Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

Dəqiq güllə dəymişdi, harama, onu bilmirəm


Təcili yardım maşınları Xocalıdan ölmüş azərbaycanlıları daşıyır. 1992

Təcili yardım maşınları Xocalıdan ölmüş azərbaycanlıları daşıyır. 1992

-

"Bizimkilərə, türkə, müsəlmana getməyəcəm. Avropalı, amerikan olsa, bəlkə gedərəm."

Azad Qaradərəli

AYSOR OLMAQ

(“Müharibə uşaqları” silsiləsindən)

Azad Qaradərəli

Azad Qaradərəli

“ …Əlimi qaldırdım, qalxmadı. Əllərim olub? Bilmirəm. Mən olmuşam? Onu da bilımirəm. İnsanam? Deyəsən, bunu bildim.

Bəs insanamsa niyə burdayam? “Burdayam” nə deməkdir? Haradır bura? Bəlkə heç insan deyiləm, qara pıspısa dediyimiz cücəyəm? Gəlib bura – torpağın altına girmişəm? Hə, bura dəqiq torpağın altıdır, nədən ki, nəm torpaq tamı gəlir. Bu tamı bilirəmsə, demək hələ diriyəm. Qaranlıq olmağı isə torpağın altı olduğu anlamına...

Nəsə isti bir şey axdı üzümə-gözümə. Hə, üzümə, gözümə deyirəm, ona görə ki, üzümdən də axıb ağzıma doldu. Onsuz da ağzıma dolmuş bu isti şeyin qabağını almaq iqtidarında deyiləm.

Bir də bunun bir ləzzətli qoxusu vardı. Doğma gəldi mənə. (Elə bil haçansa içmişdim ondan) Qapanmış ağzımın qıraqlarına dolan bu isti məhlul kilidlənmiş ağzımı aralamağa kömək etdi və... bu isti maye ağzıma, oradan boğazıma, sonra qarnıma axdı...

Nə qədər axdığını bilmirəm. Bildiyim odur ki, bunun qəribə gücü varmış: bədənim istiləndi, gözümün biri açıldı və işıq gördüm! Altımda, yanlarımda isti-soyuq bədənlər olduğunu anladım. Hətta hardansa inilti, sızıltı gəldi qulağıma. Tezliklə bunu da anladım: üstümdəki isti bədəndən gəlir sızıltı. Elə ağzıma axan şirə də üstümdəki bədəndən axırdı.

Özümə gəlməkdəydim. Nə baş verdiyini hələ anlamasam da, altımda-üstümdəkilərin insan meyitləri olduğunu duymaqdaydım. Yanımda yerə düşmüş qolumun birini güclə də olsa, qaldıra bildim. O biri qolum isə hələ ki, “yox” idi.

Tezliklə onu da “tapdım” – üstümdəki bədəni hələ isti olan, arabir iniltisi gələn adamın altında qalmışdı. Zindan kimi ağır olan bu bədənin altından çıxa bilsəm...

Özümü toplayıb bütün qüvvəmi cəmləşdirdim və o biri qolumu çəkib üstümdəki bədənin altından çıxartdım. Bu vaxt başım da tərpəndi və üzümü örtmüş torpaq töküldü. O biri gözüm də açıldı.

İnsanlar Xocalını anırlar

İnsanlar Xocalını anırlar

Yuxarıda dərin, tərtəmiz, masmavi səma görünürdü. Ağlım yavaş-yavaş qayıdırdı. Və bizi Xocalıdan bir az aralıda, qoyun yatağının yanında tutub güllələmişdilər. Mənə dəqiq güllə dəymişdi – harama, onu bilmirəm. Sonra bura haradısa gətirib çalaya töküb, üstümüzü torpaqlayıblar...

Üstümdəki meyitin (hə, səsi gəlmir daha, bədəni də soyuyub) altından tamam çıxmağa çalışıram. Bir ayağımı çəkib çıxardıram. O birini çıxardanda baldırımdan qan açılır.

Güllə sümüyümə dəyməyib. Sevinirəm! Yanımdakı meyitin köynəyinin qolunu dişlərimlə cırıb yaramı sarıyıram. Bu vaxt üstümə yıxılanın 16-17 yaşlarında bir yaraşıqlı oğlan olduğunu görürəm.

Bığ yeri təzəcə tərləyib. O gözəl üzündə dəhşət və qorxunun rəsmi qalıb. Güllə düz sol sinəsindən dəyib. Mənim ağzıma axan da onun ürəyinin qanıymış. Məni onun qanı qurtardı. Əyilib bu yaralı sinədən öpdüm və xəndəkdən çıxdım.

Axşamüstü idi. Ətrafda ins-cins yoxdu. Göyə baxdım: qu desən qulaq tutulan bu nahaq qana batmış məkanda göy üzündə iri bir ay vardı və o solğun bəniziylə sanki günahkar-günahkar mənə baxırdı.

Bu vaxt kolların arasından iki nəfər çıxıb mənə əl etdi. Qaçıb meyitlərin yanına – xəndəyə girmək istəyirdim ki, biri “qızım” deyə titrək səslə çağırdı. Bizim əsgərlər idi. Allah onları mənə - 13 yaşlı kimsəsiz qızcığaza xilaskar göndərmişdi...”

***

Oğlan bir qutu siqaretin yarısından çoxunu çəkmişdi. Rəngi qapqara olmuş, gözləri qıyılmışdı. Bu qərib şəhərdə bir gün rastlaşıb könül verdiyi bu gözəl qızın ondan qaçmasını zaman-zaman anlamağa çalışırdı. Amma qız “salam, sağ ol”dan o yana keçmir, onun da keçməsinə imkan vermirdi.

Axırı ki, bir gün əl çəkmədi qızdan. O da başına gələnləri ona danışdı. Lap axırda da bunları dedi:

-Mən ərə getməməyi, yəni adam kimi ailə qurmamağı qarşıma məqsəd qoymuşam. Ya da bizimkilərə, türkə, müsəlmana getməyəcəm. Avropalı, amerikan olsa, bəlkə gedərəm.

-Bu da nə deməkdir? – Oğlan hirslə dedi.

-Mən daha sevə bilmərəm... O oğlanı – qanı bahasına məni xəndəkdə xilas edən, yarasından öpdüyüm o oğlanı sevmişəm mən... Daha çətin ki, kimisə sevə biləm...

Oğlan heyrətlə qıza baxırdı. Qız bayaq başına gələnləri danışanda aldığı ölü vəziyyətinə təzədən qayıtmışdı:

-Mən sonradan başa düşdüm ki, baldırımın şirin ətinə dəyən güllədən deyil, qorxudan bayılmışam. Ermənilərin məni hansı vəziyyətdə o xəndəyə gətirdiklərini xatırlaya bilmirəmsə, ola bilsin ki, mənim bakirəliyimi də pozublar. Axı bədənim bütöv qan içindəydi. Ayrı nə olduğunu hardan bilə bilərdim ki?..

Mən qız olmaya bilərəm, başa düşürsən? Bu, bizim oğlanlarçün bir həyat-ölüm məsələsi, deyilmi?.. Boyunlarındakı hörmə qızıl zəncirlər bir tankın qoşqusundan yoğun olan anaları uzun illər xəyal qurar, oğlanlarını bakirə, halal süd əmmiş qızla evləndirməyi arzulayarlar... Hələ yengə məsələsi... Bizim nəsildə heç yengə getməyə qadın da qalmayıb axı...

O, ağlaya bilmirdi. Quru, adamı sancan bir səslə danışırdı. Oğlansa başını dizlərinin arasına alıb qalmışdı. Başını qaldıranda qız çoxdan getmişdi. Qutuda bir gilə siqaret qalmışdı.

***

-Müəllim, bəs qız sonra nə oldu? – dodaqları büzüşmüş, gözləri yaşdan sulanmış qızcığaz müəllimdən soruşdu. O biri şagirdlərdən də səs çıxmırdı.

-Onu bura – vətəninə bağlayacaq bir şey yox idi. Bütün nəsli kəsilmişdi... Ona görə ali məktəbi bitirənnən sonra bura qayıtmadı... Türkiyədə aysorlar deyilən bir azsaylı xalq var. Tarixdən oxumuş olarsınız – Assuriyalıların qalıqlarıdır.

Xristiandırlar. Qrupumuzda həmin xalqdan olan İosip adlı bir oğlan oxuyurdı. Əminə o oğlanla ailə qurdu. Sonra mən universiteti bitirib Bakıya gəldim. Əminədən bir daha xəbər tuta bilmədim.

Müəllim son kəlmələri uşaqlara deyə bilmədi. Elə içinəcə söylədi: “O illərdən on iki il keçib. Heç bir qıza könül verə bilməmişəm. Ağlım Əminədə qalıb... Bu illər ərzində neçə dəfə aysor olmadığıma görə özümə nifrət etmişəm.”

7 iyun 2014

Günün bütün mövzuları

XS
SM
MD
LG