Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

Manatın taleyi necə olacaq?


İlham Əliyev
İlham Əliyev

-

Rəsmi qəzetlər IV Bakı Qlobal Forumunu, digər media isə manatın ucuzlaşması və sosial problemləri gündəmə gətirib.

DÜNYA DAHA DA TƏHLÜKƏLİ OLUB

«Azərbaycan» qəzeti IV Bakı Qlobal Forumda prezident İlham Əliyevin çıxışına geniş yer verib. İlham Əliyev deyir ki, ötən il keçirilən III Forumdan sonra dünya dəyişib: «Ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişib. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmayıb. Dünya daha da təhlükəli olub. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişib. Mövcud münaqişələr həll edilməmiş qalır, yeni təhlükə bölgələri yaranır».

DAHA DƏHŞƏTLİ XƏYANƏTLƏR ÜZƏ ÇIXACAQ

«Azadlıq» qəzeti isə son günlər bir sıra Azərbaycan məmurlarının «üç qat agent»likdə günahlandırılmaları ətrafında keçmiş diplomat Arif Məmmədovun fikirlərinə yer verib: «Rusiya kəşfiyyatının yüksəkrütbəli və çox məlumatlı agenti Yuri Shvets tərəfindən yayılmış məlumat ölkəmizin dəhşətli təhlükə qarşısında olduğunun göstəricisidir».

Keçmiş diplomat ictimaiyyətə xəbərdarlıq etməyi də unutmur: «Yaxınlarda daha dəhşətli xəyanətlərlə bağlı faktlar üzə çıxacaq. Ölkəmiz dəhşətli təhlükə qarşısındadır, ayılmaq vaxtı gəlib».

Keçmiş səfirin düşüncəsinə görə, Dağlıq Qarabağ probleminin indiki şəkildə olması belə xəyanətlərin nəticəsidir: «Sizi əmin edirəm ki, ölkə daxilində dövlətçilik əleyhinə işləyən çox nüfuzlu şəbəkə mövcuddur və bu şəbəkəyə hakimiyyətin ən nüfuzlu simaları daxildir. Bu şəbəkəyə ölkənin nazirləri, nazir müavinləri, Prezident Administrasiyasının bir çox yüksəkvəzifəli şəxsləri, səfirlər daxildir. Bu faktlar barədə keçmiş MTN naziri Eldar Mahmudov da bilirdi və rəhbərliyə müvafiq məruzə etmişdi».

MANATA İNAMI BƏRPA ETMƏK OLARMI?

«Yeni Müsavat» qəzeti isə ölkənin maliyyə sektorunda bəzi dəyişikliklərlə bağlı ekspertlərin mövqelərini təqdim edib. İqtisadçı Vüqar Bayramov deyir ki, iki devalvasiyadan sonra xalqın Mərkəzi Banka etimadsızlığı yaranıb: «Mərkəzi Bankın səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır».

O, hesab edir ki, bank sektorunu qorumaq üçün islahatlara ehtiyac var. İqtisadçının fikrincə, çox şey indi manatın sonrakı taleyindən asılıdır: «Mərkəzi Banka cəmiyyətin, bankların, xüsusən də vətəndaşların etimadı formalaşmayacaqsa, o zaman manata inamı bərpa etmək çox çətin olacaq».

TENDERSİZ SOVRULANLAR...

«AzTV-yə ayrılan milyonlar necə xərclənib?».

«Bizim Yol» qəzetində bu mövzuda araşdırma yazısı təqdim edilib.

Məqalədə oxuyuruq: «2010-cu ildə «Broadcast Premier Solution» şirkətindən tender yolu ilə 3 milyon 400 min manata yaxın avadanlıq alınıb. Amma alınan avadanlıqların qiymətlərinin reallığa nə dərəcədə uyğun olmasının araşdırılmaya ehtiyacı var».

Məqalədə maraqlı hesab etdikləri bir sıra məqamlar üzərində dayanılır: «Şirkətə gəlincə, nə qədər axtarış versək də, «Broadcast Premier Solution» adlı şirkət Azərbaycanda üzə çıxmadı. Xarici saytlarda buna bənzər adlar var, amma tam olaraq bu adda şirkət yoxdur. Kimdir, bizim ölkəyə necə gəlib, tenderi necə qazanıb, bu məlum deyil?».

Yazıda bildirilir ki, üstəlik, ayrılan vəsaitin çox az hissəsi tender yolu ilə xərclənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG