Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

-

«5 il öncə Rusiyanın ovaxtkı baş naziri Vladimir Putin prezidentliyi Dmitry Medvedev-dən geri alacağını deyəndə, ölkə ziyalıları ümidsizliyə qapıldılar. Onlar Putin rejiminin sonunu görmürdülər və 2024-cü ildə Vladimir Vladimirovich-in bir daha kiçik tərəfdaşıyla yerlərini dəyişəcəyini (rokirovka), yəni prezidentlik müddəti bitəndən sonra yenidən Baş nazir olacağını təxmin edirdilər».

Bunu «The American Interest» dərgisində Karina Orlova yazır.

Müəllifin fikrincə, Putin iki il sonra Krımı ilhaq edəndə, ziyalıların çoxu anladı ki, bu, Putin-in sonunun başlanğıcıdır, ancaq bənzər fikirləri ucadan səsləndirməyə heç kəs ürək etmədi. Bir tanınmış yazar və jurnalist «Putin 2015-ci ilin sonunadək çətin duruş gətirə» deyirmiş: «Təəssüf, 2015-ci il də gəldi, getdi, Putin hələ də Kremldədir. Ancaq öncə pıçıltıyla deyilən indi ictimai müzakirəyə çıxarılır, çar devriləndən sonra nə baş verəcəyindən danışırlar. Hansı qanunlar ləğv olunmalıdır? Krımla neyləməli? Rusiyaya lüstrasiya qanunu lazımdırmı?... Bu həyəcanlı müzakirə dəyişikliyin olacağı barədə təxminə söykənir, yəni gec, ya tez, olacaq. Ancaq bunun necə baş verəcəyi barədə fikirlər haçalanır».

Müəllif mümkün dəyişikliyin müxtəlif formalarından söz açır. Belə ki, vətəndaş itaətsizliyinə, aşağıların (yük maşınları sürücüləri bu yaxınlarda yürüşə çıxmışdı) etiraz səsinin yüksəlməsinə, hətta Rusiya elitasında parçalanmaya ümid bəslənir: «Putin rejiminin sayılı günləri qalıb və bəzi müşahidəçilər, haqlı olaraq, elitada parçalanma əlaməti axtarırlar. Rusiya tarixinə baxanda görürük ki, birinci saray çevrilişləri baş verir, daha sonra xalq inqilabı başlanır».

Yazıda Putin-in yaxın ətrafında «siloviklər» (çoxu da onun KGB-dən keçmiş həmkarıdır) və biznesmenlərin toplaşdığı vurğulanır. Ancaq Putin-in ətrafındakı iş adamlarını Yeltsin erasının oliqarxlarından fərqləndirən odur ki, Putin-in adamlarının mülkiyyət hüquqlarını elə Putin özü təmin edir: onların sahib olduqları şeylər var, ancaq eyni zamanda həm də sahibi deyillər. Bundan başqa, Putin-in adamları sərvəti özəl yolla – büdcəni sağmaqla toplayıb. Putin hakimiyyətini elə qəddarcasına möhkəmləndirib ki, hətta indi iqtisadi durum ağırlaşsa da, böyük inqilabın şansı çox kiçikdir. Regional elita Putin-dən asılıdır, bürokratlar və dövlət qulluqçularının heç vaxt siyasi gücü olmayıb.

Amma müəllif, yenə də, saray çevrilişini mümkün sayır. Belə ki, Putin-in ətrafındakılar fərqli maraqları və instinktləri olan iki qrupdan ibarətdir. Oliqarxlar Putin-in xarici siyasətinə nə qədər dəstək bildirsələr də, daha çox pul toplamaqda maraqlıdırlar.

Avro

Avro

NAĞDSIZ DÜNYA

Avropa Birliyi tezliklə 500 avroluq banknotların ləğvinə hazırlaşır, bunun kriminal fəaliyyəti önləmək məqsədi güddüyünü bildirir. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, ən böyük avro banknotunun denominasiyası nağdsız cəmiyyətə doğru bir addım sayıla bilər:

«Avrozona beynəlxalq cinayətlərə yeni «günah keçisi» tapıb: 500 avroluq banknotlar. Cinayətkar qruplar böyük pulköçürmələrdə bu banknotlara üstünlük verirlər. Banknotun ləğvi bu sahədə irəliləyişə gətirə bilər. Ancaq eyni zamanda Avropanı və dünyanı tamamilə nağdsız iqtisadiyyata bir addım da yaxınlaşdırar».

«Sıravi avropalıların çoxu 500 avroluğun dövriyyədən çıxdığını çətin hiss edərlər. Çoxları heç onun üzünü də görməyib. Ancaq banknotun müdafiəçiləri də var. Almaniya, Avstriya və Lüksemburqun mərkəzi bankları müxtəlif səbəblərdən onu müdafiə edir. Lüksemburq bu banknotu çap edənlərdəndir və 2013-cü ildə ÜDM-dən iki dəfə çox 500 avroluq buraxıb. Avstriya və Almaniya əhalisi isə Avropada ən çox nağd pulla işləyən ölkələrdir. 500 avroluğun ləğvinin mümkünlüyü Almaniya mediasında kəskin reaksiya doğurub».

Təhlildə nağd və nağdsız cəmiyyəti doğuran səbəblərdən də söz açılır. Məsələn, Almaniya və Avstriya dünya müharibələrindən sonra yüksək hiperinflyasiya yaşayıb. Üstəlik, diktatura və yüksək nəzarət şəraitində yaşamaq əhalini məxfiliyi qorumağa sövq edib. Nağd pulla anonimliyi saxlayırdılar. 2008-ci ildə almanlar maliyyə böhranına 500 avroluq banknotlarını banklardan çəkməklə reaksiya verib, pulları, çox güman ki, döşəyin altında gizlətdilər:

«Kapitala nəzarətlə nağdsız cəmiyyətin əlaqəsi də sadədir. Coğrafi baxımdan uzaqda yerləşən İslandiya adası kapital axınına rahatlıqla məhdudiyyət qoya bilər. Ancaq, məsələn, Bolqarıstan sərhədini bir çanta 500 avroluq banknotla keçən yunanı saxlamaq daha çətindir. Məhz kapital axınına nəzarət baxımından, getdikcə daha çox ölkə nağdsız cəmiyyətin ardınca yollanır».

İrqada «Hizbullah»

İrqada «Hizbullah»

HİZBULLAH «RUSCA ÖYRƏNİR»

Suriyada rusiyalı zabitlərlə çiyin-çiyinə savaşmaq «Hizbullah»ın döyüş qabiliyyətini artırır. Karneqi Fondundan Alexander Corbeil belə yazır.

«Suriya müharibəsinə cəlb olunanı «Hizbullah» ağır itkilər verib, 1300-dən çox döyüşçüsü həlak olub, minlərlə yaralı var. Nəzarətində olan ərazilərə bəzi sosial xidmətləri kəsib və Suriya müharibəsindən ötrü yeniyetmələri toplamağa başlayıb. Ancaq Suriyada Rusiya ilə birgə əməliyyatlarda iştirak bu qruplaşmanın döyüş qabiliyyətini gücləndirir ki, bunun da Livana və digər ərazilərdə siyasi və təhlükəsizlik baxımdan təsiri az olmayacaq», - yazan müəllif İranın dəstəklədiyi qruplaşmanın Suriyada Rusiya ordusu ilə birgə əldə etdiyi qələbələrdən söz açır:

««Hizbullah» komandirləri Rusiyadan qabaqcıl silahlar aldıqlarını iddia etsələr də, bunları təsdiqlətmək çətindir. Belə ki, Qərb rəsmiləri və təhlilçiləri Moskvanın «Hizbullah»ın əsas düşməni olan İsraillə münasibətlərini korlayacağına inanmır. Real olan odur ki, qruplaşma dünya səviyyəli ordunun kəşfiyyat məlumatlarını necə topladığını, planları necə qurduğunu, əməliyyatları necə icra etdiyini öyrənir... Məlumatlara görə, Latakiya və Dəməşqdə, azı, iki Rusiya-«Hizbullah» birgə əməliyyat otaqları var. Suriya və İraqda 6 mindən 8 minədək «Hizbullah» döyüşçüsünün olduğu bildirilir. Demək ki, onlar da bu təcrübədən yararlanırlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG