Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:56

Estoniyada şairlər çox hörmətli adamlardır


Mihkel Kaevats
Mihkel Kaevats

-

"Bu gün isə Estoniyada şair kitablarıyla olmasa da, poeziya tədbirlərində şeir oxumaqla kifayət qədər qazanır, yüksək səviyyəli həyat qura bilir."

Mihkel Kaevats 1983-cü ildə Tallində doğulub. Bizlərə semiotika və Lotmanla tanış olan Tartu Universitetində Semiologiya və mədəni elmlər fakültəsində oxuyub. Bir müddət İtaliyada, sonra Rusiyanın Voronej şəhərində yaşayıb. Onunla bir ədəbiyyat tədbirində tanış olmuşuq. Bir neçə şeir kitabı var. "Ederlezi" (2003), "Illusionist" (2004), o birilərin adlarını tərcümə etsək, “Tələskənlik” (2009), “Macar albalıları və başqa şeirlər” (2012).

- Mihkel, sizin eston dilində bir neçə şeirinizi başa düşmədən dinlədim, müxtəlif şeir gecələrində oxumusunuz. Onların arasında bir şeir diqqətimi çəkdi: "Nikolay Lama". O şeiri bildiyim dillərdə çap versiyasında axtardım, amma hər yerdə onun eston dilində MP3 -nə rast gəldim. Bugünkü şeirdə şifahi ənənə getdikcə güclənir, deyəsən.

- Elədir. Şifahi ənənə güclənir, getdikcə güclənir. Şifahi oxunması şeirin yazılışında da bəzi dəyişikliklər edib. Şairlər artıq hansı misrada auditoriyanın necə reaksiya verməsinə, ritm vurğularına, effektli sonluğa, yumoruna, təsirli olmasına fikir verirlər. Deməzdim şifahi şeir yeni hadisədir, sadəcə şeir ilk dövrünə qayıdıb. Bugünkü roman dövründə şeirin yaşaması üçün zatən yeganə imkan budur.

Estoniyada şeir ənənəsi həmişə proza ənənəsindən güclü olub. Sovet dağılan kimi şeiri çap etmək yox, canlı oxumaq ənənəsi bizdə də geri qayıtdı. (ardı aşağıda)

- Müasir eston şeirinin əsas mövzusu nədir?

- Bizdə Sovet dağılan kimi dörd şair parladı: Jürgen Roostie, Ivar Sild, Jaak Urmet Wimberg, Kristina Ehin 1990-cı illərin güclü yeni gənc şair dalğası idi. Onlar 1970-ci illərdə doğulub. İndi Estoniyada çox nüfuzlu müasir şairlər hesab olunurlar.

Onları oxumamış adamlara izah edəsi olsam, deyə bilərəm ki, təxminən Beat nəslinin estetikasıyla yazırlar. Onlar çox orijinal şairlərdir. Məsələn, şair Wimberg uşaq dilinə bənzər kəkələyən bir dil və üslubla şeir yazır, uşaq dilinə bənzər dillə bugünkü dünyanın, cəmiyyətin, real vəziyyətin absurd mənzərələrini cızır.

Estoniya şeirində qadın mövzusu da çox güclüdür, Ehin'in şeirləri buna misaldır. Ümumiyyətlə, estonlar şeiri çox sevirlər. (ardı aşağıda)

- Onda şairlər yəqin hörmətli insanlardır.

- Bəli. Estoniyada şair çox hörmətli simadır.

- Bu hörmət özünü necə büruzə verir? Hökumət şairə ev, “kremlyovski ərzaq payı”na bənzər pay, xidməti maşın, dövlət vəzifəsi və kabinet ayırır?

- Şair azad quşdur. Estoniyada sovet vaxtı, 1940-cı ildən etibarən ədəbiyyatın iki böyük cəbhəsi formalaşmışdı. Mühacirətdəkilərin yazdığı ədəbiyyat və Sovet Estoniyasında yazılan ədəbiyyat. Sovet vaxtı bir sıra yazıçılar və şairlərə Partiya idarələrində vəzifələr verilmişdi, şair o zaman da yaxşı yaşayırdı. Bu gün isə Estoniyada şair kitablarıyla olmasa da, poeziya tədbirlərində şeir oxumaqla kifayət qədər qazanır, yüksək səviyyəli həyat qura bilir. Daha yaxşı yaşamaq istəyən daha yaxşı yazmalı, daha böyük auditoriya yığmalıdır.

- Onda ənənəvi "oxucu" tamaşaçıya çevrilir. Adətən şeiri və şeir kimi incə məsələləri kommersiya idarəetməsinin ümidinə qoyanda sentimental şeir kitabları, vampirlər haqqında filmlər artır. Bəs siz xalqın şeir savadının olması üçün nə edirsiniz?

- Yəqin ki, bizim xoşbəxtliyimiz kiçik ölkə olmağımızdır. Kiçik ölkənin mədəniyyətinin də, şeir zövqünü də keyfiyyətli olmasına yaxşı təhsillə nail olmaq asan olur.

- Eston ədəbiyyatının mətnlərdən kənar əsas problemi nə hesab olunur? Məsələn, Qafqaz ölkələrində Qərbi Avropada sanballı ədəbiyyat jurnallarında və nəşriyyatlarda nəşr olunmaq ciddi çətinlikdir və çatılması arzulanan bir şeydir.

- Bu problem var, amma günümüzdə Estoniya və həmçinin qonşu ölkələr də belədir, özləri mərkəz olmağa çalışırlar. Sovet İttifaqı qardaşlıq icması idi, amma kiçik qardaşlar ağızlarını yumulu saxlamalıydı. Bu gün Estoniya böyük və üstün dil və mədəniyyətlərin "kiçik qardaşı" olmamaq üçün öz ərazisində güclü mədəni mərkəz olmağa çalışır.

- Siz gözəl alman və rus dili də bilirsiniz, amma eston dilində yazırsınız. Sizin üçün bunun milli mənası var? Axı məsələn, alman dilində yazmaqla daha çox şeyə nail ola bilərsiz?

- Eston dili kiçik dildir, amma bu dildə böyük ədəbiyyat ənənəsi var. Biz eston dilini ingilis və ya alman dilindən aşağı qiymətləndirmirik. Dəvətlər olur, İsveçdə, Finlandiyada, Almaniyada da şeir gecələrinə çıxışlar edirik. Amma sırf kiçik dil olduğuğu üçün eston dilini aşağı hesab etmirik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG