Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02

Amerikalı müəllim: Azərbaycan məktəblərində o yaradıcı mühiti görmədim


Alison Mandivelle

Alison Mandivelle

-

"Bir ədəbiyyat və yazı müəllimi kimi, məni ən çox heyrətləndirən şey dil və ədəbiyyat üzrə təhsil alan azərbaycanlı tələbələrimin yazmağa və oxumağa ya cüzi, ya da heç maraq göstərməməsi idi, söhbət öz dillərindən gedir."

"Hazırda Azərbaycanda nəşr olunmaq yalnız yazıçı öz əsərinin çap pulunu verəndə mümkün olur, bu qədər məhduddur. Azərbaycanda ciddi kitab bazarı yoxdur."

Şair, Kaliforniya Dövlət Universitetində Amerika ədəbiyyatı və pedaqogika üzrə dərs deyən professor Alison Mandaville ilə OxuZalında söhbət

- Mən Azərbaycanda 2007-ci ilin avqustundan 2008-ci ilin iyul ayına qədər, 1 il yaşamışam; iki universitetdə Amerika ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsi demişəm, Azərbaycan Dillər Universitetində və Qafqaz Universitetində. Həmçinin Xəzər Universitetində mühazirələrim olub.

Sonra 2010 və 2012-ci illərdə, iki yay Azərbaycanda qadın yazıçılarla yaradıcılıq emalatxanası keçirmək üçün qrant layihələri çərçivəsində bir aydan çox müddətdə olmuşam. Biz iki həftəlik yaradıcılıq emalatxanaları keçirdik, ardınca Azərbaycan və ingilis dilində iştirakçıların yazılarından ibarət almanax (UNESCO dəstəyilə) çap etdik.

Bir də 2014-cü ilin yayında bu layihələrlə bağlı həmkarlarımla görüşmək və ədəbi tərcüməyə dair gələcək işimizi birlikdə planlaşdırmaq üçün iki həftəlik olmuşam Bakıda.

- Azərbaycanda yaşadığınız vaxtları necə xatırlayırsız, orada yaşadığınız yaxşı və ya pis təcrübələrinizi?

- Azərbaycanda həm işimlə bağlı, həm də ölkəni gəzərkən bir çox yaddaqalan təcrübələr yaşamışam. Başa düşürəm, insanlar öz ölkələri haqda unikal təəssüratı bilmək istəyirlər, əlbəttə, həm məyusedici, həm də xoş hadisələr olub (bir tərəfdən, bürokratiyanın və bəli, korrupsiyanın fövqəladə yüksək dərəcəsi, amma o biri tərəfdən, qonaqpərvərlik, mehribanlıq və gözəllik), - elə bu da onun unikal cəhətidir.

Bir ədəbiyyat və yazı müəllimi kimi, məni ən çox heyrətləndirən şey dil və ədəbiyyat üzrə təhsil alan azərbaycanlı tələbələrimin yazmağa və oxumağa ya cüzi, ya da heç maraq göstərməmələri idi, söhbət öz dillərindən gedir.

Azərbaycanda regionun ədəbiyyatı milli sərvət kimi hörmətli tutulsa da, çox az sayda gənc ədəbiyyatla oxucu və yazıçı kimi məşğul olmaqda maraqlıdır.

Əlifba dəyişikliyi, ölkənin çoxmillətli mühitində Azərbaycan dilinin başqa yerli xalqların dilləri üzərində üstünlüyü, ədəbiyyata dəstək verən nəşriyyatların Sovet İttifaqının dağılmasıyla sıradan çıxması, həmçinin təhsil sistemindəki hərc-mərclik, bütün bunlar parlaq, dinamik, canlı ədəbiyyatın mövcud olmasına dağıdıcı təsir göstərə bilərdi. Beləcə, mən bu məsələyə qarışdım.

- Azərbaycan dilini nə dərəcədə yaxşı bilirsiniz?

- Uşaqlıq illərimdə bir neçə il Türkiyədə yaşamışam, türk məktəblərinə getmişəm, odur ki, mənim maraq dairəmə daha böyük bölgə daxildir.

Azərbaycan dilinin qrammatikası və tələffüzü elə də çətin deyil mənə görə. “Basic” səviyyəsində danışıram, oxumaqda və yazmaqda (lüğətlə) daha yaxşıyam.

- Azərbaycan dilindən ingilis dilinə bədii əsər tərcümə etmisinizmi?

- Lüğət ehtiyatım məhduddur, gündəlik söhbətlərin öhdəsindən gəlirəm, mürəkkəb bədii əsərləri müstəqil şəkildə tərcümə edə bilmərəm.

Yazı sadədirsə, təkbaşıma tərcümə edə bilərəm, amma mürəkkəb mətnlər üçün həmkar tərcüməçiyə ehtiyac olur.

Daha çox poeziya tərcümə edirəm, əsasən həmkarım Dr.Şəhla Nağıyeva ilə birlikdə. Başqa bir həmkarım Aynurə Hümbətova ilə birlikdə yazıçı Afaq Məsudun bir hekayəsini və müsahibəsini də tərcümə etmişik.

Tərcümə zamanı ana dili hədəf dil olan tərcüməçiylə birgə işləmək vacibdir. Poeziya və nəsr əsərləri kimi yaradıcılıq nümunələrinin tərcüməsində son tərcüməçinin, yəni ana dili hədəf dil olan tərcüməçinin özünün şair və ya yazıçı olması yazının bədii təbiətinin saxlanması üçün vacib şərtdir.

Bizim tərcümə işlərimiz bir neçə yerdə çap olunub, onların arasında ən nüfuzlusu ABŞ-ın "World Literature Today" ədəbiyyat dərgisidir. Bu yaxınlarda tərcümə etdiyimiz bir şeiri buradan oxumaq olar.

- Siz Azərbaycanda yerli yazarlarla iş təcrübəsi olan Amerika ədəbiyyatı üzrə mütəxəssis kimi, Azərbaycanda tanış olduğunuz yazarların əsərləri haqda nə deyə bilərsiz? Sizcə, 1990-cı ildən sonra yazılan müasir Azərbaycan ədəbiyyatı başqa dillərə tərcümə edilməyə dəyərmi?

- Əlbəttə, Azərbaycanda əsərlər yazılır və onlar bu gün tərcümə edilməyə layiqdir. Mən də elə buna görə bu sahədə işləyirəm.

Hekayələr və şeirlər yaratmaq insan işidir və nəşr olunmaq üçün ciddi dəstək gördü-görmədi, hər mədəniyyətdə bunlar yazılmağa davam edir. Əsas məsələ ondadır ki, yaxşı yazıçıların öz yazı bacarıqlarını inkişaf etdirmək üçün dəstəkləri varmı, əsərlərinin yayılması və oxunması üçün qarşılarında geniş yollar varmı.

İndi təkcə Azərbaycanda yox, çox yerlərdə yazıçılara dəstək verən auditoriya və nəşriyyat tapmaq çətindir.

Bu gün Azərbaaycanda yazıçıların çap olunması üçün 5-10 il əvvələ baxanda daha çox yer var, çünki indi İnternet jurnalları var. Daha geniş auditoriyaya çıxmaq dünənlə müqayisədə nisbətən az bahalı işə çevrilib.

Hazırda Azərbaycanda nəşr olunmaq (bir sıra başqa ölkələrdə olduğu kimi) yalnız yazıçı öz əsərinin çap pulunu verəndə mümkün olur, nəşriyyat sənayesi bu qədər məhduddur. Azərbaycanda ciddi kitab bazarı yoxdur.

Bu, məni Azərbaycanda və hər hansı ölkədə yaxşı müasir əsərləri dəstəkləmək üçün başqa yollar düşünməyə vadar edir; evdə, kitabxanalarda, uşaqların savad aldığı məktəb sistemində yaradıcılıq üçün məkan yaratmağa ehtiyac var.

Uşaqların geniş mənada ədəbiyyata girişi olmalıdır, onlara yaradıcı yazarlığı məşq etmək və öz yazılarına auditoriya tapmaq üçün məkan və həvəsləndirmə lazımdır. Mən Azərbaycan məktəblərində bu yaradıcı mühiti görmədim, heç kitabxanalar da bu gün Azərbaycanda uşaqların ədəbiyyatı kəşf edə biləcəyi canlı məkanlar deyil.

Uşaqlara hər gün kitab oxumaq lazımdır, onlar öz hekayələrini və şeirlərini yazmağa həvəsləndirilməlidir.

Əks təqdirdə, hekayələr danışmağa çalışan və şeir yazan insanlar olacaq (çünki bütün mədəniyyətlərdə bütün insanların içindən gəlir bu), amma di gəl ki, onların ciddi praktik təcrübələri, sənət və auditoriya bilikləri olmayacaq.

- Azərbaycanda nəyə nail olmaq istəyirsiz?

- Mənim Azərbaycanda qadın yazıçılarla, xüsusən gənclərlə apardığım iş ABŞ-da öz icmamda etdiyim işin davamıdır, burada da ayıq tənqidi və yaradıcı təfəkkürü təbliğ etmək üçün həmkar müəllimlərlə, tələbələrlə işləyirəm.

Hekayələr bizim ətraf aləmi necə duyub anlamağımızdır. Əgər hər kəs bu bacarıqlara yiyələnməsə, nəsr və poeziyadakı səfadan, ümumiyyətlə dildəki cövhərdən xəbərdar olmasalar, onda insanlar öz həyatlarını mənalı etmək, ifadəli etmək kimi böyük bir insani layihədən kənarda qalacaqlar.

Mən qadınların qarşılaşdığı çətinlikləri, zəhmətimizin ağırlığını bilən bir qadın kimi Azərbaycandakı qadın yazıçı dostlarımı dəstəkləmək və onlardan öyrənmək istəyirəm. Onlar ana, həyat yoldaşı, işçi kimi bütün bunları necə çatdırırlar? Azərbaycanlı yazıçı dostlarımdan çox şey öyrənirəm, həm yazılarından, həm də həyatlarından.

Mətnlərə gəlincə, favorit seçib adlar çəkmək istəmirəm, həm rəsmi Yazıçılar Birliyinin üzvləri, həm də müstəqil yazıçılar mənimlə görüşdə öz əsərlərini səxavətlə bölüşüblər.

Əsas məsələ yazı və ədəbiyyatın geniş spektrini təbliğ etməkdir: poeziya, nəsr, elmi-kütləvi, pyeslər, filmlər, ənənəvi, eksperimental, populyar. Hər şey hamının zövqüncə ola bilməz. Belə də olmalıdır, bu, normaldır. Yeganə “düzgün” və ya “ən yaxşı” növ ədəbiyyat olmur. Mən hər kəsi öz komfort zonasından çıxaraq oxumağa və yazmağa çağırıram, bu adama çox şeylər öyrədir!

Bildiyimə görə, Azərbaycanda biznes tərcüməçiləri çatışmazlığı var, bu problemi hiss edirəm. Amma səmimi desəm, bu haqda bədii tərcümə üçün narahat olduğum qədər narahat deyləm (biznes öz yolunu tapacaq), mən daha çox dilin estetik, daxili duyğusu, hər hansı dilin ifadə təbiəti ilə təmasın itə biləcəyindən narahatam. Çünki dil mədəniyyət yaratmağın, eləcə də problemləri həll etməyin açarıdır.

Dil və ədəbiyyatı (təkcə ənənəvi, tarixi, yaxud biznes üçün yox) ümumən müasir, ekspressiv və həssas tutmaq istəməyən, bunun üçün lazımi qabiliyyəti olmayan toplum müasir məsələlərdən, gərgin mövzulardan, insanların həyati məsələlərindən danışan dil və ədəbiyyatı təbliğ edə bilməz, bu toplum qeyri-elastik olmaq təhlükəsindədir. Bir ölü mədəniyyət isə bütün dünyanın nə isə unikal və qiymətli bir şey itirməsidir.

Kitablar

Kitablar

- Azərbaycan dilini səlis bilən amerikalılar üçün hansısa karyera imkanları varmı?

- ...Məncə, biznes və hökumət tərcüməçiləri üçün bəli.

Azərbaycanlılar tez-tez mənə öz materiallarını pulla tərcümə etdirmək üçün maraciət edirlər. Mənim bununla məşğul olmaq istəmirəm.

Ədəbi tərcümə isə… karyera deyil. Mən bu işdən qəti pul qazanmıram. ABŞ-dakı professor, pedaqoq maaşımdan istifadə edərək, Azərbaycana və Gürcüstana səfərpulu düzəldirəm.

Azərbaycan dili və ədəbiyyatı ilə ona görə məşğul oluram ki, onlar mənə maraqlıdır. Çünki mənim Türkiyə ilə uşaqlıq bağlarım olub. Çünki mən dünyada müsbət dəyişiklik etmək istəyirəm, insanları bölməkdənsə, mədəniyyət vasitəsilə birləşdirmək istəyirəm. Oxumaq, yazmaq və tərcümə etməkdən böyük zövq alıram.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG