Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:16

Türkiyədəki terrorun arxasında dayanan kimdir?


►AKP-çi millət vəkili AzadlıqRadiosuna müsahibəsində: "Bölgədə hesabı olanlar başqalarının vasitəsilə terror törədirlər"

Türkiyədə 1 ayın içində baş vermiş iki terror aktının izləri hara və ya kimə gedib çıxır?

Fevral hücumu Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın Gəncədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ərəfəsinə təsadüf etdi, terrora görə səfər ertələndi.

Növbəti səfər martın 15-nə planlaşdırıldı və martın 13-də Ankaranın mərkəzində terror baş verdi. Terror olaylarının bu planlaşdırılan səfərlərlə üst-üstə düşməsi təsadüfdürmü?

Olaylarda adı hallanan çoxdur, PKK və Rusiyanın adı daha ucadan çəkilir, ancaq hücumları indiki hakimiyyəti sarsıtmaq istəyən qüvvələrə bağlayanlar da var. Hələlik, Türkiyədə bu olayların məsuliyyətini üzərinə götürən qüvvə yoxdur.

Həqiqət hardadır? Türkiyə son bir neçə ayda niyə terrorun iri miqyaslı hədəfinə çevrildi?

“ABŞ buna müharibə deyərdi”

Politoloq Fərhad Mehdiyev AzadlıqRadiosuna açıqlamasında deyir ki, Türkiyənin son yaşantıları Erdogan hakimiyyətinin yanlış daxili və xarici siyasətinin nəticəsidir.

Fərhad Mehdiyev terrorun ölkə paytaxtında, qısa bir zaman kəsimində, özü də mərkəzdə, dövlət binalarının yerləşdiyi ərazidə baş verməsini “müharibə” adlandırır: “Belə mənzərə ABŞ-da olsaydı, amerikalılar deyərdilər ki, “Amerikaya müharibə elan edilib””.

Ancaq onun fikrincə, istintaq aparılmamış olayın kimə bağlı olmasını söyləmək çətindir. Fərhad Mehdiyev bu olayların hakimiyyətin ölkənin cənub-şərqində apardığı “təmizləmə əməliyyatına” PKK-nın intiqam cavabı olması ehtimalını səsləndirir, əlavə edir ki, Putinin xarici siyasətini özündə əks etdirən Federal Təhlükəsizlik Xidmətinin də adını çəkmək mümkündür:

“Ehtimallar çoxdur”

“Erdogan Bakıda neft-boru kəmərləri ilə bağlı danışıqlar aparmalıydı. Rus təyyarəsinin vurulmasına intiqam cavabı ola bilər, hərçənd, ikinci terror bu cavaba daha çox oxşayırdı. Üçüncü hadisəni Qərbin Türkiyə hakimiyyətinə təzyiqi kimi də qiymətləndirmək olar. Çünki Erdogan olduqca narahatdır və ölkədə xaos yaratmaqla onu hakimiyyətdən devirmək cəhdi də ola bilər. Ancaq bütün bunlar ehtimallardır və istintaq orqanları araşdırma aparıb ortaya müəyyən nəticə qoyacaqlar”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Fərhad Mehdiyev hesab edir ki, Türkiyədə olduqca ciddi təhlükəsizlik problemi var. Çünki ölkədə 2 milyondan çox nəzarətsiz kütlə yaşayır ki, onların arasında PKK və ya İslam Dövləti (İD) silahlı qruplaşmasına bağlı adamların olması mümkündür:

“Bundan başqa 17-25 dekabr hadisələrindən sonra (hakimiyyəti korrupsiyada ittiham edən polis araşdırması-red.) bir çox polis əməkdaşı vəzifəsindən uzaqlaşdırıldı, yerinə gələnlər isə peşəkarlar deyir”.

Politoloq onu da vurğulayır ki, ABŞ-ın Türkiyədəki səfirliyi bir neçə gün öncə öz saytında terror xəbərdarlığını yaymasına baxmayaraq, Ankara polisi bu olayın qarşısını ala bilmədi.

“Bu nöqtəyə gəlməyimizin məsuliyyəti…”

Keçmiş CHP-çi millət vəkili, beynəlxalq hüquqşünas Şahin Mengü də AzadlıqRadiosuna müsahibəsində ölkədə təhlükəsizliklə bağlı problemlər yaşandığını deyir. O vurğulayır ki, aylardır Ankara polisinə rəhbər təyin edilməyib:

“Türkiyənin siyasi iqtidarları uzun zamandan bəri terrorla savaşmayıb onu müzakirə edərək ölkəni bu nöqtəyə gətirdilər. Bu, mənim sözüm deyil, yetkililərin sözləridi – terroru müzakirə etmək üçün PKK-nın ölkə içinə silah yığmasına göz yumuldu. İndi gəlinən nöqtənin məsuliyyəti indiki hakimiyyətin üzərindədir. Bu nöqtənin məsuliyyəti terrorla arasında məsafə qoymayan siyasi partiyadır”.

“Qonşu dövlətlərlə üz-göz olub meydanda tək qaldı”

Şahin Mengü vurğulayır ki, Türkiyədə bombalı maşınların dolaşdığını hər kəs danışdığı halda polis onları yaxalaya bilməyib. Müsahibimizin sözlərinə görə, Türkiyə xarici siyasətində bir çox səhvlərə yol verib. O deyir ki, Türkiyə “yurdda sülh, cahanda sülh” təməl fəlsəfəsindən uzaqlaşıb qonşu dövlətlərlə üz-göz oldu. “Türkiyənin Suriyanın daxili işlərinə qarışmaq haqqı yox idi” deyən keçmiş millət vəkili hesab edir ki, Suriyadakı “xaosun səbəbi Erdogan-ın kaprizidir”.

Şahin Mengü deyir ki, ölkənin cənub-şərqi nəzarətsiz qalıb, “istəyən girib-çıxır, terrorçuluq nəzarətdən çıxıb”. O əlavə edir ki, Rusiya təyyarəsinin vurulub-salınması ölkənin əleyhinə işləyən hadisədir və “doğru yolda yürüyən yaxınlaşma” pozuldu:

“Əgər çevrənizdə bir dostunuz qalmazsa, təkbaşına qalarsız və sağlam xarici siyasət yürüdə bilməzsiz”.

“Türkiyə haqsızlığa qarşıdı”

AKP-dən millət vəkili Mustafa Kabakçı hakimiyyətə yönələn ittihamlarla razılaşmır, vurğulayır ki, Türkiyə bölgədə sülhün tərəfdarı kimi çıxış edir, “edilən haqsızlığa görə, bu haqsızlığı edənin güclü ya zəifliyindən asılı olmayaraq, etiraz səsini qaldırıb”.

Mustafa Kabakçının fikrincə, bölgədə xəritələrin yenidən cızılmasında maraqlı olan ölkələrin Türkiyəni qarışdırmaq niyyəti özünü “məsum coğrafiyada məsum insanların ölümünə bais” olmaqda biruzə verir:

“Suriyanı görürük. Bütün güc dövlətləri başqaları vasitəsilə ordadır, arada məsum insanlar ölür. Türkiyənin başqa şansı yoxdur. Suriya ilə 900 km-lik sərhədimiz var. Amma bu ölkə ilə heç bir əlaqəsi olmayan, sərhədi belə olmayan dövlətlər burda nə axtarır?”

“Terrorun cavabı veriləcək”

Mustafa Kabakçı deyir ki, Türkiyənin gücləndiyini görənlər bu ölkəni qarışdırmaqdan ötrü belə olaylara əl atırlar: “Bölgədə hesabı olanlar başqalarının vasitəsilə terror törədirlər. Amma millətimiz bunun fərqindədir. Bunun da cavabı veriləcək”.

“Türkiyənin təhlükəsizlik problemi varmı?” sualının cavabında millət vəkili deyir ki, terror hər zaman nəzarət edilə biləcək bir hadisə deyil, dünyanın hər tərəfində terror baş verir:

“Amma Türkiyə terrorizmlə mübarizəsini davam etdirir və öz tarixi yolunu gedir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG