Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

-

"Üzüqoylu yatan Seymurun sir-sifəti cırılmış, boynu, beli, fəqərələri, topuqları – hər yeri çilik-çilik olmuşdu, dirsəkdən aşağı sol qolusa kim bilir, hayandaydı."

Babək Ağayev

Yaşıl gözlü S-nin prospektdə başa çatan gödək ömrü

Bakı İcra Hakimiyyəti

Bakı İcra Hakimiyyəti

İstiqlaliyyət küçəsində xudmani bir təmir işinin ətrafı ağ-qırmızı qadağa lentləriylə çəpərlənmiş, işçilərdən biri yaşıl, qolsuz, fosforlu fəhlə gödəkçəsini səki boyu uzanan qırxılmış, iri brokolilərə bənzəyən, şəhəri bəzəsin deyə əkilmiş balaca dekorativ ağaclardan birinin üzərində unudub getmişdi.

Bu, ilyarım əvvəl bir tanışı vasitəsilə fəhlə komandasına qoşulmuş 192 santim boyu, 116 kilo çəkisi olan, əlindən elə də çox şey gəlməyən “Yekə” ləqəbli işçiydi.

İndi o, işdən sonra əlləri cibində, astadan fit çala-çala hər iki tərəfində gecəqondulara bənzəyən həyət evləri uzanan enli, nəm küçəylə məhəllə çayxanasına gedirdi.

Ad günü qeyd olunan, televizora baxılan, yatılan, boş, uşaqları ağlaşan, həyətində küçüklər çığırışan evlərin heç birinə baxmadan xırda çınqılları sağa-sola təpikləyir, arabir əlini ən təmiz halıyla belə, yenə də tüklü görünən, əsgərlik vaxtı çəkdiyi əziyyətlərin başlıca səbəbi olan üzünə çəkib, “zəhrimar” deyə mızıldanırdı dodaqaltı.

Bütün qəlbiylə domino dostlarını çayxanada tapmağı arzuladığı bir anda qəfildən, əlinin tərsi yanağından sürüşə-sürüşə küçənin ortasında donub qaldı.

Çantasını çiynindən çıxarıb havada saxladığı sağ dizinin üstündə açıb eşələməyə başladı, – çəkmələr, dəbilqə, gözlük, əlcəklər, sellofan torbada iki alma, üç dilim çörək, soyutma yumurtanın qabıqları, - döş cibinə adının baş hərfini (S) yazdığı kirli gödəkçəsindən başqa, hər şey oradaydı.

Xatırlamağa çalışdı: deməli, Nazim onun, o da Nazimin əlinə iki litrlik kola butulkasından su töküb yuyunduqdan sonra maşında əyinlərin dəyişdilər, tezbazar çantaların yığışdırıb yola üz qoydular, – andır gödəkçə ağacın üstündə qaldı.

Rəisləri onlara əliyalın, dəbilqəsiz, hər nəsiz işləməyə icazə verərdi, amma gödəkçəsiz əsla. Tərs kimi də sabah icra başçısının gəlib bu kiçik, ancaq vacib işlə şəxsən maraqlanacağı gözlənirdi, ikiqat məsuliyyətli olmalıydılar.

Kimdəsə artıq gödəkçə olmazdı, olsaydı da verməzdilər, əclaf şeydi hamısı – belə fikirləşirdi, əslindəsə özü yola getmirdi camaatla. Arada Mətləb müəllimin xətri olmasaydı, çoxdan iti qovan kimi qovmuşdular onu, rəis də üç-dörd dəfə xəbərdarlıq etmişdi, ən xırda səhlənkarlığında qapının kandarın göstərəcəkdilər.

Yerindən son sürətlə birbaş çayxanaya götürüldü. Yüzəlli metr irəlidə, yolun tən ortasında boğuşan iki qara pişik nəhəng bir qaraltının atılıb düşə-düşə düz onların üstünə gəldiyin görüb vəhşi miyoltuyla ayrı-ayrı tərəflərə qaçışdılar.

Qapını açıb ətrafa göz gəzdirdi, indisə domino dostlarının orada olmamasına sevinirdi. Yalnız çayxananın uzaq küncündə tək oturmuş divar qonşuları on altı yaşlı Əli damağında siqaret, gözünün üstünə düşən bir tutum saçı geri ataraq əlini havaya qaldırıb onu salamladı. Buna fikir verməyib baxışlarıyla Eldarı axtardı.

Onu armudu stəkanla oyunun biri şax bir əllilikdən oynanan qızğın nərdə kirimişcə tamaşa edənlərin arasında tapdı. Çölə çağırıb vəziyyəti qısaca izah eləyəndən sonra indi o Eldara qulaq asırdı: çox gecdi, həm də gedəsi yeri var, işi uzundusa onu ancaq istədiyi yerə qoyub qayıda bilər, gözləməyə qəti vaxtı yoxdu.

İşinin uzun olmadığını, yalnızca işlədikləri yerdə unutduğu yadigar qol saatını (özü Eldara belə dedi ki, sabah, birigün millətə lağ hədəfi olmasın, gödəkçəsinisə döş cibini ona göstərməmək şərtilə “hansısa qoyun yenə yaddan çıxarıb gedib” adıyla götürəcəkdi) əliylə qoyduğu yerdən götürüb onunla bir yerdə qayıdacağını deyəndən sonra hər ikisi cəld çayxananın arxasına – maşının saxlandığı yerə getdilər.

Eldar toz içində, qəhvəyi rəngli köhnə mersedesin əyləcini düz İcra Hakimiyyətinin qarşısında sıxdı. “Yekə” sağ əliylə maşının qapısın aça-aça sol əlinin işarə və ortancıl barmaqlarını yuxarı qaldırıb iki dəqiqəyə gələcəyini deyərək düşdü.

Üzüaşağı, iş yerinə doğru iti-iti addımladı. Lentlər, dirəklər, “təhlükə” işarələri, asfalt maşını – hamısı bayaq qoyub getdikləri kimi yerli-yerində. Göyə, yerə, ora-bura baxdı, biraz aşağı qaçdı, yuxarı qayıtdı, balaca ağacları, kol-kosu araladı, gödəkçə yox idi.

Barmağını dişlədi, peysərini qaşıdı, əlini salıb aztüklü sinəsindən bir qıl qopardı, alt dodağını çeynəyə-çeynəyə duruxdu.

İri başını köksünə sallamış, maşına tərəf qayıdırdı, mersedes görünən kimi əl atıb telefonu cibindən çıxardı. Guya danışırmış kimi əl-qol hərəkətləri edə-edə hədəfə yaxınlaşarkən, Eldarın da onu belə gördüyünə əmin olandan sonra maşına üç addım qala telefonu arxa cibnə soxuşdurdu.

Yöndəmsiz sifətini enli alnı soyuq şüşəyə dirənənədək irəli uzadıb əlini havada sanki nəyinsə qulpundan tutmuşcasına fırladaraq, küt baxışlarıyla sürücüyə onu endirməsini işarə elədi. Eldarın bir toxunuşuyla üzləri arasındakı şüşə hasar səhnə pərdəsi kimi üsulluca enməyə başladı.

“Noldu, tapmadın saatı?” Çatılan qaşları tez də düzəldi, yalanı yadına düşdü, ətli burnunda danışa-danışa: “Hə, tapdım, tapdım, sağ ol. Amma təcili bir iş çıxdı, qalası oldum, sən get” deyib dikəldi, əllərinin yumşaq içiylə (əlcəklə işlədiklərindən qabar olmamışdı) maşının üstünü “yaxşı yol” mənasında yüngülcə döyəclədi. Eldarın bəbəklərinin üzünə marıtlandığını görüb pul məsələsini sabah axşam çayxanada həll edəcəyini dedi. Narazılıqla dodaqların büzüb mühərriki işə salan Eldar bir şey demədən qaza basıb rolu burdu. İkisi də bığaltı eyni sözü hecaladı: “gij-dıl-lağ”.

İlin hardasa yüz gününü evdə gecələmədiyindən heç kəs zəng-zad edib harda itib-batdığıyla maraqlanmırdı. Bayaq Eldarı hirsləndirən də onun pulunu verməyən bu zırramanın allah bilir hansı kafedə səhərəcən zəhərlənib, neçə fahişənin döşləri, paçaları arasına onluqlar, iyirmiliklər basışdıracağını düşünməsiydi, yoxsa başadüşən oğlan idi.

İçərişəhər metrostansiyasının yaxınlığındakı dairəvi bulaqdan çeçələ barmaq yoğunluqda axan soyuq suyla biləklərini, əllərini yudu, üzünə su çırpıb, boyun-boğazını nəmlədi. İslaq barmaqlarını böyürlərinə dirəyib şəhərin arabir şütüyən maşınların pozduğu səssizliyində üzünün çopurlarına dolan sərinlikdən ləzzət aldı.

Bir an peyda olub tez də qala divarlarının ardında, yeraltı keçiddə, eyvanlarda yoxa çıxan təkəmseyrək insan siluetləri ətrafın kimsəsizliyini daha da qabardırdı. Çantasının nazik qulpundan tutub irəli-geri yelləyə-yelləyə nə etməli olduğu haqda fikirsiz, ancaq düşüncəli görkəmlə, gözucu yan-yörəyə baxa-baxa İqtisad Universitetinin binasının sonunadək gedib, təzədən bulağın yanına qayıtdı.

Bu dəfə də ayaqqabılarının toz-torpağını yuyub təmizləmək düşüncəsiylə ayağını qaldırıb daşın kənarına qoysa da, bir-iki yerdən çatlamış dərinin içəri su buraxacağın fikirləşib istəyindən əl çəkdi.

Həkimi ona günə maksimum on siqaret həddi qoymuşdu – dişlərinin ikisi implant idi. O da artıq yeddi aydı ki, heç kimə bir qullab belə vermədən aldığı paketi iki yerə bölür, dördü səhər, beşi günorta, biri axşamüstü olmaqla iki günə sümürüb qutarır, üçüncü gün səhər o başdan uşaq sevinciylə mağazaya qaçırdı. Axşamları və gecələri əsəbindən dırnaqların gəmirsə də dişlərindən çox çəkmişdi deyə həkimin göstərişinə ciddi əməl edirdi.

Telefonunda – onun da enerjisi özününkü kimi tükənmək üzrəydi – saata baxdı, yeni gün başlamışdı, yəni indi çəkəcəyi siqaret ötən günün onbirincisi deyil, bu günün birincisi olacaqdı. Yeni quru səthi kəşf eləmiş səyyah kimi gözlərini üfüqə zilləyib qürurla gülümsədi.

Yandırdığı siqareti Sabir bağına çathaçatda yerə atıb əzdi. Pillələri qalxıb girəcəkdəki ilk skamyada oturdu. Çantasındakı almalardan birini çıxarıb qoluna sürtdü, ağzına apardı. Bir dişləm – görən, yatıb oğlu? (atası gözlərinə qurban), zəhlətökən, səssiz, sus-pus arvadı, içki düşkünü atasıyla neyləyəcəkdi?

İkinci dişləm – domino yoldaşları çayxanada deyildilərsə, hardaydılar bəs? Görəsən, nərddə Qasım uddu, Arif? Eldar məhəllədəkilərə, Əli evdəkilərə nəsə demişdi, görən?

Üçüncü dişləm və sərin meh altdan qıdıqladı onu. Qalxdı, səkinin qurtaracağında havaya tullayıb təpiyiylə yolun o biri tərəfinə göndərdiyi, Həmkarlar İttifaqları Konfederasiyasının giriş qapısının ağzına düşən cecəyin səsinə gözlərini açan, pilləkənin qırağında dincələn sarı gombul pişik yanaşıb onu iylədi və peşmanlıqla, tələsmədən bayaqkı yerinə qayıdıb, ayaqlarını, quyruğunu altına yığaraq təzədən yumrulandı.

Qoşa Qala Qapıları

Qoşa Qala Qapıları

Elə bu an başı ixtiyarsız sağa döndü. Qoşa qala qapılarından içəri girən parıltı gözlərini qamaşdıran kimi oldu. Bədənini o istiqamətə getməkdən saxlaya bilmədi.

Gecənin zülmətində işıldayan fosforlu gödəkçə balaca oğlanın baldırlarından da aşağı düşürdü. Arxasınca gedə-gedə bir az izlədi onu. Deyərdin gödəkçənin içində gözəgörünməz ruh var, yaşıl gödəkçə özü yeriyir.

Balaca başın yerə dikib qaldırımın qırağıyla gedir, tez-tez əyilib qalxırdı. Addımların yeyinlədib özün ona çatdırdı. Əlini çiyninə qoyanda oğlan elə sakit, elə yavaş və rahatca döndü ki, özü təlaşlandı bundan. Gödəkçənin onunku olduğuna döş cibindəki S-dən də əvvəl boynunun qaysağından əmin oldu.

Oğlanın boyu ombasından da aşağıydı. Gödəkçənin altından qollarının ucu tiftiklənmiş, napnazik, bozarmağa başlayan nimtənə qara köynək görünürdü.

İşıq dirəyinin altında oğlanın kirli üzünə baxdı, gözlərinin elə gödəkçə rəngdə olduğunu gördü, soruşdu:

-Kimsən? Bu vaxt neynirsən burda?

-Seymur (oğlan əlin uzatdı ona). Elə bildim axrandı, çay gətirib. Mən, heç, filtir yığıram, – o biri əlin açıb siqaret kötüklərin göstərdi ona - ən uzunların seçib anama aparacam çəkməyə.

Oğlanın ağzından öz adın eşidən “yekə” sanki keyimişdi, ona uzanan bapbalaca, buz, dərin ovcunda itmiş əli qəfil buraxdı. Addan sonra demək olar heç nəyi eşitməmiş Seymur:

-Anana nə...? Nə isə, buralarda qalırsan?

-Yox, biz uzaqda qalırıq. Anam xəstədi deyə, özü evə yaxın yerdə dilənir, mənisə buralara göndərir ki, həm dilənim, həm də deyir buraların camaatı varlıdı, onlar siqaretdən bir-iki tüstü alıb atırlar, axıra qədər çəkmirlər. Düz də deyir, bax, çoxlu uzun filtir tapmışam, çoxu demək olar, heç çəkilməyib. Dünən də xeyli tapıb bir paçkaya yığıb ona aparmışdım, elə sevindi ki. Bu gün də elə edəcəm.

Seymur söhbətin nə yerdə olduğun anladı, gülərək:

-Lap yadımdan çıxırdı, mənim də adım Seymurdu, adaşıq.

Qısa sükutdan sonra gözüylə gödəkçəyə işarə edərək əynindəkinin kimin olduğun soruşdu balacadan. Bu yaşında dörd-beş özü boyda olan adaşından daha çox insan tanımış, daha çox adamla ünsiyyətə girmiş oğlan qarşısındakının niyyətinin yaxşı olmadığın dərhal anladı, təhlükəni sezib qulaqlarını şəkləyən ceyran balası kimi bir an duruxandan sonra gödəkçənin yaxasın əlləyərək:

-Hə, bu?! Şey... anam verib. Bax, mən də adımın baş hərfin bura yazmışam ki, itirməyim onu – dedi, ancaq “yekə”nin onun yalan danışdığını bildiyini bilirdi. Seymur söhbəti heç uzatmadan:

-Gəl, sən onu mənə ver – dedi.

-Axı, üşüyərəm, köynəyim də çox nazikdi. Bununla da isti deyil sən deyən, amma yenə cəhənnəm, heç olmasa titrəmirəm.

Onun baxışları oğlanın ensiz, ağappaq alnında qərar tutsa da, fikri sabahkı həgamənin, işini itirmək qorxusunun və bunun gətirəcəyi ardı kəsilməyən problemlərin, arvadının, həmişə dəm atasının, nəhayət, bədəni iki balaca çay daşı kimi sərt xayalarınadək irili-xırdalı, get-gedə artan ləkələrlə dolu vitiliqo xəstəsi (həkim bunun elə də ciddi bir şey olmadığın demişdi) oğlunun yanındaydı.

Yox, kövrəlmək vaxtı deyildi, heç cür verə bilməzdi gödəkçəni. Onsuz bütün günü-gecəsi məhv olmuşdu bu zibil ucundan, onu ikinci dəfə itirə bilməzdi.

-Yox, üşüməzsən. Həm də mən sənə nə deyirəm ki. Onu mənə ver, səni kafeyə aparım, çörək yeyək, çay içib qızınaq. Səhərə qədər bekaram, iki adaş dərdləşərik. Bəlkə lap öz kurtkamı da verərəm sənə. Düzdü, üstümdə pul azdı, amma qəpik-quruş da verə bilərəm. Hə, bir də - cibindən paketi çıxarıb əlində oynadaraq, – anana iki-üç təzə siqaret də göndərərəm, nə deyirsən?

Balaca Seymur dişlərin ağardıb yana əyilərək onun iri gövdəsinin arxasından qala qapılarına tərəf boylandı. “Yaxşı, nə deyirəm ki” deyib, siqaret kötüklərini gödəkçənin ciblərindən boşaldıb daş pilətənin üstünə yığmaqçün çömbəldi və adaşının tozlu, çatlaq ayaqqabılarını görüncə nə düşündüsə, qəfildən yerindən sıçrayıb yel kimi dördəmə üzü Karvansaraya götürüldü.

Nə baş verdiyin anlamayan “yekə” dörd saniyə-filan dik quruyub yerində qaldıqdan sonra sürətlə uzaqlaşan gödəkçənin fosforunun bərq vurmasıyla özünə gəldi və qaçmağa başladı.

Tək istəyi bu bədheybətdən qurtulmaq olan balaca küçəboyu iki dəfə sola dönüb dalanlardan birinə girərək üzüaşağı şütümək istədisə də, fikrindən daşındı. Karvansarayı keçib Qız Qalasına tərəf qaçdılar. Gödəkçənin gerçək sahibi ləhliyirdi.

Qız qalası

Qız qalası

Qalanın dibinə çatıb iki əlini də onun yoğun gövdəsinə dirəyib dayandı, başını qaldırıb “qız” sözünə yaraşdırmadığı bazburutdan, əzəmətdən ürkdü sanki, geri atıldı.

Bunadəksə balaca oğlan qoca qalanın o biri tərəfində kövrək belini yaşlı daşlara söykəyib nəfəsini yüngülcə dərmiş və artıq yola doğru qaçmağa başlamışdı.

Daşların arasından çıxan zırpı Seymur üfüqi və şaquli fosforlu zolaqların enişboyu yüyürdüyünü görüb ağır budlarını zorla qaldıra-qaldıra beş-on addım da atdı. Daha dözə bilmədi, bədənini beldən büküb ikiqat oldu.

Nəm gözləriylə qarşıdakı qurbanını güdə-güdə, tərli başını irəli uzadıb qalmışdı. Döyüş meydanında son nəfəslərin alıb verən sərkərdə təki tövşüyürdü.

Oğlan artıq yola çıxmışdı, qoşa xəttə yaxınlaşırdı ki, çevrilib sağ çiyni üstündən onu qovalayan divə gülümsədi və qarşıdan gələn bir vıyıltı balaca Seymuru gecənin tünd göy qaranlığında alovlu əjdaha kimi uddu.

Yekə Seymurun bərəlmiş gözləri qarşısındakı yol boşaldı, hər şey – gülümsəmə, yağlı saçlar, fosforun parıltısı yoxa çıxdı. Dizləri üstə düşdü, baxışları kilidlənib nahamar asfaltda qaldı – bir dəqiqə, dəqiqəyarım, iki dəqiqə - yol bomboşdu.

Əzalarından çıxan onlarla əcaib səslə birtəhər dikəlib sonda yüngül qaçışa çevriləcək sürətlənən addımlarla yola cumdu. Nəhəng maşının altına alıb sürüdüyü sısqa bədən bir az irəlidə qaralır, parıldayırdı.

Param-parça cəsədin üstündə dayanıb baxdıqca əzələləri boşalır, canı titrəyir, seyrək tükləri tikanlara çevrilirdi. Üzüqoylu yatan Seymurun sir-sifəti cırılmış, boynu, beli, fəqərələri, topuqları – hər yeri çilik-çilik olmuşdu, dirsəkdən aşağı sol qolusa kim bilir, hayandaydı.

Qopmuş yerdən qan poqquldadıqca havaya buğ qalxırdı. Həmin qolun yastılanıb hələ də maşının təkərində diyirləndiyini fikirləşincə ürpəndi, başını sürətlə silkələyib, gicgahların ovuşdurdu, aşağı əyildi. Əlləri əsə-əsə, iti bel sümüyünün deşib keçdiyi qanlı gödəkçəni ehmalla meyitin əynindən soymağa başladı.

Gecə, Bakı, gözlərindən kələ-kötür yanaqlarına süzülməyinə əngəl ola bilmədiyi yaşlar, yerlərə döşəli daşlar, qalalar, evlər, ayaqları – hər şey səsini udmuşdu. Bayaq qaçışdıqları yolla geri qayıdırdı.

Biraz əvvəl söhbətləşdikləri işıq dirəyinin altında gözünə uzunlu-qısalı bir topa siqaret kötüyü dəydi. Paketi cibindən çıxarıb günün ikinci siqaretin damağına qoyub alışdırdı, üçüncü qullabdan sonra implantlarının sızıldayan yerini sığalladı. Qoşa qala qapılarından çıxan kimi siqareti otluğa vızıldadıb divarın dibinə çökdü. Hıçqırdı, hıçqırdı, çiyinlərin qucaqlayıb bütün varlığıyla silkələndi. Ağzının suyu gözlərininkinə qarışıb gödəkçənin qırmızı ləkələrinə bulandı.

Yenə bulağın yanındaydı. Rəisinin, Eldarın anasını söyə-söyə gödəkçəni suyun altına tutub ləkələri ovxalayırdı.

Bu vaxta görə - fevralın başlanğıcıydı, – hava çox mülayim idi. Tezdən Nazim iş yerinə həmişəkindən iyirmi dəqiqə qabaq gəlmişdi. Seymur onun cavab gözləmədən döşədiyi bütün suallarını susqunluqla, çaş baxışlarla qarşılayıb rəis gələnə qədər maşında gözünün acısın almaq istədiyini dedi.

Nazim onu şillələyib oyatdı. Dediyinə görə, fınxırtısı aləmi başına götürüb, ağzı açıq qalıbmış. “Ana”, “siqaret”, bir də öz adını deyib sayıqlayırmış.

Tələsik qaçıb düzülməkdə olan sıraya durdular. İcra başçısı rəisləri və elə Seymurun boyunda zil qara gözlüklü mühafizəçisiylə birlikdə gəldi. Xeyir-dua verən müqəddəs ata kimi hərənin qarşısında bir neçə saniyə dayanıb nəsə deyir, o birinə keçirdi.

Seymura çatanda onu belədən belə o ki var süzüb, yırtıq, yaş gödəkçəsinə işarə edərək, başını rəislərinə çevirdi ki, “bu nədi belə”. Cavab gəlməyincə əlini çiyninə qoyub gülə-gülə, “ay oğul, canına yazığın gəlsin, dövlətin gəlhayı deyil ki, niyə öldürürsən özünü” dedi.

Seymurun burnunun qanadları səyridi, bığ yeri əsdi, dili ağzında şişdi, altı qaralıb torbalanmış gözündən bir gilə yaş süzülərək çənəsindən asılı qaldı. İçi çırpınıb öyüyüncə özünü saxlaya bilmədi, ötən gecədən boş mədəsindəmi, qida borusundamı ilişib qalmış sarımtraq zəhəri yerə buraxdı.

Şappıldayan qusuntu geriləyən icra başçısının alışıb yanan ayaqqabılarına və şalvarının ütülü balaqlarına sıçradı. Seymur arxasını onlara çevirib balaca ağacların üstündən atlayanda cangüdən əlini onun ənsəsinə atdı. “Yekə”nin asfalt maşınının ardından yüksələn qışqırığı havada, beli cırıq-cırıq olmuş gödəkçəsə qara gözlüklünün barmaqlarında yırğalandı.

XS
SM
MD
LG