Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:27

-

Bu nə şəhər idi belə? Hər kəs başını aşağı sallamışdı. Hamı fikirliydi, adamların üz-gözündən qayğı süzülürdü yerin dibinə.

Yolun kənarında bir ağac gördü. Qədim və tək bir ağac. Altında kimsə kölgələnirdi. Hər halda Qara uzaqdan elə gəldi ki, o adam kölgələnir. Hər kəsin qayğılı-qayğılı gedib-gəldiyi bu şəhərdə kiminsə özünü ağacın altına verməsi Qara maraqlı göründü. Yaxınlaşdı. Adam tərpənmədən uzanmışdı. Başının üstündə dayanıb bir xeyli baxdı. Ətrafa yayılan spirt iyi Qarın burnuna doldu. Adamın qucağında boş araq şüşəsi gördü.

Birdən ona elə gəldi ki, bu, Ərdi. Çox oxşayırdı, ən çox da şüşəsi. Yenə uzun adam yadına düşdü. Fikrən haralarasa getdi, nələrsə elədi, düşüncələrində azıb qaldı, yatanları, oyaqları fikirləşdi, qayğılı adamları, onlardan yerin dibinə süzülən və yerin təkində yaranan qayğı qatını düşündü. Yadına düşdü ki, Əri evdə yatan yerdə qoyub çıxıb. Deməli, bu, Ər ola bilməz.

Kitab

Kitab

Deməli, bu kimdisə başqa biridi. Buna sevindi. Bu da ərdi. Görən, özü kim olduğunu bilirmi? Niyə burda uzanıb? Niyə bu qədər içib? Niyə durub evinə getmir və niyə də evinə getməlidi?

Bəlkə, evi yoxdu, bəlkə, elə bu ağacın altıdı onun evi? Niyə bu ağacın altında yaşamaq olmaz? Niyə ağacın altı kiminsə evi ola bilməz? Kimindi bu ağac?..

İndi polis gələcək, sürüyüb aparacaq bu adamı. Polisin belə bir haqqı varmı?.. İçkili adam yaxşı adam deyil? Ayıqlar hamısı yaxşıdı? Kimə yaxşı deyirik? Bütün yaxşılar bizə yarıyanlardı? Çox içən adam kimə ziyan edir? Özünəmi, başqalarınamı?

Mən niyə içkili adamla yaşaya bilmirəm? Çünki rahatlığımı pozur, sakitliyimi əlimdən alır. Qorxuludu içkili adamla yaşamaq. Ağlı üstündə olmur, özünə cavabdeh deyil. Ancaq daha çox özünə ziyan vurur. Sağlamlığına, ağlına, işinə, həyatına. Gərginlik yaradır, heç vaxt sözünü tutmur, içkili olanda bir şey, ayıq olanda başqa şey deyir. Özünə olan güvəni itirir. Nə dost, nə sevgili ola, nə iş görə bilir. Yalnız itirə bilir.

– Tanıyırsız bu adamı?

Sual Qarın uzun-uzadı fikirlərini bıçaq kimi ortadan kəsdi. Özünü itirdi. Həyəcandan sağ əlini bir neçə dəfə saçına çəkdi. Polislər idi. Sualı hansı vermişdi, bilmədi. Öncə “hə, tanıyıram” dedi. Sonra diqqətlə baxdı, ağlı qarışdı, çaşıb qaldı. Özünü toparlayıb bir də baxdı, yaxşı görə bilmirdi, gözləri qaralırdı. Yerə sərilən adam Ər deyildi. Qar tələsik “yox, tanımıram” deyib, arxaya çəkildi. Polislərdən biri Qarı diqqətlə süzdü. Qar:

– Gördüm, yıxılıb... - deyib susdu.

– Aydındı, - polis başını çevirdi. Adamı sürüyüb maşına basdılar. Maşın gözdən itənə kimi Qar yerində donub qaldı. Ona elə gəlirdi ki, indicə Əri apardılar, bilinməz və dönülməz bir yerə.

***

Ər içirdi. Bütün günü, gecə-gündüz, durmadan, dayanmadan içirdi. Gedib içirdi, gəlib içirdi. Dərisinə hopmuş araq qoxusunu gizləmək üçün ətirlənirdi. Dünyada sintez olunmayan üç nəsnə varsa, bədən, ətir və araq qoxusudu.

Ər evə gələn kimi Qar öz otağına çəkilirdi. Ər Qarın niyə belə elədiyini başa düşmürdü. Həmin an Qarı qınayırdı, əsəbləşirdi, ona elə gəlirdi ki, Qar soyuqdu, laqeyiddi, onunla maraqlanmır.

Bir neçə vaxtdan sonra Ər hətta özünü inandırmışdı ki, Qarın belə soyuqqanlı olduğuna görə, onu başa düşmədiyinə görə içir. Özünü inandırmışdı ki, çox bədbəxtdi və içki onun yeganə çıxış yoludu. İçki ona eşinin yad münasibətini, susqunluğunu, onunla sevişməməsini, bədbəxt həyatını və özgəliklə dolu birgəliyini unutmağa kömək edirdi. Hərdən guya acığa daha çox içirdi. Qardan öc almaq istəyirdi.

Bəzən ətrafın onu çox sıxdığını, işinə qarışdığını, Qarın çox şey tələb etdiyini dilinə gətirirdi. Ona elə gəlirdi ki, qadın kişiyə “əyyaşlıq eləmə” deyirsə, gerizəkalıdı, anlayışsızdı, guya kişinin elə bir dünyası var ki, qadın həmin dünyanı qanmır və buna görə də qadağalar qoyub kişinin işıqlı, sehirli dünyasını zülmətə çevirir.

Hərdən Qarda dişilik duyğusunun olmadığını, seksuallığının çatmadığını düşünürdü. Təxəyyülündə Qar üçün xəstə bir qadın obrazı cızmışdı. Özünə qapanıq, duyğusu-istəyi olmayan, susqun və bitkin bir qadın. Qəribəsi, Qarın getdikcə həqiqətən də həmin bu obraza çevrilməsiydi. Qar sonsuz bir susqunluq içində ruh kimi yaşayırdı. Dinmirdi, üz ifadəsi dəyişmirdi. Saatlarla bir nöqtədə oturub nəsə oxuyurdu, otağına çəkilib gözünü tavanla divarın kəsişməsinə dikirdi.

Bir gecə elə yuxudaca qarnının içində dəhşətli yanğı hiss eləyib oyandı. Göbəyindən qarnının ətrafına dözülməz bir sancı yayılırdı, içalatı acışırdı. Durub otaqda var-gəl etdi.

Ağzında acılıq, beynində küy vardı. Başının içində motor çalışırdı sanki. Düşüncələri bir-birinin ardınca fasiləsiz gəlib keçirdi. Nə düşüncələr olduğunu anlamırdı. Özünü ələ ala bilmirdi. Ürək döyüntüsü dözülməz tezlikdəydi. Əllərini düyünlədi, ayaqlarını yerə vurdu. İndicə partlayıb parça-parça olacağını, ürəyinin dağılacağını hiss edirdi. Nəsə etməliydi.

İrəli atılaraq özünü divara çırpdı. Elə bil azca yüngülləşdi. Arxaya çəkilib bir də atıldı. Çırpıldı, yenə çırpıldı. Divarı yarıb içinə girmək istəyirdi. Divara hörülmək istəyirdi. Divardan necəsə qurtulmalıydı. Ona elə gəlirdi ki, divarın içində çıxış qapısı var. Divarı dağıtmaq lazım idi. Üstünə çıxıb yerimək keçirdi ağlından.

Divarın içindən kiminsə nəfəsini duydu. Kimsə boğulurdu orda. Bu boğulan kimsə onun da nəfəsini ağzından dartıb çıxarır, daşın tərkinə çəkirdi. Bəlkə də, onun nəfəsini yanına, köməyə çağırırdı. Nəfəsi azad etmək üçün bədəniylə daşa zərbələr endirdi. İnanılmaz mənzərəydi. Bütün yaşam boyu yüz min adamdan biri və yalnız yüz ildə bir dəfə özünü divara çırpardı. Bədəni zərbədən ağrısa da, içi yüngülləşirdi. İçindəki ağrı keçənə qədər özünü divara vuracaqdı.

Ağrıdan zarıdı. Ər səsə yuxudan ayıldı. Qucağındakı şüşəni yatağa atıb qonaq otağına cumdu. Qarı zarıya-zarıya divara çırpılan görüb dəhşətə gəldi. Gözləri bərəlmiş Ər yerində donub qaldı:

– Neynirsən? Sakit ol, hər şey yaxşıdı.

Qarın yıxılacağını görüb qaçıb onu tutdu.

– Həkim çağır, - Ərin qollarında huşunu itirən Qar ancaq bunu deyə bildi.

Qar təcili yardımın gəldiyini anladı, həkimin səsini eşidirdi. Damarına vurulan iynəni də hiss edirdi. Ancaq gözləri açılmırdı. Sonra yavaş-yavaş səslər qısıldı. Olduğu məkandan uzaqlaşdı. Səslər dalğalanıb itdi. Qar içindəki sonsuzluğa düşdü. Sükut onu alıb apardı. Hardasa təbiətə qovuşdurdu.

Uzaqda dağlar görünürdü, yaxında çay axırdı. Çay yaxınlıqdakı dağdan axan şəlalənin davamıydı. Kənarları ağacla örtülüydü. Şəlaləni dağın uzun saçlarına bənzətdi. Qar dağların uzaqlığına dalır, çayın təmiz suyunda yuyunur, daşların üstündə çılpaq gəzişirdi. Sonra Günəşin altına uzanıb bədənini gün işığına təslim edirdi.

Günəşin şüaları ilə bir xeyli sevişdi. Sonra ağaclardan birinə yaxınlaşıb meyvə dərdi. Birdən Ərin kobud səsi eşidildi. Qar təbiətdən ayrıldı, olduğu yerdən qopub bu dəhşətli evə qayıtdı. Ərin səsi ürəyini bulandırdı. Səs yoğun kəndirə dönür, boğazına dolanır, boğur, boğurdu. Eyni zamanda həm təbiəti, həm evini hiss edirdi. Hər ikisini görürdü, hər ikisindəydi.

İçindəki duyğu fırtına kimi onu çay daşlarına çırpdı. Dağlardan dəhşətli vulkanlar püskürür, daşlar qızırdı, ayaqlarını yandırırdı, əridirdi. Ağaclar zəhərli tikanlara çevrilirdi. Tufan qopurdu, onu daşlara döyürdü. Hər şey əriyib yox olurdu. Hər nəfəsdə içinə araq, dəri, ətir qarışığından yaranan üfunət dolurdu.

Qar getməliydi. Nə saxlayırdı onu? Mən bu sualı ona tez-tez vermək istəmişəm. Ancaq bu sual heç vaxt Qarın üzünə səslənməyib. İndi sualı yazdım və Qar bu sualdan fikir burulğanına düşdü. Quşlar, mığmığalar qədər də olmadıq, uçmağı bacarmadıq, yerə yapışıb qaldıq ömrümüz boyu.

Niyə bizim qanadımız yoxdu? Nədən cazibə qüvvəsi qartalların, bayquşların Yerdən üzülməsinə imkan verir, insanın yox?

İnsan qanadsızlıqdan əziyyət çəkir. Onun bütün varlıqlardan çoxdu uçmaq ehtiyacı. Çünki təkcə insan kosmosla əlləşir, Aya uçur, paraşüt düzəldir. İnsan uçmaq istəyir, uçmaq. Mən uçmaq istəyirəm. İnsan həmişə uçuşa hazırdı. Həmişə bunun arzusundadı. Yer üzünə də uçub gəlib. Ölməsi də uçub getməsidi. (*qədim tükcədə uçmaq ölmək deməkdi həm də) Hansısa başqa yaşayışdan, başqa məskəndən, başqa dünyadan qədim uçan boşqabla bura enib. Yeri kəşf edib.

İnsanın kəşf etmək həvəsi də, uçmaq həvəsi də orayla bağlıdı, uludu. Hardasa yurdu varmış, qohumu, doğmaları varmış. İnsanı axtarışlar, macəralar həvəsi uçurub bu yerlərə gətirib. İndi də oranı özləyir. Buna görə darıxır, buna görə səbəbsiz-səbəbsiz üzülür, insanın yaddaşı darıxır. Oranı tapmaq, qayıtmaq istəyir. Rahatlıq tapmır özünə.

Tək olsaydı, bəlkə, geri gedərdi. Tək gəlməyib, özüylə sevgilisini gətirib. Uşaqları doğulub sonra, onlara öz hekayəsini danışıb. "Başqa diyarda yaşayırdıq, darıxırdıq, getmək, tapmaq istəyirdik", deyib. Buralara gəldik. Atam vardı, sərt, hökmlü. "Getsən, geri qayıtma", -dedi. Belə sərt olmasaydı, bəlkə, bir az yaşayıb, həvəsimizi öldürüb geri dönərdik. Özümüzü başqa yerlərdə sınamaq istədik. Yuva qurduq burda, siz doğulduz. Gedə bilmədik... Beləcə, hardasa uzaqlarda yaşayan, insanı qaydaları pozduğu üçün yanından qovan hökmlü baba haqda əfsanə yaranıb.

***

Şəhəri dolaşıb evə qayıtdı. İçəri girəndə hardansa araq və çaxır şüşəsinin uça-uça gəlib masaya qonduğunu gördü. Ərin başı torba kimi önünə sallanmışdı. Arağı da bitirmək üzrəydi. Səs eşidən kimi torba yellənə-yellənə Qara tərəf çevrildi.

Ər deyinməyə, söylənməyə başladı. Yıxıla-yıxıla ayağa qalxıb çərçivədəki şəklə təpik vurdu. Çərçivə sındı. Ünvansız üsyan qalxdı. Bütün dünyaya lənət yağdırıldı. Kimlərsə nələrdəsə suçlandı. Qarın sol tərəfindən dəhşətli bir ağrı qopdu. İndicə bütünlüklə dağılacaqdı.

Ərin üstünə atıldı. Dırnaqları ilə ətindən yapışdı. Sonra dəli kimi kənara çəkilib masaya qaçdı, çəngəl götürdü. Çəngəli var gücüylə Ərə batırdı. Ər ağrıdan ayılan kimi oldu. Güc verib Qarı itələdi. Qar qanlı çəngəli bərk-bərk sıxıb dayanmışdı. Çəngələ baxdı, gözləri alacalanırdı. Qarşısında olan hər şey çiliklənirdi, hər yeri ağrıyırdı.

Ər qəfildən çəngəli Qarın əlindən almaq istədi. Qar onu bərk-bərk tutmuşdu, Almağa gücü çatmadı. Qar çəngəli yenidən Ərə batırdı. Vəhşi pişiklər kimi bir-birindən yapışdılar. Ər aralanıb gücünü topladı, Qara möhkəm bir şillə ilişdirdi. Çəngəl Qarın əlindən uçub divara dəydi.

Qar elə bil himə bənd idi. Masaya cumdu. Əlinə keçəni götürüb Ərin başına vıyıllatdı. Qab-qacaq çilik-çilik oldu. Gözünə çaxır şüşəsi sataşdı. Göz qırpımında onu qapıb Ərin başına çırpdı. Şüşə sındı. Ərin başı yarıldı. Sərxoş olduğu üçün şiddətli ağrı hiss etmədi. Başından qan fışqırdı. Gözləri dörd oldu. Çaxır hər yerə dağıldı. Yer-göy qırmızıya boyandı.

Hər tərəfdən çaxır və qan damcıları axırdı. Başqa vaxt ayırd edə bilməzdin, həmin an isə qanla şərab ləkəsi inanılmaz dərəcədə bir-birindən seçilirdi.

Qar birdən-birə sakitləşdi. Key-key dayandı. Ər də sakitləşdi. Qonaq otağına keçib divana sərələndi. Həmin dəqiqə də yuxuya getdi. Yuxuda inildədi.

***

Evdən çıxanda tir-tap uzanıb yatan Ərə baxdı. Bunun son görüş olmasını arzuladı.

***

Ər yuxudan ayılıb Qarın gedişini anlayanda böyürtüylə ağladı. Ağlayıb-ağlayıb yenidən yuxuya getdi. Gecə oyandı. Qaranlıq , səssiz otağa göz gəzdirdi. Durub evi addım-addım axtardı. Qarı səsləmək istəyirdi. Bütün otaqları, hamamı, tualeti, hətta çöl qapısını açıb bloku yoxladı. Ağla gələcək deyildi. Qar getmişdi. Ər onun geri gəlməyəcəyini bilirdi...

İşığı yandırdı. İlahi, bu nə dəhşətli görüntüydü. Çiyinlərini sallayıb oturdu. Necə olacaq? Bitdimi? Mətbəx onu iyrəndirdi. Olanlar bir-bir yadına düşürdü. Qarın gözləri evin hər küncündən ona baxırdı.

Ər həmişə Qara deyirdi: "Qadına yaraşmayacaq qədər ağıllıdı gözlərin". Ər onun necə yığışdığını, necə getdiyini təsəvvüründə canlandırdı, darmadağın, alt-üst olan, gözlərində ağıldan əsər-əlamət qalmayan Qarı bağrına basmaq istədi. O, elə əziz gəldi birdən, Ər özü də heyrət etdi. "Qadın incidiləndə necə sevimli olur" düşündü. Bütün qadınlar gedəndə gözəl olurlar...

Ər bir neçə ay avara-avara gəzib tozdu. İçdi, tanışlarını başına yığıb məclislər qurdu, bayağı qadınlarla görüşdü. Kimsəyə yovuşa bilmədi. Qarın xəyalı onu heç yerdə rahat buraxmırdı. Yuxudan oyanan kimi ağlına gələn ilk fikir Qarla bağlı olurdu. Yerinə girib yatmağa hazırlaşanda onu düşünürdü. Görəsən, indi hardadı, nə edir, kiminlədi? İçəndə, ayıq olanda, işləyəndə qadınlarla, tanışlarla görüşəndə beynində yalnız Qar olurdu. Buna görə ona getdikcə daha çox nifrət edirdi. Ona olan hisslərindən bezirdi.

Bu hisslərdən can qurtarmaq üçün nələr eləmirdi. Həmişəkindən beşqat artıq içirdi. Qadınlarla daha çox maraqlanırdı. Qarın bağışladığı hədiyyələri sındırıb atırdı. Alınmırdı. Qar onu tərk etmirdi. Bir müddət sonra Ər Qarın xətrinə içkini də atmağa hazır idi. Onun xətrinə dost dediyi adamları silə də bilərdi. Hər şeydən imtina edərdi. Edərdi, ancaq edə bilmirdi. Buna görə də qəzəbi artırdı. Qarı günahkar bilirdi. Bundan dinclik tapırdı.

Necə ola bilər axı, bu qadın onun üçün hər şeydən, hamıdan önəmli olsun ?! Necə ola bilər, bir qadın hər şeyi əvəz edə bilsin? Qara olan duyğuları onun duymaq istədikləri ilə üst-üstə düşmürdü. Onun aləmində qadın kişi üçün bu qədər önəm daşıya bilməzdi.

O, həmişə hisslərini gizləməyə çalışırdı. Hisslərini içində boğduğu üçün daha aqressiv olurdu. Boğduğu hisslər qırxayaq kimi bədənində gəzişir, onu vicvicəyə salırdı. Əsəbindən canavara dönürdü. Qar Ərin öz duyğuları ilə əlbəyaxa olduğunu bilirdi. Bilirdi ki, o, duyğularına sayğı göstərmir.

Ər o qədər iç arzularıyla döyüşürdü ki, çölünü unutmuşdu. Qarın hisslərinə də Ərin gözləri qapalı idi. O, qadınını mutlu etməyin yox, etməməyin yollarını axtardıqca hər ikisi get-gedə dibə enir, qaranlıq zirzəmidə işkəncə çəkən iki məhbusa dönürdü.

***

Ər günlərcə Qarı gözlədi. Hər an geri gəlməsini xəyal edib, dönərkən onu ayıq görsün deyə içmədi. Təqvimi qarşısına qoyub hər keçən günü işarələyirdi. Evdən çıxmırdı. İşə getmirdi. Hər dəqiqə qulağı qapıda, baxışları telefonda gözləyirdi. Əlini telefona atırdı. Bir zəng nə idi? Bəlkə, Qarı yığıb olanları desə, hər şey dəyişərdi. Ürək eləmirdi. Sizcə, niyə?..

***

Qar günlərcə hörümçək kimi evinin bir küncündə oturdu. Havalar soyuq keçirdi. Beləcə, yaya qədər bu küncdə yaşamaq istəyirdi. İstilər düşdükcə yüngülləşəcəkdi. Həmişə belə olurdu. Havalar qızır və Qar özünü yaxşı hiss edirdi.

Nəhayət, bir sabah lap erkəndən yüksəklikdən gülümsəyən Günəş kimi güclü və möhtəşəm hiss edəcəkdi özünü.

Bu qarlı səhərsə kiçik qeydlər elədiyi vərəqləri qabağına töküb baxdı. Boş vərəqlərə nəsə yazdı. Yazılarını adam içinə çıxarmaq qərarına gəlmişdi. Ən yaxşı bildiyini qəzetlərdən birinin mail ünvanına yolladı. Ürəyinə dammışdı ki, yazı bəyəniləcək. Neçə gün hələ almadığı müsbət cavabın dadını çıxardı.

Yazının çap olunacağını ağlına gətirəndə sevincdən quş balası kimi ciyildəyirdi. Şəklini çap evinin qoxusu hopan qəzetin səhifəsində görəcəyini düşünüb az qalırdı redaksiyaya qaçsın.

Duyumu Qarı aldatmadı. İlk yazısı çıxdı. Mən bütün gücümü toplasam da, həmin an onun nə hiss etdiyini sizə çatdıra bilməyəcəm. Ona görə də davam edək. Növbəti vərəqi götürüb içindəki xoş duyğunu ora köçürmək istəyirdi ki, çöldən səs eşitdi.

Qəribə bir uğultuydu. Getdikcə yaxınlaşırdı, yaxınlaşdıqca lap aydın eşidilirdi. Elə bil düz pəncərənin önündən gəlirdi. Səhər səssizliyində bu qəribə ahəng, ritm Qarın qulaqlarına doldu. Sonra uğultunun içində kiminsə danışığı eşidildi. Sözləri - elə səsin özünü də - seçə bilmirdi. Qırıq-qırıq, avazla gəlirdi səs. Nə olduğunu kəsdirə bilmirdi – kimsə oxuyurdumu, şeir deyirdimi, dua edirdimi.

Pəncərədən baxdı. Elə bil pəncərəyə az qala bitişik ağacın düz arxasında kimsə vardı. Qar diqqətini cəmləyib, ağarmış budaqların arasından baxaraq, səsin hardan gəldiyini, nə baş verdiyini bilməyə çalışdı.

Birdən havada dayanmış obyekt gördü. Gözlərinə inanmadı. Uşaq vaxtı yuxuda gördüyü uçan boşqab idi. Həyətə qaçdı. Küçə boş idi, kimsə yoxdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG