Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:57

Polislə işləmək istəyənləri seçirlər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Daxili işlər naziri Ramil Usubov martın 16-da polis orqanlarında mülki işçi vəzifələrinə seçilmək istəyənlərin sıra baxışını keçirəcək.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında» prezident fərmanının icrası çərçivəsində 12 rayondan gələnlər baxışdan keçiriləcək. Seçim Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı sakinləri arasında aparılacaq.

Seçimə boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxınları məhkum olunmamış vətəndaşlar buraxılacaq. Tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunmasına cəlb olunacaqlar. Onlar xüsusi geyim forması, daxili işlər orqanlarında çalışan mülki işçilər üçün müəyyən olunmuş təminatlar əldə edəcəklər.

Nazirlik bildirir ki, 2 il ərzində ictimai asayişin qorunmasında polislə əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Ölkə prezidenti martın 3-də gəncləri polislə əməkdaşlığa həvəsləndirən fərman imzalayıb. Polislə işləyəcək şəxslərin vəzifəsi ictimai asayişi pozanları qanuna riayət etməyə çağırmaq, azyaşlılara qarşı qanunsuz davranışlar barədə məlumatlar toplamaqdır.

Sözügedən fərman ictimaiyyət arasında birmənalı qarşılanmır. Hökumət nümayəndələri, deputatlar fərmanı təqdir edirlər. Ancaq müxalifətçilər «bu fərmandan təqib qoxusu gəlir» deyirlər.

XS
SM
MD
LG