Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

F.S.Fitzgerald. Uçuşlar arası üç saat (hekayə)


F.Scott Fitzgerald
F.Scott Fitzgerald

-

“Mən heyrət edirdim. O ana qədər elə bilirdim hamının başı var. Ona görə bu, yaddaşımda möhkəm ilişib qalıb”.

Francis Scott Fitzgerald

UÇUŞLAR ARASI ÜÇ SAAT

İngiliscədən tərcümə edən: Kazım Səlimov

Donald şansın lap az olduğunu anlayırdı, amma ezamiyyətdə gördüyü yorucu işi başa çatdırmasından duyduğu zövq əhvalını yüksəltmişdi deyə, indi özünə güzəştə gedib, gərginlikdən uzaqlaşmaq istəyirdi. Onsuz da darıxırdı. Bəlkə alındı.

Təyyarə yerə endi və Donald, ayağını atıb orta-qərbin yay gecəsinə düşdü. İrəliləyib Pueblo üslubunda, rəngi qırmızıya çalan, qədim “dəmiryol deposu”na bənzəyən aeroport binasına daxil oldu.

O qızın sağ-salamat olub-olmaması, bu şəhərdə yaşayıb-yaşamaması, indiki adının necə olması haqda heç nə bilmirdi. Artan həyəcanla telefon kitabında onun atasının adını axtarmağa başladı. Aradan keçən iyirmi il ərzində atası həyatdan köçmüş olardı.

Yox, budur: Məhkəmə hakimi Harmon Holms – Hillsayd, 3194.

Çox xoşagəlimli qadın səsi ona cavab verdi: “Nensi indi missis Uolter Gifford olmuşdur. Kimdir soruşan?”

İllüstrasiya
İllüstrasiya

Donald cavab vermədən, tez telefonun dəstəyini asdı. O, bilmək istədiyini öyrənmişdi və növbəti uçuşa qədər cəmi üç saat vaxtı vardı. O, Uolter Gifford adında adam xatırlamırdı və telefon kitabını vərəqlədikcə başqa bir şübhəli məsələ də ağlından keçdi – bəlkə Nensi başqa şəhərə ərə gedib.

Yox! Uolter Gifford – Hillsayd 1191. Barmaqlarının ucuna qan işləməyə başladı.

“Allo, buyurun”.

“Salam. Missis Giffordla danışa bilərəmmi? Mən onun köhnə tanışıyam”.

“Danışan missis Gifforddur”.

Donald, səsdəki qəribə cazibəni unutmamışdı. Ya da ona elə gəlirdi ki, unutmayıb.

“Bu Donald Plantdır. Mən sizi on iki yaşımdan sonra görməmişəm”.

“Ooo…!”

Nidadan son dərəcədə gözlənilməzlik hiss edilirdi və çox nəzakətli səslənirdi. Lakin Donald bunun içərisində nə sevinci, nə də Nensinin onu tanıyıb-tanımadığını ayırd edə bildi.

“Donald!..” – səs dedi. Bu dəfə yaddaşı araşdırmaqdan daha artıq nəsə vardı.

“… şəhərə nə zaman qayıtmısan? – sonra mehribanlıqla, – İndi haradasan?”, – soruşdu.

“Yolüstü aeroportdayam, amma bir-iki saatdan sonra uçmalıyam”.

“Nə yaxşı! Gəl bizə, görüşək”.

“Amma, sən yatmağa hazırlaşmırsan ki, gec deyilmi?..”

“Aman Allah, əlbəttə yox, – dedi, – oturmuşam özümçün, viski içirəm. Sən taksiyə bu ünvanı de…”

Yol uzunu Donald dialoqu təhlil edirdi. Onun “yolüstü aeroportdayam” deməsi, üst zümrə burjuaziyaya mənsub olduğunun altını cızırdı. Nensinin tək olması isə, cazibəsi soluxmaqda olan, dostlarla əlaqə saxlamayan qadın mövqeyinə yetişməsinin göstəricisi ola bilərdi. Yəqin əri səfərdədir, ya da artıq yuxulayıb. Həm də, Nensi onun xəyalında həmişəlik on yaşlı qız olaraq qaldığı üçün viski onu şok etdi. Amma onun yaşının indi otuzu keçdiyini xatırlayıb özü-özünə gülümsündü.

Evə aparan əyri yolun sonunda – işıqlandırılan qapı ağzında, əlində qədəh tutmuş, qara saçlı, bəstə boylu gözəlliyi gördü. Xəyalının maddiləşərək gerçəkləşməsindən sarsılan Donald taksidən endi və dedi:

“Missis Gifford?”

O, kandarın işığında çevrildi və gözlərini geniş açaraq, heyrətlə Donaldı seyr etməyə başladı. Sonra duruxmuş baxışı təbəssüm əvəz etdi.

“Donald, bu sənsən?! Hamımız necə də dəyişmişik. Nə yaxşı ki, gəldin!”

İçəri keçəndə danışıqlarında “bütün bu illər” ifadəsi çox səslənirdi. Donald içində sanki nəyinsə düşdüyünü hiss etdi. Çünki, həm son dəfəki görüşləri yadına düşdü – Nensi velosipedlə gəlib onun yanından keçəndə ona sarı baxmadan, burnunu yuxarı tutaraq getmişdi. Həm də indi danışmağa söz tapmamaq qorxusu onu tutmuşdu. Biraz kollec məzunlarının görüşünə oxşayırdı. Amma orada keçmişdən danışmağa sözün tapılmaması ümumi qələbəlikdəki tələskənlik və səs-küy içində itib-batırdı. Burada isə bir saatlıq görüşün üzücü və boş keçəcəyi düşüncəsi onu dəhşətə gətirirdi. Ona görə başılovlu irəli atıldı.

“Sən həmişə sevimli olmusan. Amma, səni bu gözəllikdə tapmağımdan heyrətə gəldim”.

Bu “işlədi”. Durumlarının dəyişdiyinin qeyd edilməsi, cəsarətli kompliment, özlərini naqolay hiss edən uşaqlıq yoldaşlarını, tanış olmayan, lakin bir-birinə maraq göstərən adamlara çevirdi.

“Viski istəyirsən? – Nensi soruşdu, – Yox? Amma xahiş edirəm, mənim gizli içki düşkünü olduğumu düşünməyəsən. Sadəcə bu gecə qəmli gecədir. Ərimi gözləyirdim, amma teleqram vurdu ki, iki gün də gecikir. O yaxşı adamdır, Donald, həm də çox cazibədar kişidir. Biraz sənə oxşayır, saçınızın rəngi də eynidir”. Biraz tərəddüddən sonra, – “Məncə Nyu-Yorkda onun maraqlandığı kimsə var, amma bunu əminliklə deyə bilmərəm”.

“Səni görəndən sonra, məncə buna inanmaq mümkünsüzdür,” – Donald zəmanət verdi. “Mən altı il ailəli olmuşam və bir zamanlar özümə bu işgəncəni verirdim. Sonra bir gün götürüb qısqanclığı həyatımdan həmişəlik sildim. Arvadım həyatdan köçəndən sonra bunu etdiyimə sevindim. Çünki, yalnız xoş xatirələr qaldı – könül bulandıran, xəyal qıran, ağrı yaradan heç nə”.

Nensi onun üzünə diqqətlə baxdı, sonra mərhəmətli səslə dedi: “Çox təəssüf edirəm”.

Bir qədər zəruri pauzadan sonra: “Sən çox dəyişmisən. Bir başını bu yana çevir. Yadımdadır, atam deyirdi ki, “bu oğlanın başı var””.

“Sən də yəqin ona etiraz edirdin”.

“Mən heyrət edirdim. O ana qədər elə bilirdim hamının başı var. Ona görə bu, yaddaşımda möhkəm ilişib qalıb”.

“Yaddaşında başqa nə qalıb?” – Donald gülərək soruşdu.

Birdən Nensi ayağa qalxdı və cəld hərəkətlə biraz ondan aralandı.

“Eee… yaxşı da… bu olmadı,” – məzəmmətlə Donalda baxdı. “Məncə yaramaz qız olmuşam”.

“Yox, niyə ki, deyildin, – Donald qətiyyətlə dedi, – bax, indi içmək istərdim”.

Nensi viskini süzəndə üzünü yana tutmuşdu, Donald davam etdi:

“Elə bilirsən ki, dünyada öpülən balaca qız yalnız sən olmusan?”

“Bu mövzu çox xoşuna gəlir?” – onun sözünü kəsdi. Nensinin bir anlıq qıcıqlanması ötüşdü və: “Noolsun ki! Biz şənlənirdik. Mahnıdakı kimi,” – dedi.

“Kirşə ilə sürüşməyə gedəndə”.

“ Hə, – deyəsən haradasa piknikdə idik. Hə… Trudi Ceymsgildə. Bir də Frontenakda, yay günlərində”.

Donaldın yaddaşında ən yaxşı qalan kirşə ilə sürüşməyə getməkləri idi; orada, küləş tayasının yanında, onun soyuq yanağından öpməsi və Nensinin bu zaman göydəki ağ ulduzlara baxaraq bərkdən gülməsi. Növbəti oğlanla qız arxalarını onlara çevirmişdilər və o, qızın kiçik qulağını, boğazını öpürdü, amma dodağını – heç vaxt öpməmişdi.

“Bir də Maksgildə ad günündə poçt oyunu oynayanda. Mən ora gedə bilməmişdim, boğazım şişmişdi,” – Donald dedi.

“O mənim yadımda deyil”.

“Sən orada olmusan axı. Səni orada öpmüşdülər və mən qısqanclıqdan az qalırdım dəli olam, indiyə qədər o cür qısqanclıq keçirməmişəm”.

“Qəribədir, mənim yadıma gəlmir. Yəqin özüm unutmaq istəmişəm”.

“Niyə?” – Donald təəccüblə soruşdu. “Biz məsum uşaqlar idik. Nensi, mən hər dəfə həyat yoldaşıma öz keçmişim haqda danışanda səni də onun qədər sevdiyimi deyirdim. Məncə, həqiqətən səni onun qədər sevirdim. Biz bu şəhərdən köçəndə mən səni də ürəyimə girmiş ox kimi özümlə apardım”.

“Yəni bu qədər ürəyinə salmışdın?”

“Aman Allahım, hə! Mən…” – birdən Donald anladı ki, onlar bir-birilərinə çox yaxın dayanıblar, cəmi yarım metr məsafədə. Və o, elə danışır ki, sanki qarşısındakı qadını indi sevir, qadın isə dodaqları aralı dayanıb, dumanlanmış gözlərilə ona baxır.

“Davam et, – dedi Nensi, – utanıram deməyə, amma mənə xoşdur səni dinləmək. Sənin belə iztirab çəkdiyini bilmirdim. Elə bilirdim ki, əzabı yalnız mən çəkirəm”.

“Yalnız sən?! – Donald hayqırdı, – yadında deyil məni aptekdə necə atıb getməyin?!” – güldü. “Hələ mənə dilini də çıxardın”.

“Heç yadımda qalmayıb, mənə elə gəlirdi ki, sən məni atmısan,” – Nensi təskinlik jesti olaraq əlini yüngülcə onun qolu üzərinə qoydu. “Yuxarıda mənim şəkil albomum var, illərdir baxmamışam. Gedim gətirim.”

Beş dəqiqə ərzində Donaldın beynində iki fikir dolaşmaqda davam etdi. Birincisi, müxtəlif adamların eyni hadisə haqda xatirələrini tutuşdurub fərqin nədə olduğunu yoxlamağın ümidsiz mümkünsüzlüyü. İkincisi isə, indiki Nensinin, onun ürəyini uşaq Nensi qədər yerindən oynatması. Növbəti yarım saatı həyat yoldaşının ölümündən sonra duymadığı və heç vaxt duymayacağına ümid etdiyi hisslərlə keçirdi.

Onlar divanda oturub albomu açaraq aralarına qoydular. Nensi ona baxırdı, gülümsəyirdi, məmnun idi.

“Ay aman, necə də qəribədir, – dedi, – Sən nə qədər yaxşısan, məni xatirində belə… gözəl saxlamısan. Demək istəyirəm… kaş o vaxt mən bunu biləydim. Siz köçüb gedəndən sonra mən sənə nifrət edirdim”.

Donald zorla eşidiləcək səslə: “Çox əfsus” – dedi.

“Amma indi bu keçmişdə qalıb” – deyə Nensi onu sakitləşdirməyə çalışdı. Sonra birdən qeyri-iradi ona: “Öp məni, barış…” – dedi.

“… yaxşı həyat yoldaşı mənim kimi etməzdi,” – bir dəqiqə sonra dedi. ” Əslində, yəqin ki, ərə gedəndən sonra öpüşdüyüm heç iki kişi də olmayıb”.

Donald həyəcanlanmışdı. Amma daha çox çaşqınlıq içində idi. O, kimi öpmüşdü, Nensini? Öz xatirəsini? Yoxsa, həmən dönərək albomun səhifəsini çevirən, titrək və gözəl yad qadını?

“Bir dəqiqə gözlə, – dedi, – şəkilləri görmək üçün özümə gəlim”.

“Biz bunu daha etməyəcəyik. Mən özüm də elə möhkəm deyiləm”.

Donald çox məna verən bayağı ifadə dedi:

“Biz bir-birimizə yenidən vurulsaq çox dəhşətli bir şey olar, deyilmi?”

“Qurtar!” – səssizcə güldü. “Hər şey bitdi, o bir an idi. Mən o anı unutmalı olacağam”.

“Ərinə bunu demə”.

“Niyə? Mən ona hər şeyi deyirəm”.

“Bu, ona yara vurar, kişiyə belə şeyləri demək olmaz”.

“Yaxşı demərəm”.

“Məni bir dəfə də öp,” – Donald qəfil dedi. Amma Nensi artıq albomun yeni səhifəsini açıb barmağını sevinclə şəklin üzərinə vururdu.

“Bu sənsən, – qışqırdı, – özün bax”.

Donald baxdı. Qısa şalvar geyinmiş oğlan uşağı körpüdə dayanmışdı, arxasında yelkənli qayıq görünürdü.

“Bu şəkilin çəkildiyi gün mənim yadımdadır… – Nensi qalibanə gülürdü, – Kitti çəkmişdi, mən də ondan çırpışdırdım”.

Bir anlıq Donald şəkildə özünü tanıya bilmədi, sonra əyilib yaxından baxdı… heç tanıya bilmədi.

“Bu, mən deyiləm”, – dedi.

“Yox, sənsən. Frontenakda çəkilmişdi, biz ora yayda, mağaraya baxmağa gedirdik”.

“Hansı mağara? Mən Frontenakda cəmi üç gün olmuşam”. Yenə gözlərini biraz saralmış fotoya zillədi. “Bu, mən deyiləm. Bu, Donald Bauersdir. Bizim biraz oxşarlığımız vardı”.

Nensi gözlərini geniş açıb onun üzünə baxırdı, sonra arxaya söykəndi, sanki ondan uzaqlaşdı.

“Donald Bauers sənsən də!” – Səsini yüksəldərək dedi. “Yox.. sən deyilsən. Sən Donald Plantsan”.

“Telefonda sənə dedim”.

Nensi ayağa qalxdı – üzündə yüngül çaşqınlıq ifadəsi vardı.

“Plant! Bauers! Yəqin dəli olmuşam. Ya içkidəndir? Səni görəndə biraz qarışdırdım. Bura bax! Sənə nə demişəm?”

Donald albomun səhifəsini çevirə-çevirə rahib təmkinini saxlamağa çalışırdı.

“Heç nə” – dedi. Gözünün önündən onun olmadığı şəkillər – Frontenek, mağara, Donald Bauers keçirdi, – “Sən məni atdın!”.

Nensi otağın o biri tərəfindən danışırdı:

“Bunu heç vaxt danışmayacaqsan, – dedi, – belə söhbətlər çox tez yayılır”.

“Heç bir söhbət olmayıb,” – Donald tərəddüd içində idi. Amma düşünürdü ki:

“O, uşaq vaxtı pis qız olub”.

İllüstrasiya
İllüstrasiya

İndi birdən onun – qısqanclığı həyatından əbədilik silmiş adamın içi balaca Donald Bauersə qarşı vəhşi və azğın qısqanclıqla doldu. Otaqda beş addım atdı və keçən iyirmi il də, Uolter Giffordun varlığı da öz uğurları ilə birlikdə yoxa çıxdı.

Donald onun oturduğu kreslonun yanında gəlib bir dizi üstündə durdu, əlini onun çiyninə qoyaraq:

“Məni bir də öp, Nensi”, – dedi. Qadın özünü kənara çəkdi.

“Deyirdin ki, təyyarəyə çatmalısan”.

“Eybi yox. Mən onunla uçmaya bilərəm, bu vacib deyil”.

“Xahiş edirəm gedəsən, – soyuq səslə dedi, – mənim nə hiss keçirdiyimi də düşün”.

“Sən özünü elə aparırsan ki, guya məni tanımırsan, – qışqırdı, – guya Donald Plantı tanımırsan!”

“Xatırlayıram. Səni də xatırlayıram… Amma bütün bunlar çox keçmişdə olub”. Onun səsi yenə sərtləşdi: “Taksinin nömrəsi: Krestvud 8484”.

Aeroporta qayıdanda yol boyu Donald başını silkələyirdi. O, tamamilə özünə gəlmişdi, lakin baş verən hadisəni qavraya bilmirdi. Yalnız təyyarə yerdən ayrılıb qaranlıq səmanın köksünə girəndə və onun sərnişinləri yerdəki korporativ dünyadan fərqli bir aləm yaradanda, Donald yerdəki hadisə ilə öz uçuşu arasında bir paralel qurdu.

Göz qamaşdıran beş dəqiqə ərzində o, ağlını itirmiş adam kimi eyni zamanda hər iki dünyada oldu. Onun bütövlüyündə on iki yaşlı oğlan və otuz iki yaşlı kişi ayrılmaz və əlacsız şəkildə birləşmişdilər.

Donald həm də bu iki uçuş arasındakı saatlarda çox şey itirmişdi. Lakin ömrün ikinci hissəsi elə itirməkdən ibarət uzun bir proses olduğu üçün, güman ki, bu itki də o qədər əhəmiyyətli deyildi.

XS
SM
MD
LG