Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Rusiyada kommunistlərin dönüşü



Rusiya Kommunist Partiyası tərəfdarları Moskvada 23 fevral - Vətənin Müdafiəçisi Gününü qeyd edirlər - 2016.

Rusiya Kommunist Partiyası tərəfdarları Moskvada 23 fevral - Vətənin Müdafiəçisi Gününü qeyd edirlər - 2016.

-

Yanvarın sonunda Rusiya prezidenti Vladimir Putin Stavropol şəhərində çıxışında sovet kommunist lideri Vladimir Lenin-i pisləyib, onun millətçi siyasətinin Sovet İttifaqının dayaqları altında atom bombası kimi partladığını söyləyib. vox.com saytı yazır ki, əslində, Putin-in dedikləri bir tarix məsələsi deyil, bu gün onun hakimiyyətinə meydan oxuyan Kommunist Partiyası barədədir.

Gələn il 1917-ci il Bolşevik inqilabının 100 illiyidir və Rusiya Federasiyasının Kommunist Partiyası (KPRF) bu ildönümünün qeyd olunmasını istəyir.

«Üstəlik, builki parlament seçkilərində Putin 1999-cu ildə hakimiyyətə gələndən bəri ilk dəfə olaraq kommunistlərin ona ciddi problem yaradacağı görünür. Kommunist Partiyası əsl müxalifət partiyasına çevirməkdədir və daha bir inqilaba ümid bəslənməsə də, Putin hökumətini vacib islahatlara məcbur edə bilər», - yazıda vurğulanır.

Müəllif Mark Galeotti-nin fikrincə, KPRF illər boyu saxta müxalifət rolunu oynamaqdan narazılıq etməyib. Ancaq indi ölkə elitasında parçalanma əlamətləri görünür və yeni bir siyasi nəsil ortaya çıxmaqdadır. KPRF də daha açıqfikirli və tənqidçi bir qüvvəyə çevrilir.

450-yerlik Dumada 92 yerə sahib kommunistlər seçicilərə yaxınlaşmaqdan ötrü korrupsiyanı qabardır, antikorrupsiya planları təqdim edirlər. Bir qanun layihəsi korrupsiyada təqsirli bilinmiş istənilən fərdin dövlət işində çalışmasını qadağan etməyi nəzərdə tutur. Əksər postsovet ölkələri kimi, Rusiya üçün də bu, həssas məsələdir. Məsələn, keçmiş müdafiə naziri Anatoly Serdyukov 2012-ci ildə işdən çıxarılıb, onun 100 milyonluq mənimsəmə işində iştirakına dair iddialar vardı. Üç il sonra o, «Rostec» dövlət korporasiyasına direktor təyin olundu.

«Bu layihələr heç vaxt qanuna çevrilməyəcək; bu zaman nə qədər maraqlar riskə atılmış olar. Ancaq məsələ heç bunda da deyil. Sadəcə, bunları təklif etməklə kommunistlər status-kvoya meydan oxuyur və özlərini antikorrupsiya partiyası kimi göstərirlər. Korrupsiyanın Putin siyasi sisteminin qəlbində yerləşdiyini nəzərə alsaq, məsələ xeyli ciddiləşir».

Kommunistlər varlıların daha yüksək vergi ödəmələri olduğunu deyirlər. Rusiya xalqının üzləşdiyi real məsələlərdən danışmaqla onlar yoxsulluq, korrupsiya, pis idarəçilik kimi həssas məsələləri hamıya açıq etmiş olurlar.

Müəllif yazır ki, kommunistlərin Kremli diqqəti xarici macəralara deyil, ölkədaxili məsələlərə cəmləməyə məcbur edə biləcəyini söyləmək hələ tezdir. Bəlkə də sadəcə, Putin-in Rusiyada siyasi sistemin boynuna keçirdiyi əlini boşaltmış olacaqlar. İnqilabi olmasa da, hər halda sistemi daha yaxşıya yönləndirəcək. «Nə qədər ironik səslənsə də, kommunistlər Rusiyada demokratiya və islahatların irəliləməsinə töhfə vermiş kimi görünürlər», - müəllif vurğulayır.

Brüsseldə Avropa Birliyi-Türkiyə sammiti-7 mart 2016

Brüsseldə Avropa Birliyi-Türkiyə sammiti-7 mart 2016

AB-TÜRKİYƏ DANIŞIQLARININ ƏSL SƏBƏBİ

«Martın 7-də Avropa Birliyi ilə Türkiyənin çoxdan gözlənilən sammitinin rəsmi mövzusu miqrasiya idi. Tərəflər Avropaya qaçqın axınını dayandırmağın yollarını götür-qoy etsələr də, əslində, daha geniş mövzular dartışıldı – Avropa Birliyinin Rusiya ilə münasibətlərindən tutmuş Suriyadakı müharibəyədək». Bu barədə «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

AB liderləri Türkiyə ilə razılaşma əldə etməyə çalışır. Türkiyədən Yunanıstan adalarına keçən miqrantlar geri qaytarılacaq. Avropa Birliyi də hazırda Yunanıstan və Türkiyədəki bəzi suriyalı miqrantları üzv ölkələr arasında paylaşdıracaq.

Ancaq «Stratfor» yazır ki, hər hansı razılaşmanın qüvvəyə minəcəyinə inanmaq çox çətindir. Avropa Birliyi sığınacaq istəyənləri aylardır qitə ərazisində yerləşdirməyə çalışır, ancaq üzv ölkələr bunu gözardı edir: «İndi AB üzvlərinin Türkiyədən daha artıq miqrant qəbul edəcəyi heç ağlabatan görünmür. Hətta bəzi miqrantlar özləri də arzu olunmadıqları ölkələrə getməkdən imtina edə bilərlər. Almaniya və AB indiki məqamda ancaq bir şeyə ümid edə bilər ki, kiçicik sayda blok üzvü daha çox miqrant qəbul etsin».

«Türkiyənin də razılaşmanı olduğu kimi qəbul edəcəyi inandırıcı görünmür. Bazar ertəsi sammitində Türkiyə 3 milyard avrodan əlavə pul istəyib. AB vəd etdiyi vəsaitin hələ ki azacıq hissəsini Ankaraya verib. Ən vacibi, Türkiyə vətəndaşlarının Avropaya gediş-gəlişinin asanlaşdırılmasını, AB-yə üzvlük danışıqlarının sürətləndirilməsini istəyir. Ankara hər iki mövzuya AB üzvlərindən bəzilərinin ziddiyyətli münasibətindən agahdır. Və əslində, Türkiyənin niyyətləri bu iki məsələni də aşır».

Təhlildə qeyd olunur ki, Türkiyənin əsl niyyəti Suriya ilə sərhəddə qeyri-uçuş zonasının yaradılmasına nail olmaqdır. Ancaq Rusiyanın Suriyaya müdaxiləsi Moskvanın iştirakı olmadan Birləşmiş Ştatlar və AB-nin belə bir zona yaratmasını xeyli qəlizləşdirir, təhlükəli edir.

Suriyada uşaqlar - 2016

Suriyada uşaqlar - 2016

SURİYADA MÜHASİRƏDƏ QALAN UŞAQLAR

Beynəlxalq xeyriyyə təşkilatı olan «Save the Children» Suriya müharibəsinə dair yeni hesabat yayıb. Mühasirədə yaşayan və işləyən insanlarla müsahibələr əsasında hazırlanan hesabatda bildirilir ki, bu ölkədə, azı, 250 min uşaq daimi qorxu və məhrumiyyət içindədir.

«Mühasirə başlayandan çəkimin üçdə ikisini itirmişəm», - Şərqi Qutadan olan bir oğlan deyir. «Meyvə bizim üçün əlçatan bir şey deyil. Köşklərdə az sayda yerli göy-göyərti satılır».

Bu uşaqların problemi təkcə pis qidalanma, aclıq deyil. Onlar dava-dərmandan, tibbi müalicədən də məhrumdurlar.

«Uşaqlar ərzaq və dərman çatışmazlığından ölürlər. Bir neçə kilometr uzaqda isə yardımla dolu anbarlar yerləşir. Onlar dünyanın hərəkətsizliyinin bədəlini ödəyirlər», - qurumun prezidenti Carolyn Miles deyib.

Suriyanın şərqindəki Deyr-ez-Zor şəhərindən bir ata isə uşaqlarının bombalanmasını öz gözləri ilə görməsindən danışır: «Bomba yağışından dörd uşağım xəsarət aldı. Faciəvi səhnə idi, baxa bilmirdim… Uşaqların əl-ayağı yoxa çıxırdı…».

Günün bütün mövzuları

XS
SM
MD
LG