Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

►Ekspertlər bu ilin yenilənmiş büdcəsindən danışır

Son 7-8 ildə ilk dəfədir ki, Azərbaycanda büdcəsində xam neftin 1 barelinin satış qiyməti 25 dollardan götürülüb.

Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət büdcəsinin bu il üzrə gəlirləri 16 milyard 800 milyon manatdan çox, xərcləri 18 milyard 500 milyon müəyyən edilib. Manatın dollara nisbətdə 100 faizədək devalvasiyasından, dünya bazarında neftin qiymətinin düşməsindən sonra ölkə büdcəsinin qənaət rejiminə keçirələcəyi gözlənirdi. Yeni büdcəni “qənaətcil” saymaq olarmı?

“Əsas iki məsələ var…”

Millət vəkili Vahid Əhmədov AzadlıqRadiosuna deyir ki, xərclərə baxanda “qənaət” sözünü işlətmək çətindir:

“Bu, parlamentdə müzakirələrdə də səsləndi. İki əsas məsələ var, birincisi büdcənin xərclər hissəsinə ciddi nəzarət mexanizmi tətbiq edilməlidir. Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır, bunun üçün uyğun qanuna dəyişiklik edilməlidir”.

Vahid Əhmədovun sözlərinə görə, ikinci əsas problem mərkəzi büdcədən yerli büdcələrə ayrılan vəsaitin getdikcə azalmasına nail olmaqdır: “Çalışmaq lazımdır ki, hər bölgə özü-özünü dolandıra bilsin. İcra hakimiyyəti rəhbərləri yeni iş yerləri açmağa maraqlı olsun, əlavə vergi mənbələri yaradılsın”.

“Hökumət hesab edirsə, toplayacaq, demək, toplayacaq”

Dövlət büdcəsinin gəlirlər hissəsində proqnoza görə 8 milyard manatdan çox gəlir vergilər yolu ilə toplanacaq. Manatın devalvasiyasından sonra ölkədə bir çox iş yerləri, banklar, müəssisələr bağlandı, bəzi yerlərdə işçilər ixtisara düşdü, bəzi xarici şirkətlər ölkəni tərk etdi. Belə bir vəziyyətdə bu proqnoz özünü doğruldacaqmı?

Vahid Əhmədov

Vahid Əhmədov

Vahid Əhmədov deyir ki, vergi toplanmasında hazırda problemlər mövcuddur:

“İndi ağır iş vergi orqanlarının üzərinə düşür ki, vergiləri toplasın. Düzdür, manat devalvasiya edib, iş yerləri azalıb, amma hökumət hesab edir ki, bu qədər vergini toplaya biləcək. Bundan başqa, gömrük sistemində yaradılan şəffaflıq oradan daxil olan rüsumları artıracaq. Düzdür, orada əlavə dəyər vergisi və 0-15 faiz arası rüsum var ki, bunlar üst-üstə toplandıqda 30-35 faiz vergi edir. Yəqin ki, hökumət bu məsələyə baxıb sahibkarın vergi yükünü azaldacaq”.

Yenilənmiş büdcə sosial yönümlüdürmü? Vahid Əhmədov deyir ki, büdcəyə dəyişiklikdə əsas məqsəd sosial layihələri icra etmək olub:

“Təsəvvür edin ki, büdcəyə təkrar baxışdan sonra sosial layihələrə ayrılan xərclər ümumi xərclərin 37 faizini təşkil edib”.

“Büdcə sosial gərginliyi azaltmağa yönəlib”

İqtisadçı ekspert Natiq Cəfərli deyir, yeni büdcənin onda yaratdığı ilk təəssürat belə olub –ortada yaranmış problemlərin qısa müddətə, dayanaqsız şəkildə həll edilməsi, sosial gərginliyi azaltmağa yönələn, maraqlı qrupların mənafeyini qorumağa çalışan büdcə var:

“Bu büdcə, təəssüf ki, ən azından islahat büdcəsi deyil, halbuki, ölkədə iqtisadi islahatlara ehtiyac var. Bu büdcənin əsas qayəsi bu il yaranacaq problemlərin, xüsusilə, tikinti işlərinin artırılması yolu ilə yeni, amma müvəqqəti iş yerlərinin açılması vasitəsilə həllinə hesablanıb”.

Natiq Cəfərli

Natiq Cəfərli

Natiq Cəfərli vurğulayır ki, əvvəlki büdcə ilə müqayisədə vergidaxilolmalarında proqnozu 700 milyon manat artırmaq reallığı əks etdirmir. Onun sözlərinə görə, BP və SOCAR kimi iri neft şirkətlərinin vergi yükünün azaldığı bir vaxtda vergidaxilolmalarında proqnozu yüksəltmək gözləntinin qeyri-neft sektoruna yönələcəyindən xəbər verir:

“İndiki şəraitdə, ticarət dövriyyəsinin kəskin azaldığı, iş yerlərinin bağlandığı bir vaxtda belə kəskin vergi artımının hansı mənbədən ödəniləcəyi qaranlıqdır. Düzdür, büdcənin xərcləri 2 milyard manat artırılıb və bu zaman müəyyən vergi öhdəliyi yaranacaq, amma bunun 700 milyon manat məbləğində olacağını güman etmirəm”.

Ekspert qoyulan proqnozun yerinə yetirilməsi üçün biznesə basqıların güclənəcəyini istisna etmir, onun fikrincə, vergi orqanları sahibkarları yoxlayıb müəyyən nöqsanlar tapacaq və cərimələr yolu ilə büdcəni doldurmağa çalışacaq.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

“Dəyişən büdcənin görünməyən tərəfləri...”

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Dəyişən büdcənin görünməyən tərəfləri...” adlı bloq yazısında büdcənin şəffaf təqdim edilməməsindən narazıdır:

“Sosial müdafiə və sosial təminat bölməsi üzrə xərclər 802.2 milyon manat artırılıb, lakin həmin vəsaitin 212.2 milyon manatının pensiya, təqaüd və müavinətlərə xərclənməsi vurğulansa da, yerdə qalan 590 milyon manatın konkret istiqamətlər və proqram tədbirləri üzrə bölgüsü barədə hər hansı informasiya yoxdur. Başqa bir nümunə: Kənd təsərrüfatı bölməsi üzrə xərclər 87.8 milyon manat artırılıb və həmin artımın “kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar”a yönəldiləcəyi bildirilir. Söhbət hansı islahatlardan gedir?”

İqtisadçı vurğulayır ki, hökumət “iqtisadi fəaliyyət” bölməsi üzrə xərcləri 106 milyon manat artırıb. Ancaq bu artımla da bağlı detallı izahat yoxdur. O, “digər xərclər”, “sair xərclər” maddəsi altında xərclərin bölgüsünün artığını, amma hansı əsaslara söykəndiyinin qaranlıq qaldığını bildirir:

“2016-cı ilin büdcəsinin ilkin təsdiq edilmiş variantında “digər xərclər”in büdcədə payı 9.6 faiz idi, son dəyişiklikdən sonra təsdiqlənən yeni büdcədə isə həmin xərclərin payı 15 faizə yüksəlib”.

Büdcənin xərcləri

Yenilənmiş büdcədə 3 milyard manat tikintiyə, təxminən o qədər də dövlət əsaslı investisiya qoyuluşuna yönəlib.

“İqtisadi fəaliyyət”ə 360 milyon, sahibkarlara dəstək məqsədilə 136 milyon manat ayrılması nəzərdə tutulur. Təhsilə 2 milyard manata yaxın, səhiyyəyə 830 milyon manat verilir. Sosial müdafiə və təminat bölümündə 2 milyard 700 milyonluq vəsait nəzərdə tutulur, onun da 1 milyard 250 milyon manata yaxını Sosial Müdafiə Fonduna transfer ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG