Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

-

"İş yoldaşlarımdan biri: “Leyləyi itlər parçalayıb” - deyir. Leyləyin ölüm səhnəsini təhlükəsizlik kameraları da təsdiqləyir. Yerimdəcə donub qalıram."

Ülvi Babasoy

LEYLƏYİN ÖLÜMÜ

Qəribədi, qəribə. Yazqabağı gördüyüm bu yuxu nəydi belə. Baş açmıram. Qış Bakının qapısnı yenidən kəsdirmişdi. Küçələri, yolları qar almışdı.

Qar göydən yerə, yerdən göyə sovrulurdu. Hava da zülmət qaranlıq, göz gözü görmür. Heç məndən başqa bir inni-cinni varıydı ki, kimisə də görəm?! Başımı itirmişdim. Hara gedəcəyimi bilmirdim.

Əynim-başım da namnazik. Təkcə ağappaq pijama var əynimdə, ayağım da yalın. Hə, yadıma indi düşür. Biraz əvvəl hamamda qaynar vannanın içindəydim. Köpüklü qaynar suyun ləzzətini çıxarandan sonra dəsmalı belimə bağlayıb bədənimin suyunu döşəməyə axıda-axıda yataq otağıma keçdim. Bədənimin hərarəti soyumamış tələsik qurulandım. Yoxsa dərhal qripə tutuluram. Şkafı eşələyib sevimli bəyaz pijamamı tapdım. Bəs sonra?

Sonrası da budur ki, gecənin bir aləmində lüt-üryan qalmışam küçələrdə. Paltosuz-papaqsız, şərfsiz-əlcəksiz sitildəyirəm. Üstəlik, ayağıyalın olmaq da başqa bir dərddi. Di gəl bu şaxtayla, qar-boranla baş çıxar. Dişlərim şaqqıldayır. Sovrulan qar dənələri üst-başımda, sinəmdə topalanır.

Əllərimi sifətimdə gəzdirib başıma çəkirəm. Saçım, qaşlarım və kirpiklərim buz bağlayıb.

Əllərimlə saçımı, üz-gözümü ovuşdurduqca buz parçacıqları dənər-dənər ovulur. Dodaqlarımı növbə ilə dişlərimin arasına salıb sovururam. Qarın tamsız dadı dilimə toxunur. Sırsıra bağlamış dodaqlarım biraz yumşalsa da soyuqdan nəfəsim kəsilir.

Bir də o yadımdadır ki, Vaqif küçəsindəydim. Ordan üzüaşağı 28 may metrosuna tərəf düşürdüm. Hara gedirəm, niyə gedirəm heç özüm də bilmirəm. Ayaqlarımı hiss etmirəm. Don vurub. Dayanıb yerə döyəcləyirəm, hopbanıb-düşürəm ki, ayaqlarıma qan getsin.

Birdən ağlıma bir fikir gəlir. Ki, özümü yaxınlıqdakı “Relax” əyləncə mərkəzinə yetirəm. Yoxsa bu qarda-boranda o dünyalıq olacam. Artıq ağlımdan tək bir şey keçirdi: “Relax”a çatar-çatmaz, bir şüşə “Xennessi” konyakını birbaşa başıma çəkmək. Bədənimin donu ancaq bu yolla açılardı. Konyak içməyi xəyal etdikcə sürətim daha da artır, elə bil ayaqlarımın donu yavaş-yavaş açılırdı. “Xennessi” xülyası məni rahat buraxmır. Kaş “Relax”da “Xennessi” ola və onu da verələr mənə. Sonra nə olur, olsun. Lap ağzım sulanır. Ağzıma yığılan suyu udqunub geri qaytara bilmirəm. Boğazım düyünlənir. Dilim qatlanır. Güc-bəlayla dururam ayaqüstə.

Uzaqdan “Relax”ın yanıb-sönən iri neon işıqları görünür.. Daha tez çatmaq üçün yerimdən götürülürəm. Bir neçə addım atmamış ayağım yerdən üzülür. Kürəyi üstə yerə çaxılıram...

Gözümü açanda hər yer qaranlıqdı. Yavaş-yavaş özümə gəlirəm. Qaranlıq otaqda balaca bir çarpayıda uzanmışam. Ətrafa göz gəzdirirəm. Sağ tərəfimdə uzun, enli pəncərə var. Ordan otağa gur işıq topası süzülür. Özümə gəldikcə hiss edirəm ki, bədənim od tutub yanır. Ayağa qalxmaq istəyirəm, alınmır. Taqətim yoxdu.

Qəfildən qapı açılır və içəri bir nəfər daxil olur. İçəri daxil olan adamın üzündə təbəssüm, gözlərində işıq var. Yaxınlaşıb çarpayının baş ucunda dayanır. Ağzım açıb danışmaq istəyirəm ki, o, məndən əvvəl dillənir:

- Necə hiss edirsiz özünüzü?

Cavab vermək istəyirəm, ancaq boğazım tutulub. Var gücümlə udqunub:

- Bura haradı, mən hardayam? Siz kimsiz?

- Sizi küçədə donmuş vəziyyətdə tapdım. Ona görə gətirdim bura.

- Bura haradııı? Mənə deyin görüm axı siz kimsiz?

- Bura mənim evimdi. Bağışlayın, özümü təqdim etmədim. Adım Hilnurdu.

Məni dəhşətli təəccüb bürüyür. Yerimdə xırıdaya-xırıldaya:

- Nəəə? Hilnuuur?

O, qollarını çarpayının başına yastayıb gülümsəyir. Hələ indi-indi onun sifətini aydın sezirəm. Uzunsov, arıq sifəti genişlənir, incə, nazik dodaqları yuxarı qalxaraq enli u hərfinə bənzər görkəm alır. Enli u hərfi yığılaraq yastı o-ya çevrilir. Xilaskarımın qara çərçivəli, dördkünc gözlüyü ona daha ciddi bir görkəm verir. O, adının hərflərini tək-tək hecalayır.

- H-Y-L-N-U-R.

- Hylnur?

- Bəli, Hylnur.

- Bəs sən haralısan, Hylnur? Mənə de görüm bura haradı?

- Reykyavikdəyik də. Vitastigur küçəsində. Narahat olmayın, mənim evimdəsiz.

Həyəcandan dilim-dodağım əsir. Bu nə danışır axı. Reykyavik hara, mən hara? Biraz toxtayıb dillənirəm:

- Ay qardaş sən nə danışırsan? Mən Bakıda yaşayıram, Azərbaycanda. Yadımdadır ki, küçədə yol gedirdim, ayağım sürüşdü, yıxıldım. Gözümü açdım ki, burdayam. Axı sən də Azərbaycan dilində danışırsan?

Onun dodaqlarına yenidən təbəssüm qondu:

- Yox, yanılırsız. Biz island dilində danışırıq. Buzlar ölkəsinin dilində.

- Yaxşı Hylnur. Onda de görüm, məni harda tapdın?

- Lap yaxınlıqda. Frakkastigur və Lindargata küçələrinin kəsişməsində. Ordakı bardan çıxarkən yerdə donmuş halda gördüm sizi. Taksiyə qoyub gətirdim bura.

- Barın adı nə idi?

- “Relax”

- Hə, gördün? Bu bar Bakıda yerləşir.

Hylnur başını yavaşca tərpədərək pəncərəyə yaxınlaşır. Pəncərənin pərdəsin təmiz çəkib işarət barmağın bayıra uzadır.

- Baxın, əgər mənə inanmırsızsa çölə baxın.

- Biraz ayağa dikəlib pəncərəyə tərəf boylanıram. Çöldə təxminən eyni ölçüdə və eyni rəngdə üçmərtəbəli binalar sıralanıb. Ayağa qalxıram. Hylnur qoluma girib məni pəncərənin yanına gətirir. Küçədəki binaların hamısı İkinci Dünya Müharibəsindən sonra almanların Bakıda tikdiyi binalara oxşayır. Hylnur qarşı tərəfdəki binanın üçüncü mərtəbəsində yırğalanan bayrağı göstərir. Bayrağı görən kimi tanıyıram: Bu, mavi rəngli, üstündə qırmızı və bəyaz xaçların izdivacından yaranan İslandiya bayrağıdır...

Bayırda qar burulğanı fısqırıq qoparır. Hylnur əlində bir şüşə şərab, iki dənə boş qədəh içəri daxil olur. Qədəhləri doldurur. Qədəhi əlimə alar-almaz, başıma çəkirəm. Nəfəsim kəsilir. Necə deyərlər, başımdan tüstü çıxır. Hylnur gül-gülə bir qutum şərab içir. Daha sonra qəfil bir şaqqanaq çəkir:

- Bu şərabı belə içmək olmaz. “İsland breeze” ast-asta, qurtum-qurtum içilməldir.

Mən də qımışıb:

- Bizdə arağı belə içirlər.

- Lap yaxşı. Siz hələ adınız deməmisiz. Adınız?

Yerimdə duruxub qalıram. Kəkələyə-kəkələyə:

- Ülvi - deyirəm.

O, bir daha şad olduğunu deyib məni qonaq otağına dəvət edir. Qonaq otağına keçəndə heyrətə düşürəm. Otağın hər yeri, tavanı belə, müxtəlif kitablarla doludur. Hylnurun kitablarına göz gəzdirirəm.

- Sizdə balaca qızın həyatından bəhs edən kitab var? Müəllifi də İslandiyalıdır.

- Bir-birinin tənhalığını seyr edən insanların həyatından bəs edən kitabı deyirsiz?

- Hə də, Buterbrod oğurlayan balaca qızın hekayəti. Valideynləri onu cəzalandırır, şəhərdən kəndə sürgün edirlər. Qızcığazı heç başa düşmürlər.

- Çox möhtəşəm əsərdir. Bergsson İsland ədəbiyyatının şah əsərini yazıb.

Guðbergur Bergsson'un "Qu quşu" kitabının inigliscə nəşri

Guðbergur Bergsson'un "Qu quşu" kitabının inigliscə nəşri

- “Qu quşu”, balaca qızın bir quş qədər saf, bir quş qədər azad dünyası var. Bax, bircə o məsum dünyaya təcavüz edə bilmirlər. Çünki o səbəbsiz gözəl və safdı...

Hylnur bir az fikrə getdi. Əlindəki şərabla boğazını yaşlayıb dedi:

İslandiyada ondan betər talelər var. Məsələn, biri elə özüm. Gənckən özümü çox ac hiss edirdim. Ona görə gündüzlər porno filmlər izləyirdim, gecələr də qarşılaşdığım təasdüfi bir qadınla yatırdım. Çünki istinad edəcəyim bir güc, bir yer yoxuydu.

Bir gün anamın rəfiqəsi Lola ilə tanış oldum. Anam evdə olmayanda Lola ilə yaxşı vaxt keçirirdik. Anamla Lolanı bir yataqda sevişərkən tutdum. Həyatdan, hər şeydən iyrəndim. Sən demə, anamla Lola lezbiyan imişlər. Onlar da ac idi. Başa düşürsən, Ülvi? Əslində dünya əhalisinin 86 faizi acdı. Nə istədiklərini bilmirlər. Ona görə də qalan 14 faiz fürsətbaz tiranlar tərəfindən idarə edilirlər.

Sonra Loladan bir uşağım oldu. Uşaq olan günü Reykyavikdən kənarda qar uçqununun üstündə bir müddət uzandım, az qalmışdı ki, donam, qəfil bir səs məni oyandırdı elə bil. Ayağa qalxdım, özümü danlaya-danlaya anamla Lolanın yanına qayıtdım. Artıq onları başa düşürdüm. Hər kəsə istədiyi həyatı vermək lazımıydı.

Mən taleyimlə barışdım. Ancaq bir şərtlə ki, indən sonrakı həyatımı özüm müəyyən edəcəkdim. Gücümü verdim kitab oxumağa, oxuduqca düşünməyə başladım. Kitablar aclığımı toxluğa çevirdi. İnsanları başa düşməyə, özümü onların yerinə qoymağa başladım. (davamı aşağıda)

Birdən qonaq otağına açılan otaqdan 15-16 yaşlarında sarışın bir qız uşağı çıxdı. Qız gözlərini ovuşdura-ovuşdura bizə yaxınlaşdı. Hylnur sağ qolunu qıza sarı açaraq:

Ülvi, bax, mənim aclığımı doyuzduran ən böyük varlıq, bu gözəl qızdı. Tanış ol, qızım Milaqros...

Yuxudan dik atıldım. Vahimə bürümüşdü canımı. Hər şeyin yuxu olduğunu dərk edəndə özümə gəldim. Baxdım ki, telefonuma zəng gəlir. Telefonu açdım. Müəllim gəlirsiz?...

Həmin gün iş yerimdə ağır bir xəbər eşitdim. Həyətə düşmüşdüm ki, bir dostum üçün həyətdəki leyləyin şəklini çəkəm. İş yoldaşlarımdan biri: “Leyləyi itlər parçalayıb” - deyir. Leyləyin ölüm səhnəsini təhlükəsizlik kameraları da təsdiqləyir. Yerimdəcə donub qalıram.

İtlərin Leyləyi parçalaması da aclıqdandı. Bilirəm, deyəcəksiz ki, bu qədər sadəlövh olma. İt dilsiz-ağızsız, vəhşi heyvandı. Ancaq o itlərin sığınacaq yeri, bir qab yeməyi olsa, bunu etməzdilər.

Küçə itlərinə həmişə necə baxırıq? “Süləngi”, “qan..q”, “mikroblu” məxluq kimi. Bircə dəfə başları oxşanmaz, qabaqlarına sür-sümük atan olmaz.

İllüstrasiya

İllüstrasiya

Musa peyğəmbərin itlə bağlı əhvalatını eşitmisizmi? Bir gün Tanrı Musaya deyir ki, get elə bir məxluq tap gətir ki, səndən aşağı olsun. Musa nə qədər gəzsə də özündən aşağı bir canlı tapa bilmir. Düşünür ki, hər şey gözəldi, hər bir canlı ondan üstündür. Qəflətən qarşısına qotur bir it çıxır. İtin bədəni qan, irin dolu yaralar, bit, birələr... Musa fikirləşir ki, məndən aşağı məxluq elə bu itdi. İti aparmaq istəyəndə vicdanı yol vermir. İti buraxıb gedir tanrının hüzuruna.

Gedib, Yer üzündə özündən aşağı bir məxluqun olmadığını deyir. Tanrının cavabı belə olur: Ey Musa, əgər o qotur iti gətirsəydin, səni ondan betər vəziyyətə salacaqdım.

Əlbəttə ki, bu əhvalat mistik bir bənzətmədir. Ədəbi və ibrətamiz bir mübaliğə deyək. Ancaq doğrudur, həqiqətdir.

Aclıqlar hardan yaranır? İnsanların bir-birini başa düşməməsindən. Bir-birilərini vəzifə, rütbə, yaş fərqi ilə alçatmalarından. Yuxarıdan aşağı baxmaqlarından. Cinsi ayrıseçkiliklərdən. Təhqirlərdən. Deməli, aclıq maddi deyil. Əvvəla, mənəvidir. Ünsiyyətsizlikdən yaranır aclıq.

“Günəşi gözləyənlər”in hekayətini xatırlayaq. Üzeyir özünə şalvar ala bilmək üçün Nərminin qarşısını kəsib pul istəyir. Qız pulu fahişəlikdən qazanır. Üzeyir nəyin bahasına olursa olsun, pulu almağı qarşısına məqsəd qoyub. Ancaq Üzeyirin aclığı təkcə maddi aclıq deyil.

Ali təhsilli gənc qayğıdan məhrumdu. İşıqlı və dənizli göydələnlərdə həyatın dadını çıxaran vecsizlərin yadına it damında yaşayan Üzeyir düşərmi?! Əsla. Bax, İslandiyalı Hylnurun aclığı mənəvidir. Onun məişət baxımdan problemi yoxdur. O da tənhalığını qızı Milaqrosun yanına qayıtmaqla doyuzdurur. Və mənasız, avara həyatdan uzaqlaşır. Hətta anasını da başa düşür. Bizdə isə hər iki aclıq hökm sürməkdədir. Mənəvi və maddi.

Çətin vəziyyətdə hər kəs heç olmasa bircə gün empati hissi ilə yaşasa. Digər insanlara yaş, vəzifə və cinsiyyət ayrımı etməsə. Fəlsəfənin bəzi ağır şərhlərinə qulaq asmasa. Həyatı mübarizə kimi deyil, yardımlaşma kimi dərk etsə. Bircə gün bəs edər ki, hər şey gözəl olsun. Bircə gün bəs edər ki, leyləklər ac itlərin qurbanı olmasın. Dünyamız biraz da gözəlləşsin...

Bu gün komputerimi açar-açmaz: “Türkiyədə terror: 34 nəfər ölüb, 125 nəfər yaralanıb” xəbəri ilə üzləşdim. Bütün terrorlar hardan və niyə törəyir? Mənəvi terrorlar maddi terrorlara səbəb olur. İnsanları anlayaq. Mənəvi aclıqlarını doyuraq ki, maddi fəlakətlərə səbəb olmasın.

Ən böyük terror insan hüquqlarına edilən təcavüzdü, terrordu. Yüzdən çox insanın həyatını bir saniyənin içində patlayan bombalar məhv etdi. Elə bunun da kökündə haradasa empati hissinin yoxluğu dayanır. Kimlərinsə şəxsi qazancları dayanır.

Bəzən düşünürük ki, efemer növündən olan bitkilər, güllər, çiçəklər niyə bir və ya bir neçə saniyə yaşayıb ölür. Və buna çox üzülürük. Kədərlənməyək, axı onlar bircə saniyəlik ömürlərində sadəcə gözəlliyi təmsil edirlər. Gözəl və məsum olaraq gəlib, gəldikləri kimi də həyatla vidalaşırlar. Kirlənmirlər. Eynilə bizim bəyaz leylək kimi. Pislik, kin, nifrət qusmurlar. Axı hamımız bir gün bu həyatla vidalaşacağıq. Bir seçim etməliyik indidən. Sonra çox gec olacaq.

Nifrətsiz bir dünya ümidi ilə!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG