Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07

-

"Əgər tarı seçsəydim, hər gün aləti özümlə musiqi məktəbinə aparıb gətirməyə məcbur olacaqdım. Qorxulu uşaqlar yolda qabağımı kəsib tarı əlimdən alıb sındıracaqdılar."

"Müəlliməm mənə dərs keçmək əvəzinə güzgüdə sifətinə baxıb müxtəlif vəziyyətlərdə gülümsəyirdi və hansı cür gülümsəməyin ona daha çox yaraşdığını müəyyən etməyə çalışırdı. Mən də sakitcə oturub ona baxırdım."

Seymur Baycan

Kiçik hadisələrin böyük mahiyyəti haqqında

İkinci Dünya Müharibəsindən bəhs edən "Sakit üfüq" adlı məşhur sovet filmi var. Yaşlı nəslə bu film çox yaxşı tanışdır. Sovet zamanı ildə azı bir dəfə bu film nümayiş olunurdu.

"Sovet dövründə çəkilmişlər haqqında" adlı yazımı yazmazdan əvvəl bu filmə bir daha baxdım. İkinci dünya müharibəsindən bəhs edən sovet filmlərinə son illərdə münasibətimin, ümumilikdə götürəndə kino zövqümün dəyişməsi səbəbindən "Sakit üfüq" filmi bu dəfə mənə əvvəlki qədər emosional təsir göstərmədi.

İkinci Dünya Müharibəsindən bəhs edən əksər sovet filmlərində olduğu kimi, bu filmdə də xeyli pafos, sovet ideologiyasının diktə etdiyi xeyli yalanlar var. Lakin filmə bu dəfə baxanda əvvəllər görə bilmədiyim, daha doğrusu, görüb diqqət etmədiyim bir səhnə neçə vaxtdır bəndənizi bir çox məsələlər barəsində dərin düşüncələrə dalmağa vadar edib.

Üzrlü hesab edin, iki seriyali "Sakit üfüq" filminin süjetini yaza bilməyəcəm. Baxanlar baxıb, yazıda nə demək istədiyimi daha canlı hiss etmək istəyənlər isə ərinməsələr, filmi tapıb baxa bilərlər.

Filmin sonunda radio vasitəsilə sovet məlumat bürosunun axşam xəbərləri verilir. Xəbərlərdə deyilir ki, cəbhədə elə də ciddi hadisə baş verməyib, elə bir ciddi döyüş olmayıb, yalnız bəzi yerlərdə yerli əhəmiyyətli döyüşlər baş verib.

Elə "Sakit üfüq" filmi də bu yerli əhəmiyyətli döyüşlərdən biri haqqındadı. Yerli əhəmiyyətli döyüşlər... Bu cümlə necə də ağır səslənir! Bəs bu yerli əhəmiyyətli döyüşlərdə iştirak edənlər, ölənlər insan deyilmi?

Bu yerli əhəmiyyətli döyüşlərdə ölənlər sağ qalmaq, yaşamaq, həyatlarına davam etmək istəmirdilərmi? Bu yerli əhəmiyyətli döyüşlərdə iştirak edən adamların yolunu gözləyən, onlar üçün darıxan, onlar üçün həyəcan keçirən, onlar üçün dua edən doğmaları, tanışları yoxdurmu?

Özü də "Sakit üfüq" filmində yerli əhəmiyyətli döyüşdə ölən adamların müharibədən əvvəlki həyatlarına aid səhnələr də var. Bu səhnələrdən aydın olur ki, onlar sağ qalmaq, həyatlarına davam etmək, doğmalarına, sevdiklərinə qovuşmaq, arzularını həyata keçirmək istəyirlər.

Bu yerli əhəmiyyətli döyüşlər böyük tarixi hadisələrin, böyük döyüşlərin fonunda zahirən nə qədər balaca, əhəmiyyətsiz görünsə də yenə də söhbət insan həyatından, insan taleyindən gedir.

İstər kino olsun, istərsə də ədəbiyyat, elə incəsənətin də ən böyük funksiyalarından biri kiçik hadisələrlə böyük hadisələr arasında əlaqə tapmaqdan, kiçik hadisələrlə böyük hadisələr arasında əlaqə yaratmaqdan ibarətdir

Baş verən hadisələrin kiçik miqyası, kiçik coğrafiya dəyərlər uğrunda mübarizə aparan, yazan, yaradan, quran, öyrədən, əkən, becərən, paylaşan adamlarda bəzən ruh düşkünlüyünə doğru aparan çaşqınlıq yaradır.

Bəzən onların mübarizəsi, yazdıqları, yaratdıqları böyük hadisələrin, böyük tirajların, böyük proseslərin fonunda balaca, əhəmiyyətsiz, lazımsız görünür.

Bəzən onlar doğurdan bu mübarizə lazımdırmı, doğurdan yazmaq lazımdırmı, doğurdanmı yaratmaq lazımdır, doğurdanmı öyrətmək lazımdır kimi amansız sualların qarşısında dayanmalı, bu amansız suallara heç olmasa öz içlərində səssiz cavab axtarmalı olurlar.

Mən lazımammı, mənim gördüyüm iş lazımdırmı kimi amansız suallar...

Mübarizə sözü işlətdikdə təkcə siyasi məzmunlu mübarizəni nəzərdə tutmuram.

Bir idealist əyalət həkimi, işinə vicdanla yanaşan bir kənd müəllimi, üçüncü növ ölkənin haqq sözü deyən yazarı, bərəkətsiz, münbit olmayan bir torpaqda bağ yaratmaq istəyən bir bağban da zaman-zaman mən lazımammı, mənim gördüyüm iş lazımdırmı kimi suallardan narahat ola bilər.

İnsan bu ağır suallara gördüyü işin xeyrinə konkret cavab tapmasa, onun yorulması, ruhdan düşməsi, əlinin-qolunun işdən soyuması ehtimalı böyükdür.

Gəlin, bir suala konkret cavab verək. Hadisələrin kiçik miqyası bu hadisələrin iştirakçılarının bir şəxs kimi əhəmiyyətini azaldırmı? Əsla. Brecht deyirdi ki, əgər heyatında böyük hadisələr baş verməyibsə, kiçik hadisələrdən yaz.

Biz həyatımızda baş verən kiçik hadisələrlə böyük miqyaslı hadisələr arasında fərqliliklər deyil, oxşar cəhətler axtarıb tapmalıyıq. Bu çox vacib, olduqca ciddi bir nüansdır.

Qoy özünü mübariz hesab edən hər bir kəs bir suala öz içində səmimi cavab versin. O, nəyin uğrunda mübarizə aparır? Dəyərlərin uğrunda, yoxsa şöhrətin?

Kim öz həyatında baş verən kiçik hadisələrlə böyük miqyaslı hadisələr arasında oxşar cəhətləri axtarıb tapmağa çalışsa, buna müyəssər olsa, tutduğu yoldan, gördüyü işdən yorulmaz.

Məgər yüzlərlə, minlərlə kiçik hadisələr birləşərək bəşəriyyətin ümumi tərəqqisinə doğru aparan yolun əhəmiyətli bir hissəsini təşkil etmirmi? Məgər tarixin yüzlərlə, minlərlə kiçik epizodları birləşərək tarixin tərəzisində tərəqqinin xeyrinə əhəmiyyətli dərəcədə bir ağırlıq yaratmırmı?

Müəyyən bir dəyərə sahib olduqdan və bədii-estetik zövqümüz formalaşdıqdan sonra yaddaşımızın vasitəsilə keçmişimizə səyahət etməliyik.

Öz taleyimizə, yaşadığımiz həyata qiymət vermək, hardan gəlib hara getdiyimizi anlamaq məqsədilə keçmişimizə etdiyimiz səyahət zamanı ən ali duyğular, xüsusən minnətdarlıq və peşmanlıq duyğusu bizim ən səhih bələdçimiz olmalıdır.

Yuxarıda yazılanlarla həyat arasında körpü yaratmaq, mövzunu konkretləşdirmək ucun iki nümunə yazmalı olacam. Bu nümunələrdən biri peşmanlıq duyğusuna, o biri isə minnətdarlıq duyğusuna aiddir.

Ola bilsin söhbətin gec çatdığı, bəzən heç ümumiyyətlə çatmadığı, qabırğaları standartlardan qat-qat qalın olan, başı seriyayla buraxılan bəzi vətəndaşlarımız üçün bu iki nümunə münasib hesab edilməsin. Ona görə müəllif bu nümunələri yazarkən bir az ədəbiyyatın köməkliyindən istifadə etməli olacaqdır. Allaha təvəkkül, bəlkə nəsə alindi.

Birinci nümunə - peşmanlıq duyğusu

... Məktəbdə hökm sürən ciddi ab-havaya baxmayaraq, yumşaq, həlim müəllimlərə də rast gəlinirdi. Adətən bu müəllimlər rəsm, nəğmə və əmək müəllimləri olurdular.

Şagirdlər fürsətdən istifadə edib bütün axmaq hərəkətlərini bu yumşaq müəllimlərin dərsində həyata keçirirdilər. Səs-küy, toz-duman sinfi başına götürürdü.

Belə müəllimlərin dərsində elə olurdu ki, başqa ciddi müəllimlər sakitliyi bərpa edirdilər. Müəllim nüfuzunun aşağı düşməsi, şagirdlərin müəllimə qarşı ədəbsiz hərəkətləri ciddi müəllimlərə pis təsir göstərirdi.

Amma ciddi müəllimlər yumşaq müəllimlərin dərsində asayişi çox incə bir siyasətlə bərpa edərdilər. Şagirdlərin çəkindiyi, qorxduğu ciddi müəllimlər guya nəsə soruşurmuş kimi, nəsə lazımmış kimi (məsələn, sinif jurnalı) özünü göstərərək, qəfildən sinfə daxil olurdular.

Sizi qınamıram, qılınc müsəlmansınız. Sizlə başqa cür danışmaq lazımdır, mən də uşaq döyməyi bacarmıram...

Ən nadinc şagirdlərdən bir-ikisinin yaxasından yapışıb müəllimlər otağına aparıb orada şillələyirdilər.

Bir hadisə heç yadımdan çıxmaz. Bizim nəğmə müəllimimiz yumşaq, şagirdə əl qaldırmayan müəllimlərdən idi. Uşaqlar onun dərsində səs saldıqda, ya nəsə şagirdə yaraşmayan hərəkət etdikdə deyərdi:

“Sizi qınamıram, qılınc müsəlmansınız. Sizlə başqa cür danışmaq lazımdır, mən də uşaq döyməyi bacarmıram...”

Ümumiyyətlə, bu ifadəni, “qılınc müsəlmanı” sözünü məktəbdə müəllimlərin dilindən tez-tez eşidirdim. Mənası da bu idi ki, biz müsəlmanlığı öz xoşumuzla deyil, qılınc gücünə qəbul etmişik. Ona görə də bizim adamlara sözlə heç nəyi başa salmaq olmur, onlara gərək döyə-döyə, söyə-söyə nəsə başa salasan. Döyülməsə, uşaqlar dərs oxumazlar, qaydalara riayət etməzlər.

Uşaqlar nəğmə müəlliminin dərsində yazı taxtasına axmaq bir söz yazmışdılar. Müəllim sinfə girib birtəhər uşaqları yerlərində oturda bildi. Çox çətinliklə sakitliyi bərpa etdi. Yazı taxtasındakı sözü görəndə duruxdu. Bir neçə şagirdə ayağa qalxıb taxtadan sözü silməyi tapşırdı.

Şagirdlərdən heç biri, həmçinin qızlar da ayağa qalxmadılar. Hərə bir söz dedi. Hərə bir bəhanə gətirdi. Bu açıq-aşkar qudurğanlıq, vəziyyətdən sui-istifadə etmək idi.

Nəğmə müəllimimizin oğlu atasının məktəbdəki vəziyyətindən, şagirdlərin onu saymamasından, başına oyun açmalarından əziyyət çəkirdi. Amma nə edə bilərdi, özü də atası kimi yumşaq, sakit, başıaşağı, heç kimə pisliyi dəyməyən bir insan idi. Əgər qoluzorlu biri olsaydı, uşaqlar heç olmasa oğlundan qorxub ataya bir az hörmət edərdilər.

Nəğmə müəllimi məni bir nümunəvi şagird kimi tanıyırdı. Arxada oturmuşdum. Adımı, familiyamı çəkib yazı taxtasındakı sözü silməyimi xahiş etdi. Lakin elə iyrənc və murdar hərəkətə yol verdim ki, bu hərəkətim bu günə qədər məni incitməkdədir.

Yaş üstünə yaş gəldikcə, zaman ötdükcə bu hərəkətim mənə daha çox əziyyət və əzab verməkdədir. Heç cürə bu hərəkətimə haqq qazandıra bilmirəm. Hətta uşaq olduğum o vaxtlar bir çox şeyləri qanmamağım da heç cür karıma gəlmir.

Mən onun axırıncı gümanı idim. Lakin mən də sinifdəki ümumi ab-havaya uyaraq, yazı taxtasındakı sözü silməkdən imtina etdim. Bu hərəkətim açıq-aşkar onu sarsıtdı.

Yaxşı ki, qorxduğumuz və çəkindiyimiz müəllimlərdən biri on dəqiqəlik, sinif jurnalı lazımdır bəhanəsiylə sinfə daxil oldu. Bayaq sinifdə toz-duman qaldıran, partaların üstündə oynayan uşaqlar cücəyə döndülər.

Sinif rəhbərimiz yazı taxtasındakı sözü gördü. Üç-dörd şagirdi müəllimlər otağına apardı... Bir neçə şagirdə isə sabah valideyni ilə məktəbə gəlməyi tapşırdı. Nə yaxşı ki, o gəldi. Heç olmasa bir balaca bundan təsəlli ala bilirəm...

Bu yazı masası Hermann Hesse'yə məxsus olub

Bu yazı masası Hermann Hesse'yə məxsus olub

Qoy keçmişdə törətdiyimiz günahlar bizim vicdanımızı daima qamçılasın. Biz isə ağrıyan vicdanımızı yalnız və yalnız xeyirxah əməllərin sahibi olmaqla, fədakarlıq etməklə, başqalarına faydalı olmaqla sakitləşdirək.

Əgər biz ağrıyan vicdanımız üstünə xeyirxah əməllərimizi məlhəm kimi sürtməyi bacarsaq, Hessenin təbirincə desəm, keçmiş günahlarımız bizi müqəddəsliyə apara bilər.

Peşmanlıq duyğusuna aid yazdığım bu nümunəni oxuyan bir cox vətəndaşlarımız düşünə bilərlər; axi burda nə var? Burada əziyyət çəkməli elə bir hadisə baş verməyib.

Vicdan nə qədər həssasdırsa, günah bir o qədər böyükdür.

John Steinbeck

John Steinbeck

​Yadıma ​Steinbeck'in ”Qəzəb salxımları” əsəri düşür. Əsərin qəhrəmanlarından biri, Corc əmi arvadının ölümünə görə özünü dəhşətli dərəcədə günahkar hesab edir. Corc əmi dəhşətli dərəcədə vicdan əzabı çəkir. Çünki arvadı ağrılardan şikayətləndikdə Corc əmi bu şikayətləri ciddiyə almamış, arvadını doktora aparmamış, ağrını arvadının yediyi yeməklə əlaqəlendirmiş və keçici olduğunu düşünmüşdü.

Corc əmi ağrıyan vicdanını sakitləşdirmək üçün adamlara xeyirxahlıqlar edir, faydalı olmağa çalışır. Hər şey onu təsirləndirir. Gunahını yumaq üçün elə hey yollar axtarır. Elə hey keşiş Cim Keysiyə mən günahımı necə, hansı yollarla yuya bilərəm - sualı verir.

Bir dəfə belə söhbət zamanı keşiş Cim Keysi Corc əmiyə deyir: Sənin özünü bu qədər günahkar hesab etməyin sənin vicdanının həssaslığı ilə bağlıdır. Sənin bağışlanmaz günah hesab etdiyin hadisə başqaları üçün sadəcə adi bir səhvdir.

İkinci nümunə - minnətdarlıq duyğusu

Necə oldu musiqi məktəbinə getdim, niyə bu qərara gəldim, bu haqda danışmayacam. Qərarı özüm vermişdim. Musiqi məktəbində qısa müddətdə ad çıxaracağıma evdəkilər bərk inanırdılar. İnanırdılar ki, qısa vaxt ərzində öz istedadımı ortaya qoyacam.

Qalırdı musiqi aləti seçmək. Böyüklər tar sinfinə getməyimi istəyirdilər. Çünki o vaxtlar ölkədə qırmızı gitara möhkəm dəbə minmişdi. Tar sinfini bitirənlər toylarda qırmızı gitarada ifa edərək çoxlu pul qazanırdılar. Tardan zəndeyi-zəhləm gedirdi.

Həm də musiqi məktəbi qorxulu məhəllədə yerləşirdi. Həmin məhəllənin uşaqları musiqi məktəbinin şagirdlərinə qan uddururdular.

Uşaqları yolda tutub döyür, paltarlarını cırır, ağ köynəklərini palçığa batırır, musiqi alətlərini əllərindən alıb sındırırdılar. Əgər tarı seçsəydim, hər gün aləti özümlə musiqi məktəbinə aparıb gətirməyə məcbur olacaqdım. Qorxulu uşaqlar yolda qabağımı kəsib tarı əlimdən alıb sındıracaqdılar.

Bu kimi səbəblər üzündən qarmon alətini seçməli oldum. Qarmon sinfinə gedənlər musiqi məktəbinə alət aparıb gətirməkdən azad olunmuşdular. Uşaqları məktəbdə qarmonla dövlət özü təmin edirdi. Bununla belə, evdə məşq etmək üçün mənə "Kazan" markalı qəşəng bir qarmon aldılar.

Qarmonu musiqi alətləri satılan mağazanın müdirinin evindən ədəb-ərkanla şəxsən özüm evimizə gətirdim. Böyük tələbat olan musiqi alətlərini mağazanın müdiri mağazada deyil, evdə bir neçə qat baha qiymətə yaxın adamlara, tanishlara satırdı. Mağazada isə skripka, kontrabas kimi alətlər aylarla, illərlə dayanıb öz alıcısını gözləyirdi. Bu alətlər heç kimə lazım deyildi.

...Lap qısa zamanda böyüklərin mənə olan etimadlarını və ümidlərini alt-üst etdim. Məlum oldu ki, məndə heç bir musiqi istedadı yox imiş.

Qarmon müəllimim rayonun ən gənc və ən ədabaz müəllimlərindən biri sayılırdı. Yaşıl rəngli təzə "Jiquli"si vardı. Müəllimim bu maşına bütün şagirdlərindən daha çox diqqət göstərirdi. Məktəbə girəndə və çıxanda maşının təkərlərini qaraldırdı. Onsuz da tərtəmiz olan şüşələri həvəslə silirdi. Zövqlə geyinirdi, bahalı ətirlər vururdu.

Ümumiyyətlə, musiqi məktəbində həm qadın, həm də kişi müəllimlər ətirdən gen-bol istifadə edirdilər. Məktəbdə müxtəlif ətir iyləri bir-birinə qarışırdı. Elə bil hər bir müəllim başqa müəllimin vurduğu ətrin iyini öz ətrinin iyi ilə öldürməyə çalışırdı. Qıraqdan baxan deyərdi ki, onlar dünyaya yalnız ətir vurmaq üçün gəliblər. Müəllimim məktəbin ən çox ətir vuran müəllimlərindən biri idi.

O, çox vaxt dərsə gəlmirdi. Tipik rayon ədabazı olan müəllimim dostlarıyla orda-burda əylənirdi. Rəhbərlik tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət vermirdi. Mən çox vaxt musiqi məktəbində avaralanıb sonra evə qayıdırdım.

Dərsə gəldikdə isə o, pəncərəni açıb siqaret çəkirdi. O vaxtlar çətinliklə tapılan qırmızı rəngli "Marlboro" qutusunu masanın üstünə atırdı. Sonra ev tapşırığını öyrənib-öyrənmədiyimi yoxlamadan mənə təzə ev tapşırığı verirdi.

Bəzən qəflətən əsəbiləşir, dayandığım yerdə məni danlayır, məni tupoy adlandırırdı. Tez-tələsik qarmonda bir mahnı ifa edib təzədən siqaret çəkirdi. Yaxud başqa otağa gedib cavan müəllimlərdən birini özünə həmsöhbət seçirdi.

Müəllimim mənə düz-əməlli dərs keçmirdi. Öz işinə laqeyd yanaşırdı. Onu daha çox öz əyləncəsi maraqlandırırdı. Beləliklə, məcbur qalıb böyüklər məni başqa müəllimin sinfinə keçirdilər.

Müəllimimin cinsi dəyişsə də vəziyyət dəyişmədi. Bu qadın da mənə düz əməlli dərs keçmədi. O, sinfə başqa bir müəlliməni dəvət edirdi. İki müəllimə paltar, ətir, bəzək-düzək haqqında söhbət edirdilər. Mən isə sakitcə oturub onlara qulaq asırdım. Onlar bəzən səslərini lap aşağı salırdılar. Təmiz və səliqəli geyinməyim müəlliməmin çox xoşuna gəlirdi. Bir dəfə sinfə başqa bir müəllimə girdi. Məni göstərərək dedi:

- Bunu iki dəqiqəlik mənə verə bilərsən?

Müəlliməm mənalı-mənalı dedi:

- Hara istəyirsən, götür apar. Ha ha ha…

Müəllimə məni başqa bir sinif otağına apardı. Otaqda köhnə pianonun yanında açıq-aşkar həyəcan keçirən dörd şagird dayanmışdı. Onların hamısı boğaza qədər zığa, palçığa batmışdılar. Çəkmələrinin rəngi palçıqdan görünmürdü.

Sizi evdən belə buraxıblar? Sizin kimi uşaqdan otuzun saxlayaram. Bura məktəbdir, yoxsa ferma?

Onsuz da qırış-qırış olan şalvarlarını palçıq daha da bərbad vəziyyətə salmışdı. Onlar, deyəsən, yolda süpürləşmişdilər, ya da palçıqlı yolda qaçmışdılar. Çünki palçıq ləkələri paltolarını belə, yaman günə qoymuşdu.

Müəllimə məni uşaqlara göstərib bərk qışqırdı:

- Baxın, belə geyinmək lazımdır. Görürsünüz, necə səliqəli geyinib? Bir özünüzə baxın. Nə gündəsiniz?! Bu nə gündür belə? Sizi evdən belə buraxıblar? Sizin kimi uşaqdan otuzun saxlayaram. Bura məktəbdir, yoxsa ferma? Bu viddə-fasonda məktəbə gəlməzlər. Başqa müəllimlərin uşaqları məktəbə çiçək kimi təmiz gəlirlər, mənimkiləri, elə bil meşədən buraxıblar. Bu nə gündür? Niyə təmiz geyinmirsiz, söz soruşuram, siz məktəbə gəlmisiniz, yoxsa fermaya?

Uşaqlar sakitcə dayanmışdılar. Onlardan biri uzaq qohumum idi. Onların sakitcə dayanmaqları müəlliməni daha da əsəbiləşdirdi. Müəllimə onlara yaxınlaşıb birinin qulağını bərk dartdı. Birinin saçını yoldu. Başqasının sifətinə iki-üç şillə vurdu.

Sonra da uşaqları sinifdən qovdu. Dedi ki, kim məktəbə pinti geyinib gəlsə, ona dərs keçməyəcək. Qapıçıya da tapşıracaq ki, pinti geyinən uşaqları məktəbə buraxmasın. Dərsə pinti geyinib gələn şagirdlərə qarşı sərt tədbirlərin görülməsi üçün məktəbin direktorunun adına ərizə yazacaq.

Müəllimə uşaqları danlayanda mən özümü pis hiss edirdim. Müəllimə uşaqları döyməyə başlayanda özümü lap pis hiss etdim.

Müəllimə arıq, solğun sifətli bir qadın idi. Belə bir qadının uşaq döyməsi mənə qəribə gəlirdi. Küçədə adam onu görsəydi, heç zaman ağlına gəlməzdi ki, belə solğun sifətli bir qadın uşaq döyə bilər. Onun məni pinti geyinən uşaqlara nümunə göstərməsi heç ürəyimcə deyildi.

Proses bitəndən sonra müəllimə məni gətirib öz müəlliməmə təhvil verdi. Sifətinin ifadəsi dəyişdi və heç nə olmamış kimi, bir az da söhbət etdilər. Bir həftə keçmədi ki, məktəbdə təzə qayda qoyuldu. Qaydaya görə, məktəb binasından içəri girənlər ayaqqabılarını dəyişməliydilər.

Müdirin nümayəndəsi özü qapıda durmuşdu. O, uşaqları dəhlizdə toplayır və eyni sözləri təkrar edirdi: "Məktəb – mədəniyyət ocağıdır. Onu qorumalıyıq. Təmiz saxlamalıyıq. Bura ferma deyil. Evinizdən çust gətirməlisiniz. Məktəbə zığlı, palçıqlı ayaqqabılarla girmək olmaz".

Doğrudan da, yağış yağanda bütün məktəbi palçıq bürüyürdü. Divarlarda, hətta partaların üstündə belə palçıq görmək olurdu. Yaşlı xadimə isə deyinə-deyinə, uşaqları qarğıya-qarğıya bütün günü məktəbi palçıqdan təmizləyirdi.

Beş-altı dikbaş şagirddən savayı hamı yeni qaydaya əməl etməli oldu. Müdirin işə qarışmasıyla o beş-altı dikbaş şagirdin də müqaviməti qırıldı. Beləliklə xadimənin işi xeyli yüngülləşdi.

Fürsət düşmüşkən, bir az da məktəbin qapıçısı haqqında yazmaq istərdim. Musiqi məktəbində oxumayan, lakin məktəbin binasına girib avaralanmaq, sevdikləri qızı yaxından görmək istəyən çoxlu uşaqlar vardı.

Bu avaralar musiqi məktəbinin binasına yaxınlaşanda qapıçı döyüşə hazır bir vəziyyətdə qapının ağzında dayanıb uşaqları binaya buraxmırdı.

Qapıçı, kürkünün tək bircə, aşağı düyməsini düymələyirdi. Qalan düymələr qırılıb çoxdan tökülmüşdü. Düymə yeri isə çoxdan genəlmişdi. Ona görə bu yeganə düymə bir balaca sərt hərəkət edən kimi açılırdı.

Qapıçı musiqi məktəbinin qapısı ağzında taburetin üstündə otururdu. Kürkünün ətəkləri quş qanadları kimi ayaqlarının üstündən, yan tərəflərdən torpağa qədər sallanırdı. Yağışlı havada təzə çəkmə geyinmiş şagird görəndə əsəbiləşirdi. Mütləq belə bir sual verirdi:

- Təzə çəkmələri zay edəcəksən, köhnə ayaqqabın yoxdur?

Sonra bir konfetin kağızını soyub saqqalı və bığı arasında deşik kimi görünən ağzına aparırdı. O, gopçu idi. Biz onun uydurmalarını xoşlayırdıq. O, hər gün nə isə yeni bir şey uydururdu. Bəzən oğlan uşaqlarını başına yığıb qızların ürəyini necə ələ almaq haqqında məsləhətlər verirdi.

Uşaq deyillər, meymun sürüsüdürlər. Belə uşaqları tutub türmələrə göndərmək lazımdır.

Qapıçı direktorun tapşırıqlarını çox həvəslə yerinə yetirirdi və musiqi məktəbini böyük bacarıqla avara uşaqlardan qoruyurdu.

Avaralar musiqi məktəbindən əlli metr kənarda dayanıb qapıçıya söz atırdılar, dillərini çıxarırdılar, müxtəlif hərəkətlər edib onu cinləndirərdilər. Qapıçı bu avara uşaqlar haqqında deyərdi:

- Uşaq deyillər, meymun sürüsüdürlər. Belə uşaqları tutub türmələrə göndərmək lazımdır.

Müəlliməm mənə dərs keçmək əvəzinə müxtəlif işlərlə məşğul olurdu. Ayağını ayağının üstünə aşırıb dırnaqlarına lak çəkirdi. Güzgüdə sifətinə baxıb müxtəlif vəziyyətlərdə gülümsəyirdi və hansı cür gülümsəməyin ona daha çox yaraşdığını müəyyən etməyə çalışırdı. Mən də sakitcə oturub ona baxırdım.

O, yorulmadan tənhalığından şikayətlənirdi. Dərdlərini, problemlərini məndən gizlətmirdi. İnsan dərdini, sevincini kiminləsə bölüşmək ehtiyacı duyanda qarşısındakı adamın statusu, yaşı, həyatdakı mövqeyi onu az maraqlandırır. Olarmı, olmazmı, bu haqda düşünmür. Ürəyi dolu olanın ağzını kilid də saxlaya bilməz.

Kazan qarmonu

Kazan qarmonu

Bəzən müəlliməm qarmonu götürüb ovqatına uyğun bir mahnı ifa edirdi. İfa etdiyi mahnının özündən daha çox, onun uzun dırnaqlarının qarmonun dillərinə toxunuşundan yaranan səsdən həzz alırdım.

Musiqi məktəbi yerləşən bina inqilabdan əvvəl varlı bir bəyin evi olmuşdu. Bolşeviklər bəyi güllələmiş, var-dövlətini əlindən almışdılar, bütün nəslini isə Qazaxıstana sürgün etmişdilər. Onun evlərini isə məktəbə, uşaq bağçasına, uşaq poliklinikasına çevirmişdilər.

Deyilənə görə, bu binaları tikən zaman ustalar yumurta sarısından istifadə etmişdilər. Musiqi məktəbinin çox cansıxıcı mühiti vardı. Burda uşaq qəlbini cəlb etmək üçün azacıq da olsa, təşəbbüs göstərilmirdi. Burda heç kəs fikirləşmirdi ki, bu dünyada uşaqların rəğbət bəslədiyi və rəğbət bəsləmədiyi şeylər var.

Payız aylarında səhərdən fasiləsiz yağan yağışın şırıltıları rütubətli sinif otaqlarından gələn musiqi səslərinə qarışırdı. Məktəbin birinci mərtəbəsinde dəhlizin tavanina iri başlı iki quş rəsmi çəkilmişdi.

Quşlardan birinin başı solub bozarmış, o birinin isə ayaqları və qarnının bir hissəsi ovulub tökülmüşdü. Deyilənə görə, bu quş rəsmlərini tavana İkinci Dünya Müharibəsində əsir düşmüş bir alman çəkmişdi. Müəllimlər dərslərə ciddi fikir vermirdilər. Şagirdlərə çox etinasız yanaşırdılar.

Kişi müəllimlər toylarda çoxlu pul qazanırdılar, amma onlar həm də musiqi məktəbinə gəlib getməyə, xala-xətrin qalmasın uşaqlara dərs deməyə məcbur idilər. Çünki sovet dövründə hər kəs mütləq haradasa işləməli, hansısa dövlət idarəsindən maaş almalı idi. İşləməyən adamı əgər hökumət nümayəndələri istəsəydi, avaralığa görə tutub içəri basa bilərdilər. Sovet dövrünün belə qəribəlikləri vardı.

Oğlan uşaqlarını musiqi məktəbinə qoymaqda valideynlər yalnız bir məqsəd güdürdülər. Uşaqlar hansısa bir alətdə ifa etməyi tez-tələsik öyrənsinlər və toylara gedərək çoxlu pul qazansınlar.

Bir sözlə, musiqi məktəbinə gəlib-gedən müəllimlərin və şagirdlərin ürəyində həqiqi musiqi sevgisindən savayı çox şey vardı. Burda şagirdləri və müəllimləri həqiqi musiqi sevgisi deyil, tamam ayrı məqsədlər, xüsusən pul qazanmaq istəkləri birləşdirirdi.

Orta məktəb müəllimləri asketik, sadə həyat yaşayırdılar. Musiqi məktəbinin müəllimlərini isə, elə bil, kapitalist ölkələrindən gətirmişdilər.

Müəllimlər çox savadsız idilər. Onların çoxu heç on məşhur bəstəkarın adını sadalaya bilməzdilər. Musiqi məktəbinin müəllimləri geyim, davranış, savad baxımından orta məktəbin müəllimlərindən çox fərqlənirdilər.

Orta məktəb müəllimləri asketik, sadə həyat yaşayırdılar. Musiqi məktəbinin müəllimlərini isə, elə bil, kapitalist ölkələrindən gətirmişdilər.

Kişi müəllimlərinin hamısının maşını vardı. Bahalı, sovet dövründə çətin tapılan paltarlar geyinərdilər, bahalı ətirlər vurardılar “Marlboro” siqareti çəkirdilər. Orta məktəbin müəllimləri isə ətir vurmurdular, sadə geyinirdilər.

Lakin musiqi məktəbində bir müəllim var idi ki, bütün başqa müəllimlərdən hər mənada yaxşı tərəfdən seçilirdi. Bu, paytaxtdan öyrətmək, qurmaq, yaratmaq yanğısıyla əyalətə gəlmiş cavan bir müəllim idi.

Onun bədən quruluşu sual işarəsinə oxşayırdı. Sinəsi batıq olduğuna görə, ortadan əyri görünürdü. Uzun, nazik boynuna başı, elə bil, ağırlıq edirdi. Başı həmişə bir az sinəsinə doğru əyilmiş vəziyyətdə olurdu. O, daima sadə qara kostyum, qara ayaqqabı, ağ köynək geyinər, nazik uzun qalstuk taxardı. Musiqi tarixindən dərs deyərdi.

Onun sinfinə girəndə tamam başqa aləmə düşürdüm. Onun otağı öz səliqə-sahmanı ilə başqa müəllimlərin otaqlarından kəskin seçilirdi. Masaların üstünə ağ örtük salınmışdı. Pəncərələrin önünə müxtəlif dibçək gülləri qoyulmuşdu.

Sinfin yuxarı başında şkaf vardı və şkafda yan-yana musiqi tarixinə aid kitablar düzülmüşdü. Divarlara isə böyük və dahi bəstəkarların portretləri vurulmuşdu. Parikli bəstəkarların portretlərinə baxanda qəribə hisslər keçirirdim.

Bu kişilərin, böyük bəstəkarların əcaib görünüşü məndə maraq oyadardı. Sözün düzü, bu vaxta qədər hələ də o kişilərin niyə başlarına parik qoymalarını anlaya bilmirəm. Onların görünüşü indinin özündə də mənə qəribə gəlir. Musiqi tarixi dərsinə musiqi məktəbinin şagirdləri o qədər də maraq göstərmirdilər.

Musiqi tarixi dərsi şagirdlərə, şagirdlərin valideynlərinə gərəksiz görünürdü. Bu laqeydlik müəllimi əsəbiləşdirsə də, o ruhdan düşmürdü. Cavan müəllim hər cür vasitələrdən istifadə edərək şagirdlərdə öz fənninə qarşı maraq oyatmağa çalışırdı.

Onun çox bilikli olub-olmadığın deyə bilmərəm, lakin o daima öz biliyini göstərirdi. İstəyirdi ki, başqaları da bilikli olsun. Bildiklərini şagirdlərə öyrətmək, başqalarına ötürmək ona çox xoş gəlirdi. O, hər bir münasib fürsətdən istifadə edərək şagirdlərin beyninə nə isə zəruri bir şey yerləşdirməyə cəhd edirdi.

Hər dəfə dərs qurtaranda deyirdi ki, savadsız yaşamaq qeyri-mümkündür. Bu gənc müəllim səmimi olaraq bizdən adam düzəltməyi arzulayırdı. Dərs başlamazdan əvvəl o koridorda avaralanan uşaqlardan bir neçəsini tutub sinfə gətirməkdən ötrü əbəs yerə şirin dilini işə salmalı olurdu.

Onun cəhdləri heç bir nəticə vermirdi. Onun dərsinə çox az uşaq girirdi. Buna baxmayaraq, müəllim bəstəkarların həyatından çox həvəslə danışırdı. Ona diqqətlə qulaq asmamaq, sadəcə, mümkün deyildi. O, dərslərə ciddi hazırlaşırdı.

Bəstəkarların həyatından danışanda başımı qaldırıb bəstəkarın divara vurulmuş portretinə baxırdım və öz-özümə düşünürdüm: “Doğurdanmı, bütün bu işləri bu parikli, görkəmi qəribə kişi etmişdir?”

Sağlığında uğur qazana bilməyən bəstəkarların həyatından danışdıqda isə muellimin səsi titrəyirdi.

Musiqi tarixi dərsindən həmişə əla qiymətlər alırdım. Bu əla qiymətlər böyükləri bir qram da sevindirmirdi. Getdikcə musiqi məktəbinə marağımı tamam itirirdim. Yalnız həftədə iki dəfə böyük həvəslə, maraqla musiqi tarixi dərsində iştirak edirdim.

...Allahın bir mahnısını da öyrənə bilmədim. Musiqi məktəbindən çıxdım. Buna baxmayaraq öz işinə vicdanla, məsuliyyətlə yanaşan cavan müəllimin sayəsində dahi bəstəkarların, ümumiyyətlə, dahilərin həyatına maraq göstərməyə başladım.

Bax, məhz buna görə biz bərəkətsiz torpaqlara toxum səpməkdən yorulmamalıyıq.

İndi o müəllim hardan bilə bilər ki, onun çəkdiyi zəhmət, işinə vicdanla yanaşmasi ən azı mənim timsalimda hədər getməyib. Bax, məhz buna görə biz bərəkətsiz torpaqlara toxum səpməkdən yorulmamalıyıq. Cunki bir yaxshi numune onlarla yaxşı nümunənin yaranmasına səbəb olur. Bizi hətta faydalı bitkilərin arasında alaq otlarının bitməsi de ruhdan salmamalıdı. Bu da olmalıdır. Ümumiyyətlə, hər şey olmalıdır.

İndi isə, sırf ədəbiyyadan nümunə gətirək. Mövzuya uyğun ədəbi nümunələr çoxdur. Lakin nədənsə könül məhz bu anda, bu dəmdə italyan yazıçı Antonio Tabucchi'nin “Pereyra iddia edir” əsərindən söhbət açmaq istəyir.

Antonio Tabucchi

Antonio Tabucchi

Elə adamlar var ki, onlarin ürəyində işıq olmur. Gərək hansısa yad təsir bir növ günəş güzgü qırıntısının üstünə öz şüalarını salıb onları parıldatdığı kimi daima onların ürəyinə işıq salsın. Yad təsir olmadıqda onlar asanlıqla öz təbiətlərinə qayıdırlar.

Bir idealist, bir mənəviyyat cəngavəri öldükdə onun ətrafındakıların mənəvi düşkünlüyə yuvarlanmalarının səbəbini bunda, adamların işıqsız qalmalarinda axtarmaq lazimdir. Nə qədər ki, onların ürəyinə işıq salan adam var idi, onlar da bu işıqdan bəhrələnib közərirdilər. İşıq sönən kimi adamlar öz közərtilərini də itirirlər, külə çevrilirlər.

Elə adamlar var ki, onlar sadəcə dünyaya yaxşı adam kimi gəlirlər. Yaxşı adam kimi doğulurlar. İşıq onların ürəklərindədi. Ətrafda nə baş verirsə versin, onların ürəklərindəki işıq heç zaman sönmür. Onlar üçün yaxşılıq etməyə hər zaman səbəb və imkan var. Yaxşılıq etmək bu adamların naturasıdır.

Antonio Tabukkinin “Peryera iddi edir” əsərinin qəhramanı Doktor Pereyra mənə belə bir adam təsiri bağışladı. Mənə elə gəldi ki, Doktor Pereyra dünyaya başqa cür gələ bilməzdi. O məhz belə doğulmalı idi. Mən bu obrazı “Hərb və Sülh” əsərindəki Pyer Bezuxov qədər sevdim.

Doktor Pereyra tək yaşayır. Arvadı olub. Övladı yoxdu. Pereyra artıq çəkidən əziyyət çəkir. Astma xəstəliyi var.

Doktor Pereyra ortabab bir qəzetin mədəniyyət şöbəsinin redaktorudur. Ona görə də əsərdə bəzi yazıçıların və əsərlərin adının çəkilməsi, haqlarında danışılması yersiz və süni görünmür. Çünki müəllif əsərdə bu söhbətləri edəcək adamı çox uğurla tapıb. Mədəniyyət şöbəsinin redaktorunun mövzusu əlbəttə ki, yazıçılar və əsərlər olmalıdı. Hər şey təbii alınıb.

Bu balaca əsəri oxuyub bitirəndə mənə elə gəldi ki, qalın, hətta çox qalın bir roman oxumuşam. Hadisələr Portuqaliyada cərəyan edir. Ölkənin başın qara buludlar alıb. Doktor Pereyra bundan çox narahatdır. Bir vicdanlı insan, bir vicdanli vətəndaş kimi Doktor Pereyra vətəninin uçuruma doğru getdiyini hiss etməkdə və görməkdədir.

Həyatın elə anları var ki, insan əldə etdiklərilə deyil, imtina etdikləri ilə böyüyür.

O, mədəniyyət şöbəsinin redaktoru kimi öz həyəcanını müxtəlif hekayələri nəşr etməklə bildirmək istəyir. Elə hekayeler ki, mövzusuyla, təsvirleri ilə heyacan siqnalı çalır.

Həmin hekayələri oxuyan insanlar vətənin üstünü qara buludlar aldığını, ölkənin uçuruma getdiyini, ümumiyyətlə, insanliğin təhlukədə olduğunu hiss etməlidirlər.

Artıq çəkidən əziyyət çəkən, astma xəstəsi olan Doktor Pereyra bizə vicdanlı olmağı öyrədir. O göstərir ki, sistem nə qeder qeddar olursa olsun, insan öz simasını qorumalıdır. Ən azı buna cəhd etməlidi. Əlbəttə, sistemdən çox şey asılıdı. Bəli, sistem adamları yaxşı və pis əməllər törətməyə doğru yönləndirir.

S.Dovlatov

S.Dovlatov

Bunu bildik, amma bu o demək deyil ki, adamlar hər şeyi sistemin üstünə atıb bizi sistem belə etdi, bizi sistem bu günə qoydu deyərək məsuliyyətdən yaxa qurtarmalıdırlar.

Dovlatovun bu barədə çox dəqiq bir sözü var: “Biz yoldaş Stalini dayanmadan lənətləyrik. Təbii ki, bu da səbəbsiz deyil. Amma yenə də mən bilmək istəyərdim, yazılan dörd milliyon donosun müəllifləri kim idi . Dzerjinskiy? Ejov? Abakumov?”

Nəticə

Naqis adamlar öz dövrünün məsuliyyətindən yaxa qurtarmaq üçün xeyir və şər arasındakı davanı nisbi dava adlandıraraq həm mövqelərinə haqq qazandırmaq, həm də insan həyatının mənası olan mübarizəni qiymətdən salmaq istəyirlər.

Stendhal

Stendhal

Stendhal deyirdi: “bizim həyatımızın mənası bizim davamızdır və bizi mubarize etmeye vadar eden ehtiraslarımız bizim sərvətimizdir.

Dava, mübarizə bizə məişət həyatımızda çətinliklər yaratsa, hətta bədbəxtçiliklər gətirsə belə, əvəzində mübarizə bizi daha dəhşətli bədbəxtçilikdən, insan üçün ən arzuolunmaz taledən, mənasızlıqdan xilas edir”.

Ən dəhşətli xəstəlik ruhun distrofiyasıdır. Əsrlərdir xeyir və şər arasında dava gedir. İnsan təfəkkürü, texnologiya inkişaf etdikcə bu davaya yeni rənglər əlavə olunur.

Xeyirlə şər arasında əsrlərdir davam edən davada döyüş meydanı insan ürəyidir. Sistem, dövr, zəmanə nə dərəcədə qəddar olursa olsun, hər bir insan öz ürəyində Xeyrin Şər üzərində qələbə çalmasını təmin edə bilər.

Əşyalara, gəldi-gedər şeylərə görə ürəyi murdarlamaq, onu şərin yuvasına çevirmək olmaz. Çünki həyatın elə anları var ki, insan əldə etdiklərilə deyil, imtina etdikləri ilə böyüyür. Güc isə, Eynshtein`in təbirincə desəm, əxlaqı aşağı olan adamları cəzb edir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG