Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

►Yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin diqqət etməli olduqları yeniliklər hansılardır?

Kəmərsiz sürücüləri artıq təhlükəsizlik kameraları da gözdən qoymayacaq. Piyada ayağını piyada zolağına qoyan kimi avtomobili dayandırmağına ehtiyac yoxdur, ona mane olmursansa, ötüb keçə bilərsən.

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində sürücüləri gözləyən yeniliklər bununla bitmir. Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna deyir ki, artıq sürücülər yollarda daha diqqətli olmalıdırlar, çünki təhlükəsizlik kameralarının funksiyaları artırılıb.

2 ay əvəzinə 1 il

Hüquqşünas deyir ki, əvvəlki Məcəllədə inzibati xətaya görə məsuliyyətə cəlbetmə 2 ay nəzərdə tutulurdusa, indi bu müddət 1 ildir: “Yəni əvvəllər sürücünün yol verdiyi xəta barədə iki ay sonra protokol tərtib edirdilərsə, sürücü 2 aylıq müddəti əsas gətirib hüquqlarını müdafiə edə bilərdi. Ancaq indi onun bu imkanı daralır”.

Ərşad Hüseynov deyir ki, sürücü yola təhlükəsizlik kəmərini bağlamadan çıxarsa, bu zaman təhlükəsizlik kamerası bunu qeydə alacaq və sürücü barədə elektron protokol tərtib ediləcək:

“Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar”.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Yol polisi artıq 3 saat gözləməyəcək

Ekspert Məcəllədəki bir dəyişikliyə də diqqət çəkir. Onun sözlərinə görə, sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması nəzərdə tutulan hallarda DYP əməkdaşı artıq 3 saat gözləməyəcək:

“Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal cərimə meydançasına aparılacaq. Məsələn, avtomobilin nömrəsi üstündə yoxdursa, sürücünün hüququ vardı ki, maşınını yol polisinin yanında qoyub 3 saat ərzində gedib nömrəni gətirsin. İndi belə hal olduqda, maşın dərhal cərimə meydançasına aparılacaq”.

“Piyadaya sadəcə mane olma”

İcbari sığortasız yola çıxan avtomobil də dərhal müəyyənləşəcək və sürücü barəsində elektron protokol tərtib ediləcək:

“Yol ayrıcında piyadaya yol verməməyin cəriməsi indi 50 manatdır, əvvəl 60 manat nəzərdə tutulurdu. Bundan əlavə, piyadalarla bağlı bir anlaşılmazlığa da son qoyulub. Yeni Məcəllədə yol keçən piyadanın hərəkətinə mane olmamaq nəzərdə tutulur. Bu isə o deməkdir ki, piyada hələ yolun başındadırsa, səndən 10 metr aralıdırsa, durub onu gözləməyin mənasızdır, yoluna davam edə bilərsən”.

İndiyə qədər bir çox sürücü məhz belə hala görə cərimələnib. Ərşad Hüseynov əmindir ki, artıq bu hallar sürücü ilə yol polisi arasında mübahisə yaratmayacaq:

“İndi hər yerdə kamera var, üstəlik, yol polisinin maşınlarında da. Əslində əvvəlki Məcəllədə də məhz bu nəzərdə tutulurdu ki, yol keçən piyadaya yol verməlisən. Sadəcə, indiyə kimi yanlış təbliğ olunurdu, indi Məcəllədə bu məsələ daha dəqiq göstərilir. Yəni, sürücü piyadanın sürətini və istiqamətini dəyişmirsə, burda piyadaya yol verməmək kimi xəta pozuntusu yoxdur və sürücü məsuliyyətə cəlb edilə bilməz”.

Sərxoşsansa, 400 manat verəcəksən

Yeni Məcəllədə sərxoş şəkildə avtomobil idarə etməyə görə cərimə 300 manatdan 400 manata qaldırılıb.

Daha bir yenilik də odur ki, avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etməkdən ötrü hər bir sürücü asanpay.az saytında özünə elektron kabinet yaratmalıdır.

Buna da bax...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG