclarını bağlamağa yetər.

Nicat başıaşağı çıxdı teatr binasından. Heç kimin mane olmayacağı sakit bir guşədə gecələyib çəkiləcəyi filmin xəyallarını qurmaq barədə fikirləşə-fikirləşə.

Aktrisa onu axtaranda həmin tamaşanın nümayişindən bir aydan çox ötmüşdü. Depressiydan ayılıb hər şeyi xatırlamağa başlayan aktrisa Nicata ondan hamilə qaldığını deyəcəkdi. Amma Nicat aktrisanın zənglərinə əhəmiyyət vermədən çəkilməkdə olduğu filmin məşqlərində oynadığı obrazın həyatını yaşayırdı. Güman ki, o da öz qurbanıyla....

Günün bütün mövzuları

XS
SM
MD
LG