Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

-

"Doktor onun arxasınca baxdı, duruxub qalmışdı, sonra əsəbiləşdi - niyə bunun davam etməsinə imkan verirlər? – deyə düşündü. – Bununla nəyə ümid edirlər, görəsən?”

Francis S.Fitzgerald

SƏYAHƏT İNTİZARI

İngiliscədən tərcümə: Kazım Səlimov

F. Scott Fitzgerald

F. Scott Fitzgerald

Biz Turen əyalətindəki qədim qəsrlər haqqında söhbət edirdik və XI Luinin Kardinal La Balunu altı il dustaq saxladığı dəmir qəfəsdən, sonra “daş torbalar” və onlara bənzər dəhşətli zindanlardan danışdıq.

Mən o “torba”ların bəzilərini görmüşdüm. Dərinliyi 30-40 fut [1] olan adicə quru quyular idi. Adamı ora atırdılar və onun dadına çatacaq nəyisə gözləməsi mənasız idi.

O quyular mənim beynimdə uzunmüddətli iz buraxmışdılar – məndə klaustrofobiyaya [2] elə meyl var ki, yataqlı Pullman vaqonlarının rahat kupesində də vahiməyə düşürəm. Ona görə də doktor öz hekayətini danışanda bir qədər yüngüllük duydum. Çünki o danışmağa başlayanda bunun çox keçmişlərdəki işgəncələrlə bir əlaqəsi olmadığını düşünürdüm.

Missis Kinq adında, əri ilə çox xoşbəxt həyat sürən bir gənc xanım vardı. Onlar varlı idilər və bir-birilərini çox sevirdilər. Lakin ikinci uşağı doğanda missis Kinq uzunmüddətli komaya düşdü və ayılanda onda şizofreniya və ya “şəxsiyyətin ikiləşməsi” əlamətləri aydın görünürdü.

Xəstəliyinə təsiri elə güclü olmasa da, ruhi narahatlığı özünü "Müstəqillik Deklarasiyası ilə nəsə etmək" lazım olması xülyasında göstərirdi, lakin sağlamlığı bərpa olduqca bu narahatlığı da keçib getdi.

On aylıq müalicənin sonunda onun xəstəlik əlamətlərinin tamam çəkildiyini demək olardı və sağalmış xəstə kimi klinikadan çıxmaq üçün alışıb-yanırdı.

O, iyirmi bir yaşında idi, məftunedici yeniyetmə qız görünüşü vardı və klinika personalının sevimlisi olmuşdu. Özünü kifayət qədər yaxşı hiss edəndə, ilk sınaq olaraq əri ilə səyahətə hazırlaşması klinikada hamının marağına səbəb oldu.

Bir tibb bacısı təzə paltar almaq üçün onunla Filadelfiyaya getdi, başqa birisi onların Meksika səyahətindəki romantik görüşləri haqqında bilirdi və onun iki körpəsi xəstəxanaya analarının yanına gətiriləndə bütün personal uşaqları görmüşdü. Beş günlük səyahəti Virciniya-Biç adlanan sahil şəhərində keçirəcəkdilər.

Onun xəstəxanadan çıxmaq hazırlığına – şeylərini bir-bir yığmasına, geyimini seçməsinə, saçını burmasına və belə xırda şeylərin ona gətirdiyi sevincə tamaşa etmək çox sevimli idi.

Klinikadan çıxmaq vaxtına yarım saat qalmış o, artıq tam hazır idi və firuzəyi donu əynində, aprel yağışından bir an sonrakı səma rəngində şlyapası başında vidalaşmaq üçün mərtəbədəki otaqları gəzirdi.

Kövrək gözəllik mücəssəməsi olan üzü xəfif sezilən (adətən xəstəlik sonrası yaranan) ürkək qüssə izini saxlasa da, ümidinin işığında şəfəq saçırdı.

“Heç nə etməyəcəyik,” – dedi. – “Arzumdur. Sərasər üç gün səhər istədiyim vaxt yataqdan qalxıb, gecəyarıdan xeyli keçmiş yatacağam. Özümə çimərlik geyimi alacağam, yeməyi də özüm sifariş edəcəyəm”.

Getmək vaxtı çatanda missis Kinq otaqda gözləməyib vestibülə enmək qərarına gəldi. Onun çamadanını aparan tibb bacısının müşayiəti ilə dəhlizlərdən keçərək xəstələrə əlini yelləyir, səyahətə onlarla birlikdə gedə bilmədiyindən təəssüfləndiyini deyirdi.

Baş həkim ona uğurlu yol arzuladı, iki tibb bacısı isə onun sirayətedici sevincini bölüşmək üçün bir bəhanə taparaq yanında dayandı.

“Günəşdə qaralmaq sizə necə də yaraşacaq, missis Kinq”.

“Bizə açıqcalar göndərməyi unutmayın”.

O, öz otağını tərk etdiyi vaxt, əri şəhərdən onun yanına gələrkən yolda böyük yük maşını onun avtomobilinə çırpılır. Aldığı daxili zədələrə görə cəmi bir neçə saat yaşaya biləcəyini deyirlər.

Bu xəbəri missis Kinqin gözlədiyi vestibüldən şüşə divarla ayrılan qəbul otağına çatdırdılar. Oradakı telefonçu missis Kinqi görürdü və bilirdi ki, şüşə divar səsi keçirir, ona görə dərhal baş tibb bacısını çağırdı.

Baş tibb bacısı dəhşətdən sarsılmış vəziyyətdə xəbəri doktora dedi, doktor nə etmək lazım olduğuna qərar verməli idi. Missis Kinqin əri hələ ki, sağ idi və yaxşısı, ona hələ heç nə deməmək qərarı verildi. Amma, təbii ki, bu gün ərinin gəlməyəcəyini də ona demək lazım idi.

Missis Kinq çox məyus oldu.

“Anlayıram ki, kədərlənmək axmaqlıq olardı," – dedi, – "bu qədər ayları gözlədikdən sonra bir gün də gözləmək nədir ki?! Dedi sabah gələcək, elə deyilmi?”

Tibb bacısı üçün çox çətin idi, amma necəsə vəziyyəti yola verib, suala cavab vermədən onu öz otağına gətirib çıxara bildi. Sonra, missis Kinqi başqa xəstələrdən və qəzetlərdən aralı saxlamaq üçün ona çox təcrübəli və soyuqqanlı bir tibb bacısı təyin etdilər.

Sabahı günə qədər ona nə demək haqda bu və ya başqa cür qərar verilməli idi.

Amma onun ərinin ölümlə çarpışması hələ davam etdiyi üçün onlar da sözü yayındırıb missis Kinqə heç nə demirdilər.

Sabahısı, günortaya yaxın tibb bacısı dəhlizdən keçəndə, missis Kinqi dünənki qiyafəsində, əlində çamadan getdiyini gördü.

“Ərimi qarşılamağa gedirəm, – dedi, – dünən gələ bilməyib, amma bu gün gələcək, həmin vaxtda”.

Tibb bacısı da onun yanına düşüb getdi. Missis Kinqin binanın daxilində azad gəzmək icazəsi vardı, həm də onu güclə öz otağına qaytarmaq, çətin ki, mümkün olardı. Tibb bacısı məsələni ona açmağa ürək eləmirdi, həm də bu, rəhbərliyin ona verdiyi tapşırığa zidd idi.

Onlar vestibülə çatanda tibb bacısı telefonçu qıza işarə etdi və xoşbəxtlikdən qız da onu anladı.

Missis Kinq güzgünün qarşısına keçib əyin-başını bir də yoxladı:

“Mən istərdim bunun kimi on iki şlyapam olsun ki, özümü həmişə bugünkü kimi xoşbəxt hiss edim”.

Bir dəqiqə sonra baş tibb bacısı qaşlarını çatıb onlara yaxınlaşanda soruşdu:

“Necə? Corc bu gün də gəlməyəcək?”

“Təəssüf edirəm, amma bu, belədir. Səbir etməkdən başqa çarə yoxdur”.

Missis Kinq təəssüflə gülümsədi:

“Mənim paltarımı onun qət-təzə görməsini istəyirdim”.

“Niyə belə deyirsiniz, onun üzərində heç qırış da yoxdur”.

“Yəqin, sabaha qədər də ona heç nə olmaz. Bu qədər xoşbəxtlik içində olanda bir gün artıq gözləməyə görə kədərlənməyə dəyməz”.

“Əlbəttə ki, dəyməz”.

Həmin gecə onun əri dünyadan köçdü və səhəri gün həkimlər konsiliuma yığışıb, nə etmək lazım olduğu haqda müzakirə edirdilər – ona bu xəbəri demək də risk idi, ondan gizlətmək də.

Sonunda qərara gəldilər ki, mister Kinqin iş dalınca uzağa getdiyini desinlər; bununla onun tezliklə görüşəcəyinə ümidini qırırdılar, bir qədər zaman keçəndən və bu vəziyyətlə barışandan sonra isə ona həqiqəti deyə bilərdilər.

Həkimlər konsilium otağından çıxanda onlardan biri dayandı və əlinin işarəsi ilə dəhlizin axırını göstərdi. Orada, missis Kinq əlində çamadan vestibülə doğru gedirdi.

Missis Kinqin müalicə həkimi doktor Pirinin nəfəsi sanki kəsilirdi.

“Bu dəhşətdir, – dedi, – mən indi gedib ona hər şeyi deməliyəm. Ona ərinin uzağa getdiyini deməyin heç bir mənası yoxdur, onlar adətən həftədə iki dəfə danışırdılar, xəstə olduğunu desək də yanına gedib görmək istəyəcək. Bu işdə məni əvəz etmək istəyən varmı?”

II

Konsiliumdakı həkimlərdən biri həmin gün iki həftəlik məzuniyyətə getdi. Məzuniyyətdən qayıtdığı gün həmin koridorda, həmin saatda qarşıdan əlində çamadan aparan tibb bacısı, yanında da eyni firuzəyi donu geyinmiş və başında yaz şlyapası olan missis Kinqin getdiyini gördü.

Missis Kinq “Sabahınız xeyir, Doktor – dedi. – Ərimi qarşılamağa gedirəm, Virciniya Biçə gedəcəyik. Vestibülə düşürəm, onu gözlətmək istəmirəm”.

Doktor onun üzünə baxdı, uşaq kimi məsum və xoşbəxt idi. Tibb bacısı doktora işarə etdi ki, belə tapşırılıb, doktor da xəfifcə başını əyərək bu gün havanın yaxşı olmasından söz saldı.

“Gözəl gündür, – missis Kinq dedi. – Lap yağış da yağsaydı, mənim üçün bu gün çox gözəl gün olacaqdı”.

Doktor onun arxasınca baxdı, duruxub qalmışdı, sonra əsəbiləşdi – “niyə bunun davam etməsinə imkan verirlər? – deyə düşündü. – Bununla nəyə ümid edirlər, görəsən?”

Dr. Piri ilə görüşəndə bu sualı ona da verdi.

“Biz ona həqiqəti deməyə cəhd etdik, – Dr. Piri dedi, – amma o, güldü və qayıtdı ki, yəqin biz onun hələ də xəstə olub-olmadığını yoxlayırıq. Bu yerdə “düşünülməyəcək” sözü tam yerinə düşür, onun üçün ərinin ölümü düşünülməsi mümkün olmayan hadisədir”.

“Amma, belə də davam edə bilməz axı…”.

“Nəzəri olaraq davam edə bilməz, doğrudur, – Dr. Piri dedi. – Bir neçə gün əvvəl adəti üzrə əşyalarını yığanda, tibb bacısı onu saxlamaq istədi. Mən dəhlizdə durub ona baxırdım və üzünün ifadəsini gördüm – psixikası az qala darmadağın olacaqdı. Bu, bütün müalicə müddətində ilk dəfə idi, nəzərə alın. Üz əzələləri gərildi və gözləri parlamağa başladı, mümkün qədər nəzakətli şəkildə tibb bacısına onun yalançı olduğunu deyəndə səsi qalınlaşmış və kəskinləşmişdi. Lap az qalmışdı ki, bir dəqiqənin içində yumşaq xasiyyətli, mülayim xəstənin yerinə, ruhi pozğunluğu coşaraq şiddət edən, idarəolunmaz xəstə alaq. Mən tez içəri girib, tibb bacısına onunla birlikdə aşağıya, vestibülə düşmək lazım olduğunu dedim”.

Koridorda vestibüldən otağa qayıdan adəti heyət görünəndə Dr. Piri sözünü kəsdi. Missis Kinq dayanıb Dr. Piriyə dedi:

“Ərim gələ bilmədi, təbii, mən pis oldum, amma mənə dedilər ki, sabah gələcək. Bu qədər gözləyəndən sonra bir gün də gözləmək olar, elə deyilmi, Doktor?”

“Sizinlə tam razıyam, missis Kinq”.

Missis Kinq şlyapasını çıxardı.

“Mən bu paltarları bir kənara yığmalıyam – istəyirəm sabah bu gün olduqları kimi təzə görünsünlər.” Yaxından şlyapasına baxdı. “Üzərinə toz ləkəsi düşüb, amma təmizləyə bilərəm. Yəqin, o, bunu heç görməyəcək”.

“Əminəm ki, görməyəcək”.

“Mən bir gün də gözləyə bilərəm. Heç bilməyəcəyəm ki, sabahkı gün necə gəlib çıxdı, elə deyilmi? ”

O, çevrilib gedəndən sonra gənc doktor dedi:

“İki balası da var, bəlkə onlar…”

“Düşünmürəm ki, uşaqları onu xilas edə bilərlər. Onun “idrakı qaralanda” bu səyahəti özünün sağalması üçün istinad olaraq qəbul edib. İndi biz bunu götürüb atsaq, o lap dibə düşəcək və hər şeyi yenidən başlamaq lazım gələcək”.

“Gücü çatarmı?”

“Ona proqnoz verə bilmərəm – Doktor Piri dedi – Mən onun niyə bu gün vestibülə enməsinə icazə verdiyimi izah edirəm.”

“Bəs sabah, birisi gün necə olacaq?”

“Şans həmişə var, – dedi Doktor Piri, – bəlkə bir gün əri gəlib çıxacaq”.

Bu yerdə doktor öz hekayətini gözlənilmədən bitirdi. Biz sonra nə olduğunu danışmağı israrla xahiş etsək də, o, etiraz etdi və dedi ki, sonra heç nə olmadı. Çünki bütün təəssüf və acımaların bir sonu olur və klinikanın işçiləri də bunu sadəcə olaraq, bir fakt kimi qəbul etdilər.

“Bəs o xanım indiyə qədər öz ərini qarşılamağa gedir?”

“Hə, gedir… Amma o, aşağı enəndə yeni xəstələrdən başqa daha çevrilib baxan olmur. Tibb bacıları təxminən ildə bir dəfə onun şlyapasını xəlvətcə yenisinə dəyişirlər, amma hələ də vestibülə eyni geyimdə düşür. Hər dəfə bir qədər məyus olur, amma özünü sındırmamağa çalışır və bunu çox incə tövrlə edir.

Biz onun həyatını bədbəxtlik adlandıra bilmərik, həm də o, öz nümunəsi ilə başqa xəstələrə necəsə sakitləşdirici təsir edir. Allah xatirinə, gəlin başqa mövzuya keçək – istəyirsiniz lap “daş torbalar”dan danışaq”.

Oktyabr 1937

[1] - 10 -12 metr

[2] - qapalı və ya dar fəzanın yaratdığı qorxu hissi, psixopatoloji simptom

Günün bütün mövzuları

XS
SM
MD
LG