Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Romanlardan emosional doyum gözləyən oxucular


Robert Musil
Robert Musil

-

Robert Musil ikihissəli, bitirməyə ömrü çatmayan “Özəlliksiz adam” romanının ilk səhifəsinə “Qəribədir, amma buradan bir nəticə çıxmayacaq” kimi oxucunun həvəsini öldürə biləcək bir cümləni sərlövhə çıxarıb.

Xatirə lövhəsi
Xatirə lövhəsi

R.Musil ondan mənalı nəticə, emosional doyum gözləyən oxucuya yuxarıdan aşağı baxan bir ədayla yazır:

“Bu romanda axtardığını tapmayacaqsan, çünki mən səni məmnun etmək üçün yazmıram, sənin burjua xoşbəxtliyini bir az qaçıraraq, düşüncələrini və baxışlarını hər cümlədə səfərbər etməyini tələb edirəm”.

O, bu romanda dövrünün dünyasını böyük səbrlə, yüksək təhlil qabiliyyətilə qələmə alır.

R.Musil qəhrəmanı Ulrich'ə də öz intellektual xüsusiyətlərini verib, sanki öz fikirlərinin bioqrafiyasını yaradıb. Özü demişkən, "həqiqət istəyən adam alim olur, öz subyektivliyində azad oyun istəyən adam yazıçı olur, bəs bu ikisinin arasında olmaq istəyən adam kim olur?" R.Musil beləcə ortadadır.

Süjet xətti desəniz, yoxdur.

Cümlələr desəniz, adətən bir romanda gözəl bir avqust günü necə təsvir olunar? Günəşlə, dənizlə, isti havayla, filan, beşməkan.

Bu romanda isə belə təsvir olunur avqust səhəri:

"Atlantik okeanı üzərində barometrik bir minimum vardı, bu minimum Şərqə, Rusiya üzərində yığılan bir maksimuma doğru yol aldı və şimaldan dolanıb bu maksimumdan qaçmaq kimi bir meyl göstərmədi. İzotermlər və izoterlər də öz öhdələrinə düşəni etdilər. Havanın istiliyi orta illik istiliklə, yəni ən soyuq və ən isti ayların dərəcələriylə… günəşin və ayın doğması və batması, aydakı, Veneradakı, Saturnun peyklərindəki işıq dəyişikliklərilə…” - kimi akademik terminli uzun bir cümlə.

Bu roman təkcə dilinin elmi-fəlsəfiliyinə, intizamsız strukturuna görə deyil, ilk növbədə ideyalarına görə "20-ci əsr modern romanı" hesab olunur: romanda hər şeyə qarşı soyuqqanlı şübhə var, soyuqqanlı şübhənin müdrikliyi var.

Günümüzdə bu cür romanlar yazılmır. Yazılsa, satılmaz. Günümüzdə adamların öz artıq enerjilərini çıxarmaq üçün oxuduqlarını yazıçılar da qəbul edib oturublar. "Həm də əyləndirmək" 21-ci əsr romanının ayrılmaz xüsusiyyətinə çevrilib. Nə eksperiment edəcəksənsə, artıq əyləndirərək etməlisən.

Robert Musilin pislədiyi "romanları emosional doyum üçün oxuyan oxucular" qalib gəliblər.

XS
SM
MD
LG