Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

Azərbaycan xarici investor axtarır


Kəmər tikintisi
Kəmər tikintisi

-

«Cənub Qaz Dəhlizi» şirkətinin dövlət zəmanətli istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanılıb. «Report» xəbəri Maliyyə Nazirliyinə istinadən yayıb.

Söhbət «Şahdəniz-2», Cənub Qafqaz Boru, Trans-Anadolu Boru (TANAP) və Trans-Adriatik Boru (TAP) xətləri layihələrinin maliyyələşdirilməsi məqsədilə «Cənub Qaz Dəhlizi» şirkətinin buraxacağı istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsindən gedir.

Nazirlər Kabinetinin bu il martın 7-də verdiyi qərar ilə dövlət zəmanətli istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün «CitiBank», «UniCredit», «JP Morgan» bankları səlahiyyətlər alıb. «Lazard FreresSAS» şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

«Cənub Qaz Dəhlizi» şirkəti və Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin martın 10-dan 16-na kimi London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur. Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır.

Bundan öncə maliyyə naziri bildirib ki, «Cənub Qaz Dəhlizi» şirkətinin beynəlxalq bazarlarda 2 mlrd. dollar həcmində istiqraz emissiyasının yerləşdirilməsi nəzərdə tutulur.

«Cənub Qaz Dəhlizi» QSC prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb. Bunda məqsəd «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru xəttinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə olunmasını təmin etməkdir. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dollarıdır. Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

XS
SM
MD
LG