Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

"Zavod əlimizdən zorla alınıb" deyənlər məhkəməyə çəkildi


►Aslan İsmayılov: “Rasim Məmmədov zavodlara gələndə onlar çobançılıqla məşğul olan Gəray Məmmədovun adına idi."

Fevralın 24-də Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Baku Steel Company” MMC-nin hazırkı sahibi Rasim Məmmədovun iddiasına baxıldı.

Cavabdehlər “Bakı Poladtökmə” zavodunun direktoru Ədilxan Musayev, onun müavini Üzeyir Məsimov, “Bakı Elektroştamp”ın icraçı direktoru Ramiz Əhmədov, “Azadlıq” “Yeni Müsavat” qəzetləridir.

“ZAVODUN TƏHVİL VERİLMƏSİNİ TƏLƏB EDİB”

İddiaçı bildirir ki, zavod direktorları prezident İlham Əliyevə videomüraciətdə zavodlarının Rasim Məmmədov tərəfindən əllərindən zorla alınmasını deməklə onun şərəf və ləyaqətini təhqir ediblər.

Qəzetlərə qarşı iddiaya görə, hər iki qəzet zavod direktorlarının Rasim Məmmədovla bağlı açıqlamalarını tirajlamaqla onun şərəf və ləyaqətini alçaldıblar.

Rasim Məmmədovun nümayəndəsi Abbas Abbasov məhkəmədə iddianı müdafiə edərək zavod sahiblərinin hərəsinin 5 milyon manat təzminat ödəməsini tələb etdi.

“Bakı Poladtökmə” zavodunun direktoru Ədilxan Musayev məhkəmədə dedi ki, 2010-cu ildə Rasim Məmmədov öz adamları ilə zavoda gəlib, Loğman Zülfüqarovun otağına girib, onunla möhkəm səslə danışaraq zavodun təhvil verməsini tələb edib:

“Bundan sonra Loğman Zülfüqarov Türkiyəyə köçməyə məcbur olub. Zavodu Rasim Məmmədovun adamları istədikləri kimi idarə ediblər. Azı min nəfər işçisi olan zavod bu gün də fəaliyyətsiz qalıb”. (Ardı aşağıda)

“BU BOYDA İŞİ QOYUB NİYƏ BAŞQA ÖLKƏYƏ QAÇMALI İDİLƏR?”

Ramiz Əhmədov da iddianın təmin olunmamasını istədi. Bildirdi ki, Rasim Məmmədov “Bakı Poladtökmə”ni alandan sonra onun başçılıq etdiyi “Elektroştamp” zavodu da fəaliyyətini dayandırıb. “Dəqiq bilirəm ki, zavodlar Zülfüqarlı qardaşlarının əlindən zorla alınıb,” o, sözlərinə əlavə edib.

Cavabdehlərin nümayəndəsi Aslan İsmayılov məhkəmədə daha kəskin danışdı:

“Rasim Məmmədov zavodlara gələndə həmin zavodlar çobançılıqla məşğul olan Gəray Məmmədovun adına idi. Araşdırın, Rasim Məmmədova heç bir aidiyyəti olmayan zavodlara dəstəsi ilə niyə gəlmişdi? Zavod normal işləyirdi, dövriyyəsi milyon manatlarla ölçülürdü, zavodun sahibləri bu boyda işi qoyub niyə başqa ölkəyə qaçmalı idilər? Əlbəttə ki, böyük təzyiq, hədə, sahibkarların həyatına təhlükə var idi”.

Rasim Məmmədov

Rasim Məmmədov

“BİRİNİ DEYİRLƏR, ÜÇÜNÜ DEMİRLƏR”

Aslan İsmayılov AzadlıqRadiosuna bildirib ki, zavod direktorları təzyiq altında olduqları üçün bu gün də yumşaq davranmağa çalışırlar:

“Zavodun altının üstünə çevrilməsi bu direktorların gözü qarşısında olub. Ancaq yenə də ehtiyatla danışırlar. Birini deyirlər, üçünü demirlər. 2010-cu ildə Rasim Məmmədov zavodlara gələndə Zülfüqarlıların qarşısında şərt qoydular ki, “ya bu gün zavodları təhvil verirsiz, ya da içəri gedirsiz”. Zülfüqarlıların başı eyni əhvalatı 2005-ci ildə çəkdiyindən zavodu təhvil vermədən Türkiyəyə qaçdılar”.

“Azadlıq” qəzetinin nümayəndəsi məhkəmə iclasına gəlməyib. “Yeni Müsavat” qəzetinin nümayəndəsi isə iddianı əsassız sayıb və hakimdən təmin olunmamasını istədi. O, bildirdi ki, qəzetin əməkdaşı Zülfüqarlıların mətbuat konfransında səsləndirdiklərini tirajlayarkən Rasim Məmmədovun mövqeyini almağa çalışıb, ancaq o, mövqe bildirməyib.

Məhkəmə iclası martın 9-da davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG