Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:18

«The Washington Post» demokratiyanın geriləməsindən və Xədicədən yazır


Bakı sakini Lenin-in portretini sökür - 1991
Bakı sakini Lenin-in portretini sökür - 1991

-

«Soyuq Müharibədən sonra demokratiyanın genişlənməsi, diktaturaların çöküşü görüntüsü yarandı. Ancaq bu gün demokratiya geriləyir. Şəffaflıq, hüququn aliliyi, hesabatlılıq və insan ləyaqətinə hörmət geninə-boluna tapdalanmaqdadır. Avtokratlar, bəzən hətta Qərb siyasətçiləri açıq-aşkar qorxu, ksenofobiya və paranoyya daşıyıcılarına çevrilirlər. Demokratiyanın düşmənləri günü-gündən cəsarətlənir. Bütün bunların baş alıb getməsinə Birləşmiş Ştatlar qismən məsuliyyət daşıyır. ABŞ dünya avtokratlarına qarşı dayanmalıdır». Bunu «The Washington Post» qəzeti «Demokratiya geriləyir» adlı baş məqaləsində yazır.

Yazıda bu günün tiranlarının daha saxta yollara əl atdığı, birbaşa totalitar mövqe seçmədikləri, demokratiya fasadı qurub onu içəridən dağıtdıqları qeyd olunur: «Onlar rəqabətlilik üzü görməyən seçki keçirir, əsl vətəndaş cəmiyyətini sıxışdırmaqdan ötrü hökumətin çətiri altında qruplar yaradır. Azad sözə qarşı qanunlar qəbul edir, sahiblərin və redaktorların ipini dartmaqla xəbər mediasını özlərinə tabe etdirirlər. Onlar xaricdən pul alan istənilən qrupa «xarici agent» damğası vururlar. Bu yaxınlarda Moskvada 20 il qaçqın uşaqlara yardım etmiş mərkəz «xarici agent» elan olunaraq bağlanıb».

Qəzet avtoritar rejimlərin öz sərhədləri xaricində belə gücləndiyini yazır. Məsələn, Çin qonşularının etirazlarına baxmayaraq, dənizin mübahisəli böyük bir hissəsini hərbi nəzarətinə götürür. ABŞ-da respublikaçılarda prezidentliyə namizədliyə iddialı Donald Trump dözümsüzlük yayır: «Ancaq demokratiyanın işıqlı nöqtələri də az deyil. Birma, Argentina və Venesuelada son seçkilər dəyişiklik ümidi yaradıb. Hər yerdə bəzi fərdlər indiyədək görünməmiş şəkildə, həyatları və səhhətləri bahasına liberal dəyərlər uğrunda savaşırlar. Məsələn, Xədicə İsmayıl araşdırmaçı jurnalistikayla məşğul olduğu üçün bir ildən çoxdur həbsdədir».

«The Washington Post» «demokratiya niyə geriləyir» sualına cavab tapmağa çalışır. Bir səbəb kimi neftin ucuzlaşması daxil, iqtisadi problemlərin avtoritar rejimləri silkələməsi, repressiv rejimlərin ictimai itaətsizliyi önləmək məqsədilə sərt tədbirlərə əl atması göstərilir. Digər tərəfdən, «Ərəb baharı» Yaxın Şərqdə iylənmiş avtokratik üsuli-idarəni devirsə də, Tunisi çıxmaqla, digər yerlərdə demokratik qüvvələr boşluğu doldurmağa hazır olmadılar. ABŞ-ın İraq və Əfqanıstanda demokratiya quruculuğunu hədəfləyən layihələrinin üzləşdiyi çətinliklər isə başqa yerlərdə oxşar cəhdləri önləmiş oldu:

Ankarada terror- 13 mart 2016
Ankarada terror- 13 mart 2016

«Birləşmiş Ştatların yetərincə diqqət ayırmamasının da rolu az olmadı. Liberal dəyərlərin irəli aparılmasında ABŞ-ın tayı-bərabəri yoxdur. Son dekada inam böhranı, yorğunluq hissi və dünyadan çəkilmə dövrü oldu. Amma durumun daha da pisləşməsi təhlükəsi var – cənab Trump və demokrat namizəd Bernie Sanders beynəlxalq öhdəliklərdən bir az da çəkilmə vəd edirlər. Dünyada azadlıq dirçəlişinə ümid edənlər seçicilərin ancaq və ancaq ABŞ-da demokratik rəhbərliyi canlandıracaq prezidentə səs verəcəyinə ümid bəsləyə bilərlər».

BAZAR GÜNÜ TERRORU

«The Wall Street Journal» bazar günü Türkiyə paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanmasıyla nəticələnmiş terror hücumundan yazır. «Yalnız bəzi günlər dünyada dinc insanlara qarşı terror hücumları baş vermir», - yazan qəzet bazar günü Fil Dişi Sahilində 16 nəfərin də qətlə yetirilməsinə diqqət çəkir. «İslam Məqribində əl-Qaidə» qruplaşması həmin hücuma görə məsuliyyəti üzərinə götürüb.

«Yaxın Şərqdə nəzarətsiz qalan «əl-Qaidə» və «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması Afrikaya doğru genişlənməkdədir. Onlar Qərbi Afrikaya irəliləyir, yeni üzvlər toplamaq yarışına girişiblər».

«Türkiyədə oktyabrdan bəri artıq dördüncü intiharçı partlayışı törədilib. Ötən ay Ankarada oxşar hücumda 29 nəfər həlak olmuşdu, əsasən də hərbçilər idi. Türkiyə hökuməti fevral hücumunda kürd silahlıları ittiham etsə də, əvvəlki hücumlardan çoxu İŞİD-lə əlaqələndirilib».

«Artıq yeni terror normasının qəbul olunduğu dünyaya xoş gəlmisiniz», - «The Wall Street Journal» yazır.

R.T.Erdoğan\V.Putin
R.T.Erdoğan\V.Putin

PUTIN-LƏ ERDOGAN YOLA GEDƏCƏKLƏR?

ABŞ-ın Azərbaycanda keçmiş səfiri, hazırda Atlantika Şurasının aparıcı əməkdaşı Matthew Bryza «Newsweek» dərgisində Rusiya-Türkiyə münasibətlərindən yazır. Ötən ilin noyabrında Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurmasından sonra iki ölkə gərginlik yaşayır. Rusiya prezidenti Vladimir Putin üzrxahlıq tələb edir, Recep Tayyip Erdoğan boyun əymir. Ancaq müəllifin fikrincə, ziddiyyətlərə baxmayaraq, bu liderlər dil tapacaqlar, çünki oxşarlıqları çoxdur.

Birincisi, Rusiya avtoritar ölkədir, Türkiyə isə, qüsurlu da olsa, demokratiyadır. Prezident Erdoğan Türkiyəni prezident respublikasına çevirməyə çalışır və müxalifətdən olan deputatları da ardınca getməyə inandırmalıdır. Putin-in belə bir əndişəsi yoxdur. Ancaq, məsələn, Türkiyə medianı təsiri altına almağa çalışsa da, bu ölkənin jurnalistləri rusiyalı həmkarları kimi terrora məruz qalmırlar.

İkincisi, türk seçiciləri liderlərindən sülhün təminatını gözləyirlər. Onlar Rusiya ilə uzunmüddətli gərginliyi qəbul etməyəcəklər. Putin də türk seçicisinin Rusiya ilə münaqişədən qaçmaq istəyindən yararlanıb gərginliyi artırır, iqtisadi sanksiyalar qoyur, rusiyalı turistlərə Türkiyəyə getməyi qadağan edir və s.

«Prezident Erdoğan tezliklə üzr istəyən deyil. Ancaq indilik Rusiya barədə yumşaq danışır…Sonucda, Erdoğan gərginliyin azaldılmasının daha şərəfli yolunu tapmağa çalışır. Noyabr insidentindən sonra Putin-lə görüşmək istəmişdi. Putin belə bir görüşü Erdoğan-ın üzrxahlığı kimi də qələmə verə bilərdi. Daha sonra iki liderin oxşarlıqları onları yenidən əməkdaşlıq məcrasına yönəldəcək... Hələliksə, bu yol keşməkeşli görünür. Nə Putin, nə də Erdoğan güzəştə birinci getmək istəyir».

XS
SM
MD
LG