Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:42

Dövlət şirkəti məxfilik pərdəsinə bürünüb


«Holcim» (Azərbaycan) ASC
«Holcim» (Azərbaycan) ASC

-

«Azərbaycan İnvestisiya Şirkəti» (AİŞ) ASC və «Holcim Auslandbeteiligungs GmbH Deuschland» şirkəti ötən il noyabrın 18-də bağlanan müqavilənin dəyərini açıqlamamaq barədə razılığa gəliblər. Həmin müqavilə üzrə AİŞ-in əldə etdiyi gəlirin açıqlanmasına dair AzadlıqRadiosunun sorğusunu İqtisadiyyat Nazirliyi belə cavablandırıb.

AİŞ 2008-ci ilin fevralında «Holcim ltd» şirkətindən «Holcim» (Azərbaycan) ASC-nin 10 faizlik səhm paketini satın alıb. O zaman keçirilən mətbuat konfransında bu paya görə İsveçrə tərəfinə 13.7 milyon avro ödənildiyi açıqlanmışdı.

«ALQI-SATQI MÜQAVİLƏSİNİN DETALLARI AÇIQ OLMALIDIR»

İndi isə AİŞ əqd üzrə aldığını gizli saxlayır. Nazirlik bildirir ki, Qaradağ sement zavodunun alman sərmayəli səhmdarı əqd üzrə öhdəliyini müqavilə bağlanan kimi - noyabrda AİŞ-ə ödəyib.

Hüquqşünas Ramil Süleymanovun fikrincə, müqavilədə belə bir maddənin əksini tapması qanunsuzdur: «Alqı-satqı müqaviləsinin detalları açıq olmalıdır. Əgər müqavilənin məbləği açıqlanmırsa, digər təsisçilər birgə mübahisələndirə bilərlər».

Hüquqşünaslar AİŞ-in səhmdar cəmiyyəti olduğunu əsas gətirərək deyirlər ki, bu şirkət bağladığı əqdlər barədə məlumatı ictimaiyyətə açıqlamalıdır. Digər tərəfdən hər iki şirkət «Holcim» (Azərbaycan) ASC-nin səhmdarı olduğundan sözügedənalqı-satqı müqaviləsi insayder əqdi sayılır və deməli, xırdalıqlarınadək açıqlanmalıdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsdiqlədiyi «Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması qaydaları»nın 2.1.2.3 bəndi belə tələb edir. Bundan ötrü Bakı Fond Birjasının (BFB) ayrıca məlumat platforması var.

40 MİLYON MANATDAN SÖHBƏT GEDİR

Sözügedən əqd birjada deyil, birjadan kənarda bağlanıb. BFB-nin birjadankənar əqdlərə dair həmin dövrə dair statistik məlumatlarının təhlili göstərir ki, söhbət, aşağı-yuxarı, 40 milyon manatdan gedir. Maraqlı məqam odur ki, 2015-ci ilin əvvəlinə «Holcim» (Azərbaycan) ASC-nin 232 milyon manatdan yuxarı bölüşdürülməyən mənfəəti vardı. Bunun 10 faizi və ya 23.2 milyon manatı AİŞ-ə çatırdı.

Bu alış-verişin ardından «Holcim Auslandbeteiligungs GmbH» şirkətinin Qaradağ sement zavodundakı payı 14.2 faizə yüksəlib. Səhmlərin 66 faizinə «HolcimLafarg» holdinqi nəzarət edir. Avropa Yenidənqurma və İnkişaf Bankının da şirkətdə 10 faizlik payı var.

Maliyyə hesabatına görə, «Holcim» (Azərbaycan) ASC 2014-cü ildə səhmdarlarına 51.5 milyon manat, 2015-ci ildə isə 19 milyon manat dividend ödəyib. Ötən ilin mənfəəti barədə məlumat yaxın günlərdə aydınlaşacaq.

AİŞ HEÇ BİR MALİYYƏ HESABATINI AÇIQLAMAYIB

AİŞ-də AzadlıqRadiosuna deyiblər ki, hazırda səhm kapitalına qatıldığı şirkətlərdəki payını satmağı nəzərdə tutmur. Əlindəki sərbəst vəsait hesabına başqa şirkətlərin səhm kapitalında iştirak etmək planları haqda sualı isə AİŞ cavabsız qoyub.

Dövlət Neft Fondunun 160 milyon manatlıq sərmayəsi hesabına 2006-cı ildə yaradılan AİŞ indiyədək heç bir maliyyə hesabatını ictimaiyyətə açıqlamayıb. İqtisadiyyat Nazirliyində deyiblər ki, davam edən audit yoxlaması bitdikdən sonra AİŞ-in 2015-ci ildə əldə etdiyi dividendlər və əlində olan sərbəst vəsait haqqında «ictimaiyyətə məlumat veriləcək».

AİŞ 25 faiz payla quş əti istehsalı və başqa sahələrdə çalışan «Saba» ASC-nin səhmdarıdır. Bu səhmlərə görə 2007-ci ildə səhmdar cəmiyyətinə 12 milyon manat pul ödənib. «Saba»2013-cü ildə payçılarına 5.6 milyon manat dividend ödəsə də, 2014-cü ildə zərərli çıxmışdı. AİŞ-in «Saba»nı nə vaxt tərk edəcəyi məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG