Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Kim buraxıldı, kimlər həbsdə qaldı?


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

-

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işində əksər şəxslərin həbs müddəti uzadılıb. Bunu APA-ya Beynəlxalq Bankın Dubay filialının həbsdə olan sabiq rəhbəri Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib:

«Ötən gün Nərimanov rayon Məhkəməsi həmin cinayət işi üzrə 4 nəfərin işinə baxdı. Adil Hüseynovun, bankın «Mərkəzi» filialının sabiq direktoru İlqar Abdullayevin və həmin bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan «Inter Tobacco» Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadənin həbs müddəti uzadıldı.

Bankın «Nəqliyyat» filialının keçmiş direktoru Kənan Orucov isə azadlığa buraxıldı. Məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi».

Bir neçə gün öncə isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə «Azerbaijan Consalting Group» MMC-nin rəhbəri, türkiyəli iş adamı Erhan Cavad Yavuz və daha bir neçə nəfərin həbs müddəti 3 ay artırılmışdı.

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı cinayət işi üzrə 30-dan çox şəxs həbs edilib. Cinayət işi üzrə saxlanılan şəxslərdən 6-sı keçən ilin dekabrında ev dustaqlığına buraxılıb.

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev də həbsdədir. Onun barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsi 4 ay həbs qərarı verib. C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

XS
SM
MD
LG