Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:38

«Udi dilini latın əlifbası əsasında keçirik...»


Venera Antonova, Udi dili dərsində

Venera Antonova, Udi dili dərsində

35 ilin müəllimi Venera Antonova 8 ildir udilərin sıx yaşadığı Qəbələnin Nic kəndində udi dilini tədris edir. 21 fevral - Beynəlxalq Ana Dili günü 52 yaşlı müəllimənin həm də doğum günüdür. Venera Antonova deyir, düz 8 ildir udi dilini şagirdlərinə öyrətdiyi, udi dilində dərsliklər hazırladığı üçün özünü xoşbəxt sayır. Əlbəttə, çətinlikləri də var. Ancaq doğma dili şagirdlərinə öyrətməyin ləzzətini heç nə əvəz edə bilməz.

– 11 ildir bizim kənddə şagirdlər udi dilini evlərində öyrənməklə yanaşı, həm də məktəbdə öyrənirlər. 1-ci sinifdən 4-cü sinfə qədər, hər həftə iki saat şagirdlərə ana dili keçirik. 8 ildir udi dili öyrədirəm, ancaq 35 il ingilis dili müəllimi işləmişəm. Həm də udi dilində dərsliklər hazırlayıram.

– Kəndinizdə sizdən başqa da udi dili müəllimi var?

– İndi var. Bizim kənddəki 3 məktəbdə - 5, 1 və 2 saylı məktəblərdə udi dili öyrədilir. 5 saylı məktəbdə işləyirəm. Həmişə o biri məktəblərə gedib udi dilinin necə tədris olunması ilə maraqlanıram. Məktəbə gedib dərslərdə iştirak edirəm. Onların müəllimini də özüm hazırlamışam. Bundan başqa, pulsuz kurslarda da udi dilini öyrədirəm. Kimin nə sualı olsa, həmişə öyrətməyə hazıram.

Venera Antonova (youtube capture)

Venera Antonova (youtube capture)

– Necə oldu bu dili öyrətməyə başladınız?

– 35 il əvvəl Rusiyada ali məktəbi bitirib kəndimizdə ingilis dili müəllimi işləməyə başladım. Bizdə udi dili 11 ildir tədris olunur. Əvvəllər çox sevdiyim Jora müəllim bu işi görürdü. Həm dili öyrədirdi, həm də udi dilində dərslik hazırlayırdı. 8 ildir mən də udi dilini öyrədirəm, dərsliklər də hazırlayıram. Əvvəlki əlifbamız kiril əlifbası olub. Ancaq Azərbaycan latın qrafikasına keçəndən sonra uşaqlar üçün rahat olsun deyə, biz də udi dilini latın əlifbası əsasında keçməyə başladıq. Qərara gəldim ki, şagirdlərimizin udi dilini rahat öyrənmələri üçün dərslik hazırlamalıyıq. İşə başladıq, əvvəl çətinliklərimiz çox oldu. Ancaq alındı, əməyimiz bəhrəsini verdi. Təhsil Nazirliyində də bizə çox kömək elədilər. Dərsliklərimiz bəyənildi, çapına razılıq verildi. 2-4-cü siniflər üçün dərsliklərimiz var. 1-ci sinif dərsliyini də gələcəkdə çap edəcəyik.

– Hazırda neçə uşaq udi dilini öyrənir?

– Üç məktəbimiz var. Hər məktəbdə 100-dən çox uşaq ana dilini öyrənir.

– Bəs yuxarı siniflərlə bağlı planlarınız necədir?

Udin məktəbli qız (youtube capture)

Udin məktəbli qız (youtube capture)

– Əlbəttə, çox istəyərdik ki, yuxarı siniflər üçün də dərsliklər hazırlayaq. Udi dilində ədəbiyyat dərsliyi olsa, çox əla olardı. Buna sevinərik.

– Udi dili yaşayan dildirmi?

– Ana dilimizdir. Nə qədər ki, biz yaşayırıq, dilimiz də yaşayır. Ancaq dilin yaşamasından ötrü həm də ona qayğı göstərilməlidir. Bu qayğını görürük. Demək, udi dili yaşayan dildir. İstəyirik ki, heç vaxt unudulmasın, inkişaf eləsin. Biz nə qədər bacarırıqsa, əlimizdən gəldiyi qədər bu dili inkişaf etdirməyə çalışırıq.

– Bəs, hansı çətinlikləriniz var?

– İndi 1-ci sinif kitabı hazırdır, çapına icazə də verilib. Ən böyük arzumuz bu kitabı çap eləməkdir. Maliyyə sarıdan çətinlik çəkirik. Maliyyə yardımı edilsə, bu dərslik də hazır olacaq. Bir də müəllimlərin hazırlanmasında köməyimi əsirgəmirəm. Ancaq udi dili yuxarı siniflərdə də öyrədilsə, onların da kitabları olsa, xarici dillər öyrədilən ali məktəblərin birində udi dili müəllimi hazırlansa, çox yaxşı olardı.

Hamının ana dili gününü təbrik edirəm – «Namay muzazi xucistan» (udi dilində «Ana dili gününüz mübarək»).

Günün bütün mövzuları

XS
SM
MD
LG