Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Ermənistanın təcridini nə artırır?


Vladimir Putin və Serzh Sarkisian
Vladimir Putin və Serzh Sarkisian

-

Rusiya ilə təhlükəsizlik sahəsində əlaqələr Ermənistanın regiondan təcridini gücləndirir. Bu başlıqlı məqaləni «World Politics Review» dərc edib. Ötən ay Rusiya Ermənistana silah almaqdan ötrü 200 milyon dollarlıq kredit ayırdığını elan edib. Xarici Siyasət üzrə Araşdırma İnstitutundan Michael Cecire deyir ki, Rusiya-Ermənistan əlaqələrinin güclənməsinin bir səbəbi Türkiyə-Rusiya böhranıdır.

«200 milyon dollarlıq silah krediti açıqlaması Azərbaycanın müdafiə xərclərini azaltmaq planlarına ziddir, eyni zamanda, regionda güc balansına elə də yaxşı təsir göstərmir. Bu, Ermənistan-Rusiya hərbi əməkdaşlığında da yeni bir eranın başlanması demək deyil», - Cecire deyir.

Təhlilçinin fikrincə, Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib. Hər iki ölkədə Rusiyanın hərbi əməliyyatları ermənilərə əzəmətli bir siqnal vermiş olub – Rusiya etibarlı müttəfiqdir:

«Ancaq Rusiya ordusu imkanlarından maksimum istifadəyə məcbur olub. Azərbaycanla Ermənistan genişmiqyaslı müharibəyə başlasalar, Rusiyanın Ermənistanın köməyinə dərhal gəlməyə resursu yetməyə bilər. Ukrayna və Suriya meydanından qüvvələrin bir hissəsinin Ermənistana cəlbi çətin olacaq və vaxt aparacaq».

«Hələ Türkiyə, İran, yaxud başqa bir ölkənin müdaxiləsi formasında xarici faktoru nəzərə almırıq. Bu halda Moskvanın Yerevanla saziş öhdəliklərinə problem yaranır. Bundan əlavə, Rusiya Ukrayna və Suriyada iştirakını artırdıqca, Azərbaycanla münasibətlər istiləşib. Azərbaycan Qərbdən çox Rusiya və İrana yaxınlaşıb. Bu, Rusiyanın ermənilərin gözündə etibarlılığını daha da qəlizləşdirir».

Təhlilçinin fikrincə, Moskva-Ankara gərginliyi Türkiyə-Ermənistan münasibətlərində hər hansı normalaşmanı da çıxdaş etmiş olub. ABŞ və Avropada bəzi müşahidəçilər ümid edirdilər ki, bu əlaqələr normallaşsa, Ermənistan regional təcriddən qurtulmuş, Qərbə daha artıq inteqrasiya etmiş olardı. Ancaq Qərblə Türkiyənin Rusiya ilə münasibətləri gərginləşdikcə, Ermənistan Rusiyanın bir bazasına çevrilib.

Atatürk/A.Gül/R.T.Erdoğan
Atatürk/A.Gül/R.T.Erdoğan

ERDOĞAN TÜRKİYƏNİ MƏHV EDİR?

Karneqi Fondundan Judy Dempsey bu sualla bir neçə ekspertə müraciət edib.

Beynəlxalq Araşdırmalar Mərkəzindən Bayram Balçı deyir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Türkiyəni dağıtmır, ancaq Suriya böhranı Türkiyə də daxil olmaqla, bütün Yaxın Şərqi məhv edir.

Ekspert Erdoğan və hakim AKP-nin 2002-ci ildən Türkiyədə müsbət dəyişiklik yaratdığını, Erdoğan-ın PKK rəhbərliyi ilə birbaşa ünsiyyət quran ilk türk lideri olduğunu vurğulayır:

«2011-ci ildən Erdoğan dəyişməyə başladı və getdikcə tanınmaz hala gəldi: avtoritarlaşdı, müttəfiqlərindən ötrü etibarsız, proqnozlaşdırılmayan birinə çevrildi, hakimiyyət bölgüsünə hörmətsizlik etdi. Bu anlamda, Erdoğan-ın müasir Türkiyənin dağıtması fikri formalaşıb».

Təhlilçi Erdoğan-ın avtoritarlaşmasını Suriya böhranına bağlayır: «Erdoğan təbiətcə diktator deyil, onu Suriya böhranı diktatora çevirib. Erdoğan Türkiyənin ərazi bütövlüyünü avtoritar metodlarla qorumağa çalışır ki, durum daha da pisləşməsin».

Harvard Universiteti nəzdində Avropa Araşdırmaları Mərkəzindən Dimitar Bechev düşünür ki, Türkiyə Yaxın Şərqin problemlərini idxal etməkdədir. Erdoğan-ın seçicilərinə vəd etdiyi sabitlik əldən çıxır və ölkə rəhbəri kimi o, məsuliyyət daşıyır: «Türk dövlətinin iflası deyil, 1990-cı illərə qayıtmaq riski var. Keçmiş prezident Turgut Özal dönəmində Türkiyə inam və dinamizm saçırdı. Onilliyin ortalarına doğru problemlər içində boğulmağa başladı. Təkcə kürd məsələsi deyil, Qərblə münasibətlər də gərginləşdi. O vaxtın kövrək koalisiya kabinetləri xatirələrdən silinsə də, indi bir dejavü hissi yaranmaqdadır. Türkiyə iqtisadiyyatı, o dövrdəki kimi, siyasətə qurban getsə, durum pisləşər. Bu səbəbdən, Erdoğan iqtisadi qərarlardan qaçmağa çalışır. Hər halda, Türkiyə, parlaq uğur qazanmasa da, çökən də deyil».

Diyarbəkirdə kürd fəalların polislə toqquşması.
Diyarbəkirdə kürd fəalların polislə toqquşması.

TÜRKİYƏNİ SURİYANIN XİLASINA QURBAN VERMƏYİN

Bunu isə «The Guardian» qəzetində Jean-Marie Guéhenno yazır.

Müəllif Türkiyənin, bütün çətinliklərinə baxmayaraq, bir sıra geosiyasi qarşıdurmalarda lövbər rolu oynadığını vurğulayır – Rusiya ilə Qərb, Yaxın Şərqlə Avropa, hazırkı dünya düzəni və onun zorakı ekstremist alternativ arasında dayanır. 80 milyonluq ölkə 57 müsəlman ölkəsi içərisində ən demokratik, dünyəvi və iqtisadi baxımdan öndə gedəndir.

«Türkiyə və Qərb Suriya kürdləri məsələsində ortaq məxrəcə gəlməlidir. İŞİD-lə mübarizə adıyla ABŞ Suriyada kürd silahlıları – YPG ilə əməkdaşlıq edir. YPG ABŞ və AB-nin terrorçu təşkilat kimi tanıdığı, Türkiyəyə qarşı 31 illik savaş açmış PKK-nın bir qoludur».

«Qərb siyasətini uzlaşdırmalıdır. Türkiyənin kürdlərin hüquqları məsələsində beynəlxalq standartlara əməl etməsinə çalışmalı, Ankaranı dilə tutmalıdır ki, PKK ilə sülh danışıqlarını bərpa etsin. Ancaq onu da anlamalıdırlar ki, PKK atəşkəsin pozulmasında böyük rol oynadı, Suriyada Qərbdən aldığı dəstək sayəsində Türkiyədə də qazanc əldə edəcəyini düşündü».

«Türkiyə inanır ki, Rusiyayla İran məhz onu tapdalamaq, Qərblə münasibətlərini zəiflətmək üçün PKK-nı dəstəkləyir. Erdoğan Qərb tərəfdaşları ilə konstruktiv işləməlidir. PKK ilə sülh danışıqlarını bərpa etməli, YPG ilə birbaşa danışıqlara getməli, Türkiyə sərhədinin təhlükəsizliyini təmin etməlidir. Qərb də, öz növbəsində, PKK-ya xəbərdarlıq etməlidir ki, Türkiyədə sabitsizlik yaratmaq olmaz; Türkiyə-Rusiya gərginliyinin azaldılmasına çalışmalı; Türkiyə-AB münasibətləri daha geniş cəbhədə qurulmalıdır» - deyə məqalədə bildirilir.

XS
SM
MD
LG