Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

Türkiyə 4 düşmənlə savaşır


Gülləyə tutulmuş ev. İraqla həmsərhəd Silopi şəhəri- 2016

Gülləyə tutulmuş ev. İraqla həmsərhəd Silopi şəhəri- 2016

-

«Türkiyə PKK ilə 30 illik müharibəni bəlli bir formatda aparıb – ölkənin şərq hissəsindəki dağlarda əməliyyatlar daha çox isti aylarda baş verirdi. Ancaq ötən bazar Ankaranın qəlbində terrorçu hücumu, eləcə də ötən ilin iyulundan ardıcıl törədilən hücumlar hər şeyin dəyişdiyini göstərir». Bunu «The Financial Times» qəzeti yazır.

«Bu, onların Türkiyə dövlətinə elan etdikləri müharibənin mesajıdır», - İstanbul Siyasət Mərkəzinin direktoru, Sabancı Universitetinin professoru Fuat Keyman deyir. «Onlar savaşı fərqli bir səviyyəyə çəkiblər, artıq şəhərlər də münaqişəyə cəlb olunacaq. Öncə müharibə dağlarda gedirdi».

37 nəfərin ölümüylə nəticələnmiş partlayışa görə məsuliyyəti götürən olmasa da, rəsmilər bunun PKK əməli olduğunu bildirir. İntiharçının da PKK-ya qoşulmuş bir gənc qız olduğunu deyirlər.

Yazıda Türkiyənin indi daha artıq düşmənlə savaşdığı vurğulanır. PrezidentRecep Tayyip Erdoğan Suriya prezidenti Bashar al-Assad-ın qatı düşmənidir; Türkiyə Suriyanın şimalında PKK-ya bağlı kürd yaraqlılara hücum edir: «İslam Dövləti» (İŞİD) qruplaşması Türkiyədə fəaliyyətini gücləndirir.

«Türklərlə kürdlər hərdən sual edirlər ki, 1990-cı illərə qayıtmışıq? Ancaq 1990-cı illərdə kiminlə vuruşduğumuzu bilirdik. İndi bir hücum baş verəndə, 15-20 qruplaşma nəzərdən keçirilir», - bunu isə Kadir Has Universitetində beynəlxalq münasibətlər üzrə professor Akın Ünver deyir.

Erdoğan kürd separatçılarını ölkənin bir nömrəli düşməni saysa da, istənilən halda, ölkənin kəşfiyyat orqanlarının işi parçalanıb: həm Suriya müharibəsini monitorinq edirlər, həm PKK-nın fəaliyyətini, həm də İŞİD təhlükəsini.

«Türkiyə hazırda bir-iki deyil, dörd düşmənlə savaşır. Məncə, ölkə fəlakətə sürüklənməkdədir», - Vaşinqton İnstitutundan Soner Çağaptay deyir.

Rusiya təyyarələri Suriya aerodromunda.

Rusiya təyyarələri Suriya aerodromunda.

RUSİYA ÇƏKİLDİ, ASSAD DA GEDƏCƏKMİ?

«Foreign Policy» Rusiyanın əsas qüvvələrini Suriyadan çıxarmaq qərarından yazır. Düzdür, ABŞ rəsmiləri xəbərdarlıq edir ki, Moskva hələ hərbi avadanlığı tərpətməyib və prezident Vladimir Putin-in qüvvələrdən nə qədərini çıxaracağı bəlli deyil:

«Ancaq istənilən halda Putin-in bazar ertəsi qəfil açıqlaması Bashar al-Assad-a dəstəyin sonu ola bilər. Eyni zamanda bir nikbinliyə də əsas yaratmış olur – bəlkə ölkədəki münaqişənin diplomatik həlli mümkünləşə?».

Rusiya hərbi təyyarələrinin aylarla apardığı bombardman rejimin üsyançı qruplara qarşı mövqeyini möhkəmləndirməsinə şərait yaradıb. Suriya hökumət qüvvələri toparlanıb, təchiz olunub. Cenevrədə BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlarda da mövqeyi möhkəmlənib. Hətta danışıqlarda nəyinsə əldə olunacağına böyük şübhələr vardı. Ancaq indi Rusiyanın Assad-a dəstəyi kəsmək ehtimalı durumu dəyişir.

«Görünür, Rusiya Assad-a dəstəyə yenidən baxmaqla onun danışıqlar masasında güzəştə getməsini istəyir», - Vaşinqton İnstitutunun Suriya üzrə eksperti Andrew Tabler deyir.

Bəzi təhlilçilər də Assad rejiminin inamının itdiyini söyləyirlər. Oklahoma Universitetindən Joshua Landis deyir ki, ötən həftəyədək Dəməşqdə Assad rejiminə yaxın rəsmilərlə əlaqə yaradırdı. Onlar Suriya torpağının hər qarışını alacaqlarını inamla bildirir, Rusiyanı tərəfdaş adlandırırdılar. Ancaq qəfildən bu əlaqə kəsilib: «Dəməşqdə telefonlara cavab vermirlər. Məncə, onlar bir çaşqınlıq içindədirlər».

Landis deyir ki, Putin-in Suriyada çıxmaq planı onun daha Assad-a hər cür dəstək verməyəcəyi anlamına gəlir. Amma bu addımla Vaşinqtona da mesaj verir. Axı Moskva «İslam Dövləti»nə qarşı mübarizədə Putin-lə əməkdaşlıq etmədi: «İndi Rusiya da Amerikaya xəbərdarlıq edir ki, bax, biz gedərik, sən də Suriyada təkbaşına qalarsan».

Angela Merkel

Angela Merkel

AVROPA MERKEL-İN YANINDA DURMALIDIR

Bazar günü Almaniyada keçirilən regional seçkilər, əslində, bir referendum hesab olunurdu: ölkənin qaçqın siyasətinə və kansler Angela Merkel-in rəhbərliyinə dəstək səsverməsi idi. Seçicilər narazılıqlarını ifadə etdilər və sağçı «Almaniya üçün Alternativ» (AfD) partiyası səsvermə keçirilən 3 ştatda önə çıxdı. «Bloomberg View» bunu təkcə Almaniya deyil, Avropanın qalan hissəsindən ötrü də pis xəbər sayır:

«Avropanın digər hökumətləri Merkel-lə yaşamağın çətin olduğunu düşünürlərsə, onsuz yaşamaq lap çətin olacaq. Avropa Birliyi liderləri bu həftəsonu görüşəndə ona dəstək bildirməli, mərkəzçi siyasətin bu geriləməsində öz günahlarını da etiraf etməlidirlər».

Yazıda Merkel-in qaçqın böhranını qüsursuz idarə etdiyi vurğulanır. Almaniya təkcə ötən il 1 milyondan çox qaçqın qəbul edib. AB-nin xarici sərhədlərinin möhkəmləndirilməsi isə alınmayıb. Ancaq böhranın həllində hər hansı çatışmazlıq Merkel-lik deyil. Digər ölkələr böhranın birgə həllini əngəlləyiblər. Almaniyanın qaçqın yükünü təkbaşına çəkməsindən, sadəcə, məmnun qalıblar:

«Bu, burnunun ucundan o tərəfi görməməkdir. Merkel-in uğursuzluğu onların da uğursuzluğu deməkdir. İndi bütün Avropada zəif mərkəzçi liderlər millətçilərin artan təzyiqi ilə üzləşəcəklər. Bu baş verərsə, Avropanın qaçqınlar və digər məsələlərdə əməkdaşlıq perspektivi də qaranlıq görünür. Avropa müharibə dəhşətlərindən qaçanlara sığınacaq verilməsi və yardım məsələsində Merkel-in yanında durmalıdır. Türkiyəyə dəstək, qaçqınların AB üzvləri arasında ədalətli paylaşılması da buraya daxildir».

Günün bütün mövzuları

XS
SM
MD
LG