Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

-

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatović bu vəzifədə olduğu altı il ərzində qurumun 57 üzv ölkəsində mətbuat azadlığının pisləşdiyini deyir. Bu barədə Karneqi Fondunun saytında Judy Dempsey yazır.

Mijatović martın 10-da vəzifədən gedir. O, müəllifə deyib ki, media azadlığının getdikcə daha artıq təhlükəyə məruz qaldığını düşünür və bu dəyəri müdafiə etmək demokratik hökumətlərin boynuna düşür: «Ancaq Orta Asiyada buna əməl etmirlər. Burada media çox zəif durumdadır. Vaxtilə regionda bu mənada öndə gedən Qırğızıstanda media azadlığına təhlükə yaranıb».

Mijatović Azərbaycandan da danışıb. Deyib ki, prezident İlham Əliyev müstəqil jurnalistlərə və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı fasiləsiz təzyiq kampaniyası aparıb, onlarla fəal hazırda dəmir barmaqlıqlar arxasındadır.

«Çoxları belə düşünür ki, Azərbaycandakı təzyiq hökumətin Ukraynada prezident Viktor Yanukovych-in devrilməsi ilə nəticələnmiş Maydan hərəkatından qorxusu, yaxud neftin ucuzlaşmasıyla bağlıdır», - Mijatović deyib.

ATƏT təmsilçisi, səbəbindən asılı olmayaraq, beynəlxalq ictimaiyyətin bu tip təzyiqə reaksiyasını tənqid edir: «Mən və insan haqları ilə işləyən digərlərinin dediklərinə səs verən ölkələr olmalıdır. Hüquqlarının müdafiəsi səbəbindən həbsə atılanlar var. Qorxudulan, döyülən, öldürülən, məhkəmə istintaqı görməyən insanlar var. Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə baş verir».

Mijatović mətbuat azadlığına təsir göstərən bir səbəb kimi media sahiblərindən də söz açır. Belə ki, Rusiya, Ukrayna, Qərbi Balkanlarda media elita və oliqarxların siyasi alətinə çevrilib: «Rusiyada vətəndaş cəmiyyətinin necə zəiflədiyini görürsünüz. Müstəqil media yoxa çıxmaqdadır. Ancaq bu, çiyinlərimizi çəkməklə sonuclanmamalıdır. Peşəsini qorumaq istəyən insanlarla işləməliyik».

Polis İstanbulda «Zaman» qəzetinin tərəfdarlarına qarşı bibər qazından istifadə edir – 5 mart 2015

Polis İstanbulda «Zaman» qəzetinin tərəfdarlarına qarşı bibər qazından istifadə edir – 5 mart 2015

TÜRKİYƏ MEDİASI UÇURUMUN DİBİNDƏ

«The Independent» qəzeti Türkiyədə «Zaman» qəzetinin ofisinə ötən həftəki hökumət reydindən yazır. Müəllif Robert Ellis bunun, əslində, sürpriz addım olmadığını vurğulayır:

«Adı özünə uyğun gəlməyən Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə hakimiyyətə keçəndən lideri, hazırkı prezident Recep Tayyip Erdoğan ifadə və mətbuat azadlığı daxil olmaqla, individual haqları məhdudlaşdırıb. Erdoğan bir il öncə deyirdi ki, dünyanın heç yerində media Türkiyədəkindən azad deyil, ancaq onun əməlləri sözlərini ifşa edir».

Müəllif ötən ilin oktyabrında «Koza İpek» Media qrupuna polis basqınından, bu qrupa məxsus iki qəzet və iki televiziyanın bağlanmasından, eləcə də bu günlərdə Konstitusiya Məhkəməsinin iki jurnalisti buraxması qərarına Erdoğan-ın sərt reaksiyasından söz açır. Bütün bunların hökumətdə korrupsiyanın istintaqı çərçivəsində aparıldığı vurğulanır. Erdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan ilahiyyatçı Fethullah Gülen-in «ədliyyə çevrilişi» hazırladığını iddia edir. Gülen hərəkatının Türkiyə ədliyyəsində və polisdə xeyli tərəfdarının olduğu bildirilir:

«Erdoğan minlərlə polis əməkdaşının, hakimin, prokurorun təmizlənməsi əməliyyatına başlayıb. Əcinnə ovu dövlət qulluqçularından da yan ötməyib. Baş nazir əmr verib ki, dövlət qulluqçularının «özünü qanuni kimi qələmə verən təşkilat üzvləri» olduğu aşkarlanarsa, işdən çıxarılsınlar».

«Media qrupları, eləcə də AKP hökumətinin FETO – Fethullahçı Terror Təşkilatının üzvləri adlandırdığı biznesmenlər də hücumdan kənar qalmayıb. İroniya doğuran odur ki, Erdoğan-ın hakimiyyətə gəlməsinə məhz Gülen kadrları yardımçı olub. Ancaq AKP dairələrində geniş yayılmış korrupsiyaya dair açıqlamalardan sonra Gülen Erdoğan-ın qatı düşməninə çevrilib».

Donbasda Rusiya yönümlü separatçı.

Donbasda Rusiya yönümlü separatçı.

UKRAYNADA 2 MİNDƏN ÇOX RUSİYA HƏRBÇİSİ ÖLÜB

Ukraynanın şərqində Rusiyadan 2 mindən çox hərbçi ölüb. Baxmayaraq ki, Moskva qonşu ölkəyə hərbçi göndərmədiyini bildirir.

«The Newsweek» dərgisi qeyd edir ki, Rusiya Ukraynanın şərqinə nəinki hərbçi, heç silah-sursat da göndərmədiyini desə də, bu günlərdə açıqlanan rəsmi məlumat bunun əksini göstərir. Prezident Petro Poroshenko-nun mətbuat katibi Svyatoslav Tsegolko Twitter-də Donbasda 2 min 81 rusiyalının həlak olduğunu yazıb. O, «Cargo 200» adlı Rusiya-Ukrayna təşkilatının onlayn məlumatına link də yerləşdirib.

Bu qrup Ukrayna münaqişəsində həlak olan hərbçilərə dair statistikanı vaxtaşırı dərc edir. Ölən rusiyalıların adları əlifba sırasıyla verilir, onların doğum və ölüm tarixləri göstərilir.

«The Newsweek» qeyd edir ki, ilk dəfədir Ukrayna hökuməti bu təşkilatın rəqəmlərini açıqlayır. «Cargo 200» özünü Ukrayna və Rusiya əsgər analarının birliyi adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG