Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

-

Xocalı faciəsi, demokratiya, sosial problemlər və regional münaqişələr fevralın 27-də medianın başlıca mövzusudur.

«Azərbaycan» qəzeti öz səhifəsində dövlət başçısı İlham Əliyevin Xocalı faciəsi qurbanlarının anım mərasimində iştirak etməsinə geniş yer verib. Məqalədə oxuyuruq:

«Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq. Eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən Azərbaycan torpaqlarını azad edəcək. Günahkarlar isə layiqli cəzalarını alacaqlar».

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SAYI RUSİYADAN ÇOXDUR

«Azadlıq» qəzeti öz səhifəsində Con Makkeyn İnstitutunun Demokratiya və İnsan Hüquqları üzrə direktoru David Kramer-in fikirlərinə yer verib.

D.Kramer düşünür ki, Qafqaz və Orta Asiyada demokratiyanın inkişafına həm daxili, həm də xarici amillər mane olub. O deyir ki, Qafqazdakı ölkələrə gələcəkdə Avropa Birliyi və NATO vəd olunmalıdır: «Azərbaycanda ABŞ-ın təhlükəsizlik və enerji maraqları insan haqları və demokratiya maraqlarına üstün gəlib».

David Kramer

David Kramer

D.Kramer son iki ildə Azərbaycanda ifadə və digər azadlıqlara ciddi basqılar olduğunu nəzərə çatdırıb: «Hazırda ciddi tənəzzüllə üzləşən Azərbaycanda siyasi məhbusların sayı Rusiyadakından iki dəfə çoxdur».

O, ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta-nın bu günlərdə qəzetlərdə dərc olunan çıxışını da tənqid edib: «İki gün öncə səfir Cekuta-nın çıxışı məni məyus etdi. Bu məqalədə demokratiya və insan haqları səthi qeyd edilib, narahatlıq dilə gətirilməyib».

D.Kramer deyir ki, bu ölkələrdə xalq vicdanlı münasibət, yaxşı idarəçilik və korrupsiyanın ləğv edilməsini istəyir. Bunların hamısına aparan yol isə demokratiyadan keçir.

OMBUDSMAN STATİSTİKAYA ÜSTÜNLÜK VERİR

«Ədalətli məhkəmə sistemi-vətəndaşların hüquqlarının müdafiəsinin zəmanətidir».

«Novoye Vremya» qəzetində dərc edilən bu məqalədə ombudsman Elmira Süleymanovanın martın 4-də parlamentdə müzakirə edilməsi gözlənilən hesabatında bəzi məqamlara toxunulur.

Elmira Süleymanova

Elmira Süleymanova

Məqalədə oxuyuruq: «İnsan haqları ilə bağlı məsələdə Ombudsman vəziyyəti təhlil etmək əvəzinə ancaq statistika sadalayır».

Müəllif yazır ki, hesabatda nə qədər hakimin, Ədliyyə, Penitensiar Xidmət əməkdaşlarının işdən azad olunduğu haqda rəqəmlər sadalanır.

Ancaq məhkəmə sistemində rüşvət, korrupsiya haqda heç nə deyilmir: «Hansı prosesdə baş verməsindən asılı olmadan, qanunu ayaqlayan bütün hakimlər məsuliyyət daşımalıdırlar».

İPOTEKA KREDİTLƏRİ NƏDƏN ƏLÇATMAZDIR?

«Tikinti şirkətləri dövlət ipotekasından imtina edir».

Bunu isə «Bizim Yol» qəzeti yazır.

Məqalədə qeyd edilir ki, mənzilə ehtiyacı olan vətəndaşların nə dövlətin, nə də tikinti şirkətlərinin təklif etdiyi kredit şərtlərinə uyğun gəlirləri var: ««Akkord» Sənaye Tikinti və İnvestisiya Korporasiyası ipoteka kredit şərtləri ilə mənzil satmadığını deyir, mənzillər ancaq nağd şəkildə satılır».

Məqalədə 5-ə qədər belə tikinti şirkətinin adı çəkilir.

Ramil Osmanlı

Ramil Osmanlı

Qəzet bu mövzuda ekspert Ramil Osmanlının fikirlərinə də yer verib. O deyir ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən mənzillər satılmır: «Vətəndaş təqribən 3 ay heç nə yeyib, içmədən gəlirini yığmalıdır ki, mənzilin 1 kv. metrini ala bilsin».

Ekspert 50 min manatlıq ipoteka kreditinin alınması üçün 3-nəfərlik ailənin aylıq gəlirinin 900-950 manat olmasının vacibliyini qeyd edir: «Bu gün belə əməkhaqqı şərtləri ilə çalışanların sayı azalıb və bu fakt ipoteka kreditlərini əlçatmaz edir».

XİLAS KƏMƏRİ

«Yeni Müsavat» qəzeti isə Azərbaycanla Gürcüstan arasında qaz danışıqlarından bəhs edir.

Məqalədə qeyd edilir ki, Gürcüstan mediası SOCAR-ın aşağı qiymətlə Gürcüstana 500 milyard kubmetr qaz satacağı haqda informasiyalar yayıb. Gürcüstanın energetika naziri Kakha Kaladze-nin fevralın 29-da Azərbaycana səfərindən sonra bu məsələlər tam aydın olacaq. «Bu xüsusda SOCAR-ın təklifi siyasi və coğrafi mənada «Qərb qapımız» sayılan Gürcüstanı Rusiya asılılığından qurtarmaq üçün «xilas kəməri»dir. Digər tərəfdən, Ermənistanın Gürcüstana İrandan qaz tədarükü üçün tranzit ölkə olmaq ümidlərini birdəfəlik basdırmaqdır», – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG