Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

«Polis şöbəsində ömürlük əlilə çevrilmişəm»


Alı Mustafayev
Alı Mustafayev

-

«Mingəçevir polisində saxlandığım 7 gündə üstümə nə az, nə çox 15 dəfə çağırışla təcili yardım briqadası gəldi. Səhhətim ağırlaşdı, mənə lazım olan dərmanı vermədilər, nə iynələr vurdular, heç bilmədim. Bircə onu bilirəm ki, artıq ömürlük əlilə çevrilmişəm».

Alı Mustafayev Mingəçevir şəhər sakinidir. AzadlıqRadiosuna danışır ki, bu il yanvarın 14-də onu Mingəçevir polisinə dəvət ediblər.

«BÖHTAN İDİ»

Başına nələr gəlib, danışır: «Həmin vaxt Qubada, Siyəzəndə, Füzulidə və başqa bölgələrdə aksiyalar qızışmışdı. Polis şöbəsinin rəisi dedi ki, guya onlarda belə məlumat var ki, mən növbəti günə – yanvarın 15-nə Mingəçevirdə aksiya təşkil etmişəm. Əlbəttə ki, mənə qarşı böhtan idi. Polis guya böyük bir aksiyanın qarşısını aldığını deyir. Dəlil, sübut tələb etdim. Üzümə bir nəfər qoydular, o adamın Mingəçevirdə üzünə dayanmadığı insan qalmayıb. Məhkəməyə aparıb İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə mənə 7 sutka həbs kəsdilər».

Alı Mustafayev deyir, bir sıra xroniki xəstəliklərə görə gündəlik dava-dərmanlardan istifadə edir. Ancaq polis şöbəsində saxlandığı müddətdə həmin dərmanlardan məhrum olub: «Vəkil və dərmanlarımı tələb etdim, heç birini yerinə yetirmədilər. Halım pisləşdikcə təcili yardım briqadası çağırmaqla kifayətləndilər. Gələn həkimlər də mənə məlum olmayan iynələrdən vurub gedirdilər. Halbuki, mən xüsusi dərmanlar qəbul edirəm, elə bir dərmanımın qiyməti 100 dollardır. O dərmanı bir dəfə qəbul edirəm, 15 gün bəs edir».

Deməsinə görə, polis şöbəsindən buraxılandan sonra – yanvarın 22-dən fevralın 2-dək Mingəçevir Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunub. Lakin səhhətində ağırlaşma sürətləndikcə müalicəsini Bakıda – M.Topçubaşov adına Elmi-Təhqiqat Cərrahlıq Mərkəzində davam etdirib. Yenə faydası olmayıb.

«HÜQUQU POZULMUŞ İNSANLAR ÜÇÜN ÇALIŞIRAM»

Bəs niyə polis şöbəsinə məhz onu dəvət ediblər və özü demişkən, şərləyiblər? Alı Mustafayev uzun illərdir ki, Qızıl Aypara Cəmiyyətinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin müxtəlif layihələrində çalışdığını deyir. Başına gələnləri də ictimai fəaliyyəti ilə əlaqələndirir:

«Respublikanın əməkdaş məşqçisi Baba Mustafayev atamdır. Onun adına olan Azərbaycan-Avropa İdman Klubunun həm təsisçisi, həm də direktoruyam. Mingəçevirdə İdman İnkişaf Mərkəzinin rəhbəriyəm. Əvvəllər də Mingəçevirdə Təhsil Mərkəzinin direktoru olmuşam. 22 ildir QHT-lərlə hüququnu bilməyən insanlara həm hüquqi, həm maddi yardım göstərirəm. Mingəçevirdə hüququ pozulmuş insanlar üçün çalışıram, onların dərdlərini nazirlərə çatdırıram, mətbuata çıxardıram, ərizələr yazıram, qəbullara düşürəm. Onu da deyim ki, maddi və hüququ yardım göstərdiyim insanların çoxu ömürlük əlillərdir. Bir sözlə, ictimai fəaliyyətim polis rəisini qane etmir. Düşünür ki, bu yolla insanları ələ ala bilərəm və sair».

Alı Mustafayevin sözlərinə görə, dəfələrlə ona ictimai fəaliyyətdən əl çəksin deyə, xəbərdarlıq olunub. Düşünür ki, 7 sutkalıq cəzaya məhkum edilməsi də bu məqsədə xidmət edib: «7 sutkanın tamamında xəbərdarlıq etdilər ki, mətbuata, saytlara çıxmayım, adamların problemlərini ictimailəşdirməyim. Rəis açıq şəkildə dedi ki, «çıx get buradan, heç kəsin işinə qarışma, yoxsa bu dəfə əlimə keçsən, sənə bundan betərini edəcəyəm»».

«ÖLKƏ DAXİLİNDƏ MÜALİCƏM YOXDUR»

Alı Mustafayev yanvar ayında barəsində çıxarılmış 7 sutkalıq həbs qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət verib. Səhhətinə vurulmuş zərərlə bağlı isə polisə qarşı təzminat tələbi ilə əlavə məhkəməyə müraciət edəcəyini deyir: «Ölkə daxilində müalicəm yoxdur, xarici ölkədə müalicəm isə çox vəsait tələb edir. Səhhətimin ağırlaşmasına və müalicəmin ölkə daxilində mümkünsüzləşməsinə polis səbəbkar olub, xərcini də o ödəsin».

Mingəçevir şəhər Polis Şöbəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna əvvəl bildirilib ki, polis rəisi işdə olmadığına görə məlumat verə bilməzlər. Qeyd etdikləri vaxtda şöbəyə təkrar zəng vuranda, AzadlıqRadiosundan olduğumuzu bildirən kimi «rəis hələ gəlməyib, nə sualınız varsa, Daxili İşlər Nazirliyinə zəng edin» deyərək telefonu qapatdılar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG