Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Hökumətin formal hesabatı lazımdırmı?


Mehriban Əliyeva
Mehriban Əliyeva

-

Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin qəbullarından, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın ANS-n «İlin adamı» mükafatı almasından yazır. Müstəqil və müxalif mətbuat isə ölkənin sosial, siyasi həyatı ilə bağlı mövzuları diqqətdə saxlayır.

AZAD MƏTBUATSIZ DEMOKRATİK DÖVLƏT OLMAZ

«Azərbaycan» qəzeti Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın ANS-in «İlin adamı» mükafatı alması mərasimini geniş işıqlandırıb. Qəzetdə M.Əliyevanın mərasimdəki çıxışının da tam mətni var. Həmin çıxışda Mehriban Əliyeva deyir:

«Son illər, digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır. Xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır. Cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir».

BU HESABATLAR FORMAL XARAKTER DAŞIYIR

«Novoye Vremya» qəzeti hökuməti parlamentə hesabat verməsi ərəfədə fəaliyyətsizlikdə tənqid edir: «Ölkənin hətta taleyüklü məsələlərini belə müzakirə etməyi sevməyən bir parlamentdə yüksəkvəzifəli məmurların çıxışları lazımdırmı? Bu hesabatlar formal xarakter daşıyır. Təbii ki, ölkəni yeni imtahanlarla üz-üzə qoyan iqtisadi böhran bu mövzunu aktuallaşdırıb».

Məqalədə hökumətə bir sıra tövsiyələr verilir: «Nazirlər Kabineti unutmamalıdır ki, postneft erası başlayıb və neft dolları olmadan yaşamaq imkanları axtarılmalıdır. Bunu təsadüfən yada salmırıq. Çünki, hökumətin bir çox üzvləri tezliklə neftin qiymətinin yüksələcəyi və bununla da iqtisadiyyatdakı problemlərin aradan qalxacağı illüziyası ilə yaşamaqda davam edirlər. İqtisadiyyatın sözdə yox, əməldə diversifikasiya edilməsi prioritet məsələdir Hökumətin birinci dərəcəli vəzifəsi qeyri-neft sektorunun inkişafına şərait yaratmaqdır».

Manat
Manat

ÜÇÜNCÜ DEVALVASİYA QAÇILMAZDIR

«Bankların çoxu dollar hərraclarında iştirak etmədikləri üçün tələbatın 100 faiz yerinə yetirilməsi haqda Mərkəzi Bankın bəyanatı reallığa uyğun deyil».

Bunu iqtisadçı Nemət Əliyev «Azadlıq» qəzetinə bildirir.

Ekspert deyir ki, bu tipli bəyanatlarla Mərkəzi Bank ölkədə manat qıtlığı yaradır: «Mərkəzi Bankın atdığı belə məsuliyyətsiz addımlar böyük fəsad törədəcək və bununla bağlı izahat verməyə məcbur olacaqlar».

N.Əliyev sonda Mərkəzi Bankın üzləşəcəyi aqibətdən bəhs edir. O bildirir ki, ixrac artmadıqca, ölkədən kapital axını dayanmayacaq: «Amma hökumət bu yöndə addım atmır. Ona görə də bu durum üçüncü devalvasiyanı qaçılmaz edir».

DAYƏYƏ TƏLƏBAT VAR, AMMA NECƏ DAYƏYƏ?..

«Azərbaycanda dayələrə tələbat var, amma onların fəaliyyətinə qanun nəzarət edə bilmir. Bu gün dayələr, repetitorlar, ev işləri köməkçiləri dövlətə vergi ödəmir».

QHT rəhbəri Nəriman Ağayev bunu «Exo» qəzetinə bildirib.

N.Ağayev bu günlərdə Moskvada dayənin azyaşlı uşağı qətlə yetirməsini xatırladaraq onlara tələblərin yüksəldilməsini zəruri sayır: «Dayələrin uşaqları döyməsi, onlara işgəncə verməsi kimi hallar haqda dəfələrlə məlumatlar ortaya çıxıb. Ona görə də onlar işə başlamazdan öncə psixoloji yoxlamadan keçməlidirlər».

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov da ölkədə uşaqlara qarşı dayələrin pis rəftarlarına az rast gəlinmədiyini bildirir: «Bu cinayətləri sübut etmək üçün faktlar lazım gəlir, valideynlər bu faktları təqdim edə bilmirlər. Buna görə də dayəni işə qəbul edərkən təhlükəsizlik qaydaları nəzərə alınmalıdır».

Təyyarə
Təyyarə

MƏNTİQSİZLİK HANSI «MƏNTİQ»DƏN DOĞUR?

«Burada hava limanı tikintisi heç bir məntiqə sığmır və iqtisadi əsaslandırması yoxdur».

Ekspert Natiq Cəfərli Qubada aeroport tikintisi mövzusunda «Bizim Yol» qəzetinə bunları bildirib.

Məqalədə qeyd edilir ki, hazırda tikinti dayansa da, hava limanı Davudoba, Hacıqayıb, Ərməkiqışlaq, Dəlləkli, Ağbil və Vladimirovka kəndlərinin 600 hektarlıq ərazisini əhatə edir. Ötən il tikinti üçün ilkin addımlar atılıb. Dəqiq ərazilər müəyyənləşib və bəzi yerlərə beton tökülüb.

Sakinlər aeroportun bölgə üçün böyük fayda gətirəcəyi fikrindədirlər.

Ekspertlər isə bunun tam əskini deyirlər. Natiq Cəfərli: «Məntiqsizlik hansı «məntiq»dən doğur? Orada hava limanının tikintisi heç bir məntiqə sığmır».

Onun fikrincə, turist cəlb etmək üçün hava limanı tikintisi bir nömrəli məsələ olsa idi, indi Lənkərana, Qəbələyə, Gəncəyə, Zaqatalaya və Naxçıvana minlərlə turist gəlməli idi: «Yaxşı bəs niyə gəlmir? Lənkəran hava limanı niyə bu gün işləmir? Həftədə cəmi bir reys var. O da, Moskvaya. Bakıdan Lənkərana belə reyslər ləğv olunub. Qəbələ aeroportu demək olar ki, işləmir».

N.Cəfərli bu bölgədə kənd təsərrüfatına investisiya qoymağı gərəkli sayır.

«SOVETSKİ»NİN TARİXƏ DÖNƏCƏK BAYRAM TONQALLARI

Dünən Bakı Od çərşənbəsini qeyd edib.

«Yeni Müsavat» qəzeti bu çərşənbəni indi yarımuçulu halda olan Bakının tarixi «Sovetski» məhəlləsində müşahidə edib. Qəzet oradan sakinlərinin köçəcəyi üçün bunu ««Sovetski»nin sonuncu od çərşənbəsi» adlandırır: «Məhəllədə əvvəlki ab-hava olmasa da, Novruz tonqalı ucalırdı. Lakin «Sovetski» digər məhəllələrdən fərqli olaraq bu il taxta baxımından korluq çəkmirdi. Sökülmüş evlərin taxta materialları məhəllə meydanına toplanmışdı. Hər tonqalın ətrafına 50-yə yaxın sakin toplanmışdı. Bakının ən böyük tonqalı «Sovetski»də idi desək yanılmarıq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG