Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29

Umberto Eco. Salmon balığıyla necə yol getməli


U.Econun məqalələr toplusu - "How to Travel with a Salmon" kitabının üzü

U.Econun məqalələr toplusu - "How to Travel with a Salmon" kitabının üzü

-

Umberto ECO

Salmon balığıyla necə səfər etməli

Qəzetlərin yazdığına görə, müasir dünyanın başının bəlası olan iki problem var: kompüterlər və Üçüncü Dünya. Qəzetlər haqlıdırlar, mən onlarla tamamilə razıyam.

Bugünlərdə qısa bir səfərə getmişdim: 1 gün Stokholmda, 3 gün Londonda qaldım.

Stokholmda bir saat boş vaxtdan istifadə edərək, hisə verilmiş salmon balığı aldım. Onu qəşəngcə plastik torbaya büküb bağlamışdılar. Satıcı mənə dedi ki, əgər yol gedəcəyəmsə, yaxşı olar ki, onu soyuducuda aparım.

Xoşbəxtlikdən, Londonda naşirim mənə deluxe otel sifariş etmişdi, otaqda minibar olmalıydı. Amma otelə çatanda məndə elə təəssürat yarandı ki, Boxer üsyanı vaxt xarici düşərgəyə düşmüşəm.

Girdim gördüm, çoxlu-çoxlu ailələr otelin foyesinə yığışıblar; yolçular yorğanlarına bürünüb çamadanlarının üstündə yatışırlar.

İşçilərdən soruşdum, bu nə məsələdir, onların hamısı hindli idi, aralarında yalnız bir neçə Malayziyalı vardı, dedilər ki, dünən yeni kompüter sistemi qoşulub, bəzi çətinliklər yaranıb, o çətinliklər iki saata aradan qaldırılacaq. Kompüter sistemi çökdüyünə görə, qonaqları yerbəyer etmək çətinləşib, bilinmir hansı otaq doludur, hansı boşdur, aydınlaşdırmaq imkanı yoxdur. Mən gözləməli idim.

Umberto Eco

Umberto Eco

Axşama doğru kompüterlər yükləndi, mən otağıma girə bildim. Balığın halından narahat idim, onu çamadandan çıxardım və minibar üçün ətrafa baxdım.

Bir qayda olaraq, normal otellərdə minibarlar balaca ikigözlü soyuducu olur, orada bir neçə kiçik likör, bir neçə meyvə şirəsi bankası, iki paket qoz-fındıq olur.

Mənim otelimdə isə soyuducu ailə soyuducusu ölçüsündəydi, orada əlli viski, Drambuie, Courvoisier, səkkiz ədəd böyük Perrier, iki Vitelloise və iki Evian suyu, üç şüşə şampan, cürbəcür şüşələrdə Guinness, açıq pivə, holland pivəsi, alman pivəsi, fransız və italyan ağ şərabları, qoz-fındıq, qarışıq krakerlər, badamlar, şokoladlar vardı. Salmon üçün yer yox idi.

Onda mən şifanerin iki siyirtməsini çəkdim və soyuducudakıları ora yığdım, boşalan soyuducuya salmonu qoydum və daha o barədə düşünmədim...

Səhəri gün, saat 16-da otağıma qayıtdım, salmon masanın üstündə idi, bar yeni nemətlərlə doldurulmuşdu. Mən şifanerin siyirtmələrini çəkdim, gördüm bir gün əvvəl gizlətdiyim şeylər yerindədir.

Aşağıdan otel işçilərini çağırıb məlumat verdim ki, əgər onlar barı boş görüblərsə, bu o demək deyil ki, mən onların hamısını yeyib-içmişəm. Onları balığı qoymaq üçün boşaltmışam.

Cavab verdilər ki, bu məlumat mərkəzi kompüterə verilməlidir, işçilərin əksəriyyəti ingiliscə bilmədiyindən, söz təlimatları işə yaramayacaq. Bütün sifarişlər BASİC dilində verilməli idi.

Mən daha iki siyirtməni boşaltdım, soyuducudakı yeni nemətləri şkafa yığdım, soyuducuda yenidən salmonum üçün yer etdim.

Sabahı gün saat 16-da yenə balıq masanın üzərində idi və artıq pis qoxuyurdu.

Bar kiçik və böyük içkilərlə doldurulmuşdu. Mən yenə işçini çağırdım, o dedi ki, kompüterlə ciddi problemlər var.

Mən otaq xidmətçisinin zəngini basıb çağırdım və saçını yuxarıdan yığmış gənclərə vəziyyətimi izah etdim. O, elə bir dialektdə danışdı ki, sonradan bir antropoloq həmkarım mənə bu dialektin yalnız Böyük İsgəndər arvadı Roksanaya elçi düşəndə Kefiristanda danışıldığını dedi.

Səhəri gün hesablaşmaq və oteldən çıxmaq üçün aşağı düşdüm. Hesabı qarşıma qoydular. Orada astronomik rəqəm yazılmışdı. Yazılmışdı ki, iki gün yarıma guya mən bir neçə hektolitr Veuve Clicquot, on litrlərlə müxtəlif viskilər içmişəm, onların arasında çox nadir arpa arağı olub, səkkiz litr cin içmişəm, iyirmi beş litr mineral su tükətmişəm (həm Perrier, həm də Evian, üstəlik, bir neçə şüşə San Pellegrino), UNİCEF qayğısında olan bütün uşaqları qoruya biləcək qədər vitamin C-si olan meyvə suları içmişəm, çoxlu badam, qoz, fındıq, araxis yemişəm, "La grande bouffe" qəhrəmanları kimi (bu filmdə dörd yoldaş ölənə qədər yemək üçün bir villada görüşür – tərc.) ölüm həddinə çatmışam.

Mən izah etməyə çalışdım, amma məmur gizli təbəssümlə məni əmin etdi ki, kompüter nə deyirsə, onu yazıb. Vəkil çağırmalarını xahiş etdim, onlar isə mənə avokado gətirdilər.

İndi mənim naşirim hirslənib. Fikirləşir ki, müftə yeyənin biriyəm. Salmon yeyiləsi deyil. Uşaqlarımsa israr edirlər ki, az içim.

Tərcümə: OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG