Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

-

Filosof Bertran Rassel ilə əxlaq haqqında söhbət

Araz Gündüzün tərcüməsində

–Lord Rassel, siz “əxlaqi qadağa” deyəndə nəyi başa düşürsünüz?

Mən bu anlayışı belə başa düşürəm: bizim davranışlarmızı, özünün doğru bildiyi qaydalarla düzənləmək istəyən əxlaq, niyəsini demədən, bizə nələrisə eləməyi yasaqlayır. Hansısa durumda bu qadağanın səbəbini tapmaq da olur, ancaq durumların çoxunda bu səbəb heç cürə bəlli olmur, ancaq bütün durumlarda, bu əxlaqi qadağa mütləq mahiyyətli olur, sizin bu qadağanı poza bilmək üçün yolunuz qalmır.

–Əxlaqi qadağalar nələri yasaqlayır?

Bu, toplumda sivilizasiyanın hansı durumda olmasından asılıdır. Əxlaqi qadağalar, ən çox, insanların hələ şüurca çox bayağı olduqları çağlarda yaranır. Mənə elə gəlir, büsbütün geriçilik içində yaşayan hansısa oymaqlarda başqa cür əxlaq yarana, işləyə bilməzdi, örnək üçün, burada oymaq başçısının böyüklüyünü anlatmaq üçün, başqalarının onunla bir boşqabda yemək yeməsi yasaqlanırdı.

Sizə isə bu yasağı pozanların öləcəyini aşılayırdılar; bu sayaq çoxlu qadağalar, o çağlardakı insanların primitiv yaşamının yönətilməsinə qulluq eləyirdi.

Beninin kralı ilə bağlı belə bir yazı oxumuşdum: onun buyuruğuna görə, kral hansısa bir yönə uzun bir müddətdə baxa bilməzdi, birdən kral baxışlarını harasa, uzun bir müddət tuşlasaymış, onun krallığının bu kəsimində tufan ola bilərmiş, ona görə də onun qoyduğu qanuna görə, kral gərək dayanmadan baxışlarını yan-yörəsində dolandıraymış. Bax, elə bu dediyim örnəkdən, primitiv toplumlarda əxlaqi qadağaların necə yer aldığı görünməkdədir.

–Bizim aramızda yer alan əxlaqi qadağalardan nə danışmaq istərdiniz?

–Bizim bugünkü əxlaqımızda da olduqca çoxlu qadağalar vardır, elə qadağalar da var, bunlar olduqca yersiz görünür, bir də görürsən, suç sayıla bilməyəcək şeylərə də qadağa qoyulmuşdur. Bu gün ancaq bir günah var, onu demək olar eə hamılıqla da günah sayırlar, sözün düzü, mən heç vaxt bu günaha batmamışam. Deyirlər: “Qonşunun xanımına göz dikmə”. Mən boynuma alıram: qonşumun xanımına heç vaxt pis gözlə baxmamışam.

–Yaxşı, siz gündəmdə olan daha güclü əxlaqi qadağalardan nə danışa bilərsiniz? Bunlardan örnəklər gətirə bilərsinizmi?

–Olar. Əxlaqi qadağaların çoxu, belə demək olarsa, məntiqi əxlaqla bağlıdır. Örnək üçün, siz gərək nəyisə oğurlamayasınız, yaxud da kimisə öldürməyəsiniz. Bütün bu buyuruqlar, olduqca ağlabatandır, ancaq bu qadağalardan çıxmağa heç bir yol qoyulmaması birdən, insanları çıxılmaz durumlara sala bilir. Örnək üçün, başqasını öldürməyə qoyulan qadağa eftanaziyaya da aiddir.(Eftanaziya—çox ağır xəstələri acı çəkməkdən qurtarmaq üçün, onların öz istəyi ilə öldürməyə deyilir.) Ancaq mənim düşüncəmə görə, ağıllı insan yaranan duruma görə, eftanaziyaya qarşı olmaya da bilər.

Hindistan. İnsan ölmüş inəyin üstünü örtür

Hindistan. İnsan ölmüş inəyin üstünü örtür

–Hinduslarda mal əti yeməyə qoyulan qadağalar sayağı yasaqları da əxlaqi qadağalar sırasına qatmaq olarmı?

–Elədir, hindusların əxlaqına görə mal əti yemək qadağandır. Müsəlmanlarla, yəhudilərdə donuz ətini yemək qadağandır. Çox vaxt bu yasaqların nə üçün qoyulduğunu aydınlaşdırmaq olmur, bu haçansa, nəyə görəsə qoyulmuş bir qadağadır.

–Ola bilərmi, bu qadağaların bəziləri işəyarar olsun? Necə düşünürsünüz?

–Onların biriləri işəyarar ola bilir, başqa biriləri isə yox, hər şey yerinə düşməkdən asılıdır. Başqa sözlə desək, siz şüura arxalanan hansısa əxlaq yiyəsi olarsınızsa, onda bu qadağaları da araşdırıb, onların yararlı-yararsız olduğunu sağ-çürük eləyə bilərsiniz. Ancaq bəri başdan deyim, mal əti yeməyin qadağan olunmasında heç bir yaxşı şey tapmaq mümkün deyildir.

–Sizin heç bir dinə inanmadığınızı bilirəm, ancaq buna baxmayaraq siz, çox da düşünüb-daşınmadan, əxlaqi qadağalara uyğun davranırsınızsa, onda bu, hansısa ümumi sayılan etik normaların olmasından soraq vermirmi?

–Elədir. Ancaq burada etikanı siyasətdən ayırmağın özü də çox çətin bir işdir. Mən elə gəlir, əxlaqi baxışların kökündə də hüquqi normalar dayanır: insan təbiətinə görə, özünün yararına olan işləri görməyə çalışır, bu işin başqalarına korluq verə biləcəyi onun üçün önəmli olmur. Birdən onun elədikləri, çoxlu sayda insanların işini korlayırsa, onda bu insanlar birləşərək ona deyirlər: “Qulaq as, biz sənin gördüyün bu işi bəyənmirik, gördüyün bu iş bizə bərk korluq verdiyi üçün sən ondan əl çəkməlisən”. Buradan da, insanların qarşılıqlı anlaşmasına bağlı olan, ağlabatan mühakimələrə əsaslanan hüquqi qanunlar ortaya çıxmış olur. Fərdi maraqlarla, ictimai maraqların uzlaşması elə bu sayaq yaranır.

–Ancaq bu gün hərənin öz etik sistemi ilə yaşamaq istəməsindənsə, hamılıqla anlaşılan bir etik sistemin olması daha məqsədəuyğun olmazdımı?

–Düz deyirsiniz, hərə özü istədiyi etik normalara uyğun yaşamağa can atsaydı, onda çox böyük bir qarmaqarışıqlıq yaranardı. Ancaq özlüyündə belə sistemlərin fərdi olaraq gerçəkləşməsi də heç baş tutan bir iş deyildir, mənim bir az öncə də dediyim kimi, bu fərdi davranışlar hüquqi normalardan asılıdr, həm də ictimai bəyənilmə ilə ictiami qınağın təsiri altındadır. İnsanlar, ictimai qınağı özlərinə qarşı yönəltməyi istəmirlər; ona görə də, hamılıqla bəyənilən bir əxlaqi sistemin yaranması da, yayılması da, gerçəkləşə biləndir.

–Sizcə, günah deyilən bir şey varmı?

–Yox. Məncə, günah anlayışının nə demək olduğunu aydınlaşdırmağın özü çox çətin bir işdir. Siz bununla yolverilməz davranışları başa düşürsünüzsə, sözsüz, yolverilməz davranışlar doğrudan da vardır. Mən “yolverilməzlik” deyəndə burada: verə biləcəyi korluqlar, gətirə biləcəyi yararlardan çox ola biləcək davranışları düşünürəm; belə davranışların varlığını danmaq olmaz. Ancaq bu, günah terminin, bütövlükdə işəyarar bir şey olduğunu düşünmürəm.

Günah nə isə elə bir davranışdır, gərək onun cəzası verilsin, bu cəzanın verilməsi isə, günahın əksinə olaraq, yaxşı, düzgün bir davranış sayılır. Elə götürək adam öldürməyə görə verilən cəzanı. Bu cəzanın düzgünlüyü, təkcə elə onun ölümün qarşısını almasında deyil, həm də adam öldürənin bu cəzaya layiq olmasındadır.

–Siz günah ideyasının ortaya atılmasında, əyriliklərin, amansızlıqların örtbasdır edilməsinə çalışmaqla bağlı durumlar olduğunu düşünürsünüzmü?

0Sözün düzü, belə düşündüyüm çox olur. Mənə elə gəlir, ancaq amansız adamlar cəhənnəm ideyasını düşünüb ortaya çıxara bilərdilər. Normal insani duyğularla yaşayan kimsə, bu dünyada cinayət törədərək, istər əxlaqi, istərsə də hüquqi qınağa tuş olmuş birisinin, o biri dünyada, bağışlanmaq şansı olmadan sonsuzlara kimi cəza almasını bəyənə bilməz. Mən inanmıram, yaxşı insanlar haçansa bu cəhənnəm ideyasını düzgün saysınlar.

–Siz doğrudanmı, günah anlayışından kimlərinsə öz yırtıcı, qaniçən istəklərini doğrultmaq üçün yararlandıqlarını düşünürsünüz?

–Elədir, mən belə düşünürəm. Günah anlayışına inamın özülündə kəskin əxlaq adlandırıla bilən nəsnə dayanmaqdadır. Bu əxlaqa arxalanaraq siz, acımadan kimisə incidə, işkəncə verə bilərsiniz, elə buna görə də, belə bir inanc düzgün sayıla bilməz.

–Günah anlayışı olmasaydı, biz onda düzgün saymadığımız hansısa davranışları necə qınaya bilərdik?

–Düzgün olmayan davranışların bəyənilməməsi, qınanması, hüquqi normaların içində olmalıdır, mənim düşüncəmə görə, bu belə baş verməlidir. Siz nəyisə qınaya bilmək üçün ictimai rəyə arxalanmalısınız. Bugünümüzdə bunun necə də gərəkli olduğunu bir daha anlaya bilmək üçün, makiavelliçilik kimi nəzəriyyələri doğurmuş italiyansayağı intibaha baxmaq yetərlidir. Çox vaxt, ictiamai rəy, əslində qınamalı olduğu çoxlu şeylərə qarşı dözümlülük göstərir.

–Siz, heç olmasa, hansısa davranışları əxlaqsızlıq sayırsınızmı?

–Mən bu sözü işlətmək istəməzdim. Belə deməyi daha düzgün sayardım: bir sıra davranışlar yararlı olmaqdan çox, korluq verir; siz hansısa davranışın yararından çox korluğunun olacağını bilirsinizsə, ən yaxşısı, gərək belə davranmaqdan çəkinəsiniz. Siz bu yerdə “əxlaqsızlıq” sözünü işlətməyi bəyənirsinizsə, buyurun, onu da işlədin, ancaq mən bu sözü nə düzgün, nə də yararlı sayıram.

–Əxlaqi qadağaların çox böyük bir kəsimi, seksual ilişkilərlə bağlıdır. Elə sizin də seksual ilişkilərlə bağlı çoxlu çalışmalarınız vardır. Sizin, seksual ilişkilərlə bağlı olan durumlarda ağlabatan davranmaq istəyən insanlara gənəşikli sözünüz nə olardı?

–Qabaqcadan onu deyim biləsiniz, mənim bütün çalışmalarımın olsa-olsa bir faizində seksual ilişkilərdən danışılır, ancaq görünür, bu seksual ilişkilərlə bağlı mövzu sadə insanları elə çox ilgiləndirir, onlar baxışlarını mənim ancaq bu yöndə olan işlərimə dikərək, yaradıcılığımın yerdə qalan doxsan doqquz faizlik kəsimini gözdən qaçırırlar.

Bunun ardınca isə demək istəyirəm, seksual ilişkilərlə bağlı davranışların ağalabatan olması üçün, insanlar bu ilişkilərin onların ömründə bir faizdən artıq yer tutmasına yol verməməlidirlər. Ancaq bu işlərdə də mən yuxarıda dediyim prinsiplərə arxalanıram.

Başqa sözlə desək, sizin bu yönümlü davranışınız başqalarının işlərini korlamırsa, onda bununla bağlı çox da baş sındırmağa dəyməz. Nə də əski çağlarda, hansısa əxlaqi qadağaların qoyulmasına, hansısa davranışların yolverilməz olduğunun deyilməsinə baxaraq, özünüzü yersiz olaraq qınamağa da dəyməz.

Dediyim kimi, burada sizin ancaq bir ülgünüz olmalıdır: davranışlarınızın başqalarının işini korlamasından çəkinməlisiniz. Seksual ilişkilərlə bağlı əxlaqi davranışların əsasında da elə bu prinsip dayanmalıdır, sözün düzü, elə başqa əxlaqi davranışlar üçün də bu prinsip bütünlüklə doğru sayılmalıdır.

–Başqa sözlə desək, zorlamalar mühakimə olunmalıdır, ancaq gəzəyənliklə, ayağısürüşgənlik başqalarının işlərini korlamadığı üçün qınanmamalıdır, eləmi?

–İnsana qarşı törədilən istənilən fiziki zorakılıq kimi, zorlama da mühakimə olunmalıdır, buna heç söz belə ola bilməz. Gözüdağınıqlığa gəlincə, burada gərək konkret durumlara görə mühakimə yürüdülsün, yerinə görə bu ya pislənilsin, ya da üstündən keçilsin. Ancaq heç bir halda, bəlli bir duruma, onun həmişəlik mühakimə olunmasına yol açan hansısa yarlıq yapışırılmamalıdir.

–Siz hansısa bilgilərin yayınlamasını yolverilən, başqalrını isə yolverilməz sayan qaydaları düzgün sayırsınızmı?

–Mənim bu konuyla bağlı baxışlarımı inanmıram çoxları bəyənsin. Mənim düşüncəmə görə, heç bir bilginin yayınlanmasını qadağan eləyən qaydalar olmamalıdır. Mən niyə belə düşündüyümü deyim, birdən belə bir qadağa olarsa, onda bizim burnunun ucundan uzağı görməyən məmurlarımız, çox dəyərli yaradıcılıq örnəklərinin də yayınlanmasına qadağa qoya bilərlər, hansısa əsərdə onları diksindirən bir ideya oldumu, onun yayınlanmasına qadağa qoyacaqlar. Bu, birinci səbəbdir.

İkinci səbəb isə bununla bağlıdır, baxın görün, pornoqrafiyaya qadağa qoyulması ona olan marağı necə gücləndirə bildi. Amerikada içki içməkdən çəkindirən qadağaların gücləndirildiyi çağlarda mən bu ölkədə yaşayırdım, onu deyə bilərəm, adamlar bu qadağalar qoyulandan sonra, öncələr olduğundan da qat-qat artıq içməyə başlamışdılar; gördüyünüz kimi pornoqrafiya ilə də belə olmuşdu. Belə qadağalarla bağlı sizə bir örnək gətirim.

Qədim yunan şəhəri

Qədim yunan şəhəri

Əski çağ yunan filosfu Empedoklunn yaşadığı dönəmdə dəfnə yarpağını yemək çox böyük günah sayılırdı, Empedokl vaysınaraq yazırdı:

Mən bu qadağaya baxmayaraq, dəfnə yarpağını yeməkdən özümü saxlaya bilmirəm, buna görə cəhənnəmə düşə biləcəyim də məni bundan çəkindirə bilmir.

Bizim çağımızda heç kim mənə dəfnə yarpağını yeməyin günah olduğunu deməyib, ancaq mən onsuz da onu yemirəm, ancaq Empedokla dəfnə yarpağını yeməyin günah olduğunu demişdilər, buna baxmayaraq, o özünü dəfnə yarpağı yeməkdən saxlaya bilmirdi.

Bayaq dediyim kimi, açıq-saçıqlıqla bağlı yazıları, şəkilləri qadağan eləmək də onlara olan marağı gücləndirir, onların insanlar arasında daha geniş yayılmasına gətirib çıxarır.

–Siz demək istəyirsiniz, indi gizli yayılan ədəbsiz yazılar, yaxud da şəkillər, birdən açıq-aydın yayılarsa, onlara olan maraq artamayacaqdır?

–Mənə elə gəlir, bununla, onlara olan maraq qat-qat azalacaqdır. Tutalım, üstündə ədəbsiz şəkillər olan poçt açıqcalarının(otkrıtkalarının) çap olunmasına icazə verilmişdir. Ola bilsin, bir-iki il onlar adamlara maraqlı görünəcək, ancaq sonradan onlar adamları elə bezdirəcəkdir, bir kimsə də onlarla maraqlanmayacaqdır.

–Düşünürsünüz, bu elə kitablarla, başqa bu kimi açıq-saçıq çap məhsulları ilə də belə olacaqdır?

–Elə bilirəm, onlar üçün də gec-tez belə olacaqdır. Başqa sözlə desək, hansısa yaradıcılıq örnəyi yaxşı yazılmış kitabdırsa, gözəl çəkilmiş rəsmdirsə, insanlar həmişə bu kitabı oxuyacaq, bu rəsmə baxacaqlar, burada hansısa açıq-saçıqlığın olması onları bundan çəkindirməyəcəkdir.

–Yenidən bayaqkı sözümüzə–anlaşılmaz olan əxlaqi qadağalara qayıdıram. Necə bilirsiniz, bugün onlar insanların işini çoxmu korlaya bilir?

–Burada iki türlü ziyanı ayırd eləmək olar. Bunlardan birincisi, bu əxlaqi qadağaların kökünün çox əski çağlara gedib çıxması ilə bağlıdır, bu əxlaqi qadağaların yarandığı toplumların sosial-siyasi quruluşu, bizim indiki toplumun quruluşundan büsbütün seçilib ayrılırdı, ancaq bugünümüzə gəlib çıxmış əxlaqi qadağalar o toplumun işinə yarayırdı, bax elə buna görə də, bir çox əxlaqi qadağalar indi bugünkü gerçəkliyə uyğun gəlmir.

Örnək üçün, bugünümüzdə geniş yayılmaqda olan süni mayalandırma əxlaqi qadağalarla uyuşmur, ancaq bir anlıq düşünün, o uzaq keçmişdə əxlaq yaradıcılarının ağlına haçansa belə bir şeyin ola biləcyi gələ bilərdimi? Bu ziyanlardan biri.

Bundan başqa, əxlaqi qadağalar üzərində qurulan əxlaqi sistemlərin hamısının içində, keçmişlərdə baş vermiş hansısa cinayətin izləri saxlanmaqdadır. Bir neçə örnək göstərim.

Gəlin insanın qurban verilməsindən başlayaq. Yunanlar, öz gəlişmələrinin çox erkən çağlarında insan qurbanı verməkdən əl çəkmişdilər, özü də bu qaydanı bütünlüklə aradan qaldırmağa çalışırdılar. Ancaq yunan toplumunda çox böyük təsir gücü olan bir qurum—Delf Orakulu insan qurbanı verilməsinin dayandırılmasını istəmirdi.

İnsan qurbanı verilməsindən əl götürmək, yunanların bu məbədin yaydığı mövhumata inanmasının qarşısını ala bilərdi. Ona görə də, bütün Yunanıstanda insan qurbanı verilməsi dayandırılsa da, Delfdə bu çox uzun illər boyu saxlanılmışdı. Bu örnəyin biri.

Bundan az önəmli olmayan daha bir örnək. Meyitin yarılması, uzun illər boyunca çox böyük günah sayılmışdır. V Karlın imperatorluğu dönəmində yaşamış çox böyük həkim Vezali, meyitləri yarmadan insanlarda baş verən xəstəliklərin səbəblərinin öyrənilməsinin, onların sağaldılmasının baş tutmayacağını yaxşı bilirdi. Ona görə də meyitləri yarmaq işinə girişmişdi.

İmperator V Karl tez-tez xəstələndiyindən, onu sağaltmağa isə Vezalidən başqa kimsənin əli girmədiyindən, imperator öz həkiminin bu işləri görməsinə yol verir, onu cəzalandırmaq istəyənlərin qarşısını alırdı.

Ancaq V Karl taxt-tacdan əl çəkəndən sonra, Vezali təkləndi, onu meyit yardığına görə məhkəməyə çəkib mühakimə elədilər, onun boynuna hələ ölməmiş insanların bədənlərini yardığını da qoydular. Sonra isə, ona cəza olaraq, Müqəddəs torpaqlara gedib tövbə eləməyi kəsdilər. Yolda onun üzdüyü gəmi fırtınaya düşüb batdı, Vezali də ölüb getdi.

Bütün bunlar meyitin yarılmasını qadağan eləyən əxlaqi qadağa ucbatından baş vermişdi. Elə bugünümüzdə də əxlaqi qadağalar insanların işlərini çox korlaya bilirlər. Bunlardan biri, doğuma nəzarət olunmasını əngəlləyən əxlaqi qadağalardır.

Toplumun bir sıra qatlarında yaşayan insanlar arasında bu gün də öz gücünü saxlayan əxlaqi qadağalar doğuşun qarşısının alınmasını yasaqlayır. Bu isə çox böyük ziyanlar törətməklə sonuclanır. Yoxsulluğun artmasında, qanlı savaşların törənməsində bunun təsirləri görünməkdədir.

Bir sözlə, bu qadağa çoxlu sosial problemlərin yoluna qoyulmasının qarşısını almaqdadır. Ən önəmli ziyanlardan birini də göstərdik, ancaq bundan başqa da ziyanverici əxlaqi qadağalar çoxdur.

Götürək elə boşanmanın qadağan olunmasını, bu qadağa uzaq keçmişlərdəki ictimai quruluşa uyğun olaraq ortaya çıxmışdır, bugünümüzün gerçəkliyinə isə uyğun deyildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG