Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

►AXCP sədrinin müavini barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb

Martın 2-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının işi üzrə iki məhkəmə prosesi keçirilib.

Bunlardan birincisi Fuad Qəhrəmanlının istintaq dövründə girov müqabilində həbsdən buraxılması barədə olub.

Fuad Qəhrəmanlı ilə bağlı ikinci məhkəmə prosesi isə Baş Prokurorluğun təqdimatı əsasında keçirilib. Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Qapalı keçirilən hər iki məhkəmə prosesində Fuad Qəhrəmanlı özü də iştirak edib. Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, girov müqabilində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət təmin olunmayıb: "Hakim qərarında vəsatətimizi rədd etməsinin səbəbini əsaslandırmadı. Bu əsassız qərardan da apellyasiya şikayəti verəcəyik".

“ETİRAZA EHTİYAC YOXDUR”

F'xr'ddin Mehdiyev

F'xr'ddin Mehdiyev

Vəkil deyir ki, həbs-qətimkan tədbirinin uzadılmasına dair təqdimata hakim Şəlalə Həsənovanın baxmasına etiraz etmək istəyib. Lakin Fuad Qəhrəmanlı imkan verməyib:

"Çünki Fuad Qəhrəmanlı saxlanıldığı gün onun barəsində heç bir əsas olmadan həbs-hətimkan tədbirinin seçilməsinə dair qərarı da bu hakim vermişdi. Üstəlik, Fuad Qəhrəmanlıya elan olunan ittihamlar az ağır cinayətlər kateqoriyasına daxil olduğu halda, bu xanım hakim öz qərarında ittihamı ağır cinayətlər kateqoriyasına aid eləmişdi. Məsləhətləşərkən Fuad Qəhrəmanlı bildirdi ki, “etiraza ehtiyac yoxdur. Çünki bundan alıb hansı hakimə versələr, o da deyiləni yerinə yetirəcək”".

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Fəxrəddin Mehdiyev məhkəmə iclasında həbs müddətinin uzadılmasına etiraz edib:

"Bildirdik ki, bu iş artıq məhkəməyə göndərilməlidir. Biz Fuad Qəhrəmanlı barəsində cinayət işini də, həbs-qətimkan tədbiri seçilməsinə dair qərarı da qanunsuz hesab edirik. Amma bununla belə, istintaqın səmərəliliyi baxımından, istənilən halda, cinayət işi məhkəməyə göndərilməlidi. Demək olar ki, Fuad Qəhrəmanlı ilə bağlı heç bir istintaq hərəkəti aparılmır. İstintaq aparılmadığı halda, həbsdə saxlanılması isə ona əzab, işgəncə verməkdən başqa bir şey deyil".

“HEÇ GETMƏYİN, QƏRARI OXUYUN”

Məhkəmə iclasında Fuad Qəhrəmanlının hakimə müraciəti olub:

"Hakimə müraciət edib dedi ki, “müşavirə otağına getməyə dəyməz, çünki istəsəniz belə, qərarı dəyişə bilməzsiniz. “Hə” deyiblərsə, o da olacaq. İstənilən halda, bu məhkəmələrdə hüquq qorunmur, tapdalanır. Ona görə heç getməyin, elə qərarı oxuyun, bitsin”".

Məhkəmə prokurorluğun təqdimatını təmin edib və Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Fəxrəddin Mehdiyev bildirib ki, bu qərardan da apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG