Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

-

Siyasi fəal və jurnalist Elçin Həsənova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb. İşi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bunu AzadlıqRadiosuna E.Həsənovun özü bildirib.

E.Həsənovun deməsinə görə, cinayət məsuliyyətinə cəlb olunmasına səbəb indi dələduzluqda ittiham edilən «Asiya» agentliyinin keçmiş başçısı Cəfər Cəfərov tərəfindən bir il öncə hücuma məruz qalmasıdır.

Jurnalist o zaman DİN 102 saylı xidmətinə şikayət edib. Bir qədər sonra C.Cəfərov dələduzluq ittihamı ilə həbs edilib, E.Həsənov isə zərərçəkən kimi tanınıb. Bu yaxınlarda isə C.Cəfərovun məhkəməsində hər iki tərəf bir-birinə qarşı ittihamlardan əl çəkib.

Buna baxmayaraq, E.Həsənov martın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi çağırılıb. Ona qarşı 221-ci maddə ilə ittiham irəli sürülüb. Üstəlik, ondan istintaq sirrini yaymamaq barədə iltizam da alınıb. Yaxın vaxtlarda işin məhkəməyə verilməsi gözlənilir və proses başa çatana qədər o, «polis nəzarəti»ndə olacaq.

Ancaq DİN-dən jurnalistin dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

E.Həsənov Sumqayıtda nəşr edilən «Yüksəliş naminə» qəzetinin redaktor müavinidir. İndi bu qəzetin ancaq internet versiyası fəaliyyət göstərir.
Bundan əlavə E.Həsənov AXCP Ali Məclisinin üzvüdür. O, həmin cinayət işində belə dönüşü sosial şəbəkələrdə yayılan bir sıra tənqidi fikir və yazıları ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG