Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:14

“Evdən çıxmırıq ki, sahibsiz görüb sökərlər”


İllüstrasiya
İllüstrasiya

►“Təhqir, söyüş yağdıra-yağdıra hinlərimizi və bir neçə tikilini sökdülər”

“Tez-tez gəlirlər. O gün də gəlmişdilər. Gətirib ağır texnikaları yığdılar bura, dedilər, “ya evləri başınıza uçuracağıq, ya da qapı- pəncərələri hörəcəyik, qalacaqsınız içəridə...””

Cəbrayıl rayonundan köçkün düşən 4 ailə uzun illərdir ki, bu yaxınlara qədər Dəmiryol İdarəsinin balansında olmuş Keşlə Yük Stansiyasının həyətində məskunlaşıb.

Hətta ailələr özlərinə evlər də tikiblər. Süleyman İsgəndərov AzadlıqRadiosuna danışır ki, bu evləri Nərimanov rayon İcra Hakimiyyətinin keçmiş başçısının razılığı ilə tikiblər. İndi isə qurumun əməkdaşları polis şöbəsinin işçiləri ilə gələrək evləri sökmək istəyirlər:

“1996-cı ildən burdayıq. O vaxtkı başçı razılıq verdi, biz də tikdik. Sizcə, icra hakimiyyətinin xəbəri olmadan burada tikinti aparmaq mümkün idi? Gecə daşın üstünə daş qoyursan, səhər hamısı tökülür gəlir. Biz də hökumətə arxayın olub evlər tikmişik. Biz burda ev tikmişik, burada Dəmiryol idarəsinin yardımçı təsərrüfatı yerləşirdi, bizi də işə götürmüşdülər, idarənin mal-heyvanını saxlayırdıq. Neçə illərdir, baş-qulağımız dinc yaşayırdıq. Sonra dedilər ki, “sizi ixtisara salırıq”. Özümüzü işdən çıxardılar, mal-heyvanı da satdılar. Bu da azmış kimi, bu yaxınlarda biri ortalığa çıxıb deyir ki, buraları özəlləşdirib, artıq ərazi Dəmiryol İdarəsinin balansından çıxıb. Elə evlərimizi də sökdürən odur”.

Dediyinə görə, əraziyə tez-tez Nərimanov rayon icra hakimiyyətinin əməkdaşları və 17-ci polis bölməsinin polisləri gəlir. Hər dəfə də nəsə söküb gedirlər. Sonuncu dəfə köçkünlərin toyuq-cücə saxladıqları hinlər sökülüb:

– Evlərə yaxınlaşa bilmədilər. Qarşılarını kəsmişdik. Cumdular ətrafdakı tikililərə, hinlərə. Dedik, “bizi işdən çıxarıblar, iş də yox. Toyuq-cücənin yumurtasını satıb dolanırıq”. Gəldilər, evlərin qarşısına keçdik, biz əməlli-başlı mücadilə aparandan sonra evlərdən əl çəkib toyuq-cücə saxladığımız yerlərə hücum elədilər. Təhqir, söyüş yağdıra-yağdıra hinlərimizi və bir neçə tikilini sökdülər. Gedəndə də dedilər, “yenə gələcəyik”. Hər günümüz, saatımız səksəkə içərisindədir. Evdən çölə çıxmırıq ki, evi sahibsiz görüb gəlib sökərlər.

– “Qaçqınkom” nə deyir?

– Səsini də çıxarmır. Bu ərazini alanlardan biri elə “Qaçqınkom”da yüksək vəzifədə işləyir. Əgər söhbət bizi hara köçürməkdən gedirsə, biz hansısa yataqxanada məskunlaşmamışıq ki, təklif etdikləri şəhərciyə gedək. Biz burada şəxsi vəsaitimizlə icra hakimiyyətinin gözü qarşısında özümüzə ev-eşik tikmişik, xərc çəkib təmir etdirmişik, kommunal şəraitimizi yaxşılaşdırmışıq. Bizə kompensasiya versinlər, köçək gedək. Eləcə deyirlər, bu ərazini bir nəfər alıb, təcili buradan çıxmalısınız.

“KİM RAZILIQ VERİBSƏ, ONDAN TƏLƏB ETSİNLƏR”

Nərimanov rayon icra hakimiyyətindən keçmiş Keşlə Yük Stansiyasının ərazisinin özəlləşdirildiyini təsdiqləsələr də, özəlləşdirənin adını demədilər:

– Ora bir müddətdir ki, Dəmiryol İdarəsinin balansından çıxıb. Ərazini özəlləşdirən adam bir neçə köçkün ailəsini oradan çıxara bilmir. Həmin ailələr qanunsuz tikililərdə yaşayırlar.

– Ancaq həmin qanunsuz tikililəri də qurumunuz tərəfindən razılaşdırıb tikdiklərini deyirlər.

– 20 il əvvəl buna şifahi razılığı kim veribsə, gedib ondan tələb etsinlər. Fakt odur ki, bu gün orada sökülməsi nəzərdə tutulan evlər qanunsuz tikililərdir.

“AİLƏLƏRƏ MƏNZİL VERİLMƏLİDİR”

Qurumdan bildiriblər ki, ərazini özəlləşdiriblər və şəxsi əmlak hesab olunur. Özəlləşdirən vətəndaşın Əmlak Komitəsindən bütün müvafiq sənədləri var.

Hüquqşünas Namizəd Səfərov deyir, ərazidə tikili varsa, həmin tikili şəxsi vəsait hesabına başa gəlibsə, ərazini özəlləşdirən şəxs həmin ailələrə mənzil alıb verməlidir:

“Ya da kompensasiya ödəməlidir ki, adamlar gedib özlərinə başqa yerdə mənzil alsınlar”.

Namizəd Səfərov köçkün ailələrinin ərazini özəlləşdirən şəxsə qarşı məhkəmə davasının da mümkün olduğunu söyləyir.

XS
SM
MD
LG