Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Əli Kərimlinin müşavirinə cəza istənildi- [Video]


M'mm'd Ibrahim
M'mm'd Ibrahim

►"Bəraətdən başqa bütün hökmləri sifariş hesab edəcəm"

“Şüvəlanda daş kimi yataqda çox rahat yatıram”

"Əslində, hər şey ondan başladı ki, hakimiyyətin gündəminə AXCP-ni bölmək planı gəldi. Bu məqsədlə külli miqdarda pul ayrıldı və onun bir hissəsi də AXCP-dən ifşa edilərək qovulanlara verildi”

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin məhkəməsi yekunlaşır. Martın 14-də Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Rizvan Sultanov çıxış edib. Məmməd İbrahimə qarşı ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror onun 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Rizvan Sultanovun məhkəmədən daha bir xahişi isə ittiham tərəfin şahidləri haqda olub. Şahidlərin dördü də məhkəmədə ifadə verərkən Məmməd İbrahimin iş üzrə zərərçəkmiş Mikayıl Quliyevi vurmadığını və təhqir etmədiyini, digər iki zərərçəkmiş Məhəmməd Qurbanov və Oruc Vəliyevin isə, ümumiyyətlə, hadisə yerində olmadığını bildirmişdilər.

Əli Kərimlinin müşavirinə cəza istənildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

“YALAN İFADƏDƏN SÖHBƏT GEDƏ BİLMƏZ”

Dövlət ittihamçısı şahidlərdən birinin AXCP üzvü olduğunu vurğulayaraq, onların dördünün də barəsində yalan ifadə verməyə görə xüsusi qərar çıxarılıb, prokurorluğa göndərilməsini istəyib.

Ardınca Məmməd İbrahimin vəkili Yalçın İmanov isə müdafiə çıxışında bildirib ki, ittiham tərəfin şahidlərinin məhkəmədə dedikləri istintaqa ifadələrilə tamamilə eynidir. Belə olan halda, yalan ifadə verməkdən söhbət gedə bilməz.

Yalçın İmanov
Yalçın İmanov

Vəkil deyir ki, bu məhkəmə prosesi Məmməd İbrahimin nəinki cinayət törətdiyini, əksinə, onun özünün cinayət əməlinin qurbanı olduğunu sübut etdi.

Şahidlərin ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmaları barədə məhkəmədə dediklərini yada salan vəkil müstəntiqin yol verdiyi qanun pozuntularına da diqqət çəkib.

“MƏQSƏD ZƏRƏRÇƏKMİŞLƏRİN SAYINI ARTIRMAQ OLUB”

"Nərimanov rayonu, 18-ci polis bölməsinin rəisi Hikmət Usubovun məhkəməyə məktubunda yazılıb ki, Oruc Vəliyev oktyabrın 5-də bölməyə müraciət edib. Amma iş materiallarında onun oktyabrın 1-də müraciət etdiyi, oktyabrın 3-də isə barəsində məhkəmə-tibb ekspertizası təyin edildiyi, oktyabrın 5-də artıq ekspert rəyi alındığı göstərilib. Bölmə rəisinin məktubu bir daha onu təsdiq edir ki, Oruc Vəliyev məhkəməyə yalan ifadə verib, o, Mikayıl Quliyevlə Məmməd İbrahim arasında mübahisə baş verən yerdə olmayıb, müstəntiq cinayət işinin materiallarını saxtalaşdırıb. Məqsəd də zərərçəkmişlərin sayını artırıb, Məmməd İbrahimə qarşı ittihamı ağırlaşdırmaq olub", - deyə müdafiəçi bildirib.

Yalçın İmanov qeyd edib ki, bu cinayət işi siyasi sifarişlə qondarılıb, standart üzəduranlar və saxta sübutların nəticəsi olaraq, Məmməd İbrahim 6 aydır ki, həbsdədir:

"Bu həbsin səbəbi isə Məmməd İbrahimin siyasi mənsubiyyəti, AXCP sədrinin müşaviri kimi fəaliyyətidir. Hesab edirəm ki, özünə hörmət eləyən məhkəmə Məmməd İbrahim barəsində bəraət hökmü çıxarmalıdır. Həmçinin Mikayıl Quliyev və müstəntiq Mübariz Süleymanovun əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərar çıxarmağınızı xahiş edirəm".

“MƏNƏ BÖYÜK MƏBLƏĞDƏ PUL TƏKLİF OLUNURDU”

Məmməd İbrahim özü də son sözündə siyasi baxışlarına görə saxta ittihamla həbs olunduğunu vurğulayıb:

"Həbs olunandan sonra həbsxanada yüksək vəzifəlilərdən biri məni fərdi söhbətə dəvət edib soruşdu ki, "nə vaxtdan bu yoldasan?". Dedim ki, 1988-ci ildən hərəkatdayam, 1989-cu ildə AXC yarandıqdan sonra onun sıralarındayam. Soruşdu ki, “həmin dövrə qayıtsaq, yenə bu yolu seçərdin?" Bu, mənim özümdən asılı olan bir şey deyil, istəsəm də, haqsızlığa, ədalətsizliyə qarşı susa bilmərəm, çünki belə görüb, belə tərbiyə almışam".

AXCP-dən istefa verəcəyim təqdirdə mənə böyük məbləğdə pul təklif olunurdu. Bütün bunların səmərəsiz olduğunu görüb Mikayıl Quliyev adlı şəxs vasitəsi ilə məni təxribata çəkməyə başladılar.

Bundan əvvəl də dəfələrlə inzibati qaydada həbs olunduğunu, cərimələndiyini deyən Məmməd İbrahimin sözlərinə görə, son həbsdən öncə ona qarşı təzyiqlər güclənmişdi:

"Əslində, hər şey ondan başladı ki, hakimiyyətin gündəminə AXCP-ni bölmək planı gəldi. Bu məqsədlə külli miqdarda pul ayrıldı və onun bir hissəsi də AXCP-dən ifşa edilərək qovulanlara verildi. Mənim xüsusi hədəfə alınmağım də, hər bir AXCP üzvü kimi, bu məsələdə maskaları cırmaqla bağlı fəaliyyətim oldu. Bundan sonra sosial şəbəkələr vasitəsilə ünvanıma anonim söyüşlər, təhdidlər gəlməyə başladı. Bu barədə 17-ci polis bölməsinə yazılı ərizə versəm də, heç bir tədbir görülmədi. Bundan başqa, mesaj çatdırmışdılar ki, həbs növbəsi mənim və Fuad Qəhrəmanlınındır. Amma AXCP-dən istefa verəcəyim təqdirdə mənə böyük məbləğdə pul təklif olunurdu. Bütün bunların səmərəsiz olduğunu görüb Mikayıl Quliyev adlı şəxs vasitəsi ilə məni təxribata çəkməyə başladılar".

“HEÇ BİR HƏBS MƏNİ YOLUMDAN DÖNDƏRƏ BİLMƏZ”

Məmməd İbrahim qeyd edib ki, həbs yolu ilə onu susdurmaq mümkün deyil:

"Mən bu yola bütün məhrumiyyətləri gözə alaraq çıxmışam. Heç bir həbs və ya təzyiq, hətta ölüm qorxusu belə məni yolumdan döndərə bilməz. Hakimiyyətdəkilər öz rahat yataqlarında hər gecə səksəkə içində yatdıqları halda, mən Şüvəlan təcridxanasında daş kimi yataqda çox rahat yatıram. Çünki mən doğru yoldayam, mənin mübarizəm haqq, ədalət, hüquqi cəmiyyət mübarizəsidir.

Bütün istintaq və məhkəmə prosesi sübut etdi ki, bu həbs sifarişdir. İndi buyurun, hökmünüzü oxuyun. Bu başdan deyirəm, bəraətdən başqa bütün verilmiş qərarları özümə qarşı qərəz, böhtan və sifariş hesab edəcəyəm".

Hakim Turqay Hüseynov hökmü martın 15-də elan edəcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Buna da bax:

Ağköynəkdə televizorlar yandı
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG